"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov
12 iyul 2025
# 13:30

12 iyul Azərbaycanın görkəmli mütəfəkkiri, dramaturq Mirzə Fətəli Axundovun doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin məşhur "Hacı Qara" ("Sərgüzəşti -mərdi-xəsis" ) komediyasından bir hissəni təqdim edir.

***

...Bu vaxt məclisin vəzi dəyişilib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara, əlində açar,
sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur,
sonra gedir tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı
Tükəz yetişir.


Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara: Səfərim var, yola çıxacağam!

Tükəz: De görüm, hara gedəcəksən?

Hacı Qara: Sənə deməli deyil!

Tükəz: Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizlirsən.

Hacı Qara: Elə bir elə zaddır!

Tükəz: Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına malını sat!

(Yaraqları yığışdırır.)

Hacı Qara: Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın
çarəsin görüm?

Tükəz: A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan?

Hacı Qara: Dəxi nə gələcəkdir. Evim yıxılıb-gedib. Düz yüz manat indiyədək zərərim var.
Boğazıma çörək getmir!

Tükəz: Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan
kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin
pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?

Hacı Qara: Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd, nəsihət
vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng, tapançanı dartıb alır.)

Tükəz: Yəni, sən bu yaraqları qurşanıb onlar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapançanın
iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına!
(İki əlli başına qarıyır.)

Hacı Qara: Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil buradan!

Tükəz: Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?

Hacı Qara: Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istəyirsən məndən?

Tükəz: Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram
edəm. Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl
cavanları qara torpaq altına yollayır!

Hacı Qara: Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsən
mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər
yetirməmişəm! Mən niyə murdar oluram?

Tükəz: Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz
malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın
doyunca çörək yeyər.

Hacı Qara: Arvad-uşaq zəhirmar yesin!

Tükəz: Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da qıyıb bizə verməzdin! (Bu halda
bəylər çığırır.)

Bəylər: Hacı! Hacı!

Hacı Qara: Arvad, çəkil get, adamlar gəlir! (Tükəz tez uzaqlaşıb qapının dalısından qulaq
asır.)

Bəylər: (geyinmiş içəri girirlər) – Səlam-əleyk, Hacı!

Hacı Qara: Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin!

Əsgər bəy: Hacı, hazırsanmı?

Hacı Qara: Bəli, başına dönüm, hazıram. Pulları da budur, ayırmışam; amma Hacı ağrını
alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə
tapşırram, gətirərsiniz!

Əsgər bəy: Elə niyə, Hacı? Burda tapşıranda nə olar?

Hacı Qara: O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.

Əsgər bəy: Eybi yoxdur, olsun. Di dur gedək!

Hacı Qara: Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə.

Əsgər bəy: Neçə at götürürsən, Hacı!

Hacı Qara: Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yuklərik, nökər
başın çəkər. Siz neçə at göturürsünüz?

Əsgər bəy: Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab
sənindir, Hacı?

Hacı Qara: Bəli!

Əsgər bəy: Çox yaxşı. Di bəs geyin!

Heydər bəy: Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq.

Səfər bəy: Vallah, mənim Hacıya bu gümanım yox idi.

Hacı Qara: Adam iş vaxtında tanınar, qadan alım! Siz məni elə arşın ölçən bilib saya
salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir
para qaçaqçılara ki, hər yoldan yetənlərə mallarını verib boş qayıdırlar.

Səfər bəy: Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki,
adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt
piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən. Deyirsən ki, fəqir yoldan ötəndir.
Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç
macal olmur; soyurlar, hər nəyin var alırlar.

Hacı Qara: Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi
gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görələr
onların başına nə gətirrəm! Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağın
kəsməsinlər!

Səfər bəy: Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! ..

***

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektlə  yazılan romanlara ayrıca mükafat  təsis edildi

Süni intellektlə yazılan romanlara ayrıca mükafat təsis edildi

10:20 22 oktyabr 2026
"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

10:00 22 oktyabr 2026
Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər