Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?

Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?
2 oktyabr 2026
# 15:00

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Sosial şəbəkələrdə 3,5 milyonluq izləmə sayı ilə uşaqlara rəqs dərsini təbliğ edən Nicat Azadlının keçmiş həyat yoldaşına qucağındakı körpənin gözü qarşısında fiziki şiddət göstərməsini əks etdirən görüntüləri mən də izlədim. Qadın mütəmadi döyüldüyünü, hamilə ikən zorakılıq nəticəsində bətnindəki uşağını itirdiyini və dırnağının qoparılaraq işgəncəyə məruz qaldığını bildirib; DİN isə fakt üzrə cinayət işinin başlandığını və işin məhkəməyə göndərildiyini rəsmi şəkildə təsdiqləyib. N.Azadlının bütün bu faktları "şantaj və montaj" adlandırması isə virtual parıltının arxasında gizlənən dəhşətli gerçəkliyi ört-basdır etməyə yetmir.

Virtual reallıqla gerçək həyat arasındakı uçurum bundan daha eybəcər şəkildə ifşa oluna bilməzdi. Özünü azyaşlılara rəqs öyrədən, tərbiyə və incəsənət aşılayan pedaqoq kimi qələmə verən birinin avtomobilin salonunda qucağında körpə uşağı ilə oturan anaya əl qaldırması sadəcə bir ailə münaqişəsi deyil; bu, bütöv bir cəmiyyətin aldadılmasının xülasəsidir. Zərbələr enən an ananın qucağında müdafiəsiz bir körpə var idi.

Qarşı tərəfin reaksiyası isə şiddət törədənlərin ən sevimli sığınacağıdır: qurbanı günahkar çıxarmaq. Əgər ortada fiziki zorakılığı çılpaqlığı ilə sübut edən videogörüntü, tibbi ekspertiza rəyləri və polisin rəsmi ittiham aktı varsa, hansı "şantaj" nağılından danışmaq olar? Bir ananın vəhşicəsinə döyülməsinə, bədənində xəsarət izləri qoyulmasına hansı bəhanə haqq qazandıra bilər?

Lakin bunun özü qədər qorxulu olan başqa bir reallıq var: xəbərin altına tökülüşən şərhlərdəki çürük təfəkkür. "Yaxşı at özünə qamçı vurdurmaz", "Qadın dilini dinc saxlasın", "Yəqin nəsə edib ki, döyülüb" deyərək açıq-aşkar zorakılığa bəraət qazandıranlar, əslində, aramızda sərbəst dolaşan qadın düşmənləri və potensial qatillərdir. Qucağında körpə olan bir ananın başından enən yumruqlara bəraət axtaran bu qadın düşməni zümrə, törədilən cinayətin birbaşa mənəvi şərikinə çevrilir. Kök salmış bu patoloji nifrət və orta əsr zülməti təmizlənmədikcə, qadınlara yönələn hər qisas çağırışı sabahın yeni qətliamlarına verilən açıq lisenziya olaraq qalacaq.

Burada acı sual hüquqi və ictimai məsuliyyətə ünvanlanmalıdır. Qadının sağlamlığına qəsd edən, uşağa ömürlük psixoloji travma vuran bu cür hərəkətlərin qarşılığı sadəcə pul cərimələri və ya formal qətimkan tədbirləri olmamalıdır. Cəzasızlıq və ya yüngül cəzalar yeni zorakılıqlara cəsarət verir.

Sosial şəbəkələrin parlatdığı bu saxta obrazların maskası cırıldıqca, cəmiyyət kimi alqışladığını və uşaqlarını kimlərə əmanət etdiyini də dərindən düşünməlidir. Ekranda uşaqlara rəqs addımları göstərib, qapalı qapılar arxasında zülm edənlərə sərt hüquqi cəza verilməlidir. Məsələnin üstündən "keçmiş ər-arvad davasıdır" deyib keçmək həmin avtomobilin arxa oturacağında qorxu içində ağlayan körpənin fəryadını öz vicdanına yük kimi almaq deməkdir. Bu yüklə yaşamağa razısınız?

Uşaqlarını hələ də bu "əvəzolunmaz incəsənət xadimi"nin yanına rəqsə göndərmək istəyən bütün valideynlərin bu videoya baxıb nəticə çıxarmasını istəyirəm. Övladının gözü qarşısında anaya zülm edən bir şəxsə sabah öz uşaqlarınızı yenə etibar edəcəksiniz? (Hələ bu da ayrı mövzudur ki, bu "incəruhlu pedaqoq"un müxtəlif yaşlı qız uşaqlarına öyrətdiyi, nə gözə, nə könülə xitab edən vulqar "qaqaşvari" rəqs üslubu da bir aralar gözümüzü yağır eləmişdi.)

Qadına əl qaldıran, qəzəbini cilovlaya bilməyən bir adama müxtəlif yaşda olan kiçik və yeniyetmə qız uşaqlarını "rəqs öyrənmək" adı altında necə əmanət etmək olar? Qadına nifrət püskürən, onun ləyaqətini ayaqlar altına atan psixoloji pozuntulardan əziyyət çəkən bir zorakının kiçik qızlarımıza sənət, zəriflik və insani dəyərlər aşılayacağına inanmaq sadəlövhlük olardı. Bu qədər sadəlövh olmayacağınıza ümid edirəm...

# 80 dəfə oxunub

Oxşar xəbərlər

Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

15:00 2 oktyabr 2026
İngilis rəssam səsləri təsvirə çevirir

İngilis rəssam səsləri təsvirə çevirir

14:30 2 oktyabr 2026
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

14:00 2 oktyabr 2026
Özbəkistan mədəniyyəti  Qətərdə nümayiş olunur

Özbəkistan mədəniyyəti Qətərdə nümayiş olunur

13:30 2 oktyabr 2026
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırdı

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırdı

13:00 2 oktyabr 2026
Əfsanəvi musiqiçi 63 yaşında vəfat etdi

Əfsanəvi musiqiçi 63 yaşında vəfat etdi

12:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər