Heykəlin müəllifi: "Tağıyevin təsbehini sındıranları məhkəmədə müdafiə elədim" - Reportaj

Xanlar Əhmədov, Xalq rəssamı, heykəltaraş

Xanlar Əhmədov, Xalq rəssamı, heykəltaraş

28 aprel 2023
# 09:00

Kulis.az Ümid Nəccarinin Xalq Rəssamı, heykəltaraş Xanlar Əhmədovun emalatxanasından hazırladığı reportajı təqdim edir.

Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!

Emalatxananın ən uca yerində dayanıb, əlində kitabı, sıxıla-sıxıla izləyir bizi. Sanki dilinin ucundakı sözlər səsə çevrilmir, sanki sözləri də bu kütlədən ümidini kəsib.



Elə girişdə gözüm ona sataşdı, çox zərif və arıq görünürdü, ancaq duruşu etiraz dolu idi, baxışında məyusluq hissi dalğalanır. Hə… bu emalatxanada bütün heykəllər, büstlər susur, ancaq Mirzə Ələkbər Sabir hamısından daha çox susub.

– Xanlar müəllim, Sabir niyə belə darıxıb, sıxılır?

– Sabirin həyatı zindandı də. Özü də heykəl üzərində kölgə düzəltmək çox çətindi. Amma onun kölgəsi də var. Özu də sınan kölgədir - yəni divara söykənib. Özü də kitabı qucağında deyil, aşağıya tərəf tutub, elə bil ki, əlləri bağlıdır, kitabla özünü bağlayıb. Kitabla özünü həbs edib sanki. Bax, bu da Əbülfəz Elçibəyin məzarda olan heykəlidir. Fəxri Xiyabanda Məmməd Arazın, Mikayıl Hüseynovun, Əbülfəz Elçibəyin heykəlini mən işləmişəm.

– Əbülfəz Elçibəyin heykəlini rəhmətə gedəndən nə qədər sonra düzəltdiniz?

– İli keçmişdi, ailəsi gəldi ki, heykəl lazımdır. Elçibəyin Türkiyədə bir dostu var imiş, o deyib ki, nə qədər maliyyə lazımdır, mən verərəm, heykəli düzəltdirin. Oradan maliyyə gəldi, mən heykəli düzəltməyə başladım. Sonra Bakı İcra hakimiyyəti bildi, məni çağırdılar və dedilər ki, sən o pulları qaytar, heykəli biz sifariş etmək istəyirik. Dedim, mənə heç bir fərqi yoxdur. Elə də etdik. İndi bu heykəl dövlət sifarişi sayılır.

Hacı Zeynalabdin Tağıyevin heykəlini görürəm. Əlində əsası, oturub stulunda.

– Bu da Hacı Zeynalabidin Tağıyevdir. Oturan yerdə. Onun da bir tarixçəsi var ki, rus çarının qarşısında oturmağa heç kəsin icazəsi yox idi, bircə Zeynalabdindən başqa. Kişinin öz kreslosu var idi, otururdu orda. Hamı ayaqüstə, çarla Hacı Zeynalabdin oturub. Orda təklif edir ki, ibadət vaxtı hamınız gedirsiniz kilsəyə, mən qalıram. Mənə icazə ver, burada məscid tikim ki, burdakı müsəlmanlar məscidə gedə bilsin. O məscidi Sank-Peterburqda bu kişi tikib.

– Sizin ən məşhur əsərlərinizdən biri də Haci Zeynalabdin Tağıyevin heykəlidir, heykəlin təsbehini iki dəfə qırdılar, bunun səbəbi nə ola bilər?

– O təsbeh bir nöqtədən sallanırdı, insanlara maraqlıdır ki, görəsən, bu təsbeh necə dayanıb orda? Təsbeh isə heykəlin ən kövrək yeri sayılırdı. Ona əl vururlar, görürlər möhkəmdir, bir az dartırlar, görürlər qırıldı. Yəni tunc və latun möhkəm və kövrək materialdır. Sonra heykəldə yeni yer tapdım, təsbehi iki nöqtədən yox, üç nöqtədən bərkitdim. Amma, bu, nəzərdə tutulmamışdı, heykəlin təsbehi havada sallanmalıydı. Mərdimazarlıq da deməzdim buna, mən o məhkəmədə də uşaqları müdafiə xarakterli söhbət elədim. Axırda, hakim dilə gəldi ki, müəllim, deyəsən, siz bunlarla tanışsınız, qohumsunuz. Dedim, yox, mən olduğu şeyi deyirəm. Bu heykəlin ən kövrək yeridi, gətirəndə maşında da yellənə-yellənə sına bilərdi. Orada dedim ki, mən bunları təqsirkar bilmirəm, sadəcə həvəskar və maraq edən birisi kimi hesab edirəm.

– Sizin bu qadın heykəlləri əsəriniz, orda olan erotika çox maraqlıdır. Bunlar bazar tələbatıdır, yoxsa ürəyinizlə işləmisiniz?

– Bir neçə il öncə Pribaltika ölkəsində, Riqa şəhərində üç aylıq simpoziuma getmişdim. Bizə axşamlar naturalar verirdilər, yəni canlı adamdan rəsm və heykəl yaratmaq. Mən orada çəkdiyim rəsm əsərlərinin təsirindən bu heykəlləri düzəltdim. Bunlar pribaltika ölkələrindən yaranan duyğulardır. Ümumiyyətlə, qadın heykəltəraşlıq və rəssamlıqda ən birinci yerləri tutur. Dünya yaranandan, daş dövründə qayalara da qadın şəklini cızırdılar, çünki qadın ilham mənbəyidir. Bunlar qadın gözəlliyidir, Allahın yaratdığı ən gözəl canlılardan biridir.

– Burada başqa hansı heykəllər var?

– Burada hər heykəlin özünə adı var. Burda səhər, soyunan, gecə, duyğu var, hər biri təbiət hadisəsinə uyğunlaşır. Bu soyunan qadınlar içində iki variant var: biri arıqdır, biri kök.

– Bu heykəlləri şəkillərin üzərindənmi işləyirsiniz?

– Mən əvvəlcə rəsmlə işləyirəm. Bir iş üçün 50 dəfə rəsm çəkirəm, kiçikdən böyüyə. Sonra heykəlini işləyirəm.

– Başqa hansı məşhur işləriniz var?

– Hacı Zeynalabidin tağıyevin heykəlidir, “Mirzə Fətəli Axundov” kitabxanasının yanında Mirzə Ələkbər Sabir, Rəsul Rzanın heykəli və s. Ancaq son illərdə, əsasən, Gəncədə çalışıram. Təzə filarmoniya açıldı, orda səkkiz heykəl işləmişəm. Respublikanın ən sayılmış şəxsiyyətləridir, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Məsələn, Azərbaycanda ilk dəfə olaraq sağlığında Arif Məlikova heykəl qoyuldu, onu da mən elədim. O da filarmoniyanın içindədir. Sonra flarmoniyanın damında “incəsənət qoruyucusu” adlı bir qadın heykəlidir. Sonra bu yaxında dram teatrı açıldı, orada Mirzə Fətəli Axundov və Cəfər Cabbarlının heykəli qoyuldu. İndi Gəncədə yeni bir “Eko Center” tikilir, orada yenə də 60-70 əsər olacaq. Onun üzərində işləyirəm. İlin axırına qədər bu mərkəz açılmalıdır.

– İşlədiyiniz heykəllərdən hansı əsərinizi daha çox sevirsiniz?

– Bir dəfə məndən soruşdular ki, hansı heykəlinizi çox sevirsiniz. Sual verən jurnalisti tanıyırdım, dedim, 3 övladından hansını çox sevirsən? Bunların hamısı mənim ürəyimdən, qəlbimdən gələn duyğulardır. Sevmədiyim işi görmərəm.
Mən tarixi şəxsiyyətləri çox sevirəm, onlar Azərbaycan incəsənətinin təməlini qoyublar. Bayaq saydığım həmin silsilə şəxsiyyətləri deyirəm. Məndə belə bir fikir var idi ki, fərdi sərgi edim. Azərbaycanın ən tanınmış şəxsiyyətlərini işləmək istədim. Xeyli iş ərsəyə gətirdim, amma görürəm ki, ucu-bucağı yoxdur. Məsələn, Azərbaycanda məşhur şəxsiyyətləri düşünsən əgər, bunu yaşayıb-yaratmağa böyük bir həyat lazımdır. Amma yenə də əllərimi yanıma salmıram, o barədə də işləyirəm. Bax, Ümid, ümid yaxşı şeydir, həmişə ümid edirik, ümidlə yaşamaq lazımdır.


Azərbaycanda yaşayan heykəllərin Tanrısı ilə üzbəüz oturmuşam, Xanlar müəllimin sehrli əllərinə, barmaqlarına baxıram. Öz-özümə deyirəm, nə yaxşı ki bu əllər var.
Qalxıram ayağa, heykəllərə bir də göz gəzdirirəm. Küncdə Aşıq Ələsgərin büstü dayanıb, aşiqvari sazını sinəsinə basıb, yurdumuzun gözəl mahnılarını səsləndirir. Bir bülbül sazın səsinə valeh olaraq, Dədə Ələsgərin sazının qoluna qonub, dayanır.
Başqa tərəfdə Şuşanın ən məşhur xanəndəsi olan Cabbar Qaryağdıoğlu əlində qavalı tutub, yanında isə, tarzən Sadıqcandır. Məşhur tarzən tarı elə qoynunda bəsləyib, sanki uşağını bağrına basır. Yanında şair Qasım bəy Zakirdir.


Sağ tərəfdə Hacı Zeynalabdin faytonunda oturub, ancaq sürücüsü yoxdur.

– Müəllim, burada Hacının niyə sürücüsü yoxdur?

– Bu modeldir, böyük variantını düşünürdüm, düşünürdüm ki, şəkil çəkdirən adam, oturar sürücünün yerində şəkil çəkdirər.

Emalatxananın sağ küncündə Bəxtiyar Vahabzadənin “Bir ananın iki oğlu, Azərbaycan-Türkiyə” misralarından ilham almış heykəl dayanıb, bir ana obrazıdır, qollarından oğulları yaranır, bir qolunda Azərbaycan bayrağı, o birisi qolunda isə Türkiyə bayrağı dalğalanır.

Emalatxananın tavanı və bir divarı pəncərələrdən ibarətdir, istixanalarda olduğu kimi hər tərəfi günəşə açıqdır. Heykəlləri incəliklə müşahidə edirəm, heykəllərə günəş şüası düşür. Heykəllər gün işığında canlı və yenidən ruh almış kimi görünürlər, bir ağac kimi, bitki kimi canlanmağa cəhd göstərirlər. Amma hamısı susub. Düşünürəm, onlar zamanında dediklərini çox gözəl şəkildə ifadə ediblər, indi isə, susmaq zamanıdır.



Bir neçə addım atıram, heykəlləri bir də gözdən keçirirəm. Gözüm yenidən Sabirin darıxan kölgəli heykəlinə düşür, sıxılıram...

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!


# 3181 dəfə oxunub

Müəllifin son yazıları

# # #