“Maşın şou”dakı həqiqi göz yaşları

“Maşın şou”dakı həqiqi göz yaşları
14 iyun 2017
# 11:07

Sevinc Elsevər

Müasir dünyada ədəbiyyat və incəsənətin əyləncəli tərəfi onun digər keyfiyyətlərini üstələyir. Sadə insanın həyatı çətindi, o, bu çətinliyi yüngülləşdirmək arzusundadı. Ona yüngül şoular, komediyalar maraqlıdı. Hətta düşünərək gülmək belə istəmir, nəinki düşünərək ağlamaq.

Şekspirşünas Annikst dahi faciə ustasının yaradıcılığını araşdırarkən yazırdı: “Şekspir teatrında tamaşa iki saat yarıma qədər uzanırdı və ayaq üstə duran tamaşaçıların çoxu əyləncə istəyirdi. Onlar üçün pyes yazan Şekspirin əsas qayğısı maraqlı süjet tapmaq idi”.

Hətta Şekspir belə şou, əyləncə yaratmaq ehtiyacı hiss etmişdir, çünki ondan tələb olunan bu idi.

Keçən yay yox, ondan əvvəlki yay Suzanna Kollinsin “Aclıq oyunları” romanını oxumuşdum. Roman bütün dünyada yeniyetmələr arasında məşhurdur, hətta bu roman əsasında eyniadlı film də çəkilib. Kitabda bəhs olunan Kapitoli 12 əyalətdən ibarətdir. Televiziya ilə canlı nümayiş etdirilən “Aclıq oyunları”na qatılmaq və ölüm-dirim mübarizəsi aparmaq üçün hər əyalətdən bir oğlan və bir qız seçilir. 12-18 yaş arasında olan uşaqlar bir-birini öldürməli, axıra yalnız bir nəfər sağ qalmalıdı. Sağ qalan həmin uşaq öz əyalətinə şöhrət gətirir, şəxsi həyatında isə yüksəlişlər əldə edir.

“Maşın şou”ya baxanda həmin əsər yadıma düşür. Sadəcə burda məsələ bir qədər fərqlidi. Maşın uğrunda kasıblar yox, şou-biznes aləminin müəyyən qədər parlamış, çoxdan özünə maşın da, ev də almış ulduzları savaşırlar, “Toxluq oyunları” oynayırlar. Bəzən ekran qarşısında oturan tamaşaçıya elə gəlir ki, qaydalar imkan versə, maşın uğrunda savaşan bu yetkin adamlar bir-birini öldürərlər də.

“Aclıq oyunları” əsərində olduğu kimi “Maşın şou”da da adamlar başqalarının əliylə bir araya gətirilir və bir-birinə qarşı qoyulur. Nə qədər dəhşətli təsir bağışlasa da “Aclıq oyunları” əsərindən öyrənirik ki, insan ən çətin vəziyyətdə belə humanizmini qoruyub saxlaya bilir. Necə ki, Katnis son ana qədər humanizmini qoruyur, o, hətta qatilə çevriləndə belə humanistdir, insandır. Püşk kiçik bacısının bəxtinə düşsə də, onun yerinə özü “Aclıq oyunları”na yollanır. Oyunlar zamanı kiçik bacısıyla yaşıd olan balaca qızı bacardığı qədər qorumağa çalışır. Əyalətlərindən olan Pita adlı oğlanı da ölümün pəncəsindən sağ çıxarıb özü ilə doğma əyalətlərinə gətirir. Çörəkçi oğlu Pitanın hələ bapbalaca qızcığaz olduğu vaxtlarda anasından gizli ona verdiyi çörəyin haqqını itirmir.

“Maşın şou” verilişinin iştirakçıları bir-birlərini yeri gələndə təhqir edir, minlərlə tamaşaçının gözü qabağında söyməkdən, aşağılamaqdan çəkinmirlər. Bəzən bu tamaşaçıda maraq, bəzən ikrah doğurur. Amma bir də baxırsan, kiminsə içindəki insanlıq oyanır. Kimsə gözlənmədiyi halda öz ləyaqətini qorumağı, imtina eləməyi bacarır. Oyundan çıxarılan Kənan M.M öz ərzaq payını maşın qəzasında həyatını itirmiş Hüseyn Dəryanın evinə aparanda, maşını udsam, Hüseyn Dəryanın oğluna bağışlayacam deyəndə, şou, mübarizə ehtirası, hətta dava-qırğın, söyüş marağıyla izləyən minlərlə tamaşaçının ürəyində insani hisslər oyanır. Və yaxud Sərxan Kərəmoğlu təhqirlərə, aşağılanmağa dözməyəndə, əlini maşından könüllü çəkərək imtina edəndə minlərlə insan lazım gəldiyi vaxt imtinanın mümkünlüyünü öz gözləri ilə görür. İmtina eləməyi bacarmaq çox gözəl duyğudur və hər adamda yoxdur.

Bir az qəddar, bir az yüngül, bir az qurama təsir bağışlayan oyunun içində bir də baxırsan ki, kiminsə göz yaşları həqiqidir.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

# # #