“Yaşasın Azərbaycan” deyib özünü asan qəhrəman – Müstəqillik günü xatirələri

“Yaşasın Azərbaycan” deyib özünü asan qəhrəman – Müstəqillik günü xatirələri
18 oktyabr 2016
# 13:34

Bu gün müstəqilliyimizdən 25 il keçir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Bəs yazarlar həmin günü necə xatırlayır? Kulis.Az yazarların cavablarını təqdim edir.

Sabir Rüstəmxanlı

Müstəqillik aktının hazırlanması bizim təklifimizdi, amma birbaşa bizim adımızla bağlı olmasını da istəmirdilər: buna görə də bu tarixi vəzifəni zahirən bitərəf olan, əslində isə bizə daha yaxın olan, işin gedişində daim bizimlə məsləhətləşən tarixçilərə tapşırmışdılar və bu tarixi sənədi Ali Sovetin yığıncağında professor Hacıbaba Əzimov təqdim elədi. Bu, 1991-ci ilin oktyabr ayının 18-i idi. Həmin ilin yazında SSRİ-nin tərkibində qalmaqdan başqa yolumuzun olmadığına bizə inandırmaq üçün dəridən-qabıqdan çıxan “balaca padşahlar” cəmi bir neçə ayın içində dəyişilmişdilər; daha doğrusu başqa yolun qalmadığını duymuşdular; yeni havanı hiss eləmişdilər; yeni şərtlərə uymaqdan başqa çarələri qalmadığını etiraf etmək məcburiyyətindəydilər.

Bütün ciddi-cəhdlərinə baxmayaraq SSRİ-nin dağılması, olayların bizim qabaqcadan dediyimiz şəkildə gəlişməsi, zamanın onları oynatması və gülünc vəziyyətdə qoyması, "bəlkə də qaytardılar" ümidinin mənasızlığı çoxlarını həm psixoloji, həm də əqidə cəhətdən sındırırdı. Öncə lağ hədəfi olan "bəylər" getdikcə sükançıya çevrilirdilər və üzdə bizi tənqid edənlərin bir qismi arxaya düşən kimi, "ə qardaş, elə mən də sizdənəm də, nə olsun indi vəzifəyə boğaz olmuşuq" – deyirdilər və belələrinə "bəy" deyə müraciət edəndə mükafat alıbmış kimi qanadlanırdılar.

Amma köhnə quruluş elə belə, səssiz-səmirsiz, öz məğlubiyyəti ilə razılaşaraq getmirdi; yetmiş ilə qurduğunu uçurub gedirdi; kənd təsərrüfatlarını və sənayeni viran günə qoyub çəkilirdilər; müharibə və yenidənqurma bəhanə olmuşdu; əl yetən hər şeyi pula çevirib gözləyirdilər: müdhiş bir talançılıq ölkədə daşı-daş üstə qoymurdu... Qaçqınlıq, Qarabağda gedən faciəli olaylar, aclıq, səfalət, hər şeyin dağılması, iş yerlerinin əldən çıxması... faciə içində olan millətin bircə təsəllisi vardı... Müstəqillik! Ac qalaq, uduzaq, təki Moskvadan qopaq! Sanki müstəqillik sehrli bir maqnit kimi bütün bu dağılanları çəkib yenidən yerinə qoyacaqdı. İllər uzunu apardığımız işin, təbliğatın, müstəqillik arzularının nəticəsi beləydi... Xalq ikiyüz ilin şərəfsizliyindən qurtarmaq istəyirdi, sonra nə olacaq-olacaq!

Moskva da bunu görürdü və Bakıda müstəqilliyə doğru atılan hər addım ermənilərin daha artıq silahlaşdırılması və Azərbaycanın üstünə daha bərk qışqırdılması və cummasıyla müşayiət edilirdi.

Beləliklə, 1991-ci il 18 oktyabr günü... Milli Məclisi mühasirəyə almış cəbhəçilərin bir hissəsi parlamentin iclas salonuna buraxılıb. Arxada sədd çəkib dayanıblar.

Müstəqillik aktı oxunur! Bu tarixi sənədin hər maddəsi bu salonda zamanın hökmü kimi səslənirdi. Yadıma 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1946-cı ildə Təbrizdə Cənubi Azərbaycanın Demokratik Cümhuriyyətinin elan olunması düşürdü... İndi bilirdim ki, ordaki milliyətçilər nələr keçiriblər; elə beləcə oturduğun yerdə, sevincdən ürəyin partlaya bilər. Amma olmaz! Bu bütün ömrümüz boyu gözlədiyimiz bir gündür! İdeallarımızın, arzularımızınm günüdür! Neçə illik zəhmətimizin, əzablarımızın, tökülən qanlarımızın bəhrəsi və nəticəsidir. Süstləşmək, sentimentallığa qapılmaq olmaz! Şükür sənə, İlahi! Bu günü yaşamağı bizə qismət elədin. Bu günə bizi yetişdirdin, bu hadisələri biz idarə etdik, bu sənədi biz hazırladıq və biz qəbul edirik!

Rüstəm Behrudi

Bugünkü gün kimi yadımdadı həmən gün. İki adamı xatırlayıb hönkür-hönkür ağlamışdım. O adamlardan biri bütün həyatını bu yolda fəda eləmiş, Arazda rus əsgərləri tərəfindən güllələnmiş dostum Tağı müəllim, ikincisi də Şüvəlanda həbsxanada qonşu kamerada bütün gecəni “Yaşasın Azərbaycan" deyən, sonradan rus əsgərlərinin verdiyi əzablara dözməyərək özünü asan adsız bir qəhrəmandır. Mən bu günü həmişə belə xatırlayıram.

Səfər Alışarlı

Həmin günü biz səhərdən-axşamadək Ali Sovetin binası qarşısında mitinqdə keçirdik. İçəridə gərgin mübarizə gedirdi. İlkin təəssürat kimi dövlət müstəqilliyinə müqavimət göstərənlərin dirənişini elə-belə olmadığını fikirləşmək mümkündür: onların həm məlum idarədən qorxduqları, həm də öz şəxsi imtiyazlarını itirmək istəmədikləri işin görünən tərəfi idi. Doğrusu, mən Konstitusiya Aktının həmin gün qəbul ediləcəyinə inanmırdım. Amma indi görürəm ki, iclasda güclü artistlik elementləri də varmış.

Mənim üçün maraqlı məqamlardan biri də o oldu ki, həmin gün 20 il görmədiyim bir müəllimimlə rastlaşdım. Onun Qaz-24 maşını mitinqçilərin arasında durmuşdu, içindəki televizorda Ali Sovetin sessiyası birbaşa translyasiya ilə verilirdi. Bu görüş tam başqa bir səbəbə görə də mənim üçün sürpriz idi. Sonralar mən o haqda romanımda da yazdım.

# 1040 dəfə oxunub

Oxşar xəbərlər

"Bağırov mənə dedi ki..." - Məmməd Rahim Səməd Vurğungili necə satmışdı?

"Bağırov mənə dedi ki..." - Məmməd Rahim Səməd Vurğungili necə satmışdı?

15:00 17 may 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən məşhur yazıçı - Onun başını niyə üzdülər?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən məşhur yazıçı - Onun başını niyə üzdülər?

09:00 17 may 2024
Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb

Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb

10:04 16 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

09:00 15 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

15:00 10 may 2024
"Atam Bülbülə qulaq asa-asa dedi..." - Elçin Şuşadan yazır

"Atam Bülbülə qulaq asa-asa dedi..." - Elçin Şuşadan yazır

15:00 8 may 2024
#
#
# # #