Böcək effekti

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

21 iyul 2022
# 15:00

Kulis.az Seymur Baycanın yeni yazısını təqdim edir.

Ötən ilin yay fəslində bir gecə sərxoş vəziyyətdə evə qayıtdım. Vəziyyətim həddindən artıq əla idi. Bircə istəyim vardı. Yuyunmaq, limonlu çay içmək və yatmaq. Yuyundum. Limonlu çay içdim. Qapı-pəncərələri açdım. Divanda uzandım. Gözlərimi yumdum. Bu zaman hiss etdim ki, balkonun qapısından mətbəxə nəsə girdi. Fikir vermədim. Fikirləşdim ki, necə gəlibsə, eləcə də qayıdar.

Az sonra evdə bir böcək oxumağa başladı. Əvvəlcə asta-asta oxuyurdu. Sonra daha möhkəm oxumağa başladı. Daha sonra isə böcəyin səsi mətbəxi başına götürdü. Başımı soxdum yastığın altına. Xeyri olmadı. Səs bütün maneələri aşaraq düz beynimin içinə girirdi. Başladım bəxtimi söyməyə, bəxtimdən şikayətlənməyə. Gül kimi içmişdim, vəziyyətim əla idi, yaxşı yatmaq istəyirdim. Axı bu böcək haradan gəlib mətbəxə girdi. Gərək bu böcək məhz elə bu gün mətbəxə girəydi? Bir gün əvvəl, yaxud bir gün sonra gəlib mətbəxə girsəydi dünya dağılardı?

Yatmaq qətiyyən mümkün deyildi. Qalxdım ayağa. İşığı yandırdım. İşığı yandıran kimi böcək səsin kəsdi. Başladım evdə axtarış aparmağa. Böcəyi tapıb balkondan aşağı tullamaq istəyirdim. Getsin harada istəyir oxusun. Məni bu gecə narahat etməsin. Divanın, soyuducunun, kreslonun altına, kitabların arasına, pərdənin arxasına diqqətlə baxdım. Heç harada böcək görmədim. Hətta altına baxmaq üçün soyuducunu özümə tərəf çəkəndə az qala soyuducu üstümə aşacaqdı. Güclə saxladım soyuducunu. Soyuducu üstümə aşsaydı biabırçılıq olacaqdı...

Düşündüm ki, böcək onu axtardığımı, təhlükəni hiss etdi. Daha bundan sonra, yəqin, oxumaz. Sakitcə yerində oturar, ya da çıxıb gedər. İşığı söndürüb divana uzandım. İki-üç dəqiqə sakitçilik oldu. Bu sakitçiliyə çox sevindim. Lakin iki-üç dəqiqədən sonra adın bilmədiyim, üzün görmədiyim böcək yenə oxumağa başladı. O, yenə də əvvəlcə sakit-sakit oxudu, sonra səs gücləndi, daha sonra səs dözülməz həddə çatdı.

Belə vəziyyət kimin başına gəlməyibsə, çətin məni başa düşər. Bir böcək necə yüksək səs çıxara bilərmiş. İnanın səs birbaşa beynimin içinə girirdi. Sakitcə qalxıb divanda oturdum. Qaranlıqda səsin haradan gəldiyini müəyyən etməyə çalışdım. Dəyəsən, səs kreslonun altından gəlirdi. Yenə işığı yandırdım. Evi ələk-vələk elədim, bütün dəlmə-deşiklərə, gümanım gələn və gəlməyən yerlərə diqqətlə baxdım. Böcəyi tapa bilmədim. Bu hal bir neçə dəfə təkrar olundu. İşığı yandıran kimi böcək səsin kəsirdi. İşığı söndürüb divana uzanandan iki-üç dəqiqədən sonra böcək oxumağa başlayırdı. Müxtəsər, nə başınızı ağrıdım, həmin gecəni böcək axtarmaqla, böcəklə gizlən-qaç oynamaqla keçirdim. Möhkəm əsəbiləşmişdim. Amma boynuma alım ki, bu nəsə qeyri-adi, bir növ şirin əsəbiləşmək idi. Həm əsəbiləşirdim, həm də vəziyyətə gülürdüm.

Səhəri gün getdim təsərrüfat malları mağazasına. Mağaza evin yaxınlığında yerləşir. Adətən oradan elektrik lampaları, döşəmə əskisi, sabun, süpürgə-zad alıram. Bu dəfə oradan həşəratlar üçün dörd lari əlli tetriyə dərman aldım.

Dərmanın üstünə belə yazılmışdı: Hər növ sürünən və uçan həşəratlar üçün. Dərmanın üstündəki sözləri oxuyanda məşhur ifadə yadıma düşdü:
“Sürünmək üçün yaranmışlar, uça bilməzlər”.

Dərmanın çox pozitiv görünüşü vardı. O qədər pozitiv görünüşü vardı ki, adam elə yolun ortasında dərmanı öz sifətinə püskürtmək istəyirdi.
Öz-özümə düşündüm; görəsən, niyə bu dərmanın üstünə çox xoşbəxt, məsud görünən həşərat rəsmləri çəkiblər? Ola bilsin müasir marketinq, müasir ticarət qanunları həşəratları məhv edən dərmanların üstünə xoşbəxt həşərat rəsmləri çəkilməsini tələb edir. Ki, adamlar həşəratları öldürəndə vicdan əzabına məruz qalmasınlar. Dərmanların üstünə xoşbəxt görünən həşərat rəsmləri çəkməklə ola bilsin marketoloqlar adamlara təlqin edirlər ki, bir qram da narahat olmayın, siz həşəratları öldürməklə günaha batmırsınız, əksinə həşəratları öldürməklə onları xoşbəxt edirsiniz. Yəni həşəratları məhv etmə aktı gülə-gülə, pozitiv ab-havada həyata keçirilməlidir.

Dəqiq yadımdadır, sovet vaxtı həşərat dərmanlarının üstündəki həşəratlar çox qorxulu formada təsvir olunurdu. Dəyəsən, o vaxtlar adamlara bununla deyirdilər ki, qətiyyətli, amansız, qəddar olun. Bunları məhv etmək lazımdı. Bu ziyanvericilərə aman vermək, rəhm etmək olmaz. Sovet vaxtı bir siçan dərmanı vardı. Üstünə elə qorxulu, acıqlı siçan rəsmi çəkilmişdi ki, adam o rəsmə baxanda istər-istəməz könlündən siçan öldürmək keçirdi...

Dərmanı gətirdim evə. Dedim gecə işığı söndürəndən, divana uzanandan sonra əgər böcək oxumağa başlasa soyuducunun, kreslonun, divanın altına, pərdənin arxasına, kitabların arasına püskürdərəm. Onun da canı qurtarar, mənim də. Gecə işığı söndürüb divana uzandım.

Bir müddətdən sonra böcək oxumağa başladı. Ayağa qalxdım. Dərmanı götürdüm. Lakin bu zaman ciddi bir dilemma qarşısında qaldım. Bu dilemmaya heç hazır deyildim. Dilemma məni hazırlıqsız yaxalamışdı. Bir azərbaycanlı kimi böcəyi öldürməli idim. Yatmağıma mane olan hər bir canlı ölməlidir. Yatmağıma mane olan hər bir canlını zərərsizləşdirməliyəm. Amma kövrək şair ürəyim böcəyi öldürməyə imkan vermirdi.

Kövrək ürəyim deyirdi ki, axı sən yazı adamısan, haqdan-ədalətdən, ləyaqətdən, mərhəmətdən və bu qəbildən olan digər ali hisslərdən, ali mövzulardan yekə-yekə danışırsan. İndi bir böcəyi öldürməyə necə əlin gələcək? Oxuyan bir böcəyə əlin necə qalxacaq? Onun işi oxumaqdı, o da oxuyur. Təbiətin ona yüklədiyi proqramı yerinə yetirir.

Dərman əlimdə dayandım evin ortasında. Azərbaycanlı ürəyim söhbəti uzatma, öldür onu, qoy cəhənnəmə vasil olsun əmrini verirdi. Kövrək şair ürəyim insaf elə, toxunma, əl dəymə, qoy özü üçün oxusun deyirdi. Beləcə məndə şəxsiyyət ikiləşməsi yarandı. Təxminən bir həftə bir-birinə daban-dabana zidd iki ürəyin arasında qaldım. İşığı söndürüb divana uzanırdım. Böcək oxumağa başlayanda işığı yandırıb dərmanı əlimə götürürdüm. Dərman əlimdə dayanırdım otağın ortasında. Başlayırdım düşünməyə. Görəsən, öldürüm, yoxsa öldürməyim?

***

Mətbəxdə yatmağı sevirəm. Çünki gecələr oyanıb çay içirəm (termosda həmişə hazır çayım olur), ya bir az kitab oxuyuram, ya da filmə baxıram. Sonra təzədən yerimə girirəm. Gecəni iki yerə bölürəm.
Günortanı da iki yerə bölürəm. Günorta da bir saat, iki saat yatıram. Belə olduğu halda özümü nisbətən daha gümrah hiss edirəm. Həm də mənə elə gəlir ki, gecələri və gündüzləri iki yerə bölməklə daha çox yaşayıram. Əlbəttə ki, bütün bunlar miskin illüziyalardı.

Böcəyə görə yerimi məcburən dəyişməli oldum. Daha mətbəxdə yatmadım. Daha doğrusu, mətbəxdə yata bilmədim. Yataq otağına keçdim. Yataq otağının qapısını bağlayırdım, qulaqlarıma da pambıq tıxayırdım. Böcəyin səsinin gəlib mənə çatmasının qarşısını alırdım.

Yataq otağında yatmağa öyrəşmək asan olmadı.
Əvvəla, gecə yuxudan oyananda bir neçə saniyə harada olduğumu müəyyən edə bilmirdim. Baxırdım divara yuxulu-yuxulu fikirləşirdim; bura haradır, mən gecə harada yatmışam. Sonra yadıma düşürdü ki, yox başqa yerdə yatmamışam, elə öz evimdə yatmışam. Sadəcə yerimi dəyişmişəm. Yataq otağının divarlarına gözüm öyrəşməyib.

İkincisi, mətbəxdə, divanda yatanda özümü daha çox yazıçı kimi hiss edirəm. Bilirəm, bu futbol şərhçilərinin təbirincə desək açaq-aşkar səydəşlikdir, amma nə etməli, vəziyyət belədir. Hərənin bir xasiyyəti var. Yatağımı dəyişəndən, yəni mətbəxdən yataq otağına keçəndən sonra həm məhsuldarlığım, həm də yazılarımın keyfiyyəti aşağı düşdü. Bunun səbəbkarı böcək idi. Onun ucbatından mətbəxdən yataq otağına keçməyə məcbur olmuşdum.
Ötən il yayı belə gərgin-əyləncəli, dilemmalarla zəngin vəziyyətdə keçirdim. Yay qurtardı. Havalar yavaş-yavaş soyumağa başladı. Bir gecə hiss etdim ki, daha böcək yoxdur. Səsi gəlmir. Oxumur. Mən yenə də yataq otağından mətbəxə qayıtdım. Divanda yatmağa başladım. Yenə də özümü yazıçı kimi hiss etdim və divanda yatmağa başlayandan sonra həm məhsuldarlığım, həm də yazılarımın keyfiyyəti qalxdı.

Bir payız günü evdə yır-yığış etməklə məşğul idim. Təmizlik işləri apardığım zaman kartof-soğan-sarımsaq yığdığım karton qutunun arxasında qara böcək cəsədi gördüm. Cəsəd qurumuşdu. Yüngülləşmişdi. Cəsədi götürüb ona xeyli baxdım. Cəsədə baxdıqca həyatın faniliyi, zaman, məkan, təbiət, canlılar mövzusunda müxtəlif suallar və fikirlər başımda dövr edirdi.

Bəli, bu da axırı. Yaşadı, oxudu, bir yay zəhləmi tökdü, məhsuldarlığımı, yazılarımın səviyyəsini aşağı saldı, məni mətbəxdən yataq otağına keçməyə, bir-birinə daban-dabana zidd iki ürəyin arasında qalmağa məcbur etdi. Buyurun, indi də quru, yüngül cəsədə çevrilib.

Nə bilim, bəlkə də, yayda mənimlə gizlən-qaç oynayan, zəhləmi tökən, məhsuldarlığımı, yazılarımın səviyyəsini aşağı salan, məni mətbəxdən yataq otağına keçməyə, bir-birinə daban-dabana zidd iki ürəyin arasında qalmağa məcbur edən əlimdə quru, yüngül cəsədini tutduğum bu qara böcək deyildi. Ola bilsin yayda zəhləmi tökən, məhsuldarlığımı, yazılarımın səviyyəsini aşağı salan tamam başqa böcək idi. Bununla belə qurumuş, yüngül qara böcək cəsədini ehtiramla Luis Sinklerin “Şərq-Qərb” nəşriyyatında 2010-cu ildə nəfis nəşr olunmuş seçilmiş əsərlər kitabının arasına qoydum.

Bütün bu həngaməni niyə yazdım? Aydın məsələdir bu həngaməni yazmağımın səbəbi var. Üç gündür yenə də mətbəxə haradansa bir böcək gəlib girib. Üç gündür yenə də mən hər gecə ötən il aldığım pozitiv həşərat dərmanın əlimdə tutaraq ağır sual qarşısında qalıram. Öldürüm, yoxsa öldürməyim? Yəqin ki, öldürməyəcəm.

İstəmirəm azərbaycanlı ürəyim kövrək şair ürəyimə qalib gəlsin. Hər şeydən əvvəl bu mənim bir insan kimi mənəvi tənəzzülüm olar. Mənəvi tənəzzülün isə əvvəli var, sonu yoxdur. Çox güman yenə də yerimi dəyişməli, mətbəxdən yataq otağına keçməli olacağam. Yenə də məhsuldarlığım, yazılarımın səviyyəsi aşağı düşəcək. Eybi yox qoy məhsuldarlığım, yazılarımın səviyyəsi aşağı düşsün. Buna razıyam və hazıram. Təki böcək yaşasın. Oxusun. Nə vaxt mətbəxdən gedər, nə vaxt bu dünyadan köçər özü bilər. Mən onu öldürən deyiləm. Böcək qatili olmaq istəmirəm.

Uzun sözün qısası, yaxın gələcəkdə məhsuldarlığım, yazılarımın səviyyəsi aşağı düşsə bilin ki, məndə heç bir günah yoxdur. Qələm həmin qələmdir, aləmi bir-birinə qatan, sistemi pozan, məni mətbəxdən yataq otağına keçməyə məcbur edən böcəkdir. Asanlıqla öldürmək imkanım olduğu halda öldürmək istəmədiyim böcək...


# 2985 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #