Ona öldükdən sonra da paxıllıq edirlər

Cavanşir Yusifli, ədəbiyyatşünas, tənqidçi

Cavanşir Yusifli, ədəbiyyatşünas, tənqidçi

30 iyun 2022
# 12:00

Kulis.az tənqidçi Cavanşir Yusiflinin “Əli Kərimin anım gününə” yazısını təqdim edir.

38 yaşında dünyadan köçən, o yaşa qədər dünyanın ən işıqlı, həyat eşqiylə aşıb daşan şeirlərini yazan adam yaşından qoca görünürdü, müdrik qoca, gənc ikən müdriklik, həyatda bir dəfə yaşamış kimi söz demək şairliyin ən ruhani xassəsidir. "Hələ neçə dəfə doğulacağam",- bunu o təsadüfən, qafiyə xətrinə demirdi. Həmin ifadə həyata təşnəliyin nəticəsi ola bilərdimi? İnsan bəzən içindəki mistik duyumdan qaçarkən, qaçdığını hiss edəndə ona yaxalanır, Əli Kərimdə bu qəfil yaxalanma, həmin anda dünyanın tam başqa şəklini görmək və yenə də qaçdığına yaxalanmaq tez-tez baş verirdi. Əli Kərim əksər şeirlərində bu qəfil yaxalanmanı, əslində küskün adamın birdən həyata tutulmağını gözəl ifadə edirdi, onun mətnlərinə hardan baxırsınız baxın, onları unudub yenidən oxuyursuz, olsun... həmişə məhz bu sərhəd nöqtəsində tərksilah olma duyğuların güclü partlayışına səbəb olurdu, məsələn, nə xoşbəxt imişəm, bir zaman, allah...

Onun şairlik naturasının başqa bir xassəsi də vardı, dünyanı, əşya və gerçəkləri ilk dəfə görmüş kimi davranmaq (...Mən bir bulaq görmüşəm, əslində görməmişəm...Uşaq deyir ki, mənə bir ovuc dəniz verin...), bu xassəni Toğrul Nərimanbəyovun rəsmlərində də görə bilərsiz, özü də anidən, yalnız bir dəfə: geniş açılmış gözlər, ən sevdiyi şeyi dilə gətirməmək üçün Əli Kərimdə səsin, Toğrulda rəngin heç sakitləşməyəcək burulğanında batmaq... Bir də Anri Matisin “Yapon qadını: qadın suyun kənarında” rəsmi – hardansa qayıtmış rənglər, yorğun, dünyanın bütün sözlərini unutmuş rənglər...

Əslində o, yol gedirdi (yol gedən adamın şeirləri), yəni şeirlərini sistemli şəkildə oxuyanda bu hiss hər kəsin qəlbindən keçə bilər (...Gəldim bu yerlərə və əllərimi boynumun ardında daraqlayaraq...). Bayaq dediyimiz kimi, mətnlərini (ürək döyüntülərinə uyğun) sistemli şəkildə oxusanız bu yolun hardan başlayın hara getdiyini, yəni ədəbi marşrutu görə bilərsiniz.

Bəzən şair bu dünyadan köçəndən sonra taleyi misraların arasından boy atır, başqa bir münasibətlə yazdığı şeirlər özünün gizlinlərini bildirir, özü də bu “görüntü” günbəgün artır, böyüyür.

Əli Kərimin taleyi hər bir şeirində var, hətta həyatdan köçəndən sonra ona olan sevgilər, gözləyənlər üçün keçdiyi yoldan geri qayıtmaq həsrəti (... susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi...), həyatdan getdiyinə baxmayraq istedadına, qoyub getdiklərinə paxıllıq (... bir gün vuracaq səni paxıllıq bio-toku...), qərəz... bunların hamısı həmin mətnlərdən keçir, bəzən sürət qatarı kimi (sevgilər-!), bəzən yolda xarab olmuş, dayanmadan fit verən paravoz kimi (paxıllıq...).

“Babəkin qolları“ şeiri:


Qolu sındırılan Babək,
yurdu yandırılan Babək,
qan rəngli bir arabada,
şərq boyda bir xarabada
söyə-söyə,
döyə-döyə,
hamıya görk olsun deyə...

“Metronun yaylı qapıları”, bir də “Salyeri”...

Çox ibrətlidir:

Motsarta yox,
deyərdim:
özünə verdi zəhərini.
O vaxtdan heç kim çalmır
onun bircə əsərini.
Demək, heç nəyi yoxmuş,
Həyatı bir qızdırmalının
Gördüyü yuxuymuş...


# 1078 dəfə oxunub

Oxşar xəbərlər

# # #