Ölümsüz bir öpüş istəyirəm mən – Füruğ Fərruxzadın şeirləri

Füruğ Fərruxzad, şair

Füruğ Fərruxzad, şair

25 may 2022
# 17:00

Kulis.az məşhur fars şairi Füruğ Fərruxzadın şeirlərini təqdim edir.

Yorğun

Əbədi dinclikdir mənim diləyim,
Usandım boşuna ümid etməkdən.
Qoy daha artmasın könlümdə həsrət,
Sonsuz bir rahatlıq istəyirəm mən.

Qəlbimdən keçərək söyləyirəm ki,
O tərs inadkardan keçsəm, yaxşıdır.
Onun o atəşli öpüşündənsə,
Ağulu şərbətdən içsəm, yaxşıdır.

O, elə sandı ki, sərxoşcasına
Yatdımsa bir gecə yatağında mən.
Bu qalan ömrümün hər gecəsini
Yatmışam yadların qucağında mən.

Daha nadanlıqla onun eşqinə
Qurban eyləmərəm mən qürurumu.
Bəlkə bundan sonra tapa bilərəm
İtmiş sevincimi, həm hüzurumu.

O kəs ki, könlümə vermişdi fərəh,
O kəs ki, ümidim, sevincim idi,
Hər yerdə haqqımda heç düşünmədən
"Sadəlövh, adi bir qadındı" dedi.

Hanı o uşaqlıq səmimiyyəti?
Alışıb-yanıram bu hiylələrdən.
Ey ölüm, sənin o lal dodağından
Ölümsüz bir öpüş istəyirəm mən.

Get, başqa qadına apar bu kibri
Ki, sənin eşqinə bel bağlamasın.
Sənin bu ağrılı bədənini o,
Sevgiylə, lütflə qucaqlamasın.

Tapmazsan yoluna səpdiyim eşqi,
Başqa ürəkləri axtarma nahaq.
Sənin dodağını öz dodağımtək
Atəşə qərq etməz başqa bir dodaq.

Zəif gözlərimlə səni axtarıb,
Yollarda nigaran olmaram artıq.
Sənin o xəyala dalmış gözünü
Düşünüb yuxusuz qalmaram artıq.

Sənlə görüşməyin xəyalın qurub,
Ardınca düşmərəm dərbədər daha.
Səninçün dəlitək, ey əbəs ümid,
Olmaram özümdən bixəbər daha.

O kiçik otağın lal zülmətində
Çarəsiz qalaraq eyləmərəm qəm.
Gözümü dikib də hər an qapıya,
Hamıdan gizlində mən ah çəkmərəm.

Sən, ey safürəkli, safqəlbli qadın,
Kişidən sədaqət umma heç zaman!
O, bilmir məhəbbət nədir, sən ona
Nəbadə könlünün sirrin açasan!

Gecənin soyuq xiyabanlarında

Mən peşman deyiləm.
Mən bu təslimi düşünürəm,
bu ağrı dolu təslimi.
Öpdüm öz qətl yerimin təpələri üstündəki
tale xaçımı.

Gecənin soyuq xiyabanlarında
cütlüklər həmişə şübhə ilə
tərk edirlər bir-birlərini.
Gecənin soyuq xiyabanlarında
"Xudahafiz, xudahafiz"dən başqa
bir səs yoxdur.

Mən peşman deyiləm.
Qəlbim zamanın o yanında axır sanki.
Həyat təkrarlayacaq mənim qəlbimi
və külək göllərində üzən zəncirotu
təkrarlayacaq məni.

Ah, görürsən
necə çatlayır dərim?
Necə mayalanır süd
mavi damarlarında bu soyuq döşlərimin.
Ah, görürsən
qan mənim dözümlü belimdə
necə cücərtməyə başlayır
qığırdağını?

Mən sənəm, sən.
Sevən bir kəsəm mən.
Mən o kəsəm ki, öz daxilində
bəlli olmayan bir bağlantı
və minlərlə naməlum,
qəribə şey tapıram qəfildən.

Mən kəskin istəyiyəm yerin.
Bütün çöllər bar gətirsin deyə,
özümə çəkirəm bütün suları.

Qulaq as
mənim əlçatmaz səsimə
səhər dualarının qatı dumanında.
Və güzgülərin səssizliyində mənə bax.
Gör ki, yenə əllərimin qalıqları ilə
necə toxunuram
bütün yuxuların qaranlıq dərinliyinə.
Və döymə etdirirəm ürəyimə
məxluqatın məsum səadətləri üstündəki
qanlı bir ləkə kimi.

Mən peşman deyiləm.
Məndən danış, ey sevgilim!
Məndən danış gecənin
soyuq xiyabanlarında tapacağın
və mənim kimi aşiq gözləri olan
başqa bir mənə.
Və gözlərinin altındakı
mehriban cizgilərdən
öpərkən o, hüznlə
yadına sal məni.

Yuxu

Astaca gecə çökürdü
qaranlıq şüşələrə isti kültək.
evin həyətindəki kölgə təsvirlərini
durmadan alt-üst edirdi külək.
Tüstütək dalğalanırdı divarda
nilufər qıvrımları.
Şam ağacları arasından görünən
cadugər ay işığı
sönük bir çıraqla sürünürdü astaca.
Öz sərgərdan ruhunu axtarırdı sanki
zülmət məzarlıqda.

Mən sükut və təşvişdən bezərək,
yatağımın qoynuna süründüm.
Dedim: "Ey yuxu, ey barmağının
ucu yaşıl bağların açarı,
Ey gözləri qayğısız balıqların
qaranlıq gölməçəsi!
Heybəni ağlayan körpəmin üzünə aç
və məni unutqanlıq pərilərinin
çəhrayı rəngli diyarına apar özünlə!"

Fars dilindən tərcümə: Məhəmməd Nuri

# 5106 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər