Rusdilli tənhalıq

Rusdilli tənhalıq
17 aprel 2011
# 11:41
Natiq Rəsulzadənin „Azadlıq“ radiosuna dediklərindən: „Azərbaycan ədəbiyyatında 10 ən yaxşı nasir varsa, 5-i rusdillidir. Rus dilində böyük, zəngin ədəbiyyat var. Rusdilli yazıçıları gözümçıxdıya salmasinlar”.

Mövzunun davamı olaraq: kimsə rus dillilərə azərbaycanca danışa bilmədiklərinə görə irad tutanda onların ənənəvi arqumenti səslənir : rus ədəbiyyatı, mədəniyyəti böyükdür.

İngiliscə, rusca, fransızca, almanca, ərəbcə və ya yaponca- fərqi yoxdur.

Söhbət ədəbiyyatdan gedirsə, önəmli olan kimin hansı dildə özünü rahat, dolğun ifadə etməsində və ortaya urvatlı bədii məhsul çıxarmasındadır.

Mənim şəxsən rus dilində yazanlara münasibətim normaldır.

Fəqət, məsələ bunda deyil.

…Rus ədəbiyyatının, incəsənətinin nəhəng olmasına heç kəs şübhə eləmir.

Rus ədəbiyyatı, incəsənəti dünya mədəniyyətinin vacib parçasıdır.

Amma nəhəng rus ədəbiyyatının rusca yazan, danışan azərbaycanlıya, qazaxa, qırğıza, özbəyə heç bir dəxli yoxdur.

Çünki rus ədəbiyyatını damarında, genlərində rus ruhunu, mənəviyyatını, psixoligiyasını daşıyan rus xalqı yaradıb.

Yenə də təkrar edirəm ki, kiminsə başqa dildə yazmasına normal münasibətim var.

Amma rus dilində yazan yazıçılar: - lütfən iddialı danışmayın.

Sizin iddialarınız kənardan baxanda gücsüzlüyün ifadəsinə daha çox bənzəyir.

İddialarınızı təsdiqləmək istəyirsinizsə, onda qızğın müzakirələr açacaq, maraq doğuracaq və gerçəkliyimizi anladacaq əsərlər yazın.

Rusdilli yazıçıların oxucularının az olması haqda fikirləri səsləndirməzdən əvvəl isə düşünün.

Ən azı ona görə ki, müasir rus ədəbiyyatının istedadlı nümayəndələri Azərbaycanda oxunur, tanınır, tərcümə edilir və müzakirə olunur.

Demək ki, məsələ dildə deyil.

Rus dilində yazmaq hələ böyük ədəbiyyat anlamına gəlmir.

Və siz nəhəng rus ədəbiyyatının varisləri deyilsiniz.

Ədəbiyyat dil hadisəsidirsə, o zaman rusdilli yazıçılar rus dilinə hansı töhfələri veriblər?

Yox, söhbət sırf bədii-estetik məziyyətlərdən, yeni, fərqli ədəbi tendensiyalardan gedirsə, o zaman rusdilli ədəbiyyat məkanına nə təklif etmisiniz?

Rusiyanın kitab bazarında ən çox oxunan azərbaycanlı Çingiz Abdullayevin bəsit detektivləri ciddi ədəbiyyat deyil.

İbrahimbəyov qardaşlarına gəlincə…

Keçmiş sovet məkanında Maqsud İbrahimbyovdan daha çox tanınan Rüstəm İbrahimbəyovdan bir-iki cümlə yazmasam olmaz.

Axı, R. İbrahiməyov özəlliklə rusdilli ziyalıların qürur mənbəyidir.

R. İbrahimbəyovun filmoqrafiyasına nəzər yetirin, onun beynəlxalq uğurları birbaşa Nikita Mixalkovun adı ilə bağlıdır.

Mixalkovla işlədiyi müddət ərzində İbrahimbəyov bütün ssenariləri onunla birgə yazıb. Venesiyada “Qızıl şir” almış “Urga” da, “Oskar”a layiq görülmüş və Kannda jürinin mükafatını almış “Günəşdən usanmışlar” da…

Hətta deyilənlərə görə, Mixalkov ssenariləri möhkəm “redaktə” edirmiş.

Mixalkovla yolları ayrılandan sonra onun ayrılıqda çəkdiyi və ssenari müəllifi olduğu filmlər uğur qazanmayıb. ( Yaxınlarda “Nika” mükafatı almış “Kabusun gözləriylə” filmi haqda ayrıca yazacam).

Mixalkov isə dünya kinosunda göstərdiyi xidmətlərə görə 2007-ci ildə Venesiya festivalının xüsusi mükafatını aldı, ”12” filmi Oskara nominant olan filmlərin “short list”inə düşdü.

…Rusdilli azərbaycanlıların daha intellektual olması haqda əhəmiyyətsiz fikirlər isə adamı lap təngə gətirib.

Kimsə bilirsə desin, toplumun problemlərinə yaxın olmayan, Azərbaycan gerçəkliyindən uzaq düşən, rusdilli ziyalının intellekti cəmiyyətə bu gün nə verir?

İddialı danışmaqdansa, ortaya konkret, cəmiyyəti silkələyən keyfiyyətli məhsul qoyun, toplumu yaxşılığa doğru dəyişin. Heç olmasa cəhd edin.

Əgər özünüzə çox arxayınsızsa, onda dünyaya çıxın və sübut edin ki, siz Azərbaycan dillilərdən qat-qat istedadlısınız, intellektualsınız, yaxşıların yaxşısısınız.

Dünya ədəbiyyatında, incəsənətində ünlü isimlərlə adınızı bir sıraya yazın. Axı sizə kim mane olur?

Barı heç olmasa MDB məkanına çıxın.
Cəsarətdən məhrum olan intellektin bütün problemləri çözəcəyinə və özünüzdə passionar gücün olduğuna inanırsınızsa, onda buyurun, cəmiyyətin, ədəbiyyatın, mədəniyyətin hərəkətverici qüvvəsinə çevrilin.
Əgər intellekti inkişafın vacib, yeganə şərti sayırsınızsa, onda nədən böyük mədəniyyəti, ədəbiyyatı olan rus xalqı bu gün rəzil cəmiyyətdə yaşayır, dünyada pis imicə sahibdir və Avropa Birliyinə yolu bağlıdır?


İntellekt həmişə sənətdə və ədəbiyyatda yeniliklərin başlanması anlamına gəlmir.
Hər zaman rus dillilərin Azərbaycan dillilərdən daha intellektual olduğunu iddia edən “Dərviş” Prodüser Mərkəzinin direktoru Əli İsa Cabbarov isə “Quqark” romanının ekranlaşdırma hüququnu Seymur Baycandan alıb. Səbəblərdən biri əsərin Azərbaycan reallığını əks etdirməsidir.
Və Seymur Baycan rusdilli deyil.
Yeri gəlmişkən, “Azadlıq radiosu”na müsahibəsində yazıçı Əli Əkbərin bir fikrini xatırladım: “Rusdilli yazarlar oxucularının çoxunu itiriblər. Rusiyaya isə ümumiyyətlə çıxa bilməzlər, çünki onların mətnlərinin rus dilinə aidiyyatı yoxdur”.

Yəqin ki, Əli Əkbər haqlıdır.

Bir qrup rusdilli ziyalı Azərbaycan və Rusiya mədəniyyəti arasında çabalayır.

Özlərinin hara aid olduqlarının ayırd etməkdə çətinlik çəkirlər.

Eyni problemi Almaniyada doğulan almandilli türklər də yaşayir.

Amma çox ciddi fərqlə: Türklər bu sindromu yad ölkədə, azərbaycanlılar isə öz vətənlərində yaşayırlar.
# 996 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #