Mürgü döyür röyasında məni Təbriz - Güneydən şeirlər

 Vida Heşməti

 Vida Heşməti

21 noyabr 2022
# 17:00

Kulis.az “Sözün güneyi” layihəsində Vida Heşmətinin şeirlərini təqdim edir.

Vida Heşməti 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağını büruzə vermiş, Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsində oxumuşdur. Onun “Ağ qanadlı kəpənək”“Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabların rəsmlərini şairənin bacısı Lida Heşməti çəkmişdir.

Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

Sülh

Keşkə səsini dağlara,
Nəfəsini bağlara
Gözəlliyini göy qurşağına paylaşaydım.
İsti əllərini sevgililərin ilk görüşünə
Ürəyini
Oğlu savaşda yubanmış ananın
Sap-sarı astanasına.
Maviliyini dənizlərə qoşaydım
Səni dalğalarla bağlaşaydım.
Ahaaaaay
Mahnılarımın Sarı gəlini
Buludlardan uzaldaydın yağış əlini.
Ulduzlardan göz vuraydın,
Gülümsəyən heykəlini
Calanaydın qaraqançıl kürəmizin
Qsır dodaqlarına.
Səs-səsə verib oxuyaydıq
Ozaylar uzunu.
Saçın ucun hörməzlər
Gülü qönçə dərməzlər…

Tanrı boyalı saçlarım

Saçlarım...
Doğu yellərin qançıllığı
Buludların manifesti
Batı qızlarının yağış lirikası
Gözüyaşlıdı tellərim.
Saçlarımda yellər ulayır kəndımi
Və hörükləyir çaylaqları
Su tökür qadınlar əlimə.
Bu mənəm “Vida”
Bu mənəm...
Bu mənəm türkün şeir qızı!
Saçlarım...
Günəş kölgəli saçlarım.

Mürgü döyür
Röyasında məni Təbriz
İndi şənbədi birçəklərim
Və bir sərçə yuva qurur
Mənim
Tanrı boyalı saçlarımda...

Qadın

Dünyanın yaraşığı qadındırsa
Hələ qadınların yaraşığı deyil dünya!
Mikrofonların əngində
Saqqız olub qadın.
Sekolaritəsinə
İpəkdən don geydirsələr də,
Demokrasiyasına bal qatsalar,
Göbək ciyəsi
Aşxanaya atılmış
Canı düşlərindən çıxmalıdır.
Ancaq
Hələ də onu qiymətləndirən
Erkək yasaların yazılmamış
Səhnə arxasıdır.
Yoxsa vitrinlər
Boş bəhanədi...

Bitsin savaş

Yenə bu köndələn yer kürəsi, ‌
Dumana bələdi dağlarını.
Göyündə qaraldı göyərçinlərin
ağuuuş dimdikləri
Lalalar yallılanır torpaqları.
Yenə okeanların nefti üzərində
Qumarlaşır naqqalar.
Yenə generalların əllərində oyuncaq oldu
Ürəyi kabab adaxlı qızın əsgər nişanlısı.
İtdi-batdı nişan bəlgəsi
Hələ xəritə çəkir imperiyalların
günəş gözlüyü
Qaraqançıl köksündə.
Uşaqların bayram sevinci isə
Boy atırdı ayaqqabılarında
Oysa boğuldu xonçasında.
Anasının ləçəyi yaş,
Cibində məktubu sevginazlanan oğlanın
Tapılmadı bir pişikyolu da.
Yenə görəsən boylanacaq əriklər
Tüstülü ağaclardan?!..

Sən

Barı
Bölmək olsaydı
Sevincləri, ağrıları.
Mən də sənə göndərərdim
Çərşəmbə bayramımı,
İsti günlərimin söyüdlərini,
Qış ocağımın kabab könlünü.
Ama neyləyim?!
Sən Müşfiqin tarında yeniləndin
Nazpərinin səsində qocaldın.
Yenə sağ ol ki,
Kölgə kimi yerə sərilib,
Çinar kimi ucaldın...

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

# 2336 dəfə oxunub

Müəllifin son yazıları

# # #