Gələcək imamı Kərbəlada niyə öldürmədilər? – Tənha Səccadın çiynindəki yaralar...

Gələcək imamı Kərbəlada niyə öldürmədilər? – Tənha Səccadın çiynindəki yaralar...
19 avqust 2021
# 15:22

Kulis.az Pərviz Seyidlinin "Səccad kinodramaturgiya müstəvisində" yazısını təqdim edir.

Həyat-ən güclü mətn

Bu yazını keçən ildən içimdə gəzdirirəm. Kinolar, seriallar və digər işlər heç cür imkan vermir ki, vaxt edib özümlə hər yerə apardığım fikirləri Word-ə köçürüm.

Düzdür, burada bir az məsuliyyətdən yaranan bəhanələr də var, çünki haqqında söz açacağım şəxsiyyət barədə yazmaq gecə vaxtı əlində şam işığıyla qaranlıq meşəyə girməkdən daha müşkül məsələdir.

Kino, serial məsələsini elə-belə demədim. İllərdir hekayələr danışıram, yəni işim budur. Bu hekayələrin də öz dinləyicisi, öz müştərisi olur. Yəni, serialın öz oxucusu, romanın, hekayənin öz oxucusu, pyesin, filmin, reklamın öz oxucusu var. Sual yaranar ki, niyə oxucu deyirsən hər birinə? Axı seriala, filmə, reklama baxırlar, oxumurlar. Bütün bunları yazan adam üçün onlar potensial oxucudurlar. Hekayələr danışan biri üçün hər kəs oxucudur, sadəcə, hekayələrin dərinliyi, mövzusu fərqlidir. Məsəlçün romanda danışdığım hekayəni serialda danışmıram, serialda nəql olunan hekayələri pyesdə danışmıram. Ancaq bu hekayələrdə dəyişməyən bəzi qaydalar var, elə bir qaydalar ki, əgər onlar olmasa, mətniniz yarımçıq, natamam qalar, ümumiyyətlə, hekayəni danışmağın bir mənası olmaz, çünki ortalıqda bir hekayə də olmaz.

Bir neçə qayda var: Mövzu, sujet, ideya, qəhrəman və düşmən. Digər qaydalar haqqında danışmağa o qədər ehtiyac yoxdur, çünki təməl qaydalar yazının davamı üçün kifayət edir.

Məsəlçün:

Bir bədii əsərdə məlum oldu ki, hekayənin mövcudluğu üçün qəhrəmanın olması mütləqdir. Bəs qəhrəman necə olmalıdır? Qəhrəmanı qəhrəman edən keyfiyyətlər hansılardı?
Bu xüsusda bir xeyli nəzəriyyə kitabları var...

Cozef Kempbelin “Min sifətli qəhrəman”, Robert Makkinin “Hekayə”, Sid Fildin “ssenari yazmağın təməlləri”, Linda Seqerin, Con Trabinin və digərlərinin kitablarında qəhrəman yaratmaq haqqında bir xeyli maraqlı fikirlər var. Hamısının əsas ortaq fikirlərindən biri budur ki, qəhrəmanın həyatında elə bir hadisə olmalıdır, o hərəkətə keçsin, hədəflərinə çatmaq uğrunda mübarizə aparsın, çətinliklərə düşsün, hətta məqsədli şəkildə bir neçə yerdən çıxılmaz situasiyalara düşüb oradan qurtulmağa çalışsın.

Doğrudan da, uğur qazanan bütün filmlərin, romanların, pyeslərin qəhrəmanlarını birləşdirən əsas cəhət onların hər tərəfdən yollarının kəsilməsi və hədəfə çatması üçün sona qədər apardığı mübarizədir. Henri Millerin təbirincə desək, qəhrəman=konflikt.

Qəhrəmanla konflikti bir qəpiyin iki üzü kimidir. Qəhrəmanın hərəkətə keçməsi üçün konfliktin olması vacibdir. Məhz bu halda mübarizə başlayır.

Sənət həyatın təqlidi və yaxud daha səliqəli, daha estetik forması olduğu üçün, əslində oxucular da, tamaşaçılar da həyatda görmək istədikləri qəhrəmanları əsərlərdə oxuyanda özlərini xoşbəxt hiss edirlər. Böyük Oskar Uayldın dediyi kimi: “bəzən həyat sənəti təqlid edir”.

Doğrudan da elə həyatlar var ki, araşdırdıqca görürsən, bütün dramaturji aktlara uyğun gəlir. Bir ssenarist öz qəhrəmanını maneələrlə dairəyə almaq istəsə o qədər yaxşısını edə bilməz, yaratdığı personajı üçün çətin və şərəfli hədəflər müəyyən etsə, o qədər möhtəşəmini bacarmaz. Bu həyatları elə bil ki, ali qüvvə özü seçib... həqiqətən də onlar seçilmişlərdir. İndi onlardan biri haqqında danışacağam. İmam Səccad, imam Zeynal Abidin ləqəbləriylə məşhur olan Əli ibn Hüseyn haqqında. İslam ümmətinin Peyğəmbəri Məhəmməd Peyğəmbərin nəticəsi İmam Səccad haqqında.

Elmül-yəqin

İndi bir adam təsəvvür edin ki, müsəlman Şərqinin ən mühüm hadisələrinin birində-Kərbəla müsibətində iştirak edib. Atası Allahın varlığına dəlil adlandırılan Həzrət Hüseyn öz əhli-əyalı və yaxınları ilə Kərbəla çölündə Yezidə qarşı döyüşür. İmam Hüseyn özü və yetmiş iki döyüşçüsü Kərbəla çölündə qəhrəmancasına şəhid olur. Gənc Əli isə döyüşə qatıla bilmir. Həmin vaxt xeymələrin birində xəstə halda yatır. Demək olar ki, onun gözləri qarşısında bütün yaxınları-atası, əmisi,
qardaşı şəhid edilir, xeymələr yandırılır, sağ qalan ailəsini əsir götürüb Şama aparırlar. Gələcəyin imamını isə öldürmürlər ki, onsuz da xəstədir, bunu öldürməyə dəyməz, gec-tez özü öləcək! Bu cümləni bir də yazıram, çünki lazım olacaq. Gələcəyin imamını isə öldürmürlər ki, onsuz da xəstədir, bunu öldürməyə dəyməz, gec-tez özü öləcək!

Hadisəni dramturji müstəviyə gətirsək bir qəhrəmanın yaranmasının mistik əsası qoyulur. Xəstə olduğu üçün öləcəyi güman edilən, öldürülməyən gənc oğlan sonra ümmətin imamı olur. Əgər onu da öldürsəydilər, imamət xətti yarımçıq qalardı. Yuxarıda qeyd etdiyimiz kimi oxucuların qəhrəmanı daha dərindən sevməsi üçün qəhrəman daha da böyük çətinliklərə düşməlidir. İmam Səccadın da müsibətləri qarşıdadır.
Onu sağ qalan ailəsiylə birgə Şam şəhərinə aparırlar. Bibisi Zeynəblə birlikdə yolboyu Kərbəlada olan müsibəti insanlara çatdırmağa çalışan qəhrəman, həm də, öz daxili dünyasına, içinə səyhayət edir. Qafilənin (karvan) getdiyi yol, həm də, gənc Əlinin içindən keçir. O, qarşıda onu nələrin gözləyəcəyini ağılla dərk edir, fəhm yoluyla əxz edir. O bu yolda haqqı bəyan edə-edə haqqın içində əriyir, həqqül-yəqinə qovuşur. Bu yol qəhrəmanı qarşıdakı müsibətlərə tab gətirmək üçün immunitet rolunu oynayır.

Deməli, bura qədər nə aydın oldu?! Qəhrəmanın təsadüf nəticəsində sağ qalması – bir qəhrəmanın doğuluşu. Qəhrəmanın travması - ailəsinin şəhid edilməsi, qalanlarının, özü ilə birgə əsir aparılması. Yol – qəhrəmanın özü ilə, ağrıları ilə üzləşməsi və baş verənləri insanlara çatdırması.

Dramaturji baxımdan daxili konflikti, travması olan, zahiri düşmənləri olan, ilkin məqsədləri olan əsaslı bir qəhrəman var qarşımızda. Ancaq ali ədalət tərəfindən yazılmış qüsursuz personaj həyatı davam edir. İkinci dramaturji akt başlayır.

Eynül-yəqin

Qəhrəmanın bu çıxılmaz vəziyyətində üzərinə böyük məsuliyyət düşür. Ona imamət verilir. Ancaq o qanlı Kərbəla müsibətindən sonra gənc imam tək qalır. Onsuz da həyatın ona vurduğu ən ağır zərbə Kərbəlada doğmalarını itirməyi idi. Hə, o imam idi, ancaq tənha imam, meydanda tək qalan imam...

Qəhrəmanın missiyyası var. O, artıq ümmətin rəhbəri, imamıdır. Ancaq kimə rəhbərlik etsin, kimə imamlıq etsin? Bir neçə insandan başqa heç kim ona yaxın gəlmir. Qəhrəman isə öz missiyasını yerinə yetirməlidir, bunun üçün mübarizə aparmalıdır.
Amma necə? Hansı yolla?
Axı təksən, ordun yox, gücün yox... bu da azmış kimi məscidlərdə sənin babana lənətlər oxunur. O babana ki, ədalət nümunəsi, eşq ümmanı olub. Bu sətirləri yaza-yaza yenə onun məzlumiyyətini, çətinliyini hiss edirəm, içim göynəyir. Çıxış yolu yoxdur...

Bir cəmiyyətdə ki İmam Əliyə məscid minarələrindən lənətlər oxunur, o yerdə imam olmaqdan çətin nə ola bilər?!

Ancaq missiyan bəllidir!

Sən İmamsan!

Sən seçilmişsən!

Bu yol səninlə davam etməlidir! Elə də oldu...

Qəhrəman hərəkətə keçir. Axı ən uğurlu ssenarilərdə mütləq hərəkət olmalıdır. Sükunət personajı çürüdür. Bunu İmam bizdən yaxşı bilir və öz mübarizə metodunu yaradır. Səhifəyi-Səccadiyəni!

Həqqül – yəqin

Çarəsiz qalan qəhrəman və düşmənlərlə dolur şəhər. Qəhrəman dayana bilməz hərəkət etməlidir. O da döyüşməyə başladı amma silahla yox, orduyla yox – Dua ilə.

Qəribə səslənir hə? Dua ilə mübarizə? Belə də olur...

İmam Səccadın mübarizə üsulu dua idi. Başqa yolu qalmayan, əli hər yerdən üzülən imam öz missiyyasını bu cür aparırdı. İslam aləmində “Səhifeyi-səccadiyə” adıyla məhşur olan dualar toplusu İmam Səccada aiddir. Dualar insana Allaha yaxınlaşmaq, Allahdan nəsə istəmək, mərhəmət diləmək üçün ən uğurlu yollardan biridir. “Səhifeyi-Səccadiyə”də də dualar bu kontekstdədir, sadəcə həmin duaları oxuyanda başa düşürsən ki, bunlar elə-belə dualar deyil, bu, bir mübarizədir. İmamın islamı yaşatmaq mübarizəsi. Qəhrəmanın hədəfinə çatmaq üçün apardığı mübarizə.

İslam alimi Əli Şəriəti “Dua” kitabında yazır ki, uzun illər “Səhifeyi-Səccadiyə”ni araşdırdım. Ərəb dilində olan bu duaların daxili bölgüləri, xüsusi bəlağəti, oxunuş tərzindəki ritmi məni heyrətə gətirdi. Bu dualar çarəsiz qalmış imamın mübarizəsiydi. Bu duaların vasitəsilə insanlarda Allah eşqini, haqqı-nahaqdan ayıra bilməyi, haqq yolunu tutub getməyi izah edir imam. Elə buna görə də həmin məşhur dualar bu günkü günümüzə qədər gəlib çatıb. İnsanlar bu dualar vasitəsilə Allahın qırılmaz ipindən daha möhkəm yapışıblar. Qəhrəman bu mübarizəylə öz həyat ssenarisinin ideyasını, mesajını da ötürmüş olur. İstənilən şəraitdə mübarizə aparmaq olar, əgər bunu doğrudan da istəyirsənsə...

Fənafillah

Qəhrəman öz mübarizə üsulunu tapır, sona qədər mübarizəsini aparır, sonda düşmələri tərəfindən şəhid edilir. İslamda şəhadət məğlubiyyət deyil, missiyadır, ali mükafatdır. Bu kontekstdən yanaşanda gözümüzün önündə ideal qəhrəman obrazı canlanır.

İmamın ləqəblərindən biri Səccad, biri Zeynül Abidindir. Səccad ləqəbi ona günün çox hissəsini səcdədə olduğu üçün verilir. Zeynül Abidin sözünün mənası isə abidlərin zinəti deməkdir.

İmam şəhid olandan sonra çiynində, kürəyində zolaq salmış yaralar var idi. Nə idi bu yaralar? O şəhid olandan hər gecə kasıb-füqəranın qapılarına yardımlar qoyulmadı, çünki həmin adam imam Zeynalabidin idi. Hər gecə ona gələn zəkatları çiynində daşıyıb gizlincə kasıb qapılarına qoyub səssizcə uzaqlaşırmış. İmam dünyasını dəyişəndən sonra həmin adamın o olduğunu bilmişdilər. Bu da qəhrəmanın tamaşaçıları özünə bağlayan, onların içində qəhrəmana eşq yaradan başqa bir məziyyəti.

Əgər yaxşı bir insan haqqında ssenari yazsaz, bundan gözəl final tapmaqda çətinlik çəkərsiniz. Əslində, bu yazını bir az da genişləndirmək, ssenari nəzəriyyələriylə paralellər apararaq daha ətraflı yazmaq olardı. Sadəcə, ssenaridə bir şeyi görüntüylə verə bilirsənsə, əlavə sözə ehtiyac olmur. İmam Səccadın həyatını gözünüzün önündə canlandırsaq, ideal qəhrəman görəcəksiz. Deməli, əlavə sözə ehtiyac yoxdur.

# 3907 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #