Üzü örtülü qadınla necə evlənməli?

Üzü örtülü qadınla necə evlənməli?
16 sentyabr 2021
# 09:00

Yoxmu bizim canımız,
Halalmıdır qanımız?

Abdulla Şaiq

Kulis.az Zamin Hacının “Sosioloqun uzun təsbehi” yazısını təqdim edir.

Deyir, qızların məktəbə getməsinə icazə veririk, ancaq onlar gərək oğlanlardan ayrı oxusunlar. Nizami Gəncəvi və ondan sonra bu temanı davam etdirənlər “Leyli və Məcnun” poemasını indiki Əfqanıstanda heç cür yaza bilməzdilər – qəhrəmanları ilk dəfə məktəbdə görüşdürmək lazım gəlmişdi axı. Belə çıxır min il qabağın Ərəbistan yarımadası indiki Əfqanıstandan daha mütərəqqi imiş.

Tələbə qızların bəxti isə müəyyən qədər gətiribdir, onlara oğlanlarla birgə universitetdə oxumağa icazə verilir. Lakin pərdə arxasında. Eybi yoxdur, pərdə divardan nazik maneədir. Axundovun “Lənkəran xanının vəziri” əsəri yadıma düşdü:

“Sən Teymur ağa ilə pərdənin dalında nə edirdin?”.

Ancaq işin tragikomediyası daha çox Üzeyir bəyin ölümsüz əsərində əksini tapmışdır:

“Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”

Doğrudan da, məni həmişə düşündürən sualdır, görəsən müsəlman ölkələrində - şəriətə görə qadının üzünü tamam bağladığı məmləkətlərdə evlənmək istəyən kişilər qadınları necə seçirlər?

Axı ömrünü bir yerdə keçirəcəyin tipin ən azı üzünü görməlisən, hələ başqa yerlərini demirəm.

Camaat bu dəqiqə adi qarpızın da başına min oyun açmamış almır.

Təxmin edirəm, valideynlərin iştirakı ilə, alver yoluyla...

Anaların hamamda oğullarına gəlin seçmək proseduru varmış. Tərslikdən indi ümumi hamam da yoxdur. Əlac qalır yalnız qohum-əqrəbadan, tanış-bilişdən, necə deyərlər, “yaxın ətrafdan” gəlin tutmağa. Bu da genetik xəstəliklərə, əlilliyin, müxtəlif fiziki və əqli problemlərin yayılmasına aparır.

Bəlkə müsəlman aləminin başqa aləmlərdən geri qalmasının bir səbəbi də məcburən yaranan bu əqrəba evliliyidir?

Sosioloqlar araşdırmalıdır.

Bizim “sosioloq” isə görün neyləyir... Bu yaxında “Yeni Müsavat” qəzeti özünü bu ciddi elmin Azərbaycanda az qala yeganə təmsilçisi elan etmiş Əhməd Qəşəmoğlundan açıqlama almışdı. Əhməd müəllim eyni zamanda şeirlər yazır, deyəsən. Bəs bu şair qəlbli insanın qadın-kişi bərabərliyi mövzusuna münasibəti necədir?

Sitat: “Gender bərabərliyini Azərbaycana sırıyanlar dağıdıcı iş görürlər. Qadınla kişi bir-birinə bərabər deyil. Amma bu kiminsə üstün olması da demək deyil. Onlar qarşılıqlı şəkildə münasibətlərini qurmalıdır. Dini kitablarda da yazıblar ki, Allah Adəmi torpaqdan yaratdı və Adəm dünyaya baxıb elə vuruldu ki, Həvva onun sevgisindən yarandı. Bu, cəmiyyətə bir mesajdır. O deməkdir ki, cəmiyyətdə kişinin öhdəsinə ailənin ehtiyaclarının təmin olunması, ailənin qorunması, bir institut kimi mövcudluğu, inkişaf etdirilməsi düşüb. Qadın isə sevgidən yaranıb. Ona görə qadın evdə gözəl əhval-ruhiyyə, cəmiyyətdə sülh yaratmaqdan məsuldur və bu durumlarda üstündür”.

Hörmətli Əhməd müəllimin hansı dini kitabları oxuduğunu bilmirəm, ancaq dünyada geniş yayılan təkallahlı dinlərin heç birində qadına insan kimi hörmət qoyulmur və Həvva xanımın sevgidən yaranması kimi cəfəngiyat da yazılmayıb.

Yəhudilik və xristianlıqda ilk qadın Həvva xanım kişi Adəm müəllimin (az qaldı yazım: “məktəbin direktoru”) qabırğasından qayırılırdı. İslamın dini kitabı “Quran”da isə Həvvanın ümumiyyətlə adı yoxdur. Qadının yaradılması orda kişi ilə eyni vaxtda, eyni materialdan olur.

İkincisi, Əhməd müəllim elə bil mağarada yaşayır, hələ də fikirləşir ki, kişi ailənin ehtiyaclarını ödəmək üçün ova çıxıb mamont vurub gətirməlidir, qadın da ocaq qalayıb ət bişirməlidir.

Nə qədər primitiv olmalısan ki, çağdaş dünyada “qadın evdə gözəl əhval-ruhiyyə yaratmaqdan məsuldur” cümləsini səsləndirəsən?

Elə bil qadın elektronik dükanda satılan hansısa ev alətidir. Düyməsini bas, səni şənləndirsin. Vallah, mən heç Allahşükür Paşazadədən belə çağırışlar eşitməmişəm. Adam heç sosioloq da deyil.

Mən “riyakar olmaq” istəmirəm, kişi-qadın bərabərliyinə də bioloji yanaşmıram. Ancaq orqan fərqlərini insanın cəmiyyətdə, həyatda tutduğu yerə, fundamental insan hüquqlarına tətbiq etmək bizi şərti “Əfqanıstana” aparar. İnsanlıq penisvagina ilə, yaxud bunların uzunluğu-dərinliyi ilə ölçülmür.

İnsan azadlığına min dörd yüz il öncənin qaranlıq ideologiyası ilə qiymət vermək, yol biçmək fəlakətdir!

Bizi bu fəlakətə aparmaq istəyənlərin ağzını dərhal, beşikdə yummalıyıq. (Radikal oldu, elə bil, ancaq əlacı budur).

Gəlin seçməyin çətinliyini yuxarıda yazdım, yazının sonunda başqa riyakarlığı da göstərək. Şəriətə görə müsəlman qadın başqa dinlərin nümayəndəsinə ərə gedə bilməz. Lakin müsəlman kişinin yəhudi və xristianla evlənməsinə icazə var.

Bəh-bəh! Nə gözəl yanaşmadır. Əhval-ruhiyyəm açıldı. Prinsipcə, mənə də cinsiyyətim baxımından sərfəlidir...

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

# # #