Qadın da heç yaltaq olar?

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

8 sentyabr 2022
# 15:40

Kulis.az Orxan Saffarinin “Yaltaq qadınlar” adlı yazısını təqdim edir.

Yaltaqlıq bir sənətdirmi, yoxsa xarakter? Bu təbii hissə sonradan yiyələnirsən, ya doğuşdan? Yəqin ki, hamısı. Hərədə bir cürdür. Kimsə buna sənət kimi baxır (çünki belə etməsə, qabağa gedə bilməz), kimsə də özündən asılı olmadan, sanki genetik kodlarına sadiq qalaraq edir. Bütün versiyaları görmüşəm.

Bir etiraf da edim. Özüm haqqında da düşünmüşəm ki, görəsən, indiyə qədər haradasa yaltaqlıq etmişəm? Yaxud edə bilərəm? Məni buna hansısa səbəblər vadar edə bilər? Duruxdum. Bir qənaətə gələ bilmədim.

Həyat məni elə günə salar ki, hamıdan çox satılar, hamıdan daha yaxşı əyilərəm. Həm, bəlkə, indiyə kimi ona görə təmiz qalmışam ki, məni “alan” yoxdur, əyilməyimə ehtiyac qalmır?

Amma özümü bərk saxlamışam. Ümid edirəm, belə biri olmayacam. Bu elə bir məsələdir ki, buna haqq qazandırmaq da asandır. Hətta elə adamlar var, onların yaltaqlığına hamı göz yumur. İndi hansı yaltaq etiraf edər ki, mənim xarakterim belədir? Hamısı deyir, balama, evimə çörək aparıram. Çörək də bizim üçün çox müqəddəs olduğu üçün bir şey deyə bilmirik.

Cəmiyyətdə, ümumiyyətlə, dünyada yaltaqlıq deyilən zaman adamın yadına həmişə kişilər düşür. Səbəb o qədərdir ki, adam bilmir, hansını desin, hansından başlasın.
Ailənin, ətraf mühitin yükü kişinin çiynində olduğu üçün bəzən kişi yaltaqlanmağa məcbur olur.

Kişinin yaltağı elədir ki, gözün öyrəşir, başını yelləyib keçə bilirsən. Azcana müdrik, gözünün ucu ilə görən adamlar bir kişini yaltaqlıq edən yerdə görəndə, xüsusi nəsə demir. Bir az arif adamlar isə onu bu günə salanlara lənət oxuyur.

Bir deyil, iki deyil, üç deyil, çoxdur. Məlum və naməlum səbəblərdən. İctimai-sosial yüklər, idarəçilik kişidə olduğu üçün kişidə yaltaqlıq halları çox rast gəlinəndir.

Biri də var daha dəhşətlisi, ən iyrənci, dözülməz olanı. Bu, qadın yaltaqlığıdır. Qadın da heç yaltaq olar? Axı niyə, nəyə lazımdır? Nə ehtiyac var ki, buna?

Qadın olub yaltaq olmaqla, kişi olub, hər yerdə sınmaq arasında fərq yoxdur. Görəsən, qadın niyə yaltaq olur? Nəyə lazımdır? Onsuz da, kişilər qadına da yaltaqlıq edir sevgi misalı. Bu artıq bizim təbiət hissimizdir. Qadına yaltaqlanmaq sevgidən, istəkdən, şəhvətdəndir.

Həyatda hansı məsum və də məşum səbəblər qadını yaltaq edir? Deyəsən ki, bizim kimi cəmiyyətlərdə qadının karyera cəhətdən qabağa getməmək şansı var, kişi kimi hər iş itirmək təhlükəsi və ya başqa səbəblər var, yox, o da deyil. Onda bəs nə? Xarakter? Axı bir qadının xarakteri niyə belə olsun? Adam elə buna yanıb tökülür.

Bir də görürsən, bir qadın, elə belə, makiyaj puluna ofisdə işləyir, amma 2-3 layihənin pulunu qazanırmış kimi yaltaqlıq edir. Adam təmiz diksinir. Bir dəfə yaltaq bir qızla öpüşmüşdüm. Sonra ürpərdim özümdən. Həmin an şəhvətimə hörmətsizlik etdim. Gözümün qabağına o qadının əyilməsi, saxtakarlıq edib, müdirinə yaltaqlıq etməsi kimi anlar gəlirdi, qəribə olurdum. Mənə görə bir qadın məhrəmliyini həm də bu cür itirir. Həmin qadının daha nə sehri, gözəlliyi qalacaq ki?

İndi hər şey kimi bu məsələ də çox dəyişib. İndi elə qadınlar var, adam da satır, üzə də durur. Qadın da işverən olar? Üzə durub adam tutdurar? Təsəvvür elə işdir, oturmusan, söhbət edirsən, nəsə deyirsən. İş çıxışı müdirə satır səni.

Niyə belə edirsən, beybi?!

# 2085 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #