“Pamuk”a necə “Pambıq” demək olar? - Xarici adlarla bağlı sorğu

“Pamuk”a necə “Pambıq” demək olar? - Xarici adlarla bağlı sorğu
18 iyul 2023
# 15:00

Xarici adların yazılışı həmişə müzakirə mövzusu olub. Məsələn, bəziləri “Höte” yazır, bəziləri “Göte”, bəziləri də “Gete”. Nə qədər müzakirə olunsa da, hələ də bir ortaq məxrəcə gəlinməyib.

Kulis.az mövzu ilə əlaqədar ədəbiyyat adamlarının fikirlərini təqdim edir.


Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu:

"Bu, çox qəliz məsələdir. Xüsusən də qohum dillərdən tərcümədə. “Kemal”ı “Kamal”, “Aziz”i “Əziz” yazmaq olur, amma Pamuku “Pambıq” kimi "tərcümə eləmək" olmur. Bu məsələ ilə bağlı yekdil qərarı mütəxəssislər verməlidirlər. Sovet vaxtı hətta rus dilinə tərcümədə də belə problemlər vardı - Şekspiri “Vilyam”, Folkneri “Uilyam” yazırdılar. Məncə, bizim dildə xarici adlar səsləndiyi kimi yazılmalı (transkripsiya), mötərizədə orijinal yazılışı göstərilməlidir".

Mahir N.Qarayevin romanı çap olundu

Mahir N.Qarayev:

"Höte, Böll, Kamyu, Markes, Svetayeva... bu ad-soyadlara şəxsən mən rus dili vasitəsilə tanış olduğum ədəbiyyatda rast gəlmişəm və onları öz dilimizdə rus dilində səslənişinə əsasən yazmışam.

Əvvəllər “Vilyam Şekspir” və “Uilyam Folkner” yazırdıq. Amma indi ortaya haqlı sual çıxır: ingiliscə hər iki ad “William” kimi yazılırsa, bizdə niyə fərqli olsun? Nəyə görə biri “Vilyam”, digəri “Uilyam” şəklində yazılsın? Yaxud fransızca “Albert Camus” bizdə “Alber(t) Kamyu” kimi yazılmalıdır, yoxsa “Alber(t) Kamü” kimi?

Yeri gəlmişkən, bu təkcə yazıçılarla bitmir, məsələn, ingiliscə iki məşhur şəhərin adına baxaq: New York və New Orleans. Biz onların birini “Nyu-York”, digərini “Yeni Orlean” kimi yazırıq.

Əlbəttə ki, bu sahədə səliqə-sahman yaratmaq üçün ciddi müzakirələrə ehtiyac duyulur. Şəxsən özüm belə düşünürəm: məncə, Kamyunun əsərini çevirən tərcüməçi yazıçının adını “Alber Kamyu” kimi yazmalı, lakin bir yerdə (mötərizə içində, yaxud çıxarışda) adın fransızca (Albert Camus) yazılışını da göstərməlidir".

Bu tamaşa məhəlli bir hadisədir – Aydın Talıbzadə yazır...

Aydın Talıbzadə:

"Azərbaycan dilində xarici adların yazılışı, mənim fikrimcə, adın və ya soyadın əcnəbi dildə deyilişinə uyğun yazılıb tələffüz edilməlidir. Bizdə soyadı gah “Höte”, gah “Gete”, gah “Göte” kimi yazılıb tələffüz edilən dahi şairi almanlar “Qüte” kimi tanıyırlar, Hegeli – “Heqel” kimi, Freydi – “Froyd” kimi və s. Bu da ondan irəli gəlir ki, Azərbaycan dilinə əksər əsərlərin tərcüməsi orijinaldan yox, ruscadan edilib. Tutalım, ruslar "Qeqel" yazanda alman filosofun soyadını düz yazıblar, bizsə rusların tələffüzündən təsirlənib Qeqeli götürüb eləmişik “Hegel”. Düz deyil. Hər zaman orijinala müraciət etmək lazımdır. “Uilyam” da həmçinin. "Dabl yu" hərfi "ui" kimi tələffüz edilir. Bu, elə belə də qalmalıdır. Ruslar öz paytaxtlarına "Maskva" deyirlər. Biz onu “Moskva” kimi yazanda rus diliini bilməyən adam bunu elə “Moskva” kimi də tələffüz edəcək. Mən bunları yazarkən də içimdə doğrunu söylədiyimə tam əminlik yoxdur. Çünki müəyyən xalqlar var ki, bütün əcnəbi adları öz dillərinə uyğunlaşdırırlar. Məsələn, ərəblər Marksa deyirlər “Mərkisu” və heç kəs də bununla dartışmır. Ancaq ərəbcəni bilməsən, heç kəs anlaya bilməz ki, “Mərkisu” alman filosofu Marksın bildiricisidir. Odur ki, mən sözün orijinalda olan tələffüzünün saxlanılmasına daha çox üstünlük verirəm".

Ədəbiyyatla həyat arasında – Elnarə Akimova yazır...


Elnarə Akimova:

"Mən adların elə orijinalda olduğu kimi saxlanmasının tərəfdarıyam. Dünyada qəbul olunmuş qayda belədir artıq. “Pamuk”a necə “Pambıq” demək olar? Bunun bir estetik tərəfi də var axı".


Səlim Babullaoğlunun Ukraynada kitabı çap olundu


Səlim Babullaoğlu:

"Adlar tərcümə olunmamalı, ana dilimizdə səsləniş (transkripsiya) və ehtiyac olduqca orijinal versiya (yazılış) ilə təqdim ediməlidir... Amma ola bilsin ki, qohum dillərdəki adlarla bağlı bəzi istisna qaydalar tətbiq edilə bilər... "Küçük" yerinə "Kiçik" kimi, məsələn...".

BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır" - Yusif Rzayev


Yusif Rzayev:

"Brend şirkət adları və digər bütün adlar bizim dildə necə səslənirsə, o cür də yazılmasının tərəfdarıyam".

Qələbənin işığındakı şeirlər - Nərgiz Cabbarlı yazır...

Nərgiz Cabbarlı:

"Bu məsələni dəfələrlə müzakirəyə çıxarmışıq, ANAİB-də də, nəşriyyatlar arasında da. Amma məncə, bu, rəsmi qaydada həll edilməlidir. Necə ki digər bir çox məsələlərlə bağlı orfoqrafiya qaydaları müəyyən edilir, bu da eyni şəkildə tənzimlənməlidir.

Şəxsən mənim fikrimə gəlincə, tələffüzü əsas götürərdim. Məsələn, ingilis dilini bilməyən adam “Viskonti”ni “Vickonti” oxuyacaq.

Və bu düz deyil. Türklər yazılış forması orijinalda necədirsə, onu əsas götürürlər.

Bu ənənə var onlarda, amma açığı, mən qəbul etmirəm bunu. Subyektiv də səslənə bilər.

Çünki biz Azərbaycan oxucusuna təqdim edirik kitabı və onun kitab müəllifinin orijinalda adının necə yazılmasından xəbəri olmaya, ya da dili bilməyə, oxuya bilməyə bilər.

O ki qaldı türk adlarına, orada da eyni prinsip işləməlidir. Səslənmədə “Pamuk”dur, niyə bunu “pambıq” edək ki?

Qaydalar müəyyən edilməlidir, cəmiyyətə təqdim olunmalıdır. Onu da deyim ki, yazı qaydalarımızda buna bənzər xeyli boşluqlar var ki, hələ də həllini gözləyir.

Hətta onların bəzilərini ANAİB Dilçilik institutuna təqdim etmişdi, müzakirələrdə biz də iştirak etmişdik. Konkret suallar qoyulmuşdu, konkret cavablar verilə bilərdi. Yəni danışdıq, elə danışdığımızla da qaldıq".

Nəriman Əbdülrəhmanlı yaddaşını heç kəsə vermək istəmir

Nəriman Əbdürrəhmanlı:

"Bu məsələ mənim də, necə deyərlər, yaralı yerimdir. Bəla burasındadır ki, Azərbaycanda EA Nəzdində Teninologiya Komitəsi, Dilçilik İnstitutu, Dil Monitrinq Mərkəzi kimi qurumlar ola-ola neçə illərdir ki, bu məsələni yoluna qoya bilməmişik. Bu məsələdə başlıca nə rol oynamalıdır, adların orijinalda yazılışı, tərcümə olunan dilin qaydalarına görə səslənişi, yoxsa "qızıl orta"? İndi tam anarxiyadır, kim necə düşünürsə, elə də yazır. Mən üçüncü yolun tərəfdarıyam. Yəni Azərbaycan ad-soyadları xarici dillərdə həmin dilin qanunlarına əsasən yazılır, amma orijinaldakı yazılış da nəzərə alınır. Biz də məhz "qızıl orta"ya əsaslanmalıyıq. Yəni Şekspiri – “William Shakespeare” - ağlamalı vəziyyətə salırıq. Ən faciəvi vəziyyət də Anadolu türkcəsindəki ad-soyadlarla bağlıdı. Ortaq bir qayda olmadığına görə hər kəs istədiyi kimi yazır. Mən o ad-soyadları dilimizdə yazanda da "qızıl orta"nın tərəfdarıyam. Əlbəttə ki, “Pamuk” soyadını “Pambıq” kimi yazmaq gülünc olar, çünki ad-soyad tərcümə olunmur. Onda gərək Lev Tolstoyu “Şir Yoğun” kimi yazaq. Amma, məsələn, Anadolu türkçəsindəki “Küçük” sözü bizdə tamam başqa məna verdiyinə görə belə istisnaları nəzərə almaq olar. Bir sözlə, bayaq adlarını çəkdiyim qurumlar mütəxəsisləri və ziyalıları cəlb edib tezliklə bu problemə aydlınlıq gətirməlidir".

Famil Cəfərlinin ailəsində

Famil Cəfərli:

"Düzü, bu məsələ az qala, hər gün qarşımıza çıxır. Çıxış yolu da tapılmır. Hərə bir şey deyir. Dilçilərin məsələsidir. Transliterasiya ilə onlar məşğul olmalı, vahid qayda qoymalıdırlar".


# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Damar katarsisi - Aslan Quliyevin hekayəsi

Damar katarsisi - Aslan Quliyevin hekayəsi

15:00 2 noyabr 2024
Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
# # #