Danışan məzar, qorxan adamlar – Ümid Nəccari

Danışan məzar, qorxan adamlar – Ümid Nəccari
5 iyul 2023
# 11:00

Kulis.az Ümid Nəccarinin “Danışan məzar, qorxan adamlar” yazısını təqdim edir.

“Oxudu Qaranquş ayrılıq sözün,
Mürvət əhlinin gözü yoldaykən,
cumdu tufanlara unutdu özün,
Ulduza nə cavab verəcəyəm mən?
Qışda qarlı dağlar sorağlaşsalar
Təbrizin, gül oğlun, mehriban oğlun,
bir haray çəkərəm ay uca dağlar,
axtarın Arazın çənli belindən,
düşmən tənə vursa Səməd hardadır,
əlimi sinəmə çalıb, deyərəm,
Səməd könlümdədir, ürəyimdədir”.


Əlirza Nabdel



Səkkiz ildir Bakıdayam, ancaq hər gecə Təbrizə qayıdıram; küçənin ağsaqqalları Məhərrəm əmi, Əvəz əmi, Oruc əmiyə salam verirəm. Məhəllə uşaqlarıyla salamlaşıram. “Günəş” kafesindəki dostlarla görüşürəm. Darıxanda “Məşrutə” parkına gedirəm, sıxılanda köhnə məhəlləmiz “Şəhnaz”ı addımlayıram, nə gözəl olur “Şəhnaz” xiyabanı payızda, ax... nə gözəl.

Çətin ki məni başa düşəsiniz... Azərbaycanın quzeyində yaşayanlar bu ağrını mənim kimi duya bilməzlər...

Təbriz sehirlidir, möhtəşəmdir, ecazkardır, əfsanəvidir...

Bir dəfə dostlarla 28 Maydakı “Delikates” kafesində pivə içirdik. Ağsaqqal bir kişi yaxınlaşdı, “deyirlər, sən təbrizlisən, de görüm, həqiqətənmi Təbrizin küçələri dolanbadolandı?”- məndən soruşdu. Dedim, görmək lazımdır, o darısqal, torpaq ətirli küçələri görmək lazımdır. Təbrizin köhnə küçələrində səmimiyyət, sevgi, barıtın qoxusu, dumanlı günlərin ətri açıq-aydın hiss olunur.



***

Güney Azərbaycanın tarixi, təbii sərvətləri gündən-günə məhv olur, dağıdılır, talanır.

Urmu gölü bir tərəfdən quruduldu, Təbrizin bağları bir tərəfdən məhv edildi, tarixi abidələrimiz tökülür, uçur. İranın ibtidai dərslik vəsaitlərində, tarix dərsliyində Monqolların İrana hücumunu elə təsvir ediblər ki, uşaq ağlımla onlara nifrət edirdim. Deyirdim, belə də vəhşi qəbilə olarmı? Sonra əsl vəhşi qəbiləni gözümlə gördüm, şəhərimin qənimləri, vətənimi dağıdanlar...



***

Xalq şairi Söhrab Tahirin son günləri idi, 90 illik yubileyi Natavan klubunda qeyd olunacaqdı. Söhrab Tahir səhhətilə əlaqədar iştirak edə bilmədi. Tədbirdən sonra Söhrab əminin oğlu bizi evlərinə axşam yeməyinə dəvət etdi.

Şair bizi görüncə kövrəldi... gözləri doldu. Yazılarımı oxuyurmuş, yaradıcılığımla tanış imiş. Sonra əlimi tutdu, “Təbrizin gül oğlusan, gələcək Milli Hökümətin maarif vəziri sən olacaqsan” – dedi. Bu söz məni 1945-46-ci illərə qaytardı. Seyid Cəfər Pişəvərini, Maarif vəziri şair Biriyanı xatırladım.


”Bəslənir qəlbimdə son söz hörmət Azərbaycana

İstərəm dünyada mən hüriyyət Azərbaycana.

Sanmayın öz yurdumun əsrarına biganəyəm,

Mən onun sevdayi-eşqindən bu cür divanəyəm


Məhəmməd Biriya



Onun qəbri Təbrizdə - Qacarlar dövründən qalan “Yanıq” təpədə - xeyriyyəçi Mirzə Kazım ağa Seyyid İmaminin bağışladığı ərazidəki “İmamiyyə” məzarlığındadır. Qacarlar dövründə bu ərazidə meyvə bağları varmış.
130-dan çox yaşı olan məzarlıqda şair Biriya, tanınmış yazıçı Səməd Behrəngi, Məşrutə hərəkatının fədailəri, şəhidləri, Milli hökumətin fədailəri, Səttarxan və Bağırxanın ailə üzvləri və bir çox ziyalılar dəfn edilib.



İllər öncə xəbər tutduq ki, Səməd Behrənginin qəbirüstü lövhəsini götürüblər, ətrafdakı ağacları, gülləri çıxarıblar. Bu söhbətdən bir neçə gün sonra Novruz bayramının 13-cü günü, – o gün İranda “Təbiət” günü kimi qeyd olunur, hamı təbiətə axışır. - dostlara dedim, şəhər sakitlikdir, gedək Səməd Behrənginin məzarına, lazım olsa, pul da toplayarıq. Üç dost “İmamiyyə”yə, - Səməd Behrənginin məzarına getdik və gördük deyilənlər doğru imiş: qəbirüstü lövhəsini götürüblər, ətrafdakı ağacları, gülləri çıxarıblar.


Məzarı təmizlədik, bir neçə ağ şam yandırdıq.

Çox keçmədi ki, bir qara paltarlı gənc yaxınlaşdı və əsəbi tərzdə:
– Burda nə işiniz var? – dedi.
– Burda nə iş görmək olar?

– Mən söz soruşuram, doğru-düzgün cavab verin.
– Mən də doğrusunu dedim.
– Gedin, gedin burdan!
– Başa düşmədik, qəbir üstdə neynəmək olar ki?
Şair dostum əsəbləşdi, oğlana yaxınlaşıb:
– Sən kimsən ki? Elədirsə, lap gecəyə kimi burdayıq! – dedi, - Sonra?
– Ağa, bura yaxınlaşmaq olmaz. Bizə deyiblər, heç kimi bura yaxın qoymayın.
– Axı, burda nə var? Adam ölüb. Ölü adam, qəbir bizə nə edə bilər?
– Bəs siz bilmirsiz? Məsələ əmniyyət(təhlükəsizlik) məsələsidi.
– Məsələn, getməsək nə olar?
Bu sözü eşitcək, oğlan qəbirin ətrafından yığdığımız zibil topasına bir təpik vurdu, şamları ayaqladı. Şair dostum hücum etmək istəyirdi ki oğlan vəsiqəsini göstərdi. Artıq mövzunu anladıq. Dostum dedi, gəlin gedək, başqa vaxt gəlib təmizləyərik.
Şair yaxşı deyib, “Hələ harasıdır? Bizdən sonra məzarlarımız da sizinlə döyüşəcək”.

Səməd Behrənginin hekayələri, “Balaca Qara balığ”ı təkbaşına insanlığa zidd olan bütün ideologiyalarla vuruşur və hər dəfə qalib gəlir. Əslində, qara paltarlı o gənc də qəbirdən yox, “balaca qara balıq”dan qorxurdu.

Məzarlarımızı, abidələrimizi, təbiətimizi məhv etsələr belə, bizim keçmişimiz bizim gələcəyimizə dayaqdır. Qocaman Təbriz tarix boyu imtahandan başıuca çıxıb; dumanlar görüb, keşməkeşli günlər görüb Təbriz.

İndi hansı uşaq Səməd Behrənginin hekayələrini oxuyur, balaca qara balığa çevrilir, balaca qara balığa çevrilib okeana üzür.

O yerə çatmışıq ki, Təbrizin uşaqları həmin qara paltarlılara “Səməd könlümdədir, ürəyimdədir” – deyirlər.

Bir gün bütün ölülərimiz dillənəcək, Səməd Behrənginin məzarı kimi...

# 2599 dəfə oxunub

Müəllifin son yazıları

# # #