Nüşabə Ələsgərli: "O hadisədən sonra ölmək istədim" - Müsahibə

Nüşabə Ələsgərli. Əməkdar artist

Nüşabə Ələsgərli. Əməkdar artist

29 noyabr 2021
# 09:00

Kulis.az Əməkdar artist Nüşabə Ələsgərli ilə müsahibəni təqdim edir.

- Nüşabə xanım, bir azdan tədbirə gedəcəksiniz, salonda hazırlaşarkən mənimlə söhbətləşirsiniz. Çətin deyil bir neçə işi eyni vaxtda görərək yaşamaq?

- Hər bir insanın öz alın yazısı var. Allah-tala da hər kəsə seçdiyi sənətə görə yük verir. Ona görə də mən bu cür həyat tərzinə, çətinliyə öyrəşmişəm.

- Məşhurluğun üstünlükləri və mənfi tərəfləri nədir?

- Mənfi tərəfi odur ki, misalçün, mənim bacı və qardaşlarımı heç kim görməyib. Halbuki onlar hamısı alimdirlər və öz işlərinin peşəkarıdılar. Amma onlar heç vaxt efirə çıxmayıblar. Nə onlar mənim adımdan, nə də mən onların adından istifadə etmişik. Çünki ictimai adam mənəm. Mənim bacı-qardaşlarım, övladlarım, heç yoldaşım da ictimai adam deyil. Adımın üstünlüyü isə odur ki, həmişə mənə kömək olub. Yəni məşhurluğun yaxşı tərəfləri də var, pis tərəfləri də.

- Musiqiyə ilk olaraq saz alətində ifaçılıqla başlamısınız...

- Mən aşıq sənətini hədsiz dərəcədə sevirəm. Dastanlarla, aşıqlarla, saz sənəti ilə bağlı məndə çoxlu şirin xatirələr var. Mənim müəllimim atamın dostu aşıq Sakit Qurbanov olub. Sakit müəllim də Aşıq Şəmşirin şagirdi olub. Mən dördüncü sinifdə oxuyanda müəllimim məni Kəlbəcərə Aşıq Şəmşirin yubileyinə aparıb. Orda saz ifa etmişəm. Mən onu canlı görmüşəm, bu hər adama nəsib olan şey deyil. Onda biz Şəkidə yaşayırdıq. Sonra Sumqayıta köçdük və mən sazla vidalaşdım.

- Ailəniz mühafizəkar olub?

- Yox, o qədər də mühafizəkar valideynlərim olmayıb. Çox azad böyümüşük. Amma müəyyən sərhədlərimiz olub. Biz bilirdik nəyi etmək olar, nəyi yox. Mənim özümün azadlığım da Azərbaycan dəyərləri hara qədərdirsə, ora qədər olub. Azərbaycan mentalitetində elə qanunlar var ki, biz onu anadan olanda dəftərə yazmırlar. Amma dərk etdikcə, bilirik ki, bunu etmək olmaz. Bütün bunlar artıq gendən gəlir. Uzandığın yerdə böyük gəlirsə, dikəlib oturmaq və yaxud da atanın, qardaşın evdə maykada gəzməsi heç bir kitabda yazılmayıb. Amma Azərbaycan mentalitetində bu var.

- Bəstəkar, cazmen Rafiq Babayevlə birgə işləmisiniz. Necə yadınızda qalıb, ondan nə öyrənə bildiniz?

- Rafiq Babayev fenomenal insan idi. Onunla işləməyimiz təəssüf ki, uzun zamanı əhatə etmədi. Çünki Rafiq Babayev 94-cü ildə metroda törədilən terror hadisəsi zamanı həlak oldu. Bu səbəbdən mən onunla yalnız dörd mahnı işləyə bildim. O, peşəkar, istedadlı insan olmaqla yanaşı həm də ağır təbiətli, azdanışan, təmkinli və kübar adamıydı. Mən nə zaman ki, məşqə gəlirdim, onu həmişə royal, sintezator arxasında işləyən görürdüm. Mən onu heç vaxt əsəbi, bərkdən danışan, kiməsə qışqıran görmədim.

- Bu gün bizdə səhnədə sənətdən çox şou göstərilir. Sizcə bunun səbəbləri nələrdi?

- Bütün bunlar aparılan təbliğatdan irəli gəlir. Təbliğat vasitələri də siz bilirsiniz ki, radiolar, televiziya kanalları, qəzetlər və saytlardı. Dünyanın hər yerində bu belədir. Və qarşısı alınmazdır. Pis şeylər də daha tez görünür, ona maraq artır. Çox loru bir misal çəkim. Küçədə çılpaq gedən adama daha çox baxacaqlar, nəinki sənə, mənə, geyimli olana. Ona görə sənət arxada qalıb ki, sənəti yaxşı təbliğ etmirlər.

- Sənəti kim təbliğ etməlidir?

- Hamı. Kimin üzərinə nə düşürsə, onlar da etməlidir. Sizin özünüz səviyyəli media orqanı olaraq axmaq saytlarla mübarizə aparmalısınız. Özlərini gic yerinə qoyan qadınların, kişilərin tiktokda, orda burda danışmalarını əlaqədar qurumlar qadağan etməlidir. Hər bir xalqın, dövlətin ağıllısı da var, gici də var. Hər gicin əlinə telefon, hər axmağın əlinə bomba vermək olmaz. Telefon da bomba kimi bir şeydir. Hərə əlinə birini alıb gəzir və insanların mənəviyyatını, əxlaqını korlayırlar. Mən heç kimin şəxsi işinə, həyat tərzinə qarışa bilmərəm. Hər kəs öz seçimində azaddır. Amma bu seçimi təbliğ etmək, artıq cinayətdir. Çinin iki milyard əhalisi var, ancaq orda votsap, tiktok, feysbuk yoxdur. Hərdən müəyyən şeylərdə adamları sıxmaq lazımdır ki, çərçivələri çox keçməsinlər. İntiharı, əxlaqsızlığı, cinayətləri nə qədər saytlarda, efirdə təbliğ etmək olar. Mən, sən onlara onsuz da kömək edə bilmərik. Cinayət məsələləri ilə məşğul olan hüquq mühafizə orqanları var. Müğənniyə, həkimə, tələbəyə bunlar maraqlı olmalıdır. Avropa ölkələrində bir neqativ xəbər paylaşmırlar. Bizdə isə belə deyil. Ona görə hamı stressdən əziyyət çəkir. Camaat stressdən ölür.

- Problem varsa, bunu qabartmaq lazlım deyil?

- Bizim vaxtımızda da belə şeylər olub. Hansısa kənddə bir qardaş, o biri qardaşın arvadını qaçırıbsa, bunu bizim bilməyimizlə nə dəyişəcək axı. Nə kömək edə bilərik biz və ya siz jurnalistlər.

- Biz Elmira Rəhimovanı, Flora Kərimovanı, Brilliant Dadaşovanı gördük. Bəs bizdən sonra gələnlər kimləri görəcək. Yəni sizə elə gəlmir ki, yaxşı örnəklər azalır?

- Kimlərsə başqa standartlarla gündəmə gəlmək istəyirlərsə, sözün düzü mən heç onları qınaya da bilmirəm. Çünki onlar adam balası kimi geyinirlər, oxuyurlar, amma tanına bilmirlər.

- Tanınmaq üçün mütləq soyunmalıdırlar?

- Soyunan kimi tanınırlar. İndi necə eləsinlər? Qırx ildir oxuyur, gözəl mahnılar ifa edir, tanına bilmir.

- Siz örtülü gəlmişdiniz, amma tanındınız...

- Bizim dövr başqa idi. O dövr sovet quruluşu və hakimiyyəti idi. O zaman bir telekanal vardı. Hamımız senzuradan keçib gəlirdik. İndi kanallar, saytlar çoxdur. Yaxşı oxuyan görür ki, pis oxuyan irəli gedir, yaxşı qonorar alır. O, da məcbur olur pis oxuyan adamın yolu ilə getməyə.

- Öz sənətini göstərə bilməyiniz üçün səhnəniz varmı, yoxsa elə hər şey toyxana ilə bitir?

- Söhbət məndən gedirsə, mən durumumdan razıyam. Yaxşı ki, universitetdə işləyirəm. Müğənni özünü harda göstərəcək? Bizdə həmişə efir müğənniləri gediblər mahnılarını ifa edib, səsyazma studiyalarında yazdırıb efirlərə çıxıblar. Efirə çıxa bilməyənlər də özlərini el şənliklərində göstəriblər. Həmin qayda bu gün də davam edir. Dövlət səviyyəsində müğənnilərimizin xaricə çıxması, məşhurlaşması təşkil olunmur. Bunun üçün Mədəniyyət Nazirliyi var. Ora müraciət olunandan sonra bu həyata keçirilə bilər. Bizim ölkəyə nə qədər xarici müğənnilərin gəlişi təşkil olundu. Cenefer Lopezə qədər Bakıya gəldi. Bizimkilər üçün bu şərait yaradılmır. Bizimkilər ancaq dövlət tədbirləri olanda dəvət olunur. Bəli, bizdə gedirik bu tədbirlərdə iştirak edirik. Bunun müqabilində də bizə qonarar yazılır.

- Mən əslində fərdi fəaliyyəti nəzərdə tutmuşdum.

- Bu gün heç bir müğənni deyə bilməz ki, mən konsert verib cibimi doldurdum. Müğənni konserti elə konsert xətrinə verir ki, sabah mən beş dəfə konsert vermişəm.

- Sizin axırıncı konsertiniz nə zaman olub?

- Hardasa 2003-2004-cü illərdə Heydər Əliyev adına sarayda olub. Bu da əslində normal deyil. Ona görə ki, sarayda konsert verməyin xüsusi qiyməti var ki, bu da çox böyük məbləğdir. Üstəlik də konsertin bilet satışı məsələsi var. Bunun üçün qurumlar, təşkilatlar olmalıdır. Bu da yoxdur. Hansısa bir şirkət sponsorluq edirsə, biletləri də o satır. Müğənninin işi çıxıb ancaq oxumaq olur.

- Sənət adamı kimi səhnəyə çıxmamaq, tamaşaçı ilə ünsiyyətdə olmamaq, yaradıcılığı təqdim etməmək sənət adamı kimi sizin üçün çətin deyil?

- Biz onu toylarla kompensasiya edirik. Təzə mahnılarımız da var, onları ifa da edirik.

- Toylar artıq sənət göstərmək məkanı deyil?

- Mini səhnədir də. Toy səhnəsinin digər səhnədən fərqi odur ki, orda azadlıq daha çoxdur, bir də yemək içmək var.

- Konsertdə tamaşaçılar gül-çiçəklə gəlib otururlar.

- Mən belə deməzdim. 85-ci ildə mən Almaniyada konsert vermişdim. Orda Rəşid Behbudov da, başqa sənətkarlarımız da iştirak edirdi. Gülüstan sarayı kimi bir saray idi. İnsanlar masa arxasında əyləşmişdilər, qarşılarında yemək də vardı və bizi dinləyirdilər.

- Bunlar istisnalardı...

- Bir konsert müğənniyə pul gətirmirsə, o niyə əziyyət çəksin. Sizin dedikləriniz sovet dövründə qaldı. Vəssalam. Biz indi bazar iqtisadiyyatındayıq, harda pul verirlər, gedib orda çıxış edirik.

- Şövkət Ələkbərovanın gəlini ilə müsahibə edəndə, şəklini çəkmək üçün bir bahalı əşyasını tapmadıq. Məlum oldu ki, heç vaxt da olmayıb.

- O, vaxtlar insanlar sadə həyat tərzi keçirirdilər. Şövkət xanım toylara getmirdi, maaşa baxan adam idi. Maaşla o dövrdə dolanmaq olurdu, amma indi olmur. O dövrdə də müğənnilərin səksən faizi toylara gedirdi. Rübabə Muradova gedirdi, amma Zeynəb xanım, Elmira xanım yox. O vaxtlar toya getmək pis sayılırdı. İndi hər şey dəyişib. İndi hamı bəstəkar da, müğənni də, musiqiçi də dolanmaq istəyir.

- Olubmu ki, sənət baxımından nə zamansa özünüzə xəyanət etdiyinizi düşünmüsünüz?

- Oxuduğum bəzi mahnıları kommersiya xətrinə etmişəm. Sonradan peşman olmaq da lazım deyil. Çünki bu mahnıları da oxumağa məcbursan. Dünya musiqisi İohan Sebastian Baxdan başlayır. O, dünya musiqisinin “A” hərfidi. Amma o, da acından ölüb. Bizim musiqimizin “A” hərfi də Üzeyir Hacıbəyovdur.

- Üzeyir Hacıbəyov da yaxşı yaşamayıb...

- Yox, o, yaxşı dolanıb. Sadəcə olaraq o, bir az pis vaxtlara düşüb. Onu öldürəcəkdilər, təsadüfən sağ qalıb. Koroğlu operasını yazdı, getdi Moskvada dekada da iştirak etdi və Mircəfər Bağırovun sayəsində sağ qaldı. Xilas edildi, yoxsa Üzeyir Hacıbəyovu güllələyəcəkdilər. Yəni həyatda həmişə haqsızlıqlar olub.

- Sənət və yaxud da yaşantınız naminə imtinalarınız olub?

- Sənət naminə yox. Mən sənətimi həmişə ikinci planda görmüşəm. Sənəti birinci planda görsəydim, çox şeylər edə bilərdim.

- Nə?

- İndiki durumumdan daha yuxarılarda ola bilərdim. Amma olmaz deyilən şeylər var ki, eləməmişəm. Deməli sənəti çox sevməmişəm. Daha doğrusu sevmişəm, amma qurban verəcək dərəcədə yox.

- Sənət qadağası olsaydı, qəbul edərdiniz?

- Yox, bir az ağıllı olsan, hər şeyi öz yerində daşımaq olur. Gərək ağıllı olasan. Nədənsə imtina edəndə, tərəzini işə salasan ki, dəyər ya, yox.

- Dostlarınız çoxdur?

- Bilirsən, indi insanlar bir-birindən yorulub. Adamlar problemlərinin öhdəsindən gələ bilmirlər. Hamı stressdən uzaq olmaq istəyir. Dostlarım da, tanışlarım da var. Əvvəllər telefonu götürüb saatlarla danışardıq, indi nədən danışaq? Koronavirus dövründə də danışdığım adamlarla mövzumuz ancaq rəhmətə gedənlər haqqında idi.

- Mütaliə edirsiniz?

- Əvvəllər çox edirdim. Vidadi Babanlının, Əlibala Hacızadənin kitablarını çox oxuyurdum. Dodaqdan qəlbə əsəri ən sevdiyim əsər idi. Bu yaxınlarda Çingiz Abdullayevin “Üçüncü variant” romanını oxudum. Bundan başqa rus dilində olan radio tamaşaları, audio kitabları dinləyirəm. Amma doğrusu indi o qədər çox oxuya bilmirəm. Sosial şəbəkələrdə daha çox oluram.

- Sizə bir dəfə zəng vuranda dediniz mən nevrozam, koronovirus xəstəliyinə görə hər kəsdən uzaq dururam. Sizə elə gəlmir ki, yaradıcı adam həm də bir az nevroz olmalıdır?

- Yəni demək istəyirsən dəli olmalıdır (gülür). Yaşayış tərzi məsələsi var. Qarşıya çıxan problemlərlə, cahilliklə mübarizə apara-apara dəli olursan. İndi heç evdən çıxmaq istəmirəm, heç yerə də getmirəm. Bəlkə də yorulmuşam. Daha doğrusu mühitdən iyrənmişəm. Heç nə maraqlı gəlmir mənə. Məni cəlb edən mənim ailəm. Onların problemlərini həll etmək.

- Yaradıcı insanın həyatında itki onun üçün nədir?

- İtki yaradıcı insanı öldürür. Altı il bundan əvvəl anam və bacım ard-arda rəhmətə getdi. Onların itkisi məni demək olar ki, məhv etdi. Yəni mən tamamilə dəyişdim. Mən böyüdüm. 48 yaşım vardı, anam gözümün qabağında idi, ona görə də mən özümü uşaq hesab edirdim. Bu yaşda mən onları iki ay fərqlə itirdim. Onda bacım xəstə yatırdı, amma anam xəstə deyildi. Anam rəhmətə getdi, ondan iki ay sonra isə bacım dünyasını dəyişdi. İnsanın içində kədər varsa, o, heç şən mahnılara yaxın düşmür. Oxumaq olmur. Lirik mahnılar oxuyanda da insanın yaşantıları mütləq səsə, tembrə təsir edir.

- Bu itkinin təsirindən sizi nə çıxardı?

- Zaman. Uşaqlarım, yaxınlarım, ailəm. Uşaqlarıma olan məsuliyyətim də rol oynadı. Nə edə bilərdim. Əlimdən heç nə gəlmirdi, həyat isə davam edirdi. Bu elə bir duyğudur ki, ölmək istəsən də ölə bilmirsən.

- Ölmək istədiniz?

- Hə, çox oldu...

- Sevgi sizin üçün nəyi ifadə edir?

- Nə bilim. Mənim o romanlarda, filmlərdə olan sevgilər yadımdan çıxıb. Əsl sevgi illərin öyrəşməsinə, vərdişinə aid olan sevgilərdi. Doğmalıq, öyrəşmək insana hava, su kimi lazımdır. Mənim üçün də əsas budur. Bu mənim həyat tərzimdir. Kişinin qadına, qadının kişiyə bildiyimiz sevgisi mənə lazım deyil. Mənim o yaşım deyil. Gənc olsaydım, bəlkə də olardı. Amma indi yox. Mənim üçün həyat yoldaşımın belə doğmalığı daha vacibdir. O, mənim həyat yoldaşımdır və mənim üçün artıq doğmam, evimin bir üzvüdür. Vacib olan budur.

Foto: İlkin Nəbiyev

# 11031 dəfə oxunub

Oxşar xəbərlər

# # #