Cənab münsiflər, bəlkə, siz reallıqda yaşamırsınız?! - Sevda Sultanova yazır...

Cənab münsiflər, bəlkə, siz reallıqda yaşamırsınız?! - Sevda Sultanova yazır...
31 mart 2022
# 15:00

Ötən il Mədəniyyət Nazirliyi, dəstək fondu 300 min manatdan ibarət olan tammetrajlı bədii film layihələri müsabiqəsini elan elədi. Sözügedən layihə, yanılmıramsa, nazirlik səviyyəsində keçirilən ilk tammetrajlı bədii film müsabiqəsidir. Davamlı olacağına ümid bəsləyirik. Bununla belə, 300 min manat tammetrajlı bədii filmlər üçün çox az məbləğdir. Əgər dövlət kinonun inkişafına, film istehsalına 6 milyondan çox vəsait ayırırsa, o zaman maliyyənin yarıdan çoxu il ərzində bir yox, bir neçə dəfə keçirilməli olan müsabiqələrə xərclənməlidir. Əks halda bu, layihədə yazılmış “milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq” kimi vacib təşəbbüsü əhəmiyyətsiz edir.

Hazırkı müsabiqəyə gəlincə, nəticənin effektlilyindən ötrü, heç olmasa, “azbüdcəli” sözü əlavə edilməliydi ki, müəlliflər ssenarilərini maliyyə baxımından ona uyğunlaşdıraydılar və daha çox ssenarinin maliyyələşmə imkanı yaranaydı. Ayrıca, müsabiqə “ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə” dəstəyi də nəzərdə tutur. Daha aydın desək, maliyyə təkcə, bir filmin sıfırdan istehsalına yox, hansısa müəllifin ssenarisinin daha yaxşı yazılmasına, yaxud artıq çəkilmiş bir filmin səs, rəng, montaj və s. də ayrıla bilər. Hərçənd, müsabiqənin nizamlı olması, qarışıqlıq alınmaması üçün, tutaq ki, ssenari inkişafı üçün ayrıca qrantlar layihələrinin keçirilməsi daha vacibdir.

Şərtlərdə daha sonra yazılır: “müstəqil fəaliyyət göstərən müəlliflər - ssenarist, rejissor və prodüserlər fiziki şəxs qismində müsabiqədə iştirak edə bilməzlər”. Çox müəllif məhz bu səbəbdən müsabiqəyə qatıla bilməyib. Çünki ölkədə prodakşnların sayı azdır. Prodakşnlar iki ya üç layihə ilə kifayətlənir və hər prodakşn əsasən tanıdıqları şəxslərin ssenarilərini qəbul edir. Digər tərəfdən, filmin misalçün, tizerini hazırlamaq müəyyən maliyyə vəsaiti tələb edir ki, bu da artıq sayda layihənin qəbulunu çətinləşdirir. Ona görə müəlliflərin fiziki şəxs qismində müsabiqəyə buraxılmaması “yeni imzaların, orijinal fikirlərin və layihələrin” ortaya çıxmasını əngəlləyir.

Martın 18-də isə müsabiqənin, Dövlət Film Fondunun rəsmi “Youtube” kanalından birbaşa yayımlanan pitçinq mərhələsini izlədim. Yayım zamanı ortaya çıxan texniki problemlər səbəbindən pitçinqin bir hissəsinə baxmaq mümkün olmasa da, hər halda müəyyən qənaət yarandı.

Münsiflər heyətinin (sədr Oleq Səfərəliyev, münsiflər Nadir Əliyev, Mehriban Ələkbərzadə, İlqar Fəhmi, Hacı Səfərov, Asif Rüstəmov, Şamil Süleymanov) iştirakçılara ünvanlanan ümumi suallardan biri, seçdikləri mövzunun aktuallığı ilə bağlıydı.

İştiraçkı Azər Allahverdiyevin “Uçurum” ssenarisinin qəhrəmanı, uzun illər xaricdə fəaliyyət göstərmiş musiqiçi, sənəd işlərinin həlli üçün vətənə dönür. Bu müddətdə uşaqlıq dostları, tanışları ilə rastlaşır və daxilində qazandıqları, itirdikləri, geri dönüb-dönməməyi ilə bağlı tərəddüdlər baş qaldırır. Final isə açıq qalır. Münsiflərdən birinin belə bir vacib, universal mövzuyla bağlı “aktualdırmı” şübhəsi təəccüb doğurur.

Mövzuların aktuallığına bəzi münsiflərin skeptik yanaşması sonadək davam edir. Yeri gəlmişkən, münsiflərin müsabiqəylə bağlı verdikləri bəyanatda deyilir: “Ssenarilərin əksəriyyəti mövzu baxımından çox dayaz və bəsit olmaqla bərabər, həm də bədii cəhətdən çox zəif işlənmişdir”. Bir qayda olaraq, bəsit mövzular olmur. Mövzuya yanaşma dayaz ola bilər ki, bu, artıq başqa diskursdur. Bu mənada münsiflərin iradı əsassızdır. Daha sonra bəyanatda yazılır: “Sanki müəlliflərin bir çoxu ölkədə baş verən ictimai-sosial proseslərdən kənarda, xəyali bir aləmdə yaşayır, ssenarilərdəki hadisələr də sanki hansısa başqa bir reallıqda cərəyan edir. Əksər ssenarilərin müasir dövrdə Azərbaycanda baş verən ictimai-sosial hadisələrə, aktual problemlərə heç bir aidiyyatı yoxdur”. Və Oleq Səfərəliyev mövzuya dair “Cinema Radio”ya müsahibəsində deyir: “Biz gözləyirdik ki, mövzular 44 günlük müharibədən, cəmiyyətdəki müsaət dəyişikliklərdən olacaq”. Halbuki, müsabiqənin şərtlərində yazılıb ki, mövzu sərbəstdir, yəni konkret tematikada keçirilməyib. Müsabiqəyə verilən 45 ssenarinin əksəri (pitçinq mərhələsinə 12 ssenari keçib) haqda məlumatsız olduğumdan bir şey deyə bilməyəcəm. Pitçinqə buraxılan ssenarilərin mövzusunu isə qeyri-aktual adlandırmaq doğru deyil. O. Səfərəliyev cəmiyyətdəki müsbət dəyişikliklər deyəndə nəyi nəzərdə tutur? Bəlkə bəyanata imza atan Asif Rüstəmovun yeni filmi münsiflərin nəzərdə tutduğu müsbət dəyişikliklər haqdadır? Yoxsa Rüfət Həsənovun “Daxildəki ada” filmi həmin müsbət dəyişiklikləri ehtiva edir? Görəsən, müsabiqə iştirakçları münsiflərin bilmədiyi nələri bilmirlər? Hər halda bu cür sosrealizm yanaşma sənətə münasibətdə yanlışdır. Bəlkə münsiflər özləri reallıqda yaşamırlar, elə problemlər var ki, görə bilmirlər və ya onlara maraqlı deyil? Ya bəlkə bir gəncin gördüyü və yaşadığı onlara yaddır?

Yaxud QİÇS-ə yoluxmuş adamın həyatından bəhs edən “Özünlə söhbət” layihəsinin müəllifinə münsiflərdən prodüser Nadir Əliyev və rejissor Mehriban Ələkbərzadə yenə sualı ünvanlayır ki, “QİÇS nə qədər aktualdır, siz bunu çəkmək istəyirsizsə, xaricdə Azərbaycanda bu xəstəliyin çiçəkləndiyini düşünəcəklər”. Halbuki, Mehriban xanım cüzamlılardan “Məhkumlar” filmini çəkib və o filmin icraçı prodüseri Nadir Əliyev olub. Eyni sualı onlara da vermək olar: “Cüzam xəstəliyi nə qədər aktualdır ki, ondan film çəkmisiz”

Maraq üçün Googlda kiçik axtarış apardım. Bütün illərdə ölkədə cüzam xəstələrinin sayı QİÇS-ə yoluxanlardan az olub. 2021-ci ilin məlumatına görə Azərbaycanda 20 cüzamlı xəstə var. QİÇS-ə yoluxanların sayı isə 7 mindən çoxdur.

Ümumən, nə rejissorun, nə münsiflərin mövzuya yanaşması yetərincə arqumentativ deyildi. Ssenaridən anladım ki, fokus hansısa xəstəliyin önə çəkilməsi yox, çıxılmaz vəziyyətə düşmüş fərdin davranışı, reaksiyası, psixoloji durumu, necə bir çıxış yolunu axtarmasındadır. Başqa cür desək, təklif olunmuş vəziyyət bir tamaşaçıya ən azı hansı hissi, praktik təcrübəni verə bilər?

Münsiflərin məntiqiylə, onda, pitçinq mərhələsinə buraxılan, Tahir Tahiroviçin, həm də fal motivinə əsaslanan “Qıfıl” da bəsit mövzu sayılmalıydı. Amma dediyim kimi səthi, dayaz mövzular yoxdur. Əgər 21-ci əsrdə insanlar şəfa tapmaq üçün “qaloş pir”lərinə inanırlarsa və fal yayılmış tendensiyadırsa, bununla bağlı real təcrübələr üzərində maraqlı dram, komediya çəkmək mümkündür.

Natiq Rəsulun müharibədən bəhs edən “Müqəddəs inək” filminin məzmununa münasibətdə M. Ələkbərzadənin “pasifizm lazımdır”mı sualı da yanlışdır. Qələbədən sonra dövlətin prioritetlərindən biri sülh quruculuğudur. Ayrıca, müsabiqənin pitçinq bölümündə belə cümlə var: “pitçinq seçimi üçün tələblərdən biri beynəlxalq kino bazarı və festivallarda iştirak, filmin distribusiyası haqqında planlar üzrə məruzədir”. Festivalların bəlli konyunkturası var və təbliğatı, militarist filmlər ora qəbul olunmur.

Yaxud Nadir Əliyevin “xarici fondlardan maliyyə axtarmadan dövlətə müraciət edirsiz” fikirləri də doğru deyil. İlk dəstək niyə yerli qurumdan gəlməməlidir? Filmlərimizin çəkilməsi üçün ilk təşəbbüslər mütləq xarici fondlardanmı olmalıdır? Xarici fondlar filmə o halda maliyyə ayırmağa razılaşır ki, onu birinci yerli qurum dəstəkləsin. Bir daha xatırladım, dövlət büdcəsindən kinoya film istehsalı üçün maliyyə ayrılır və bu müsabiqənin də məqsədlərindən biri layihələrə maliyyə dəstəyidir.

Yenidən münsiflərin bəyanatına qayıdıram: “Ssenarilərin demək olar ki, hamısı sanki çox qısa zamanda tələsik, səthi və səliqəsiz şəkildə yazılıb, cilalanmayıb, redaktə olunmayıb, müasir ssenari formasına salınmayıb... Əksər müəlliflər müasir ssenarinin beynəlxalq səviyyədə qəbul edilmiş yazılış formatını bilməməklə bərabər, həm də sinopsisin, tritmentin doğru-dəqiq yazılış qaydalarından da məlumatsızdırlar” və s.

Bəyanatın bu hissəsi başqa suallar doğurur. Müəlliflərin ssenari qaydalarından xəbərsizliyi məsuliyyətini kim daşıyır? Demək ki, İncəsənət Universitetində kino tədrisi keyfiyyətli deyil, ümumi kino siyasəti effektsiz qurulub, kinematoqrafçılarımız kino məktəbi ənənəsi yarada bilməyiblər və s. Ssenari üzrə adda-budda keçirilən treninqlərin, master klassların intensivləşməsi vacibdir. Lakin kino praktik sənətdir, nəzəriyyə onun yalnız bir hissəsidir. Praktik iş olmadan kino inkişaf edə bilməz. Azərbaycan Kinematoqrafçılar İttifaqında İncəsənət Universitetinin kinorejissorluq fakültəsinin məzunları ilə keçirilən müzakirədə onların əsas gileyi, film çəkmək üçün universitetdə praktik bilgilərin verilməməsiylə bağlıydı. Yəni məzun hazılıqsız gedir çəkiliş meydanına. Ona görə film müsabiqələrinin keçirilməsinin, qrant layihələrinin ayrılmasının vacibliyini qeyd edirəm.

Bəyanatdakı “Ona görə güzəşt edilərək bu dəfə belə materialların hamısı qəbul edilib münsiflərə təqdim edildi. Lakin növbəti müsabiqələrdə bu güzəşt tətbiq edilməyəcək” fikirləri sanki zəmin yaratmağa hesablanıb ki, ya növbəti film müsabiqəsi olmasın, ya maliyyə az ayrılsın və yenə də ildə büdcələri açıqlanmayan iki-üç film çəkilməklə kifayətlənsinlər.

Məhduddiyyət qoyulmadan isə müsabiqələrin keçirilməsi əhəmiyyətlidir. Bu, indiyədək tammetrajlı film çəkə bilməyən rejissorların potensialının açılması, yeni istedadlı adların ortaya çıxması, film istehsalının intensivləşməsi, prodakşnlar (eyni zamanda yeni prodakşnların yaranması) arasında rəqabətin artması, kinoprosesinin yaranması, kinotəcrübəsinin artmasıdır.

Nümunə üçün deyim ki, Gürcüstan Milli Kinematoqrafiya Mərkəzinin 2018-ci ildə büdcəsi 1 407 709 avro təşkil edib. Büdcənin böyük hissəsi bədii filmlərin istehsalına ayrılıb, bundan başqa sənədli film, debüt layihələrin inkişafı üçün qrantlar ayrılıb.

Qısası, kinoya ayrılan maliyyə güzəştsiz filansız film müsabiqələrinə, debüt layihələrə və s. xərclənməli, daha əsası proses şəffaf keçiriliməlidir.

# 2742 dəfə oxunub

Müəllifin son yazıları

# # #