Ev işlərinə görə qadına pul verək, verməyək?

Ev işlərinə görə qadına pul verək, verməyək?
21 oktyabr 2021
# 12:01

"Kişi ev işlərinə görə qadına pul ödəməlidir" Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, bizim Musa Urud kimi tanıdığımız ziyalımızın səsləndirdiyi bu fikir iki gündür müzakirə predmetinə çevrilib.

Sonradan Musa müəllim öz fikirlərinə aydınlıq gətirib. Deyib ki, bu təklifi etməkdə məqsəd qadın əməyinə daha yüksək dəyər verilməli olduğunu insanlara çatdırmaq olub:

“Əlbəttə, "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidir" deməklə nitqimdəki arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət isə qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər”.

Musa müəllim kişilərin narahatlığına da son qoyub, deyib ki, gecə rahat yatsınlar, çünki belə bir qanun qəbul olunmayacaq:

“Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Təklif etmişdim ki, “Şəhid anası” ordeni təsis edilsin, pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə (onların çoxu qadındır) dövlətin müxtəlif mükafatları verilsin, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin”.

Feministlərin və müasir düşüncəlilərin tez-tez irəli sürdüyü bir fikir var: seksist yanaşma olmamalıdır, kişi də, qadın da, hətta cinsi orientasiyası fərqli olanlar da bərabər hüquqlu yaşamalıdır.

Musa Urud qadınların əziyyətini diqqət mərkəzinə çəkmək, onların “qədir-qiymətini” bilmək, “hörmətini” saxlamaq kimi xoş niyyətli olsa da feministlərin məntiqi ilə bir balaca cinsi ayrı-seçkiliyə yol verir. Bəzi söhbətdən halı olmayan adamlar da elə bilir, Musa müəllim bu sözlərlə feministləri dəstəkləyir. Xeyr! Kişi də, qadın da, üçüncü cinsin nümayəndəsi də bərabər hüquqludur. Yəni heç kim heç kimin yerini dar eləmir. Və heç kim heç kimə pul ödməməlidir.

Musa müəllimin söhbətinin sırf “məişət” tərəfinə gəldikdə isə...

Azərbaycanda kişi onsuz da bütün pulunu-parasını qadına verir. Yazıq kişi nə etsin daha? Gündəlik iş rejimi 12 saatdan çox olan kişi evə gəlib necə işləsin? Məncə, biz “qadınların qədir-qiymətini” qabartmaqdansa, yaşadığımız yerdə insanın sosial problemlərini dilə gətirsək, qiymətlərin artımından, maaşın azlığından danışsaq daha yaxşı olar. Çünki evdə, ailədə qadının əziyyəti “qab yumaq, paltar yumaq” deyil, rahat, hüzurlu yaşamaqdır. Bu hüzurlu ortamı da təkcə kişi yaratmır. Nəinki kişi, heç qadın da yaratmır.

Mentalitetimizə görə, ev işləri həmişə qadının üstünə düşüb. Qadın otaqları yığışdırmalı, paltar, qab yumalı... Ənənə bu cür qurulub. Yaxın bir tanışımın evində olmuşdum. Cavan adamdı. Yoldaşı bir dəqiqə dayanmırdı. Evdə də çoxlu qonaq. Bu adam bircə dəfə durub kömək eləmədi. Niyə? Çünki gələnlər deyər, bu evdə qadının sözü keçir. Mən ona bir-iki dəfə balabanda qandırdım. Gördüm, heç oralı deyil. Və hətta ənənəvi, patriarxal Azərbaycan kişisi kimi qadınının qulluğundan əməllicə fərəhlənir. Ona deyəndə ki, biz evdə ev işlərini bölüşdürmüşük, qabları mən yuyuram, uşağı mən yatızdırıram, gülməkdən uğunub getdi.

Sözü çox uzatmağa nə gərək? Qadının evdəki vəziyyəti problem deyil. Qadının şiddətdən, təcavüzdən, zorakılıqdan uzaq, özünü insan kimi saydığı bir cəmiyyətdə yaşamasıdır əsas olan.

Qalanı düzələn işlərdir.

Ciddi deyirəm.

# 5422 dəfə oxunub

Oxşar xəbərlər

# # #