Ermənidən daha təhlükəli olanlar

Ermənidən daha təhlükəli olanlar
28 sentyabr 2022
# 10:40

Kulis.az Azər Turanın “Nensi Pelosinin göz yaşları, yaxud öncə Vətən!” yazısını təqdim edir.

XX yüzilin ilk illərində Urmiyada üç amerikan missioneri qətlə yetirilmişdi və Amerika bundan narahat idi. Sən demə, o missionerlər müsəlmanları xristianlığa sövq etmək üçün gəlməyiblərmiş. Məqsədləri Urmiyada yaşayan erməniləri protestant etmək imiş. Əli bəy Hüseynzadə "Ancaq bunlarımı?- deyə təəccüblənirdi. "Öylə isə yenə çox qəribədir. Çünki zatən xristian olan erməniləri öz din və məzhəblərində Urmiya əhli bunca əsrlərdən bəri sərbəst və rahat buraxdığı halda Atlantik okeanının (Bəhri-Mühiti-Ətlasinin) ucqarlarından qorxunc dalğalar üzərində həftələrlə sallana-sallana gələn bu amerikalılar üçün ermənilərin protestant olmasından nə fayda hasil olacaq!..". Səbəb bu deyildi, təbii. Hüseynzadənin təbirincə, "Urmiyanı öz işlərinə, daha doğrusu, intriqalarına mərkəz" etmək idi. Üstündən 115 il keçib. Ötən həftə yenə də o qorxunc dalğaların üstündən sallana-sallana İrəvan şəhərinə gələn Amerika Nümayəndələr Palatasının 82 yaşlı spikeri Nensi Pelosi, təbii ki, erməniləri protestantlığa sövq etməyəcək. Çünki özü protestant deyil. Ermənilər də qriqorian məzhəbini tərk edib protestant olan deyillər. 115 il əvvəl Urmiyada qətlə yetirilən o üç amerikalı da erməniləri protestanlığa dəvət emək üçün gəlməmişdi. Hüseynzadə demişkən, xristianı yenidən xristian etməyə nə lüzum vardı. Hətta lüzum olsa belə, bunun bizə nə dəxli?

Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində üzünü ermənilərin adından danışan Nikosova tutub dediklərini indi Nensi Pelosiyə xatırlatmağın yeri var: "Bu halı bir təhlükə, bir xətər şəklində yozmağa sizin və sizin kibilərin nə haqq və səlahiyyətiniz var?.. Sizin qorxu və təlaşınızla təbiətin qanununa sədmi çəkiləcək zənn edirsiniz? Və ya siz bütün Qərb aləmini təlaşa düşürməklə bizi təhdid etdiyiniz üçün, biz: - Xeyr, əstəğfürullah, qələt etdik - deyənlərdənmiyiz?". Onda da ermənilər Amerikaya ard-arda teleqramlar vurub millətimizə iftira atmaqdaydılar. Bu, o zaman idi ki, Bakıda, Gəncədə, Şuşada, Naxçıvanda, Zəngəzurda, Göyçədə ermənilər qırğınlar törədir, türkləri qətlə yetirir, evlərini, məscidlərini yandırır, bu arada Əhməd Ağaoğlu öz ata-baba yurduna baş çəkmək üçün Şuşaya gedir və ermənilər də bütün dünyaya car çəkirdilər ki, Əhməd Ağayev Qarabağa xalqı ermənilərə qarşı silahlandırmaq üçün gəlib. Ona görə də Hüseynzadə deyirdi ki, "əsl məsələ türklərə aid iftiralardır ki, bəzi erməni mühərrirləri bu növ iftira və böhtandan heç çəkinmədilər. Guya türklər birləşib bu günlərdə çəyirtkə kibi qanadlanıb uçacaq və Rusiya ilə Avropanın üstünə töküləcək və Qərb mədəniyyətini, bəlkə də bütün xristian aləmini bağı ilə, bağçası ilə, əkiniylə, əhalisiylə yeyib yetəcəklərmiş. Buna da guya indiyə qədər ermənilər mane olduğundan İstanbuldan ermənilərin qətliamına dair bir barmaq işarəti çəkilmiş imiş!..".

Üstündən 115 il keçsə də heç nə dəyişməyib. Amma keçmişə qayıtmayaq.

Pelosinin İrəvana gəlib Azərbaycanı "təcavüzkar" adlandırmasından, İrəvandakı soyqırımı abidəsinin önündə göz yaşları tökməsindən qabaq eyni durumu məhəlli kosmopolitlərimiz sərgilədi. Ötən həftə "Gelip sana çarpan gücü, yavaştan // Anlamazsa, haritadan sil, gitsin!" adlı məqaləmdə yazmışdım ki, "Böyük Turan yoluna çıxmışıqsa, ruhdan düşməyə haqqımız yoxdur. Bizə zəhər saçan, bizi öz bağçamızda, öz seyrəngahımızda sancan ilanı ordumuz yuvasında boğub". Pelosiyə xoş gəlsə də, gəlməsə də, erməniləri incitsə də, incitməsə də, gerçək budur.

Zəngəzur dəhlizini İrandan tutmuş, Amerikaya qədər bütün dünya Turan yolu olaraq dəyərləndirir. "Azərbaycanın Zəngəzurda, Göyçədə nə işi var" demək, "Azərbaycanın Turan yolunda nə işi var" anlamına gəlir. Yox, bu, erməni mövqeyindən daha təhlükəli mövqedir. Kollaborasionist təfəkkür tərzidir. Turan isə bu gün mədəni xəyaldan siyasi gerçəkliyə çevrilməkdədir və əlbəttə, bu böyük ideala doğru gedən yolu açmaq üçün ortaya fövqəlsiyasi iradə qoyulmalıdır və qoyulur. Elə Pelosi də bu yola əngəl olmaq üçün ermənilərin yanındadır. Amma geriyə yol yoxdur. Yenə də Hüseynzadənin sözləri ilə: "Menşikov, Maqda Neyman, Çerevanski, "Mşak", "Arşalyus" və sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!.. Biz "öylə bir şiddəti-təsmim ilə çıxdıq ki, yola qarşıya çıxsa əgər səngi-məzarımız" dönənlərdən deyiliz!..".

Turan romantik idealları gerçəkləşdirməklə hasilə gəlir. Və bunu etmək üçün xanlıqlar dövrü təfəkküründən və psixologiyasından xilas olmalıyıq. Yadıma Məmməd Arazın 1970-ci ildə, özü də Şuşada yazdığı "İnsan qayalar" şeirindəki "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı" - misraları düşür. Amma daha əvvəl Məmməd Araz "Məndən ötdü, qardaşıma dəydi" adlı başqa bir şeir yazmışdı. Bütün problemlərimizin və faciələrimizin, elə Qarabağla, Qərbi Azərbaycanla, yolları hələ də erməni işğalı altında qalmış Naxçıvanla, türksüz - bizsiz qalmış Qərbi Zəngəzurla, zəbt olunmuş İrəvanla, hətta Təbrizlə, Ərdəbillə, Urmiya ilə, hətta Dərbəndlə bağlı ağrılarımızın da nüvəsində bu şeirdə ifadə olunan kədər dayanır. Şeirdə "Məndən ötdü, qardaşıma dəydi" məsəlinə bir antitezis vardır: "Bu məsəli kimdi yazan? // Hansı soysuz ata idi // Ataların imzasını // çəkib, ona möhür basan?!". Faciələrimizin səbəbləri ilə bağlı yanlış təsəvvürləri redaktə edən bu şeir milli bölücülüyə və bölücülərə qarşıydı: "Məndən ötdü... // Ötən kimi "mən-mən" dedi: // "Mən-mən" dedi bir ölkədə // nə qədər xan. // Onlar "mən-mən" deyən yerdə // Sən olmadın, Azərbaycan!".

Ağrısını bu günəcən yaşadığımız faciələrin təməli o zamanlarda qoyuldu. Tarix baxımından ən ziddiyyətli, ən qarışıq, ən günahkar, eyni zamanda, məhdud və məhəlli hakimiyyət uğrunda mübarizələr dövründə. Milli enerjinin havaya sovrulduğu dövrdə. Azərbaycanın parçalanmasına və bölünməsinə zəmin hazırlayan dövrdə. O dövrün səciyyəsi nədir? Fəsadları indi hətta İrandan, Rusiyadan başlamış, Fransaya, Amerikaya qədər siyasi güclərin Azərbaycanla bağlı bəzən anlaşılmaz iddialarında özünü büruzə verir. Ədalət mülkün təməli olsa da, dünyanın meyarı gücdür. Hüseyn Cavid demişkən: "Bir həqiqət bu: əzməyən əzilir". Üç yüz il əvvəl daxili ziddiyyətlər, dayaz siyasi düşüncə Azərbaycanı parçaladı. Nəticədə Arazın bu tayında qalmış xanlıqların hesabına Rusiyanın əraziləri genişləndi, sonra da Arazın o tayında Azərbaycan türklərinin hakim mövqeyi zəiflədi. 1925-ci ildə Əhməd Şahın devrilməsilə Qacarlar tarix səhnəsindən çəkildi, hakimiyyətə Rza Şah Pəhləvinin timsalında fars mənşəli sülalə gəldi: "Dəfn etdiyim məsələnin // Başdaşına // Bir təəssüf xatirəsi yazıb, yondur: // Səndən ötən mənə dəydi, // Məndən ötən sənə dəydi. // Səndən, məndən ötən zərbə // Vətən, vətən, sənə dəydi...".

Əli bəy Hüseynzadə yazırdı ki, "fənalığa müqabilə etmə" deyən "Tolstoy Engelqard adlı birisinə yazdığı məktubda deyir ki, əgər evimə afrikalı bir zulus vəhşisi hücum edib gözümün önündə ciyərparam olan övladımı xəncərlə doğrasa, mən əsla müqabilə etməm!".

Hüseynzadə isə başqa cür düşünürdü: "Həyatın bütün zövqü fənalıqla mübarizədən ibarətdir". 1906-cı ildə Əhməd Ağaoğlu da Şuşaya millətini qorumaq üçün, erməni terroristlərinin qarşısında əliyalın qalmış əhalini silahlandırmaq, "Difai"ni yaratmaq, ermənilərin törətdiyi qətliamları, terror hərəkətlərini, pislikləri, erməni şərini durdurmaq üçün gedirdi. Bəs nə etməliydi? Hüseynzadənin sözləri ilə desək, "Difai" cəmiyyətinin ermənilərə gözdağı verməsi fənalığa qarşı mübarizədən ibarət idi.

Milli məsələdə romantik düşüncə önəmlidir. 1918-ci ildə Turan hərbinin romantikası olmasaydı, Turan hərbinin romantiki Ənvər Paşanın qoşunu Bakını və bütövlükdə Azərbaycanı erməni işğalından azad etməsəydi, indi "Bizim Zəngəzurda nə işimiz var" deyənlərin Vətəni hara olardı?

“Ədəbiyyat” qəzeti

# 849 dəfə oxunub

Oxşar xəbərlər

# # #