Koroğlu, Əyyub Quliyev və atalar - Nadir Yalçın yazır

Koroğlu, Əyyub Quliyev və atalar - Nadir Yalçın yazır
1 oktyabr 2026
# 10:00

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Koroğlu atasının gözlərinin çıxarılma xəbərini qəzəb dolu məyusluqla qarşılayır, duruşunu itirmir, ədalətsizliklə mübarizə əzmi qətiləşir. Atının oğurlanma xəbərini eşidəndə isə qəddi əyilir, dizini yerə atır.

Dahi Üzeyir bəyin eyniadlı operasını izlədikcə yanımda oturan yoldaş bu nüansa diqqət kəsilir və təəccüblə mənə baxır. Verəcəyi sualı hiss edib onu qabaqlayıram:

– Atı övlad kimi sevəndə atadan da irəli olur. Qıratın Koroğluya elədiyi yaxşılığı heç atası ona etməyib.
Bunları deyəndə illər əvvəl səhhətində problem yaranan və yalnız at saxlamaqla sağalan bir dostumu xatırlayıram. Həm də o yadıma gəlir ki, həmin dostum atasının vida mərasimində başsağlığına gələnlərə atı barədə həvəslə danışırdı.


"Koroğlu" uvertürası taledir. Üzeyir bəyin, mənim, sənin yox, bu obaların, ellərin, torpaqların taleyidir. Taleyin səs, notlar formasında təcəssümü, yeri gələndə, himndən, şüardan, marşdan – bütün bəstələrdən önə çıxır.

Əgər dünyadakı bütün müharibələr musiqi ilə olsaydı, Üzeyir bəyin uvertürasına heç bir ölkə, ordu qalib gələ bilməzdi.
Azərbaycan üçün çalışıb-vuruşanlar da həmin uvertüranın balalarıdır.

Belə xəlqi bir dastanın motivini akademik, dünyasəviyyəli bir janra – Qərbdə təmərküzləşən opera sənətinə uyğunlaşdırmaq Koroğlu olmaq qədər, 7777 dəliyə başçılıq etmək qədər çətindir.

Bu yaxınlarda 50 illik yubileyini qeyd edəcək bənzərsiz səs sahibi, Koroğlunun öhdəsindən ləyaqətlə gələn Xalq artisti Samir Cəfərovu, ilk dəfə Nigar rolunu canlandıran Fatimə Cəfərzadəni və eynilə Həsən xana ilk dəfə nəfəs verən Taleh Yahyayevi həmin gün səhnədə görmək, eşitmək bəs eləmirdi. Həmin 3 saatlıq performansı ürəkdən hiss etmək lazım idi.

“Koroğlu”ya baxandan sonra düşünürəm: Tanrı öz ecazından Azərbaycana ən çox səs əta edib.


***


Bu dəfə “Koroğlu” XVIII Üzeyir Hacıbəyli Festivalı çərçivəsində nümayiş edilir. Təşkilatçılar – Mədəniyyət Nazirliyinin əməkdaşları qonaqları qarşılayır. Müxtəlif təbəqədən tanıdığımız simaları görürük, çoxdan görmədiyimiz dostlarla salamlaşıb hal-əhval tuturuq. Yanımdakı yoldaş da neçə gündür konsertə hazırlaşır. Amma ikimiz də son vaxtlar fikirliyik, qayğılar, həyat... Ta ki Əməkdar artist, dirijor Əyyub Quliyev Heydər Əliyev Sarayının orkestr çuxuruna qədəm qoyana qədər... O öz sehrli çubuğunu havaya qaldırıb uvertüra ilə bu möhtəşəm operaya start verəndə bütün fikirlər, qayğılar yoxa çıxır.

O, çubuğu ilə yox, bütün varlığı ilə orkestri idarə edir. Bəzən Koroğlu şahə qalxan atını ram etdiyi kimi, bəzən isə qəzəbdən hayqırdığı kimi Əyyub Quliyev də major və minor notlar arasında, təlatümlü və həzin templərlə öz “ordusunu” idarə edir. Bəzən insan səslənən əsərlə bərabər onun vəziyyəti ilə bağlı həyəcanlanır. Fikirləşirsən, görəsən, bu gərgin idarəetmə onun səhhətinə necə təsir edir?



Dirijorlar qara rəngdə frak, smokin geyinirlər. Əyyub Quliyev də ənənəvi libasındadır. Zənnimcə, indi onun əynindəki bu rəng digər konsertlərdəki kimi protokol qaydasından daha çox hüznü təmsil edir. Atası – Xalq artisti Ramiz Quliyevin vəfatını 11-ci ayıdır. Və səhnə də onun qalxıb-enən əllərini gördükcə illər əvvəl atası ilə birgə tarda ifa etdikləri “Çahargah” rapsodiyasının videolenti gözümün önünə gəlir.

Əyyub Quliyev uşaq olanda atasının yanında tarı necə şövqlə ifa edirsə, orkestri də öz çubuğu ilə həmin həvəslə idarə edir.

Fəqət indi yanında atası yoxdur və o, yenə də səhnədə məğrurdur, öz şöhrətinə şöhrət qatmaqla yanaşı, atasının sənətkar adını da uca tutur.

Elə Koroğlu da atası, onun adı üçün mübarizəyə başlamışdı...

# 1427 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər