Kitab oxumayanların Azərbaycan dili davası

Kitab oxumayanların Azərbaycan dili davası
22 aprel 2019
# 12:33

Kulis.az Seymur Baycanın “Subyektiv siyahı” yazısını ixtisarla təqdim edir.

Saltıkov Şedrin deyirdi ki, ədəbiyyatın bir dəqiqə susması bir xalqın ölümünə bərabərdir. Ədəbiyyat dili qoruyan, dili inkişaf etdirən, dili hörmətə mindirən əsas vasitələrdən biridir. Kitab oxumayan camaatın dili necə inkişaf edə bilər? Kitab oxumayan camaatın dili necə hörmətli ola bilər? Yaxud kitab oxumayan, beş-on manatından keçib Azərbaycan dilində yazılmış, Azərbaycan dilinə tərcümə olunmuş kitabı almağa canı çıxan adamın doğma dil davası aparması, “niyə öz dilinizdə danışmırsınız?” harayı qopararaq tumanını başına atması, özünü lezvalaması nə qədər səmimi və nə qədər ədalətlidir? Tam səmimi deyirəm, bu kitab oxumaq mövzusunda nələrsə yazmaqdan artıq bezmişəm, artıq bu mövzuda nələrsə yazmağa utanıram, xəcalət çəkirəm. Başa düşürəm, hər kəsə gün kimi aydın olmalı bir məsələ barəsində bu qədər yazı yazılmamalıdır. Sırtıqlığın, həyasızlığın da bir sərhədi olmalıdır.

Amma doğrudan da, kitabsızlığın nə qədər böyük bir faciə olduğu açıq-aydın görünməkdədir. Bunu görməmək üçün bilmirəm, adam qabırğası standartdan neçə dəfə qalın yaradılmalıdır. Adamlar kitab oxumurlar. Adamların ən adi söhbətlərdən xəbərləri yoxdur, üstəlik də az qala hər sahədə iddiaları aşıb-daşır. İki eşşəyin arpasını bölə bilməyənlər heç bir koqnetiv dissonans keçirmədən hər mövzuda müzakirələrə, mübahisələrə girişirlər. Azərbaycanda müntəzəm kitab oxuyan adamların sayı üç yüzdən yuxarı olmaz, aşağı olar. Bunu problemə bələd olan, universitetlərin həyətlərində, parklarda kitab satan bir adam kimi qətiyyətlə yazıram. Kitabla şəkil çəkdirənləri, kitabı vərəqləyənləri nəzərdə tutmuram, uzanaraq, ya da oturaraq həqiqətən də, kitabı əlində tutub əvvəldən axıra qədər oxuyan, oxuduqları haqqında düşünənləri nəzərdə tutmaqdayam.

Müəllim oxumur, həkim oxumur, tələbə oxumur, aktivist oxumur, siyasətçi oxumur, jurnalist oxumur, rejissor oxumur, aktyor oxumur, hətta yazıçılar belə oxumur... Müəllim, tələbə, həkim, siyasətçi, jurnalist, aktivist, rejissor, aktyor, yazıçı kitab oxumursa, başqalarından nə gözləmək olar? Bilirəm, kimsə bu cümlələrlə razılaşmayacaq, özünü yuyulmamış qaşıq kimi ortaya atıb deyəcək ki, xalqa şər atma, mən oxuyuram. Əgər həqiqətən oxuyursa lap yaxşı. Zəhmət çəkib həmin adam bir ətrafını da nəzərdən keçirsin, baxsın görsün, ətrafında, qohum-qonşuda, işlədiyi kollektivdə ondan başqa daha neçə adam kitab oxuyur, oxumağı cəhənnəm neçə adam beş-on manatından keçib kitab alır.

Kitabsızlığın nəticələri göz qarşısındadır. Artıq bir xeyli adamlarımız hislərini və istəklərini ifadə etmək üçün danışmaq əvəzinə qəribə səslər çıxarırlar. Onlar artıq danışmaq qabiliyyətlərini itiriblər və bu minvalla davam etsə, yaxın gələcəkdə danışmaq əvəzinə qəribə səslər çıxaran adamların sayı daha da artacaq. Söhbəti çox uzatmaq, ucundan tutub ucuzluğa getmək, növbəti dəfə dastan açmaq istəmirəm. Onsuz da hər şey aydındır. Görünən kəndə nə bələdçi? Fürsətdən istifadə edib Azərbaycan dilində yazılmış və oxunmasını lazım bildiyim əsərlərin siyahısını yazıram. Allah eləməmiş, bəlkə, kimsə çaşıb oxuyar.

1. Süleyman Rəhimov - “Saçlı” (Azərbaycan ədəbiyyatında ən koloritli əsərdir. Azərbaycan ədəbiyyatında çatışmayan ən başlıca cəhətlərdən biri əsaslandırılmış, bədii həllini tapmış koloritin, qəribəliyin, özünəməxsusluğun olmamasıdır. “Saçlı” çox koloritli əsərdir. Ümumiyyətlə, fikrimcə, Azərbaycan ədəbiyyatında ən yaxşı romandır.)

2. Məmməd Səid Ordubadi – demək olar ki, bütün əsərləri

3. Mirzə İbrahimov – “Pərvanə”, “Gələcək gün”

4. Əbülhəsən - “Dünya qopur”

5. Mehdi Hüseyn – “Səhər”

6. İsmayıl Şıxlı – “Dəli kür”

7. İsa Hüseynov - “reallıq hissini itirməmişdən əvvəl” yazdığı əsərlər

8. Fərman Kərimzadə – “Qarlı aşırım”

9. Əfqan – “Katib”

10. Bayram Bayramov – “Üzlü-astarlı günlər”

11. Mövlud Süleymanlı – “Köç”, “Dəyirman”

12. İsi Məlikzadə – “Quyu”, “Küçələrə su səpmişəm”, “Evin kişisi”, “Dədə palıd”, “Yaşıl gecə”, “Günəşli payız”

13. Sabir Əhmədli – “Qanköçürmə stansiyası”, “Yamacda nişanə”

14. Əkrəm Əylisli – demək olar ki, bütün əsərləri

P.S. Əlbəttə, siyahı subyektivdir, mübahisəyə və müzakirəyə açıqdır. Yadıma düşən əsərləri yazdım. Ola bilsin, əsərlərin mövzusu, müəllifin üslubu sizi qane etməsin, amma dil öyrənmək baxımından siyahıdakı əsərlərin oxunması bəndəniz tərəfindən lazımlı hesab edilir./azlogos.eu/

# 7156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #