Kulis.az kinotənqidçi Sevda Sultanovanın ARB telekanalında yeni yayımlanan “İdarə” serialı haqqında yazını təqdim edir.
Ötən həftə ARB kanalında "Oscar Film production"un istehsalı olan “İdarə” adlı serialın ilk bölümü yayımlandı. “İdarə”ni önəmli edən və onu digər seriallardan fərqləndirən əsas məsələ müraciət etdiyi mövzudur. Süjetin əsas xəttini modern, prqoressiv düşüncənin daşıyıcısı olan yeni nəsillə doqmatik sovet təfəkkürü ənənələrindən qurtula bilməyən, idarəetmə sistemini bürokratik süründürməçilik və rüşvət üzərində quran yaşlı nəslin qarşıdurması təşkil edir.
Başqa sözlə desək, bu, ədəbiyyatın və kinonun əbədi motivlərindən biri olan nəsillərin konfliktinə əsaslanan hekayədir. Lakin burda söhbət təkcə fiziki yaş məsələsi faktorundan getmir. Çünki yeniləşməni qəbul etməyənlər, köhnə, ölü düşüncə ilə yaşamaq istəyənlər arasında gənclər də var və onları serialda Ədalət (Cümşüd Zeynalov) obrazı təmsil edir. Beləliklə, serialın yaradıcılarının əsas hədəfi hər şeydən əvvəl təfəkkür toqquşması və onun fəsadlarının vizual dillə anlatmaqdır.
Yeri gəlmişkən, Azərbaycanda oxşar mövzuda bədii serialı Vaqif Mustafayev çəkib. Rejissorun “Yoxlama” ekran işində iqtisadi cinayətkarlıq, korrupsiya, dövlət əmlakının talan edilməsi haqda və bu sistemə qarşı dayanan prinsipial müfəttişin hekayəsi danışılır.
Öncə “İdarə”nin qısa məzmunu haqda. Baş qəhrəman Aydın (Toğrul Rza) xaricdə təhsil almış, yeni, funksional fikirlərə malik gənc mütəxəssisdir. Lakin mövcud bürokratik əngəllər, yenilikçiliyə qarşı soyuq, provokativ münasibət üzündən Aydın öz sahəsində layiq olduğu yeri tapa, iş bacarıqlarını realizə edə bilmir. Öncəki iş yerində xaricə, elmi konfransa Aydın dəvət olunsa da, rəhbərlik ora qoca olduğuna görə könlünü qırmaq istəmədiyi, dərin savadı olmayan ağsaqqalı göndərir. Üstəlik, ailəsi də Aydını başa düşmür. Anası Suğra (Mətanət Atakişyeva) onu atası Əbdül (Pərviz Bağırov) kimi fərsizlikdə günahlandırır, bütün günü deyinir, məşhur aktyor olmağa can atan qardaşı Rəhman (Murad İsmayıl) isə onu praqmatik düşünmədiyinə görə ələ salır. Nəhayət, Aydın İctimai Nəzarət Komitəsinə sədr müavini təyin olunur. Korrupsiyanın eybəcərliyi bu idarənin nümunəsində göstərilir.
“İdarə”nin ilk səhnələrindən dramaturgiyanın, sanballı və və savadlı qurulması (ssenari müəllifləri İlqar Fəhmi və Jalə Novruzdur) sezilir. Ümumiyyətlə, müəyyən yaradıcı adamlar var ki – bura aktyorlar, rejissorlar, ssenaristlər və başqaları daxildir- onlar serial formatında özlərini doğrulda bilirlər. “İdarə”də Rafiq rolunu oynayan və bu rolun öhdəsindən gələn Firdovsi Atakişiyev bədii film üçün uyğun aktyor deyil. Və ya istisna etmirəm ki, o, kinoda aktyor potensialına uyğun rol almayıb. “İçəri şəhər” ( rejissor İlqar Safat) filmində aktyor Qarabağ əlilini canlandırır, amma qəhrəmanının ağrısı duyulmur, o, iztirabını göstərməklə yox, ümumi, təsirsiz sözlərlə ifadə eləyir.
Və ya Anar Heybətovun ampluası, fakturası- melodramatik serialın sevgi qəhrəmanına daha uyğundur. Lakin Azərbaycan Dram Teatrının səhnəsində Kefli İsgəndəri ifa etmək üçün onun potensialı yetərli deyil. Yaxud özünü uğurlu serial rejissor kimi doğruldan Rövşən İsax bədii film rejissoru kimi eyni nəticəni göstərə bilmir. Yəni hər halda o, bundan sonra dövlət büdcəsi hesabına “Aktrisa” kimi zay filmlər çəkməyi özünə rəva görməməlidir. Həmçinin, İlqar Fəhmi dramaturji yararsız bədii film ssenariləri yazıb: “Ölüm növbəsi”, “Dərvişin qeydləri”, “Axırıncı dayancaq”...
“İdarə” serialının ədəbi materialı haqda isə eyni fikri söyləmək olmaz. Obrazlar, xarakterlər, onların təyinatları, peripetiyalar, əsas konfliktli nöqtələr, koloritli ailə tablosu dəqiq düşünülüb, həyatdan qopuq deyil. Çox güman ki, gələcək bölümlərdə inkişaf etdiriləcək sevgi xətti də bayağı, sentimental elementlər olmadan, təmkinli yumor qarışıq dramatik qatda işlənib. İlqar Fəhminin bilik bazası sayəsində seriala müəyyən intellektual elementlər yol tapır ki, bu, yaranmış şəraitə tamamilə adekvatdır, yəni qətiyyən qurama təsir bağışlamır. Misalçün, Aydının nəzəri avtobusda gənc bir qızın (Günel Məmmədova) oxuduğu kitaba (amerika filosofu Frensis Fukuyamanın əsərlərindən biri) dikilir və avtobus qəfil ləngər vuranda, o, müvazinətini saxlaya bilmədiyindən kitaba toxunaraq onu cırır. Yəni burda kitab, müəllifi haqda informasiya Aydınla qızın tanışlıq situasiyasında həllini tapır.
Ekspozisiyada təqdim olunan yığcam, dolğun epizod mövzuya uğurlu girişdir. Emosional şok yaşayan gənc mütəxəssis (Elnur Kərimov) istefa verərək İctimai Nəzarət Komitəsindəki işini tərk edir. İdarənin əməkdaşlarının söhbətlərindən aydınlaşır ki, o, burda islahatlar həyata keçirmək istəsə də, təcrübəli korrupsiyaçıların hiyləgərliyinin qurbanı olub. Onun idarədən yolasalma mərasimində qurulan mizanlar (işçilər istehzalı, təhqiramiz ədayla sıraya düzülərək onu yola salırlar), səslənən satirik intonasiyalı musiqi belə bir ciddi mövzunun daha çox karikaturalaşdırılaraq təqdim ediləcəyini göstərir. Ümumiyyətlə, rejissor Vüsal Məmmədov satiraya təsvir həlli ilə bəraət verir və əsas odur ki, bu zaman ölçü hissini gözləyərək vəziyyətlərin banallıq həddinə çatmasına yol vermir.
Müxtəlif dövlət idarələrində korrupsiya hallarının mövcudluğu, pulların silinməsi mexanizmi ayrı-ayrı situasiyalarda konkretləşir. Ədalət İcitmai Nəzarət Komitəsinin sədr müavini yerini tutmaq üçün rüşvət verir və otağına sifariş etdiyi mebellərin qiymətini iki qat idarənin büdcəsindən silmək niyyətindədir.
Aydın idarəyə daxil olanda məmurların müxtəlif problemlərə etinasızlığı dolğun fraqmentlərdə ümumiləşir.
Bir epizodda isə Aydın sədr Sabirin (Kazım Abdullayev) özünü mədh edən nitqini dinləyir. Rejissor bu zaman onun xəyalını vizuallaşdırır və onun xəyalında Sabir Mircəfər Bağırov dövrünün məmuru kimi canlanır.
Birinci bölüm həyəcanlı, növbəti hissələrdə konflikti dərinləşdirəcək, dolaşıq vəziyyətlər yaradacaq epizodla bitir: Aydın digər məmur Rafiqin kabinetində restoran müdirlərinə keyfiyyətli çalışmağın vacibliyi haqda danışır. Aydının kabineti tərk etməsindən sonra Rafiq onun çıxışının guya altmənasını, eyhamını izah edir: bu o deməkdir ki, siz rüşvəti ikiqat verməlisiniz və bu rüşvətdən yeni sədr müavini də pay istəyir. Aydına qurulan tələ, dramaturji intriqa artıq növbəti bölümə baxmağa vadar edir.
“İdarə”də təsvir olunan məkanların cansıxıcılığı, qaranlıq adamlar, dəfedilməz görünən əngəllər, mütəşəkkilləşmiş məmur qrupu, çıxılmazlıq “Qəsr”in azərbaycansayağı mənzərəsidir.
Süjeti dinamikləşdirən həm də Aydının səs-küylü ailəsidir. Müəlliflər maraqlı, günümüzdə prototipləri olan obrazlar yaradıblar. Aydının bacısı Nərminin (Lena Xosrofova) bütün həyatı facebookda, instaqramda keçir, o, özəl məsələləri rahatlıqla sosial şəbəkələrə daşıyır. Qardaşı Rəhman isə karyerası üçün hər şeyə əl atmağa hazırdır. Dinamikaya eyni zamanda günümüzün digər aktual mövzuları Tramp, koronavirus və s. haqda söhbətlər təkan verir.
Hərçənd, “İdarə”də milli filmlərimiz, seriallarımız üçün xarakterik olan və yeni kontekstə yerləşdirilməyən klişe obrazlar da yer alıb. Misalçün, yenə eyni səpkili deyingən qadın obrazı Aydının anasının simasında yer alır. Düzdür, ananın deyingənliyi müəyyən vəziyyətlərdən qaynaqlandığı üçün süjetdə havadan asılı qalmır. Lakin deyingənliyinin bəzi hallarda qədərindən çox şişirdilməsi, bacarıqsızlığına görə Aydına ana da daxil olmaqla ailədəki digər qadınların psixoloji terror etməsi izafi emosionallıq yaradır.
Eşitmə problemi üzündən fikirləri səhv anlayan nənə obrazı (Sona Babayeva) intonasiyası, davranışı, xarakteri ilə “Uşaqlığın son gecəsində”ki nənə obrazının pis imitasiyasıdır.
Personajlardan söz düşmüşkən, əksər teleseriallarda və filmlərdə olduğu kimi burdakı katibə obrazı (Nigar Babayeva) kişiləri tovlayan bayağı, seksual təhrikçi kimi yox, korrupsiyanın bir elementi kimi göstərilir.
Aydına gəlincə, o, idealistdir, sadiq olduğu bəlli dəyərləri və prinsipləri var. Çox hallarda mağmın, qapalı adam təsiri bağışlayır. Hərçənd, zəruri məqamlarda mübarizliyi sezilsə də, ümumilikdə mağmınlığı qabarır. O, işdə də, ailəsində də bir növ autsayderdir, basqı altındadır. Maraqlı səhnələrdən biri Aydının vəzifəyə təyin olunandan sonra bütün qohumlardan hansısa xahişlər üçün bütün ailə üzvlərinə eyni anda zənglərin gəlməsidir. Bu xaotik fonda Aydının təkliyi, hüznü ifadəli, təsirli alınıb.
Sual isə budur: Aydın onlar kimi olacaq, yoxsa prinsipiallığı ilə qalib gələcək?
Dövlət səviyyəsində, telekanallarda səslənən vacib mövzuya toxunan serialın baş prodüseri Yaşar Əhmədov, operatoru Mehdi Yaqubovdur.