Məni heç nə xilas eləmədi

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

14 fevral 2022
# 15:12

Uzun müddətdir depressiyadayam. Bu müddətin nə qədər uzun olduğunu özüm də dəqiq bilmirəm. İki, ya beş aydır? Bir, ya üç ildir? Yoxsa elə 26 ildir? Bilmirəm.

Hərdən heç doğmalarımın, yaxınlarımın da bunun fərqində olmadığını düşünürəm və buna üzülürəm. İçimdəki boşluq kosmosdakı qara dəlik kimi hər gün bir az da böyüyüb məni öz içinə çəkir. Yəqin bir müddət sonra içimdəki qara dəlikdən sadəcə əlimi çıxarıb kömək gözləyəcəm.

Vəziyyətimin öz-özünə düzələcəyini gözləsəm də, belə olmadı. Yenə əvvəllər daha çox yalandan gülə bilirdim. Fərqli qovğaların, macəraların içində başımı aldatmaqla məşğul idim.

Bu vəziyyətdən çıxmaq üçün Antalyada 4 ay ofisiant, qabyuyan kimi işlərdə tər tökdüyüm vaxtlar da oldu. “Ədalət” qəzetində işlədiyim vaxt Aqil Abbasdan icazə alıb Peterburqa, Svetanın yanına getdiyim də oldu.

Etdiyim heç nə məni bu vəziyyətdən xilas eləmədi. Bu illər ərzində Allahla aramdakı rabitə də azaldı. Daha az dua etməyə başladım. Əvvəl dilimdən düşməyən “Ayətəl-Kürsi” duası əzbərimdən itdi. “Nas” və “Fələq” surələrində də çaşıram artıq.

İki dəfə psixoloqa müraciət etdim. İkisi də xanım idi. İlkində psixoloq xanım “Ulucay bəy, vəziyyətinizə şükür edin, elə dərdləri olan adamlar var ki...” deyib öz şəxsi həyatındakı problemlərini danışdı. Əslində, bu üsul nənəmin mən depressiv söhbətlər edəndə işlətdiyi ən effektiv üsullardan biri idi. “Filankəsin oğluna bax! Nəyin əksikdi ondan?! Şükür elə, naşükür olma!” deyib məni tez depressiyadan çıxara bilirdi. Amma psixoloqdan eşitdiyim bu cümlələr mənə bəs eləmədi.

İkinci müraciət etdiyim psixoloqda isə daha böyük fiasko yaşamışdım. Sevgili olub ayrılmışdıq.

Bu səhər “Şərq” qəzetinin müxbiri sorğuda iştirak etməyim üçün zəng eləmişdi. Adı Günəş idi. Məndən Sevgililər günü ilə bağlı nə düşündüyümü soruşdu.

Bir az düşündüm, sonra üzr istədim və sevgi haqqında deməyə heç nəyimin olmadığını söylədim. Dəstəyi yerə qoyandan sonra pis oldum. Özüm cəhənnəm, gənc bir xanıma sevgi haqqında belə münasibət bildirməyimin yaxşı olmadığını anladım.

Yəqin ki, xanım gənc şairdən sevgi haqqında gözəl cümlələr eşidəcəyini düşünürdü. Bəlkə elə hazırlayacağı sorğuda da bunu nəzərdə tutmuşdu, mən işlərini korladım.

Burdan Günəş xanıma üzrlərimi çatdırıram.

Günəş xanım, siz yəqin ki, məndən iki-üç yaş kiçiksiniz, elə də böyük yaş fərqimiz olmaz. Bəlkə də sizin sevgi haqqında “toz-pəmbə” düşüncələriniz, xəyallarınız var, bilmirəm. Düzü, uzun illər mən özüm də sevgi haqqında xeyli yüksək fikirdə olmuşam.

Amma indi içimdəki günü-gündən böyüyən həmin o boşluğun, qara dəliyin kənarında dayanıb baxdıqda görürəm ki, dünya çox iri addımlarla sevgisizliyə doğru irəliləməkdədir. Və bu məni çox qorxudur.

İnsanlar sevgi və digər bütün gözəl duyğularını smartfonlarının, planşetlərinin, kompüterlərinin ekranında dəfn etməklə məşğuldur.

Hər gün oxuduğumuz onlarla cinayət xəbərləri, cinayətlərin içindəki xəyanət izləri, insanların içindəki inamsızlıq, milyonlarla insanın qarşısında müzakirəyə çıxarılan ailə problemləri, arvadından şübhələn ərlər, ərinin əmisi oğluna qoşulub qaçan arvadlar...

Eyni vaxtda neçə qızla yazışan oğlanlar, eyni anda əlinin altında ehtiyat variantı kimi neçə oğlan saxlayan qızlar. Günəş xanım, bəlkə bu sadaladığım şeylər sizə çox primitiv görünə bilər, bilirəm, elədi, amma primitiv olduğu qədər də ciddi və iyrəncdir.

Etiraf etməliyəm ki, özüm də bu çirkabın içində xeyli eşələnmişəm. Görünür, hamımız bu çirkabın içində təmizliyimizi itirməyə məhkumuq.

Günəş xanım, smartfonların idarə etdiyi adamların sevgi ilə əlaqəsi yoxa çıxmaqdadır. Telefonlarını gözünə təpən bu adamların sevmək arzusu, sevmək niyyəti yoxdur. Onlar sadəcə və sadəcə sevilmək istəyirlər.

Virtual dünya insanların eqosentrikliyini daha da artırır.

Günəş xanım, ən pisi isə odur ki, sevilmək istəyən bu adamların sevgi haqqında da təsəvvürləri yoxdur. Onlar daha çox layk, daha çox follov istəyirlər.

Onlar daha çox şəkil çəkdirmək və paylaşmaq istəyirlər. Getdikləri kafeləri, yedikləri yeməkləri, sevgililərini, bədənlərini, ağlına gələcək hər şeyin şəklini çəkib paylaşmaq istəyirlər. Digər insanlara onlardan daha xoşbəxt olduqlarını, onlardan daha maraqlı həyat yaşadıqlarını sübut etməyə çalışırlar.

Onlar hər anlarının şəklini çəkib “ölümsüzləşdirmək” istəyirlər, çünki bunu etməyəndə yaşamadıqlarını düşünürlər.

Sevgi haqqında çoxlu dastanlar, əfsanələr var. Məcnun Leyli üçün dəli olub çöllərə düşmüşdü, Fərhad Şirin üçün dağ dəlmişdi. Əvvəl bu əfsanələrdə, dastanlarda bəhs edilən sevgilərin heç birində təəccüblü nəsə görmürdüm. Sevən biri üçün bütün bu şeyləri etmək nə qədər imkansız, çətin ola bilərdi ki? Amma indi...

Meqabaytla bərabər bitən sevgilər dövründə sevgi haqqında deyə biləcəyim elə də çox şey olmadığından yazını yekunlaşdırsam yaxşıdır. Vaxtınızı aldığım üçün üzr istəyirəm...

# 2985 dəfə oxunub

Müəllifin son yazıları

# # #