Müşfiqin güllələnməsinin əsl səbəbi nə idi?

Mikayıl Müşfiq, şair

Mikayıl Müşfiq, şair

1 fevral 2022
# 15:01

Kulis.az Azər Turanın “Müşfiq - Azərbaycan ədəbiyyatının cavabsız sualı” yazısını təqdim edir.

Müşfiqin anım günü ərəfəsində yazı gözləyirdim. Anım günü keçdi, yazı gəlmədi. Dünən isə poçtuma Türkiyənin Kayseri şəhərindən Ərciyəs Universitetinin II kurs tələbəsi İlhami Koçun Müşfiqlə bağlı yazdığı məqalə daxil oldu. Müşfiq barədə Türkiyədə və Türkiyə türkcəsində qələmə alınmış bu yazı "Ədəbiyyat qəzeti"nin diqqətindən kənarda qala bilməzdi.

İlhami Koç Mikayıl Müşfiq və "Yedi Meşale" şairlərindən Ziya Osman Sabanın yaradıcılığını qarşılaşdırmalı ədəbiyyatşünaslığın predmetinə çevirib. Bu şairlər üslub, poetika baxımından çox fərqli olsalar da, eyni estetik materiyanı bölüşürdülər...

"Şiirin gölgəsində: Pençe ve Kanat" məqaləsi Türkiyədə Mikayıl Müşfiq irsini tədqiq edəcək yeni nəslin meydana gəlməsinin xoş bir sorağıdır. Bu məqaləni çap etməklə ona da inanıram ki, Müşfiqi tamam yeni rakursdan dəyərləndirməyə çalışan İlhami Koç nə vaxtsa Türkiyədə Mikayıl Müşfiqlə bağlı yazılmış kitaba da imza atacaq.

20 yaşlı tələbə Müşfiqlə Ziya Osmanın şeirləri arasında müqayisəli təhlillər aparır, diqqəti, əsasən, hər iki şairin ruh doğmalığına çəkir...

Müşfiq dövrünün bütün böyük Azərbaycan şairləri kimi, Tevfiq Fikrətin heyranı olub. Hətta o dövrdə çox gənc olan Nəcib Fazil Kısakürəklə bağlı Azərbaycanda ilk fikrin müəllifi də odur. Amma Türk poeziyasında Müşfiqlə qarşılaşdırmalı ədəbiyyatın mövzusu ola biləcək şairləri düşünəndə ilk xatırladığım Yahya Kamal və Əhməd Haşimdir... Biri poetik ritminə, digəri rəng qammasına görə. İlhami bəy isə Müşfiq poeziyası ilə müqayisəli təhlil üçün Ziya Osman Sabanın şeirlərini seçib. Məncə, haqlıdır. Ən azı ona görə ki, Ziya Osmanı lirizminə görə Mallarme ilə qiyaslandıran Vasfi Mahir Kocatürkün dediyi kimi, bu şeirlər şairin "ruhunda duyduğu səslərin yankıları və gördüyü rənglərin yansımalarıdır". Bunu Müşfiqə də aid etmək olar.

***

Mikayıl Müşfiq Azərbaycanda Türkiyə türk ədəbiyyatının, az qala, mənəvi elçisi kimi tanınırdı. Stalin repressiyasının qurbanına çevrilməsinin, güllələnməsinin də əsas səbəbi onun Türkiyə amilinə münasibətilə bağlıydı. Məhz bu səbəbə görə adını pantürkist qoyub qətlə yetirmişdilər.

Müşfiq Azərbaycan tarixinin bəlkə də ən böyük cavabsız sualıdır. İlk baxışda belə görünür ki, nə üçün repressiya olunduğunu heç özü də, onu həbs edənlər də bilməyib. Müsavatçı ola bilməzdi, Aşninin yazdığı kimi, çünki yaşı buna imkan vermirdi. 1918-ci ildə 10 yaşı vardı... Pantürkist ola bilməzdi, çünki Leninə şeir həsr edirdi... Amma... görkəmli alim Səfurə Quliyeva müşfiqşünaslıqda yeni bir mərhələ yaratmaqla tarixin açıq qalmış suallarını cavablandırdı. Necə? Tutaq ki, "Mikayıl Müşfiqin tarixə mesajları" adlı yazısında ("Ədəbiyyat qəzeti", 6 oktyabr 2018) Müşfiqin "Lenin" şeirinin ilk variantını təqdim etməklə:

O kişi duymadı insaf, mərhəmət,

Haydı, dik başları, haydı, vur - dedi.

Qardaşı qardaşa eylədi düşmən,

İşçini işçiyə eylədi qardaş,

Kilidlənib köhnə ağızlar həmən,

İnsanlıq başına yağdırıldı daş,

Əsrin kürsüsünə çıxanda Lenin.

Yaxud 1920-ci illərin sonunda böyük vüsət almış "mədəni inqilab" hərəkatını vəsf edən Müşfiqin "Mədəni hücum" şeirinin fonundakı təbiətə və şairin kinayəsinə diqqəti cəlb etməklə:

Xəzandır, xəzandır...

Təbiət kişnəyir yüyənsiz at kibi.

Təbiət varlığı əlində oynadır,

Ruzigarlar qudurmuş, səmalar əsəbi.

Qanadı olanlar köksünü gərəcək,

Aləmi titrədən bu fəslin zülmünə.

Odur, bax, zavallı bir yarpaq

Sürünür torpaqda ölərək, kimə nə?!.

Geyimlər dəyişdi, sevəlim bu yolu

Hökumət, əmr eylə, ürəklər dəyişsin...

Belə. Bu şeirlərin timsalında “1937-ci ildə Müşfiq nə üçün repressiya edildi?” sualının cavabı aydın olmurmu?

1937-ci il oktyabrın 31-də Sumbatovun imzaladığı iddianamə Müşfiqin üzünə ölüm yollarını açdı. Sumbatovun iddianaməsindən iki gün sonra həyat yoldaşı Dilbəri də həbs etdilər. Dilbəri ilk istintaqda Avanesyan dindirdi... 2 aydan sonra Moskvadan Nikitçenko gəldi, şairi mühakimə etdi və yanvarın 5-də 20 dəqiqə davam edən məhkəmənin hökmü ilə Müşfiq güllələndi...

Evlənəndə Müşfiqin 25, Dilbərin 18 yaşı vardı. 29 yaşlı yaraşıqlı əri güllələnəndən sonra 23 yaşlı gözəl Dilbər dəli oldu... Sonra ruhi problemlərinə görə onu azad edib psixiatriya xəstəxanasına yerləşdirdilər...

Mikayıl Müşfiqin günahlarından biri də təbii ki, Hüseyn Cavidlə dostluq etməsiydi. Aralarında 26 il yaş fərqi olsa da, dost idilər... Turan Cavid mənə demişdi ki, "Müşfiq Cavidi hədsiz istəyirdi. Müşfiq üçün göydə Allah, yerdə Cavid vardı. Evimizə də ən çox Müşfiq gəlib-gedərdi. Cavidin olduğu məclislərdə onun şeirlərini yalnız Müşfiq oxuyardı...".

Dünyada Cavidlə Müşfiqin dostluqları, o dostluqların maraqlı xatirələri qaldı... Məsələn, Mişkinaz Cavidin yazdığı kimi: “Bir dəfə pinəçidə ayaqqabısını yamatdıran Müşfiq Cavidgilə gəlir. Sevinirmiş. "Bax, Cavid əfəndi, ayaqqabımı yamatmışam". Cavid isə qısa cavab verir: "Adın yamaqlı olmasın...".

20 yaşlarında yamaqlı ayaqqabı geyən gənc şairin adı ədəbiyyat tariximizdə "Küləklər", "Həyat sevgisi", "Oxu tar", "Yaşa, könül", "Necə əl çəkim", "Sevgilər", "Yenə o bağ olaydı" şeirləri ilə qaldı.

Zaman keçdikcə Müşfiqin şeirləri Azərbaycanın mənəvi relikviyasına çevrildi...

Yenə də "Şiirin gölgəsində: Pençe ve Kanat" məqaləsinə qayıdıram. Məqalənin müəllifi Türkiyəli gənc tədqiqatçı İlhami Koç həm də şeirlər yazır. Şeirlərində ayrılıq, həsrət ruzigarları əsir...

Hiss olunur ki, Müşfiqin təsiri altındadır...

Bu təsirdən heç ayrılmasın...

“Ədəbiyyat qəzeti”

# 7539 dəfə oxunub

Oxşar xəbərlər

# # #