Nazirin ölümü – Sərdar Aminin yeni hekayəsi

Sərdar Amin, hekayə

Sərdar Amin, hekayə

21 iyul 2022
# 10:56

Kulis.az yazıçı Sərdar Aminin yeni “Nazirin ölümü” hekayəsini təqdim edir.

Nazir öldü!

Eşidən kimi nədənsə göyə baxdım, Günəşi axtardım. Bulanlıq Bakı səmalarında rəngli bir şey görmədim. Çalışdım, Naziri içimdəki Günəşlə birgə düşünəm.

Boz adam idi. Onu Günəşsiz göz önünə gətirmək mənimçün müşküldən-müşküldür.

Bəlkə də tanışlarım arasında ölümünü düşünmədiyim yeganə adam idi Nazir. Nə yaşamışdı ki, ölsün?

Yox, yaş desəniz, varıydı, altmışı aşırmışdı. Hərçənd insan gərək ömründə heç olmasa bir kərə elə iş tuta ki, öləndə başqaları həmin yerə göz yaşı tökə, ordan nəsə cücərdib sığallaya, ağı deyə.

İllah elədim, Nazirin ölümünü yozmağa nişan tapmadım.

Uşaqlarına niyə yad idi? Bunun səbəbini də xeyli sonralar bildim.

Arvadından nə mən yazım, nə siz bilin…

Öz ağlı da o söz…

Onu həmişə uzaqlara baxan, kədərlə susan, gah da buyruğa gedərkən gileylənən – naşı əldə nabələd səslər çıxaran ud kimi donquldanan görürdüm.

Bircə o gün şən idi, içdən gülürdü…

Həmin gündən nə əvvəl, nə sonra Nazirin çöhrəsində alayı bir ifadə görmədim; eləcə bomboz…

Yayları beton quyunun üstündə oturar, həndəvərindən əl çəkməyən, quq-quq quqquldayan fərələri tumarlayar, əsrə təslim olan Günəşə baxar, günlərlə su dəyməyən başını bir barmağıyla astadan qaşıyar, susardı. Gün boyu çəmən çiçəkləri arasında əlvan kəpənəklər qovan, tənəkdə bişmiş sürməyi qoraları dimdikləyən fərələr də Günəşin şəfəqlərilə baxışar, gözlərini yumar, Nazirdən əl çəkməzdi.

Azacıq uzaqlara gedib təzədən Nazirin ölümünü düşündüm, tutunub kədərlənməyə bəhanə gəzdim, həmin günü düşünmək istəyəndə ona yenə acığım tutdu. İndi mənə nifrət yox, kədər lazım idi. Həmin günü düşünməyə gərək yoxdur.

Bahardan heç harasıyla yapışa bilməyən iki min iyirmi ikinci ilin martında Bakının boz səmalarına baxdıqca bəbəyimin ənginliklərə dikilməkdən səmada özünə oyduğu xəyali çuxurlar yadplanetlilərin uydurma boşqabları kimi uçuşur, Günəşə çevrilib batır, batdığı yerdən də doğurdu… Bu boşqablar ilk dəfə anamın məni burnumdan qan açılana qədər döydüyü günlərin birində peyda olmuşdu.

Həmin gün qurbağa öldürməkdən bezib evə gəldim, oynamağa təzə bir şey tapmayanda xalamın bir ay əvvəl mənim adıma aldığı adi gecə köynəyi yadıma düşdü. Həmin vaxt o qolsuz bəyaz gecə köynəyi mənim yeganə təzə şeyim idi. On gün susub təzədən gözümün yaşını tökdüm ki, bəlkə anam rəhmə gələ. Yalavac günlərimizdə karımıza gəlməyən min cür dəfə-darağını səliqəylə yığdığı sandıqdan həmin təzə paltar qoxan pambıq köynəyi mənə verə.

Ağlaya-ağlaya avazımı nə qədər qaldırsam da, anam yumşalmırdı. Yox ki yox!

Axırda səsimdən bezib paltar sabunu qoxan əllərini ətəyinə silə-silə üstümə gəldi. Sandığın yanında uzanmışdım, əvvəlcə bilmədim, sandığı açıb mənə bəyaz, təzə paltar qoxan gecə köynəyini verməyə gəlir, yoxsa məni döyməyə. İndi də düşünəndə dürüst bir fikrə gələ bilmirəm, ilahi, o yoxluğun içində məndə elə toppuş yanaqlar hardan pırtlamışdı?

Şillə yanağıma dəydikcə üzüm od verirdi. Cızdağı çıxan yanağımı sərasər şillələrdən qaçıranda paltar sabunu qoxan şapalaqlardan biri burnuma dəydi. Gözüm qaraldı, həmən-həmən ağız-burnuma dəmir, lavanda, marqans qoxan tanış ilıq maye doldu. Qanım ağzımdan aşağı axanda anam məni şillələdiyi cəldliklə, qarğış tökə-tökə sandığı açdı, meyit kimi uzanıb sızladığım vaxt üstümdə həmin xoş qoxunu duydum, gözümü açdım ki, təzə köynək kəfən kimi üstümə sərilib. Uşaq hikkəsilə elə qanlı-qanlı əynimə taxıb bağa qaçdım, uzanıb xeyli iç atandan sonra atamı çağırdım ki, gəl bax, göydə boşqablar uçuşur.

Mən xeyli sonralar bildim ki, həmin boşqablar qanazlığının peydasıdır, bunu da biologiya müəllimi olan atam yerindəcə bilib, hərçənd mənə deməyib.

Həmin gün atam bu qəraib boşqab dəstəsini başımdan bir qanadlı cümləylə qovdu:

– Yəqin dərman səpənlərdir. Mən yaşlıyam, görmürəm…

Mən də ordan qalxıb gicəllənə-gicəllənə Nazirin məndən iki bahar böyük oğluyla təzədən qurbağa öldürməyə getdik. Sonra gölün qırağından yığdığımız quru palıd yarpaqlarını ovub qəzetə bükdük, ilbiz kimi əyri-üyrü papirosumuzu yandırıb ağu tüstünü qarqara elədik. Özümüzü həsəd apardığımız kişilərin yerinə qoymağa macal tapmamış Nazir bizi haqladı. Oğlunun vecinə də olmadı, palıddan qayırdığımız papirosu sümürüb-sümürüb mənə uzatdı. Tüstüləyən zəhrimarı yerə atıb tapdaladım.

Nazir oğluna heçnə demədi, əvəzində gördüklərini gedib böyük qardaşıma danışdı. Qardaşımın qabağına çıxanda qolsuz gecə köynəyini dalqabaq geyindim ki, qan görünməsin. O da təzəcə tərləyən bığ yerinin haqqını vermək azarıyla məni yaxşıca əzişdirdi.

Cığıra bir mıx vurub uşaq avamlığıyla axşama qədər keşik çəkdim… Gözlədim ki, hər iki əlində su dolu vedrə qapımızdan keçən Nazir həmin barmaq boyda mıxa ilişib yıxılaacaq, mən də min zəhmətlə, ayağını çəkə-çəkə ora qədər daşıdığı dolu vedrələrin dağılmağına baxıb toxtayacam. Nazir gah mıxın solundan keçdi, gah sağından… Bir başqa dəfə ayağını mıxın üstündən apardı, bircə mıxa ilişmədi ki, ilişmədi…

İllər sonra bu gün Naziri axtaranda rastlaşdğım həmin boşqabları, o boşqablara qonub uçuşan uşaq canımı qoymağa yer tapmadım, özümə yazığım gəldi. Uşaqlığıma kövrəlib göz yaşımı Nazirə yozmaq insafdan olmazdı.

Çarəsiz qalıb yenidən həmin günü xatırladım… Məni iyrəndirən o günü…

Həmin gün biz Nazirin uşaqlarıyla təndirxananın divarına söykənib oynayırdıq. Üstümüzə aramla su səpildi.

Al Günəşdən qorunub divarın kölgəsinə çəkildiyimiz bir vaxtda yağış yağa bilməzdi. Hamı susub göyə baxdı, başımızın üstündə mavi səma göz işlədikcə uzaqlara çəkilmişdi. Mənim uçan boşqablarım da, öz yerində – hayana baxsam, işıq sürətiylə ora axırdılar. Başımızı aşağı salan kimi, yenə su!

Suyun təndirxana barısının üstündən, kətillə damın arasından fışqırdığını gördüm. Uşaqlardan kimsə dedi ki, canavar balalayır, canavar balalayanda Günəşli gündə də yağış yağır.

Qaçıb təndirxananın açıq qapısından içəri baxdım. Gördüyümə inanmadım. Məndən xəbəri yox idi, Nazir sıx damarlı iri orqanını sıxıb divarın üstündən uşaqların üstünə işəmək istəyirdi.

O vaxtlar böyüklərə həsədlə baxardım. Onlar ki uşaq deyillər, onların ki pulu, azadlığı var, demək, nə istəsələr, eləyə bilərlər. Bəs Nazirin bunca imkanı varkən niyə belə eləyirdi? Bu qədər sərbəst ikən niyə bir divarın üstündən üstümüzə işəməyi seçmişdi? Cavab tapmayanda, üstəlik onun müxənnət-müxənnət gülməyini, ətrafa səpələdiyi sidiyini görəndə Nazirə nirət elədim.

İndi, o gündən otuz il sonra Nazirin kəfənlik bez kimi qabağıma sərib qamış-qamış arşınladığım iki qərinəlik ömründə bundan xas bir xatirə tapmayanda kədərləndim. Sonra Nazirin divarın o tayında təəccüblü nidalar qışqıran uşaqların səsinə xısın-xısın gülməyini təkrar xatırladım. Deyəsən, uşaqlıqda saqqalını, boyunu görüb həsəd apardığım, “nə istəsə, eləyə bilər, böyükdür”, dediyim Nazirin ömründə bundan şən günü olmamışdı.

Bizə yağış kimi görünən, boyundan yuxarı qalxan sidiyinə baxa-baxa içdən gülən Nazirin üzü gözümdə təkrar canlananda, içimdəki kin yuyuldu. İşəyən xəyalına qoşulub ürəkdən güldüm.

Boz səmada hərlənən boşqablarım sığırçın topası kimi dağılıb ilim-ilim itdi.

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #