UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısındakı ənənəvi teatrlar

UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısındakı ənənəvi teatrlar
6 sentyabr 2025
# 12:00

Kulis.az UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısında yer alan, ictimai həyata güzgü tutan, yüz illərdir davam edən ənənəvi teatrlar haqqında yazını təqdim edir.

Teatr tarixin ən qədim incəsənət sahələrindən biri kimi hər mədəniyyətdə fərqli formalarda inkişaf edib. Hər xalqın özünəməxsus ənənəvi teatrı həmin ölkənin dünyagörüşünü, həyat tərzini və estetik anlayışını əks etdirir.

O, yalnız əyləndirmir; həm də ictimai yaddaşı diri saxlayır, mədəni dəyərləri ötürür və tarixi hadisələri səhnəyə daşıyır.

Dünyanın dörd bir yanındakı mədəni elementləri qorumaq və yaşatmaq məqsədi güdən UNESCO da zəngin keçmişə malik ənənəvi səhnə sənətlərini Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etməklə onları gələcək nəsillərə ötürməyi hədəfləyir.

Bu siyahı yalnız ənənəvi incəsənət növlərini deyil, həm də adət-ənənələrin, bayramların, bilik və bacarıqların qorunmasını əhatə edir.

Məddahlıq - Türkiyə

Məddahlıq bir nəfərin müxtəlif obrazları təqlid və canlandırma yolu ilə improvizə edərək hekayə danışdığı ənənəvi sənətdir.

Dinləyicini həm əyləndirən, həm də düşündürən bu sənət forması 2008-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilib.

Məddahlar hekayələrini təqlidlər, səs dəyişiklikləri və sadə aksessuarlarla zənginləşdirirdilər.

Osmanlı dövründə xüsusilə qəhvəxanalarda böyük maraqla dinlənilən bu hekayələr əksər hallarda ictimai hadisələr, tarixi şəxsiyyətlər və yumoristik məqamlarla bağlı olurdu.

19-cu əsrə qədər geniş populyarlığını qoruyan məddahlıq müasir teatrın yayılması ilə əvvəlki təsirini azaltsa da, bu gün də ənənəvi bir şifahi ifa sənəti kimi yaşadılmaqdadır.

Noh və Kabuki - Yaponiya

Noh teatrı Yaponiyanın ən qədim ənənəvi teatr növlərindən biridir.

XIV əsrdə yaranmış bu sənət maskalar, ənənəvi kostyumlar və poetik üslubla mistik və tarixi mövzuları canlandırır.

Musiqi və rəqsin vacib rol oynadığı Noh teatrında obrazlar adətən taxta maskalarla səhnəyə çıxır, təbii olmayan varlıqları və ya qəhrəmanları təsvir edirlər.

Aktyorların hərəkətləri ağır və minimal, səhnə dekorasiyası isə sadə və simvolikdir.

Bu teatr növü günümüzdə Yaponiyada müəyyən teatr və festivallarda göstərilir.

Kabuki teatrı isə canlı və möhtəşəm səhnə performansları ilə tanınan başqa bir ənənəvi yapon teatr növüdür.

XVII əsrdə ortaya çıxmış bu sənət qabardılmış kostyumlar, qatı makiyaj və dinamik səhnə quruluşu ilə tamaşaçıları heyran edir.

Nohdan fərqli olaraq, Kabuki aktyorları maska yerinə üzlərini ağ, qırmızı və qara rənglərlə boyayırlar.

Dramatik jestlər, sürətli səhnə dəyişiklikləri və akrobatik elementlər Kabukinin əsas xüsusiyyətlərindəndir.

Başlanğıcda həm qadın, həm kişi aktyorların rol aldığı Kabuki zamanla yalnız kişi aktyorların səhnəyə çıxdığı formaya çevrilib.

2008-ci ildə UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş Kabuki, bu gün Yaponiyada ənənəvi sənət kimi qorunur.

Kathakali - Hindistan

Kathakali Hindistanın ən təsirli ənənəvi səhnə sənətlərindən biridir.

XVII əsrdə Kerala bölgəsində yaranmış bu sənət qatı üz makiyajları, möhtəşəm kostyumlar və ritmik rəqsləri ilə seçilir.

Klassik hind mifologiyasından səhnələr canlandıran Kathakali aktyorları əl hərəkətləri (mudralar), üz ifadələri və bədən dili vasitəsilə tamaşaçıya hekayələr çatdırır.

Bu performanslar adətən hind dastanları "Ramayana" və "Mahabharata"dan səhnələrdən ibarətdir.

Kathakalidə dialoq istifadə olunmur; fikir izahı tamamilə rəqs, jest və musiqi ilə aparılır. Aktyorların üzləri oynadıqları obrazlara uyğun olaraq parlaq rənglərlə boyanır: yaşıl üzlü obrazlar qəhrəmanları, qırmızı və ya qara üzlü olanlar isə mənfi personajları göstərir.

Musiqi ritmik davullar (chenda və maddalam) və vokal ifa ilə dəstəklənir. Kathakali günümüzdə Hindistanda teatr və festivallarda göstərilməyə davam edir və turistlərin böyük marağını cəlb edir.

Pekin operası - Çin

Pekin operası Çinin ən məşhur ənənəvi teatr növlərindən biridir və mahnı, rəqs, döyüş sənətləri və aktyorluğu birləşdirən çoxşaxəli bir səhnə sənətidir.

XVIII əsrdə inkişaf edən bu sənət musiqi, üz boyama və dramatik performansları bir araya gətirir.

Pekin Operası personajları dörd əsas qrupa bölünür: Şenq (kişi obrazları), Dan (qadın obrazları), Jinq (güclü və ya mənfi personajlar) və Çou (komik personajlar).

Aktyorların üzləri rollarına uyğun rənglərlə boyanır: qırmızı sədaqəti, qara dürüstlüyü, ağ isə hiyləgərlik və çoxbilmişliyi simvolizə edir.

Səhnədəki dialoqlar poetik və ritmik üslubda təqdim olunur.

Ənənəvi Çin musiqi alətləri "jinghu" (iki telli skripka) və "bianzhong" (bürünc zənglər) müşayiəti ilə ifa olunan musiqi bu sənətin ayrılmaz hissəsidir.

2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş Pekin operası indi də öz mədəni aktuallığını qoruyub saxlayır.

Uayang Kulit - İndoneziya

Uayang Kulit İndoneziyanın ənənəvi kölgə kuklası teatrıdır.

“Uayang” sözü İndoneziyada “kukla” və ya “kölgə”, “kulit” isə “dəri” deməkdir; yəni “Uayang Kulit” dəridən hazırlanmış kuklalarla oynanan kölgə teatrı deməkdir.

Usta əl işləri ilə hazırlanmış bu kuklalar pərdə önündə işıq mənbəyinə qarşı tutulur və kölgələri izləyicilərə əks olunur.

Hekayələr adətən mifoloji personajlara, eləcə də "Ramayana", "Mahabharata" kimi qədim dastanlara əsaslanır.

Bu ənənəvi sənət "gamelan" adlanan İndoneziya orkestrinin ritmik musiqisi ilə təqdim olunur.

Tamaşanı idarə edən şəxsə "dalang" deyilir. Dalang yalnız kuklaları hərəkət etdirmir, həm də hekayəni danışır və hər xarakteri fərqli səslə canlandırır.

İzah musiqi və dialoqlar vasitəsilə izləyiciyə çatdırılır.

2008-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilən Uayang Kulit bu gün də yaşadılır və müxtəlif mədəni tədbirlərdə nümayiş olunur.

# 563 dəfə oxunub

Oxşar xəbərlər

Kuklaçılar festivala  gedir

Kuklaçılar festivala gedir

16:26 4 sentyabr 2025
Gənc Tamaşaçılar Teatrında  yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi

Gənc Tamaşaçılar Teatrında yeni mövsümünün başlanması münasibətilə görüş keçirildi

11:00 3 sentyabr 2025
Kventin Tarantinodan ilk teatr tamaşası

Kventin Tarantinodan ilk teatr tamaşası

10:30 21 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

10:30 4 avqust 2025
“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

18:37 14 iyul 2025
Aydın Talıbzadə:  "O, sovet hökumətinin köləsidir..."

Aydın Talıbzadə: "O, sovet hökumətinin köləsidir..."

09:00 8 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər