Seymur Baycan bu hekayədə ağını çıxarıb - Orxan Həsəni yazır...

Seymur Baycan bu hekayədə ağını çıxarıb - Orxan Həsəni yazır...
30 may 2023
# 10:45

Kulis.az Orxan Həsəninin "Seymur Baycanın hekayələri həyatın ürəyidir" adlı yeni yazısını təqdim edir.

Seymur Baycanın “Mənasız hekayələr” kitabı ədəbiyyat bazarına səssiz-səmirsiz daxil oldu. Kitabı alıb həvəslə, istəklə oxuyandan sonra Azərbaycan hekayəsinin gəlib çıxdığı parlaq məqamı gördüm. Doğrudan da, kitabdakı on iki hekayə təkcə Seymur Baycanın yox, Azərbaycan hekayəsinin gəlib çıxdığı parlaq məqam idi və bu məqamı görməkdən, ona şahidlik etməkdən xeyli məmnun qaldım.

Seymurun hekayələri həyatın ürəyidir. Bu hekayələr bizi bir-birindən müxtəlif situasiyalar, məkanlar, xarakterlər ilə tanış edir. Təkcə tanış eləmək yox, əli qoynunda gəzdirir, üfüqlərini göstərir, onların nüvəsində gizlənən ədəbiyyat cövhərini üzə çıxarır. Olduqca sadə situasiyaların, tanış xarakterlərin nüvəsindəki ədəbiyyat cövhərini göstərən Seymur Baycan bizi ədəbiyyatn nə qədər üzdə, aşkarda göründüyünü, onu hiss etmək üçün almaz kimi iti duyuma və müşahidə qabiliyyətinə sahib olmağımızı xatırladır.

Bu hekayələr bizə hər şeydən yazmağın mümkünlüyünü sadə şəkildə göstərir.

Beləliklə, çox sevdiyim Anton Çexovun bu cümlələrini xatırlamalıyam. “Yazmaq – ixtisar etməyi bacarmaq sənətidir. Yığcamlıq – istedadın bacısıdır.

Doğrudan da, həcmcə çox kiçik olan bu hekayələr böyük mətləblərdən xəbər verir. Hər tərpənişdə həyatın faniliyini, banallığını və mənasızlığını sübut edir, lakin buna baxmayaraq, hekayələrdə hamı ağlının imkanları ilə xoşbəxt olmaq istəyir.

Realizm Seymur Baycan üçün həmişə hakim ədəbi cərəyan olmuşdur. Bu hekayələrdə həyat, mücərrəd, dolaşıq insan hisləri, obrazların bir-birinə münasibəti bəzəksizdir, çılpaqdır. Məhz buna görə “Mənasız hekayələrdə” komediya və tragiya bir-birini müstəsna ardıcılıqla əvəzləyir. O, həyatın ən incə detallarına toxunur, toxunduğu detallar ilə zəmanəmizin xarakterlərini, dövrün mənzərəsini, bu mənzərənin içində vurnuxan obrazları yenidən yaradır.

Sadəlik dedikdə yalnız bədii-texniki vasitədən söhbət getmir. Söhbət eyni zamanda hekayələrdəki obrazların həyata və onun prinsiplərinə münasibətidir. Onların əksəriyyəti ziddiyyətlidir. Bir tərəf mənəvi aləmi uca tutur, onun müdafiəsinə qalxır və məqsədlərin qiymətliliyindən dəm vurur, digər tərəf isə həyatın min illərdir qorunub duran, alınmaz qala olan sadə prinsiplərinin səngərində dayanır. Xüsusən “İki eşşək”, “Zəmanəmizin kəpənəyi”, “Taleyin hökmü qarşısında aciz qalan ürək” hekayələri bu iki əbədi mübarizəni öz mövzusuna çevirmişdir.

Sadəliyin tərəfində olan cəbhə düşünür ki, xoşbəxt olmaq üçün həyatın min illərdir qorunub duran, alınmaz qala olan sadə prinsiplərinin yanında dayanmalısan. Öz imkanların ilə arzuların arasında balansı qormalısan. Böyük məyusluqlar böyük arzuların nəticəsində yaranır.

Bu prinsiplərlə barışmaq istəməyənlərin isə ürəyi atəşlə döyünür, onlar yeni şeylər arzulayırlar və hər şeydən imtina etməyə hazırdırlar.

Mübarizəni kim qazanacaq? Ətalətin tərəfində olanlar, yoxsa yenilik pərəstişkarları?

Kitabda diqqəti cəlb edən hekayələrdən biri “Qabanları gözləyərkəndir”. Bu hekayəni xüsusiylə sevdim. Müəllif bu hekayədə ustalığın ağını çıxardıb. Axı bu qədər usta olmaq, möhtəşəm sadəliyə yenmək necə mümkün ola bilər? Adamın əli üzündə qalır.
“Qabanları gözləyərkən” hekayəsi gələcəyə heç bir ümid bəsləməyən, həyatlarındakı uğursuzluqlara məna verə bilməyən iki nəfərin hekayəsini danışır. Qəhrəmanlarımızdan biri Emil əyalətdə bədən tərbiyə müəllimidir. Emil ona böyük yaxşılıqları dəymiş Əli doktorun xahişi ilə Bakıdan gələn Aftandili ovda müşayiət eləməlidir. Avtandil həkimdir. Onlar qış fəslində meşəyə qaban ovuna çıxıblar və tısbağaya oxşayan daşın yanında dayanıb meyvə yemək üçün gələcək qabanları gözləyirlər.

Qabanları gözləyərkən istər-istəməz qəhrəmanların söhbəti baş tutur.

Aftandil “Diesel” markalı brezent çantasından iki litirlik termos və iki ədəd yekə plastmast dolça çıxardır. Onun söylədiyinə görə, çay Rizə çayıdır. Aftandilin termosundakı Rizə çayının hekayəsi onun xarakteri haqqında bizə çox şey deyir.

Bu Rizə çayının təsadüfən kəşf etmişəm. Xəstə üstünə çağırmışdılar. Orda məni çaya qonaq etdilər. Çaydan bir qurtum alanda dad mənə çox tanış gəldi. Xəstəyə resept yaza-yaza fikirləşirdim ki, görəsən, bu dad haradan mənə tanış gəlir? Birdən yadıma düşdü ki, bu dad Ekstra çayının dadına oxşayır. Xəstədən soruşdum ki, bu nə çayıdır belə? Dedi, Rizə çayıdır. Oğlumuz Rizədə işləyir. O göndərib. Nizami metrosunun yanında türk mağazası var. Balaca, xudmanı mağazadır. Elə həmin gün türk mağazasına gedib beş kilo Rizə çayı aldım.

Beş kilo?

Hə, nə az, nə çox, düz beş kilo. Qorxdum sonra tapmaram.

Beş kilo çayla bir toyu yola vermək olar.

Bilirsiniz necədi, adam yaşlaşdıqca uşaqlıq dadlarını axtarmağa başlayır. Axtarırsan, amma tapmayırsan. Tapanda da çox sevinirsən”.

Aftandilin keçmiş xiffəti çəkir. Keçmişdən, keçmişin dadlarından bir əlamət tapan kimi onun üstünə gedir, dadlarla xoşbəxt uşaqlıq illərini yenidən çəkib bu gün eləmək istəyir.

Doğrudan da, zamanın axıb keçməsini, bu amansız gerçəkliyi ancaq belə unikal formada ifadə eləmək olardı. Zaman keçir, sahib olduqlarımız əlimizdən yaş balıq kimi sürüşüb çıxır, insanlar ölür, məkanlar, küçələr, meydanlar, kafelər dəyişir, taleyimizdəki illərin sayı çoxaldıqca peşmanlıqlar artır, həyat ağacından hər gün bir yarpaq düşür və ən dəhşətlisi anlayırsan ki, ölən adamlarla, dəyişən məkanlarla, artan peşmanlıqlarla birgə ən adi dadlar da sozalıb sıradan çıxır. Ən adi dadların dəyişməsi, nə vaxtsa sənə doğma olan dadların, qoxuların birdən damağından, burnundan çəkilib itməsi böyük faciədir. “Qorxdum tapa bilmərəm” sözündən aydın olur ki, Afdandil həkimin keçmişdən özgə heç nəyi yoxdur. Keçmiş isə mahiyyətcə mücərrəddir. Ona toxunmaq, qayıdıb xoşbəxt anları təkrar-təkrar yaşamaq mümkün deyil. Ona toxunmaq, xoşbəxt anlara yenidən qayıtmaq üçün yalnız təsəvvür edə bilərsən. Təsəvvür motoru isə həmişə işə düşmür. Burada təsəvvürün hərəkətverici qüvvəsi Eksta və Rizə çaylarının dadıdır. Eksra və Rizə çaylarının dadı Afdandil həkimi birdən-birə kədərləndirir və bu dadlar onu keçmişin, uşaqlıq mənzərələrinin cənginə tullayır. O xatırlmağa başlayır.

Bibimgil Abay qəsəbəsində yaşayırdılar. Yay tətilində qardaşımla bibimgilə gedirdik. Onların çoxlu keçiləri vardı. Keçilər xoşuma gəlirdi. Axşam örşüdən qayıdanda cumurdular duz daşının üstünə. Başlayırdılar duz daşını yalamağa. Daşın üzərində keçilərin dilinin izi qalırdı. Biz evdə hind çayı içirdik. Amma bibimgil bizdən bir az kasıb idi. Onlar Ekstra çayı içirdilər... Vəssalam, yadımda bunlar qalıb. Hə, bir də o yadımdadır ki, bibimgilin qonşuluğunda bir oğlan yaşayırdı. O oğlan bir qıza vurulmuşdu. Axşamlar eyvana çıxıb mahnı oxuyurdu. Səsi də yox idi. Qarğa kimi quruldayırdı.

Ha, ha, ha...

Bibimin əri “Kamaz” şoferi idi. Həmişə deyirdi ki, arvad mırıldanmağa başlayanda tutub arvadı əvvəlcə döymək, sonra da yaxşıca minmək lazımdır. Nə bilim, savadsız kişi idi. O da həyatı belə dərk edirdi.

Bizim kənddə də Kərəm adında bir kişi olub. Çoxdan ölüb. Mən özüm görməmişəm. Böyüklər danışanda eşitmişəm. Bu Kərəmin arvadı deyinəndə, Kərəm arvadı bağlayırmış ağaca, başına vedrəynən soyuq su tökürmüş. “

Afdandil həkimin keçmişə səyahəti konkret əhəmiyyətli bir hadisəni çözələmək, onu tapıb nəyisə, hansısa həqiqəti aşkar eləmək üçün deyil. Burada hesablaşmadan da söhbət getmir. Onun keçmişə səyahətindəki məntiq bu günün uğursuzluqlarına əks-reaksiya kimi qeyri-şüuri şəkildə özünü büruzə verir. Belə xatırlamada obraz ixtiyarsızdır. O, xatirəyə yox, xatirə ona diqtə edir və müəyyən hiss burulğanına salır.

Keçmişə səhayət, onun cərəyanına düşmək bizi hər zaman yüksək əhəmiyyəti hadisələr ilə göz-gözə gətirmir. Bəzən olduqca sadə, hamı tərəfindən unudulmuş detallar insanda müəyyən emosiyalar yarada bilir. O adi detalın sayəsində nəhəng bir tarixi dövrü beynimizdə bərpa edirik, bir epizoddan başqa epizoda keçirik. Seymur Baycanın “Mənasız hekayələr” kitabı məhz bu bünövrənin üzərində inşa olunmuşdur. Çox kiçik, həyatın təmtəraqlı qarışıqlığı içində itmiş, üstünü toz tutmuş hadisələr, dadlar, ifadələr, davranışlar, peşmanlıqlar, sevinclər, məqsədlər, prinsiplər Seymurun “Mənasız hekayələr”ində təcəlli edir, gözlərini həyata yenidən açır, açır və gülümsəyib belə deyir: “Baxın mən var idim. Yenidən varam. Və bir yazıçının qələminin ucunda əbədiyyən var olmağa davam edəcəyəm”.

Mənə ayrılan vaxtı dondurmazdan öncə demək istəyirəm ki, Əli Zərbəlidən aldığım estafeti Vüqar Vana ötürürəm.

# 1981 dəfə oxunub

Oxşar xəbərlər

Kutzenin ədəbi dünyası - Larisa Doktorova

Kutzenin ədəbi dünyası - Larisa Doktorova

12:00 22 sentyabr 2023
11 ay 15 gün yaşayan oğlan, ana həsrətiylə ölən qızcığaz - Zərdüşt Əlizadə

11 ay 15 gün yaşayan oğlan, ana həsrətiylə ölən qızcığaz - Zərdüşt Əlizadə

17:00 21 sentyabr 2023
"Güclə oxudum, bu mətni ona yaraşdırmadım" - Hekayə müzakirəsi

"Güclə oxudum, bu mətni ona yaraşdırmadım" - Hekayə müzakirəsi

11:24 21 sentyabr 2023
AYB:  "Şəhriyar haqsız sözlərinə görə üzr istəməlidir" - Açıqlama

AYB: "Şəhriyar haqsız sözlərinə görə üzr istəməlidir" - Açıqlama

17:30 19 sentyabr 2023
Maralın güzgüsü - Elçin Aslangildən yeni hekayə

Maralın güzgüsü - Elçin Aslangildən yeni hekayə

17:00 19 sentyabr 2023
Məmməd Oruc:  "Bizə yalançı ərizə yazdırdılar" - Müsahibə

Məmməd Oruc: "Bizə yalançı ərizə yazdırdılar" - Müsahibə

12:53 19 sentyabr 2023
# # #