Tək əldən səs çıxardan 12 yaşlı “KULİS”

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

4 aprel 2023
# 11:05

Kulis.az Ulucay Akifin “Kulis – sözün məkanı” adlı yazısını təqdim edir.


Bu gün Kulis-in 12 yaşı tamam olur.

12 yaş hələ gizlənqaç oynayan bir uşağın yaşıdır.

Amma Kulis-in 12 yaşının ağırlığı tamam fərqlidir.

Kulis bu yaşında qoca deyil, gəncdir, amma müdrikdir.

Çünki başdan-ayağa sözdən və fikirdən ibarətdir Kulis.

Fikir vermişəm, yazı-pozu adamlarının, sənət adamlarının əksəriyyəti Kulisə “sayt, elektron portal, internet dərgisi” və s. kimi sözləri deməyi xoşlamır. Elə çox adam “Kulis” deyir. Yəqin ki, bunun əsas səbəbi Kulisin bu anlayışların fövqündə olmağıdır.

Hazırda ədəbi mühitdə öz yerini tutmuş imzaların əksəriyyətinin yolu ya buradan keçib, ya da Kulis-lə yol yoldaşı olub.

Qismət Rüstəmov, Aqşin Yenisey, Seymur Baycan, Mirmehdi Ağaoğlu, Qan Turalı, Şərif Ağayar, Şəhriyar del Gerani, Cəlil Cavanşir, Sevda Sultanova, Sevinc Elsevər...

Siyahı uzandıqca uzana bilər.

Bu imzaların yaşından 12 il çıxanda, yerdə qalan rəqəmləri düşünürəm.

Qismətin 24, Aqşinin 33, Seymurun 35, Mirmehdinin 28, Şərifin də 35 yaşı qalır.

Mənim yaşımdan 12 çıxanda isə yerdə 15 qalır.

Kulisdə ilk dəfə yazılarım, şeirlərim dərc olunanda, 17-18 yaşım var idi. İndi çox uzaq görünən 2013-cü ildən danışıram.

Həmin illərdə məni Kulis-də yazımın, şeirlərimin dərc olunmasından daha çox sevindirən nəyinsə olduğunu xatırlamıram.

Hər dəfə eyni həyəcan, hər dəfə ilkmiş kimi sevinirdim burada imzamın görünməyinə.
Sonra həyat elə gətirdi ki, mənim üçün burada işləmək fürsəti yarandı. Artıq burada üçüncü ilimdir.

Dünən dostlardan biri ilə danışanda dedim, başqa bir saytın rəhbəri olsam (ki, elə bundan əvvəl başqa bir saytın rəhbəri idim) bu qədər məsuliyyət hiss etməzdim.

Çünki bunca ilin dəyirmanından keçib üyüdülən yerlər arasından yazıçıların işıq yeri kimi təkcə Kulis öz mövcudluğunu qoruya bildi.

Burada əziyyəti olan hər kəsin əməyi hesabına.

Bir ilini müxbir kimi işlədiyim bu müddətin geri qalanında Kulis-ə Baş redaktorluq etməkdəyəm.

Məsuliyyəti ağırdan da ağır, fəxarəti böyükdən də böyük olan bir vəzifə.

Təəssüf ki, vəzifə sözü mahiyyətini tamamilə itirməkdədir.

Bu sözün yalnız və yalnız bir mənası olmuşdur əzəldən: bir şəxsin üzərinə qoyulan iş.

Artıq gözəlim məmləkətimizdə bu söz sadəcə “məqam” mənasında işlənməkdədir. Yəqin vardır bunun da bir səbəbi!
Bütün səmimiyyətimlə etiraf etməliyəm ki, şəxsən mən, heç vaxt Baş redaktorluq vəzifəsini məqam olaraq görmədim. Mənim üçün bu, sadəcə görməli olduğum işlər deməkdir.

Bəlkə, bu yazdıqlarım pafoslu görünə bilər, amma içimi və işimi bilən adamlar şahiddir ki, bu, belədir.

Ədəbiyyat üçün nəsə etmək, yazıçılar üçün nəsə etmək, gənc yazarları mümkün qədər təbliğ etmək, onlara meydan vermək, fərqli layihələrlə mühitimizi, ədəbi prosesi canlandırmaq.

Son zamanlarda məni ən çox üzən şey isə, ədəbi mühitimizə çökmüş bozluq, susqunluq, durğunluqdur. Ədəbi proses deyilən şeydən əsər-əlamət görmürəm.

Son dəfə hansı kitab, hansı roman, hansı hekayə, hansı şeir, hansı mətn sözün istər yaxşı, istər pis mənasında ajiotaja, səs-küyə səbəb olub? Xatırlamıram.

Kütlədən, cəmiyyət olmağa çalışmayan bu toplumdan əlimi üzdüyümü dəfələrlə demişəm. Söhbət ədəbi mühitin özündən gedir.

Bu sönüklük, durğunluq məni çox narahat edir. Xüsüsən də gənc qələm yoldaşlarımın ədəbiyyata barmaqarası baxmağı.

Hər halda, uzundan da uzun, dərindən də dərin olan bu qanqaraldan söhbətləri Kulis-in 12 yaşına həsr etdiyim yazıda etməyim çox yaxşı olmaz.

Kulis, sənə təşəkkür edirəm. 12 yaşın mübarək olsun. İllərin dolu-dolu keçsin.

Sən yorulmadan yoluna davam et. Bilmək olmaz, bəlkə, bir gün tək əldən də səs çıxar.


# 2052 dəfə oxunub

Müəllifin son yazıları

# # #