[b]Şortik qalmaqalı, Lerikdə zorlanan qız, pambıq tarlasında zəhərlənmə  - Bizi bu kökə nə saldı?[/b]

[b]Şortik qalmaqalı, Lerikdə zorlanan qız, pambıq tarlasında zəhərlənmə  - Bizi bu kökə nə saldı?[/b]
21 iyun 2018
# 15:30

Sevda Sultanova

Andrey Zvyagintsev “Sevgisizlik” filmində ölkəsindəki mövcud mənəvi-psixoloji durumun, xaotik əhvalın, kütləvi psixozun dəqiq diaqnozunu qoyur: sevgisizlik.

Sevgisizlik dərin problemlər doğurur. Ancaq o, eyni zamanda bir çox sorunların nəticəsi kimi ortaya çıxır və cəmiyyətdə bütün münasibətlər sisteminə təsir göstərir.

Zvyagintsev konfliktli məişət situasiyasının da, laqeyd, soyuq insan münasibətlərinin də, hüquqi, sosial funksiyasını yerinə yetirməli olan təşkilatların səbatsızlığının da səbəbini bütöv bir sistemin yararsızlığına (oxu: sevgisizliyinə) bağlayır.

Günlərlədir, müzakirə olunan, Lerikdəki zorlanma hadisəsi də, pambıq tarlalarındakı zəhərlənmə də, metrodakı “şortik” qalmaqalı da Zvyagintsevin geniş kontekstdə nəzərdə tutduğu sevgisizliyin (oxu: laqeydliyin, nifrətin) nəticəsidir.

Yuxarıda sadaladığım olaylar ilk baxışdan ayrı, fərqli laylarda görünən kimi olsalar də, əslində olanlar bütöv bir zəncirin qırılmaz halqalarıdır.

Metrodakı “şortik” qalmaqalı ilk baxışda sıradan, kiçik miqyaslı ictimai olay təsəvvürü yaradır. Fəqət, oradakı detal planlar ümumi durumun konkret vizual ifadəsidir.

Əksər ictimai rəydə səsləndiyi kimi, qiyafətə müdaxilə, fərdin özəl, intim ərazisinə təcavüzdür. Amma niyə kimsə başqa birinin məsələn, geyiminə müdaxiləyə cəsarət edir? Və ya belə deyək, bu haqqı doğal olaraq özündə görə bilir?

Çünki fərdlərin özəl azadlıqları bizim toplumda tez-tez pozulması artıq normadır, özü də ən müxtəlif (yüksək və məişət səviyyəsində) səviyyələrdə.

Bir tərəfdən də bu, təkcə qadına yox, ümumən, özümüzdən yaşca kiçiyə sayğısız, saymazyana yanaşan mental yaddaşımızla, arxetiplərlə əlaqəlidir.

Gərək ki, bunu bir dəfə yazmışdım, təkrarlamaqda yenə fayda var.

Bir neçə il əvvəl telekanallardan birində yetkinlik yaşına çoxdan çatmış bir qadının evdən getməsi haqda xəbər hazırlanmışdı. Qadının evdən getmə səbəbi o idi ki, əyalətdə monoton həyatdan yorulmuşdu və şəhərə gələrək yeni, fərqli həyatı qurmaq istəyirdi. Ailə bu barədə polisə xəbər verir. Polis qadını tapıb ailəsinə təhvil verir. Heç nə olmamış, zərurət kimi. Qadının haqlarını tapdalayan hüquq-mühafizə orqanları da instinktiv olaraq paternialist ənənələrə təslim olur. Hətta informasiya proqramı xəbəri qadını qınayıcı tonda hazırlamışdı.

Yeniliyi, fərqliliyi, alternativliyi, azadlığı faciə kimi, az qala fizioloji ağrıyla qəbul edirik. “Şortik” qalmaqalında da kişinin qıza “get, böyüyün gəlsin!” israrı, təkcə qadının, özündən yaşca kiçiyin azadlığını, haqqını tanımaq istəməməsi yox, həm də ölkəni saran sevgisizlik kimi ortaya çıxır.

İkinci detal, ağbirçək qadının həngaməyə müdaxiləsi, fiziki zorakılığa cəhdidir. Azərbaycan ailələrində ağbirçəklər, ağsaqqallar xüsusi statusa malikdir, onlar sosiumu həmişə nəzarətdə saxlamağa, öz məsləhətlərinə, qaydalarına tabe etdirməyə çalışırlar.

Filosof Həsən Quliyev də ağbirçək kultunun ailənin təşkilində və ənənənin qorunub saxlanmasında önəmini xüsusi vurğulayır: “İnamla söyləmək olar ki, azərbaycanlıların ailə kosmosu daha çox arxaik matriarxın qalıqlarına söykənir”.

Ağbirçəyin qıza hücumu, “Qızını döyməyən dizinə döyər” kimi qadına şiddət aşılayan arxaik düşüncə modelinin nümunəsidir. Qızın qadına:

- Səsimi kəsməyəcəm, nağayracaqsan! – etirazı da köhnəlmiş ağbirçək kultuna itaətsizlikdir.

O ki qaldı şortikli xanıma. Belə anladım ki, kişinin aqressiyasına rəvac verən daha çox onun oturuş tərziydi...

Nyu-Yorkda, Madriddə ictimai nəqliyyatda kişilərin ayaqlarını açıb oturması qadağan olunub. Bələdiyyə səviyyəsində. Səbəb qadınların sosial mediada kişilərin bu cür oturuş tərzindən rahatsız olmasını ifadə etməsiydi.

Bir yerin ki, adı ictimaidir, müəyyən etik normaları gözləməyə borcluyuq. İstəsək də, istəməsək də. İctimai nəqliyyatda o xanım kimi rahat, saymazyana oturmaq, hamının gözü qarşısında küçəyə bəlğəmi tüpürmək qədər etik deyil.

(Gənclərin, müəyyən qrupların, məqsədli şəkildə, nələrəsə protest niyyəti ilə ictimai qaydaları pozmağını nəzərdə tutmuram, bunlar ayrı-ayrı şeylərdir).

Başqa bir nüans daha var, istənilən qiyafəti daşımaq həm də bir xarakter məsələsidir, yəni onu necə daşıya bilmək önəmlidir. Qısa ətək, şortik geyinib davranış baxımdan qapalı da görünmək olar. Ancaq qapalı geyinib vulqar davranışla çılpaqlaşmaq da olar.

Bunu konkret olaraq qızın nümunəsinə aid eləmirəm. Özəlliklə, yetkin, təcrübəli adamlara münasibətdə yazdım.

...Ümumən isə, kişinin aqressiyası da, qızın qəzəbi də, qadının hücumu da geniş kontekstdə sevgisizlik kompleksinin təzahürdür.

Çünki bizdə sevgi daha çox imitasiya olunur, nəinki gerçək yaşanır.

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər