Hüseynbala Mirələmov və Əkrəm Əylisli niyə yalan danışır?

Hüseynbala Mirələmov, Zamin Hacı, Əkrəm Əylisli

Hüseynbala Mirələmov, Zamin Hacı, Əkrəm Əylisli

21 aprel 2022
# 09:00

Kulis.az Zamin Hacının "Əkrəm Əylislinin otaqdan qovulması" adlı yazısını təqdim edir.


Öncə mən bildirim ki, bu yazıda Azərbaycan xalqının iki görkəmli ziyalısı və yazıçısı haqda söhbət açılacaqdır. Onlardan biri Hüseynbala Mirələmovdur, ikincisi Əkrəm Əylislidir. Böyük ehtimalla Əkrəm müəllim öz adının Hüseynbala müəllimlə eyni yazıda çəkilməsini xoşlamaz. Ancaq nə vecimizə? Ona qalsa heç Hüseynbala müəllim də Əkrəm müəllim haqda yazıda adının getməsini, yəqin, istəmir. Lakin biz jurnalistik. Fikrimizi açıq yazmaq hüququmuz vardır. Ölkəmizdə söz azadlığına münbit şərait yaradılmışdır.

Başlayaq Hüseynbala müəllimdən, çünki Əkrəm müəllim haqda söhbətimiz bir az uzundur. Mən öncə etiraf edirəm, Mirələmovun yaradıcılığından qətiyyən məlumatım yoxdur. O baxımdan “oxumamışam, ancaq nifrət edirəm” janrında fikir bildirmək istəməzdim. Bəlkə, şedevrlər yazır? Lap istəyir “deşevrlər” yazsın. Bunun mənə istisi-soyuğu yoxdur, hamı yaza bilər (bax: yuxarıda söz azadlığı haqda hissəyə). Yenə əvvəlki kimi qaz idarəsində çalışsaydı, bəlkə, istisi olardı, ordan da istefa vermişdir.

Uzun sözün qısası, bu yaxında kimlərsə Hüseynbala müəllimi tənqid edib. O da götürüb həmin şəxslərə uzun cavab yazıb, həyat və yaradıcılığını xırdalayıb, haçan, harda kitabları, hekayələri çıxıb, pyesləri səhnəyə qoyulub, kim onun haqqında təriflər yazıb – hamısını sadalayıb. Mənim bunlarla işim yoxdur. Səbəbini yuxarıda izah elədim, dəxi qayıtmıram.

Lakin məqalənin bir məqamında Hüseynbala müəllim ümumən jurnalistlərə necə yazmağı öyrədir. Sitat: “Jurnalist olmaq səsinə güc verib pafosla danışmaq deyil. Jurnalistliyin başlıca prinsiplərindən biri soyuq faktlara əsaslanıb fikir yürütməkdir”. Sitatın sonu.

Bu sözlər məni tutdu. Çünki ondan qabaqkı cümlədə Mirəlləmov yazır: “"Xəcalət" tamaşası dünyanın 4 ali festivalında Qran-pri mükafatına layiq görülüb. Yəqin, festival jürilərinə də mən təzyiq eləmişəm...” Qərara aldım bu “soyuq faktı” yoxlayım.

Məlum oldu “Xəcalət” tamaşasının 4 ali festivalda Qran-pri alması haqda heç bir yerdə informasiya yoxdur. Bəlkə də, buna görə Hüseynbala müəllim özünü sığortalamaq üçün o söhbətin qabağına bir “Nurəddin Mehdixanlı deyir ki...” artırıb. Yəni yalandısa mənlik deyil. Ancaq internet var axı. Və orda Mirələmovun öz dilindən 2011-ci ildə Krımda, Yaltada keçirilən teatr festivalında pyesinin Qran-pri alması xəbəri verilir.

Bunu araşdırdım. Məlum oldu həmin il festivalda 11 teatr iştirak edib, 11-i də müxtəlif mükafatlar alıb. Görünür münsiflər qonaqların hamısını xoşhal eləmək istəyiblər. AzDrama o festivala rejissor B.Osmanovun quruluşunda “Xəcalət” pyesiylə qatılıb və “yüksək aktyor ustalığı” ödülü alınıb. Festivalın Qran-prisi (izahat verim, bu sözün mənası “baş ödül”, “birinci mükafat” deməkdir) isə Tümen gənclər teatrına “Nosferatu” tamaşasına görə verilib.

Vəssalam. “Xəcalət” pyesinin “4 Qran-pri alması” haqda xəbər, yumşaq yazsam, yalandır. Ya Nurəddin Mehdixanlı Mirələmovu aldadıb, ya da bizim bilmədiyimiz nələrsə var. Mümkünsə Mirələmov buna cavab yazsın, görək o “4 ali dünya festivalı” harada olub.

Keçək Əkrəm müəllimin əhvalatına. Bu daha ağlamalıdır. Təzəlikcə Əkrəm müəllimin intervüsü çıxıb, deyir jurnalistlərdən incimişəm, mənim haqqımda yalan-palan yazırlar.

Sitat: “O vaxt hər kəs dediyinə və yazdığına görə, hər halda, az-çox məsuliyyət daşıyırdı. İndi hər kəs ağzına gələni deyir və ağlına gələni yazır. Misal üçün, bir məqalə var – İsa Hüseynov haqqında. Məqaləni kim yazıb, bilmirəm. Ancaq rəhmətliyin bütün doğum və anım günlərində o yazını saytlarda təkrar-təkrar yayımlayırlar. Sərlövhəsində də – mənim adım: "Əkrəm Əylislini otaqdan qovdu”. Nə vaxt? Nəyə görə? Hansı otaqdan? Bu sualların heç birinin cavabı şəxsən mənə məlum deyil. Ancaq mənə yaxşı məlumdur ki, işlədiyi yerlərdə, İsa Hüseynovun öz otağı heç vaxt olmayıb”

Əkrəm bəyin sovet nostaljisini qoyaq qalsın, lakin bu otaq söhbəti məni güldürdü. Yadıma bir lətifəni saldı. Veteran danışır ki, davanın qızğın vaxtı yaralandım, məni əsir aldılar, döyə-döyə vaqona mindirdilər. Ac-susuz, minlərlə kilometr qapalı vaqonda yol getdik, bizi Almaniyada əsir düşərgəsinə gətirdilər. Orda vaqondan düşəndə bir alman zabiti məni söydü, yaman xətrimə dəydi.

Rəhmətliyin oğlu, gör nədən inciyir... Kitablar yandırılıb, fəxri adlar alınıb, uşağı işdən qovublar, yalan olmasın, arvadın pensiyasını kəsiblər, bu deyir otaq söhbəti xətrimə dəyir...

Məncə bunun şüuraltı səbəbi var. Çünki Əkrəm müəllim karyeristdir, stul-kreslo, mənsəb, vəzifə, şöhrət xəstəsidir. Ona görə “otaqdan qovulma” temasına kitabının yanmasından çox yanır. Bizim xalqın son yüz ildə ən yaxşı yazıçısı olmağa layiq bir adam bu cür cılız hisslərinin qurbanına çevrilib və Əli aşından da olub, Vəli aşından da.

Əgər sən bu balaca uydurmadan pis olursansa, gör millət sənin “erməni soyqırımı” uydurmandan nə qədər əzab çəkib də... Bax, uydurma adamı belə yandırır, Əkrəm müəllim. Mən demirəm 1990-ın yanvarında Bakıda heç erməni öldürülməyib. Ancaq bunu elə yazanda, belə də cavab alırsan, çünki 1988-də Quqarkda öldürülən azərbaycanlıları görməmisən.

Bir də, hər şeyin, hər sözün öz vaxtı var. Vaxtında deyilməyən sözün mənası olmur. Əgər Əkrəm müəllim o məlum və məlun “Daş yuxular”ını biz Qarabağın ətrafını geri alandan sonra, 2021-ci ildə yazsaydı, bəlkə, hamımız alqışlayardıq. Yoxsa uduzmuş xalqa, üstəlik, “günahkarsan” demək haçandan ədəbi şücaət sayılır?

Bu adam zamanı tutdura bilməyib ömrü boyu. Sovet vaxtı sandıq əvəzinə “fındığa” işləyib. Etirazçı potensialı, azad qəlbi ola-ola mükafat, fəxri ad, kabinet əsirinə çevrilib. Müstəqillik dönəmində də qısa zaman azad dolaşıb təzədən mənsəbə, kürsüyə yıxılıb. İndi isə Anara difiramblar uydurur. Sonra Anar bunu qarşılıq olaraq tərifləməyəndə “mən elə deməmişdim, jurnalistlər səhv yazıb, Anarın o əsəri də kakadır” deyir.

Keçmir e, Əkrəm bəy. Sən yalan danışmaq istedadına malik deyilsən, o dəqiqə burnun qızarır.

Yazını Əkrəm bəyin çox sevdiyim, 1972-ci ildə yazılan “Ürək yaman şeydir” hekayəsindəki nəzm parçasıyla bitirirəm. Məncə Əkrəm bəy bunu özünün taleyi haqda uzaqgörənliklə yazmışdır:


“İstəmədim bu şəhərdə qalasan,
Qalıb burda mənim kimi olasan.
Vaxt gələr ki, bu sözümü bilərsən,
Gəlib qəbrim üstdə rəhmət deyərsən”.


# 7683 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #