Sezanın alması

Sezanın alması
22 aprel 2011
# 15:35
Fransız yazıçısı Apollinerin məşhur bir fikri var: “Hər hansı bir millətdən ötrü ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəlidir.” Milləti ruhən qırmaq onu məhv etməyə bərabərdir. Onun ruhunun daşıyıcısı yazıçılar, şairlərdir.

Rəssam Sezanın yaradıcılığa başlaması Paris Kommunası dövrünə təsadüf edir. Fransızlar barrikadalarda vuruşanda Sezan oturub öz almasını çəkirmiş. Sonra Prussiya-Fransa müharibəsi olur, Sezan yenə öz almasını çəkir. Müharibələr qurtarır, Sezanın “alma”sı qalır.

Daha bir heyrətamiz fakt. İkinci dünya müharibəsində yaponlar məğlub oldu. Samurayların varisləri 45-ci ildə təslim aktını imzaladılar. Bundan bir il sonra yapon rejissoru Midzoquti yaponların orta əsr həyatından bir film çəkdi və Venesiya festivalına təqdim etdi.

Bu haqda danışan aktrisa Tanaka xatırlayır ki, bir gün əvvəl gördüm ki, otel nömrəsində Midzoquti yapon geyimində əyləşib dua edir. Səbəbini soruşdum. Dedi ki, biz məğlub ölkəyik, amma sənətimizlə qalib gəlməliyik və dünyada özümüzü təsdiq etməliyik.

Sabahısı film Venesiya festivalında birinci yeri tutdu.

Yaponların bu gün dünyada tutduğu yeri kiməsə göstərməyə ehtiyac yoxdur.

Və yaxud, Pablo Nerudanın xatirələrində bir məqam diqqətimi cəlb etdi. Latın Amerikasından bir rəssam gəlib Parisdə yaşıl fonda sarı dairə çəkib müsabiqəyə təqdim edir və bu, yüksək mükafat alır. Bu zaman isə onun ölkəsində zülm, məhbəsxanalar, dar ağacları vardı.

Bu yazının yazılmasına bu yaxınlarda dünyayla vidalaşmış Saramaqonun həyatı stimul verdi. Bu adam yoxsulluq ucbatından orta təhsil belə ala bilməyib, yırtıcı və sarsılmaz iradə hesabına özü-özünü yetişdirib və özünə inam və qətiyyət nəhayət, onu Nobel kürsüsünə gətirib çıxarıb. Bəs buna qədər nə baş vermişdi?

Joze Saramaqoya dünya şöhrəti gətirən onun səksəninci illərin əvvəllərində qələmə aldığı “İsanın İncili” romanı oldu. Bu romanda İsa adi bir insan kimi təsvir edilir, o, sadəcə, qiyamçıdır, özündən əvvəlki peyğəmbərləri inkar edir . Əsər Vatikan tərəfindən çox sərt qarşılanır, Portuqaliyada hakimiyyətə gələn sağçı qüvvələr əsəri ən yaxşı halda redaktə etməyi məsləhət görürlər, pis halda isə nəşrini qadağan edirlər.

Hakimiyyətin yaradıcılığa müdaxiləsinə etiraz əlaməti olaraq Saramaqo Portuqaliyanı tərk edir və İspaniyaya köçür, ömrünün 18 ilini Kuril adalarında keçirməli olur.

Yazıçı ilk növbədə cəsarəti ilə özünü təsdiqləyir. Elə götürək, bu il ədəbiyyat üzrə Nobel mükafatı almış Mario Varqas Lyosanın Peru prezidentini öz qərarından döndərən qətiyyətini. Nəhayət, Nobel Komitəsi siyasi iradə nümayiş etdirən yazıçıların da adını öz kitabına saldı.

Xatırlayırsınız, çoxlarının xoşlamadığı Orxan Pamuk Türkiyənin baş naziri R.T.Ərdoğanın dəvətini qəbul etməkdən imtina etdi və onun görüşünə getmədi. Kim haqlıdır, bu konu deyil. İradə nümayiş etdirməkdən söhbət gedir, hakimiyyətin yazıçı ilə hesablaşmasından söhbət gedir, silahla bacarmayanda fırça ilə, qələmlə qalib gələ bilmək qüdrətindən söhbət gedir.

Xəlil Rza yazırdı ki, “arxalı köpəklərə nifrətinlə silahlan!” Biz nifrətimizi belə silaha çevirə bilmirik. Məhz buna görə, 907-ci maddənin ləğvinə hələ də nail ola bilmirik, dünyanı Qarabağ həqiqətinə inandıra bilmirik. Bizə dost əli uzadanlar qondarma “DQR”-yə maliyyə yardımları edir.

Sultan Səlimlə Şah İsmayılın söhbəti zamanı iki fateh arasında belə bir dialoq baş verir:

-Bizim ən böyük fərqimiz budur ki, biz əsarətdə yaşaya bilmərik, siz isə azadlıqda.-deyə Sultan Səlim Şah İsmayılı sarsıdıcı məntiqilə sınağa çəkir.
Şah İsmayıl deyir:
-Gələcək azadlıq üçün müvəqqəti əsarətə dözmək müdriklik əlamətidir.
Sultan Səlim cavabında:
-Köləliyin dadını görən ondan əl çəkə bilməz. Əsarətdən sonrakı azadlığın faydası az olur.-deyir.
Şah İsmayıl :– Niyə?- deyə soruşduqda Sultan Səlim belə cavab verir:
-Çünki əsarətin qışından bircə dənə faydalı toxum salamat çıxa bilmir.
# 1258 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #