Antarktida

Antarktida
8 may 2011
# 13:07
Mən istəyirdim ki, müharibə olmasın. Amma oldu.

Sonra mən istədim ki, ərim məni və uşağımızı götürüb müharibə olmayan başqa bir ölkəyə aparsın.

Sabah orada da müharibə başlansa, yerimizi yenə də dəyişməyə hazır olardım.

İşdi, əgər birdən dünyanın hər yerində müharibə olsa, ailəmlə birlikdə hətta Antarktidaya da getməyə razı olardım.

Körpəmin və ərimin soyuqdan tələf olmamaları üçün bir neçə isti paltar kifayət edərdi mənə.

Başqa heç nə götürməzdim.

Hər gün buzlaqların arasından, qarın içindən onlar üçün yeməyə nəsə bir şey tapardım.

Şaxta əlimi-ayağımı dondursa belə…

Müharibə qurtarana qədər hər ikisini gizlədərdim orada.

Təki üçümüz də sağ qalaq.

Təki üçümüz də bir yerdə olaydıq.

Təki ərim müharibəyə getməyəydi.

Amma o getdi. Getdi və öldü. Sonra müharibə dayandı. Sakitlik oldu…

…Əgər dava yenidən başlasaydı belə daha qorxmazdım. çünki artıq itirəsi heç nəyim qalmayıb.

Eşitdiyimə görə uşağımı körpələr evinə veriblər.

Amma onun da başqa uşaqlar kimi öz valideyinləri ilə birgə gözəl həyat yaşaması üçün hər cür haqqı vardı.

Təəssüf ki, müharibə belə haqları tanımayan çağırılmamış qonaqdır. İstədiyi vaxt gəlir və…

Hər halda ümid edirəm ki, balamın yeri Antarktidadan yaxşıdır.

Mən biçarəsə yenə də Antarktidaya getməkdən imtina eləməzdim.

Orada olmasam də əminəm ki, Antarktida mənim indi qaldığım yerdən çox yaxşıdır…

Nə yazıqlar ki, həkimlər qollarımı bağlayıb məni evdən çıxaranda hara getmək istədiyimi soruşmadılar…
# 5662 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #