"O, Azərbaycan ədəbiyyatının yolgöstərənlərindəndir..." - Kamal Abdullaya yubiley təbrikləri

"O, Azərbaycan ədəbiyyatının yolgöstərənlərindəndir..." - Kamal Abdullaya yubiley təbrikləri
4 dekabr 2025
# 13:00

Bu gün Xalq yazıçısı Kamal Abdullanın doğum günüdür.

Kulis.az yazıçıya uzun ömür, can sağlığı arzulayır və qələm adamlarının yubiley təbriklərini təqdim edir.




Anar

"Mən Kamalı ürəkdən təbrik edirəm. O, çox dəyərli ziyalımızdır. Gözəl yazıçı, alim və mənim etibarlı dostumdur. Onun hər bir uğuruna sevinirəm. Arzu edirəm ki, gələcək doğum günləri də bugünkü kimi xoş keçsin. Kamal ilə bizim dostluğumuz uzun illərə dayanır. Xatirələrimizi danışmağa başlasam, gərək 1-2 saat davam etsin. Hər zaman xoş münasibətlərimiz olub. Ona minnətdaram ki, vaxtilə Azərbaycan Mədəniyyət Fondunda oğlum Turalı işə götürmüşdü. Hətta kitabını çap etdirib, ön söz də yazmışdı. Mənim də Kamal Abdulla haqqında bir neçə yazım var. Müəllifi olduğu və bu yaxınlarda premyerası baş tutan “Gülçöhrə və Əsgər” tamaşasına da baxdım. Çox bəyəndim. Bir sözlə, təbriklər!"




Rəşad Məcid


"Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud da dost məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox zaman unudur. Yadımdadır, məclislərin birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs müşahidə edib. Tələbələrin öz rektorları haqda səmimi, xoş sözləri, yaradılmış demokratik mühit barədə dedikləri yaxşı yadımdadır. Onun rektorluğu dövründə Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması, neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan Dillər Universitetinə də eyni yaradıcı ruhla rəhbərlik edir...

Kitab rəfimdə Kamal Abdullanın qalın, sanballı 7 cildlik "Seçilmiş əsərləri" var. Tez-tez cildləri nəzərdən keçirir, varaqlayır, bu sanballı yaradıcılığa dönə-dönə heyrətlənir və onunla qürurlanıram.

Doğumunun 75-ci ilini qeyd etdiyimiz bu günlərdə ədəbi, elmi və insani məziyyətləri ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın ehtişamlı, sehrli aurası haqqında danışarkən niyyətim bu böyük şəxsiyyətin çoxşaxəli fəaliyyətinə bir daha ehtiramımı bildirmək və bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda, elmimizdə və dostluqda var olmasını arzulamaqdır".



Səlim Babullaoğlu

"Mən də, görünür, bir çoxları kimi sevdiyim şeirlərin siyahısını tutmuşam və o şeirlərin arasında Kamal Abdullanın “Beyrəyin kafir qızı ilə vidalaşıb əsrlikdən qaçması” şeiri də var. Hər dəfə bu şeiri xatırlayanda qəribə, səbəbsiz bir hüzn hissi məni bürüyür. Sadədir, dastana söykənir — üst qatı etibarilə. Alt qatında isə ömrünü kitabların arasında, kitabxanada keçirmiş və keçirməkdə olan intellektualın labüd təkliyi, tənhalığı dayanır:

Uca qala divarları gecə kimi lal,
On dörd günlük Ay da ona yol göstərirdi.
Kafir qızı yalvarırdı: “Getmə, bəyim, qal!”
Oğuz elə uzaqlarda yol gözləyirdi.

Şahin kimi uçdu, getdi, itdi uzaqda.
Bir həsrətli yuxu imiş bu Oğuz yolu.
Boz ayğırlı Beyrək oldu nöqtə uzaqda.
Kafir qızı hasar üstə — gözləri dolu...

Dünya ədəbiyyatında çoxlu böyük şeirlər var ki, müəllifləri özlərini dünyanın və ədəbiyyat tarixinin əvvəlki, ölməz əsərlərinin situasiyalarında “görüblər”, həmin mətnlərin qəhrəmanları ilə özlərini “tutuşduraraq” yazıblar. Məsələn, Pasternakın “Hamlet”i, Herbertin “Qoca Prometey”i, Suçevyanunun “Yeni Danimarka”sı kimi. Kamal müəllimin bu çox sevdiyim şeiri isə sadaladığım həmin şeirlərlə qan qohumudur — necə ki, Kamal Abdullanın özü də XX əsrin az əvvəl adlarını çəkdiyim bu şairləri, eləcə də digər böyük ədibləri və eruditləri ilə qohumdur; yazıçı kimi isə Borxeslə, Eko ilə.

Kamal Abdulla həm yazdığı elmi əsərləri və tədqiqatları ilə, həm hekayə, roman və pyesləri ilə, həm də tərcümələri ilə çağdaş Azərbaycan ədəbiyyatının və elmi-mədəni mühitinin ciddi, böyük hadisəsidir. Görkəmli alim olmaqla yanaşı, böyük təhsil təşkilatçısıdır. Bakı Slavyan Universitetinə rəhbərlik etdiyi dövrdə yaratdığı “Yaradıcılıq fakültəsi” və ümumilikdə universitetdə formalaşdırdığı mühit, bu gün isə Dillər Universitetinin rektoru kimi gördüyü işlər onun şəxsiyyət miqyasını göstərir.

Onun müxtəlif illərdə yaratdığı Yaradıcılıq Fondu (əvvəlki Mədəniyyət Fondu), nəşr etdirdiyi “Ruh” qəzeti və digər layihələri ədəbi-mədəni həyatımıza həmişə yeni və əvəzsiz impulslar verib.

Daha əvvəl yalnız “Sözün sirri” və digər televiziya proqramlarından qiyabi tanıdığım və tanıdığım andan məndə dərin simpatiya oyatmışdı. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində onun dil və ədəbiyyat haqqında dedikləri məni ovsunlamışdı. Kamal müəllimlə ilk dəfə 1997-ci ilin sentyabrında fin yazıçılarının Bakıya səfəri zamanı şəxsən tanış olmuşam.

Və ötən 28 il ərzində, ümumi xronometrajı bəlkə də 12 saatı keçməyən canlı ünsiyyətimizə baxmayaraq, Kamal müəllim haqqında formalaşmış qənaətlərim bütövlükdə onun kitabları — roman, hekayə, şeir, tərcümə, esse və məqalələri əsasında yaranıb. Buna görə sevinirəm. Çünki ola bilsin, xarakteri bəzən “çətin adam” kimi səciyyələndirilən Kamal müəllimlə sıx şəxsi ünsiyyət bu qənaətlərimə bir qədər “kölgə” sala bilərdi. Yeri gəlmişkən, yüksək dəyərləndirdiyim insanların bir çoxu ilə məhz bu səbəbdən məsafə saxlamışam; daha doğrusu, bu mənim istəyimlə yox, taleyin iradəsi ilə baş verib.

İndi isə əziz Kamal müəllimi yenə də “uzaq məsafədən” səmimiyyətlə salamlayır və yubileyi münasibətilə onu təbrik edirəm.

Qoy uzun və sağlam yaşasın. Əsərləri və söhbətləri ilə ədəbiyyat, elm və mədəniyyət dünyamıza özünəməxsus töhfələrini verməyə davam etsin".





Etimad Başkeçid


"Kamal Abdulla ilə uzun illər bir yerdə işləmişəm. Əsərlərini hələ əlyazma şəklində oxumuşam. “Yarımçıq əlyazmalar və bütöv inanclar” adlı məqaləm həşmətli “Səhifələr” qəzetində çap olunanda “Yarımçıq əlyazma” yeni nəşrə hazırlanırdı. Bu gün çox məmnunam ki, o məqalədəki dəyərləndirmələrim və orada yer alan təxminlərim sonradan tamamilə özünü dogrultu.

Bu yubiley təkcə bir ömrün yaş ölçüsü deyil, Azərbaycan ədəbiyyatının, humanitar elminin və düşüncə həyatının bütöv bir mərhələsidir. Bir dəfə demişəm, yenə təkrar edirəm ki, öz şəxsiyyətinin və yaradıcılığının miqyası etibarilə Kamal Abdulla böyük bir dəyərdir.

Hər şeyə öz yanaşması, öz baxışı olan, yorulub-usanmaq bilməyən Kamal Abdullanın romanları, esse və tədqiqatları, həm oxucular, həm də elmi ictimaiyyət üçün yeni estetika, yeni düşüncə dinamikası yaratmışdır. Azərbaycan nəsrində metafizik baxışın, modern təhkiyənin, polifonik strukturun inkişafında onun rolu danılmazdır. “Yarımçıq əlyazma”dan tutmuş son dövr əsərlərinədək, ərsəyə gətirdiyi bütün mətnlər yalnız ədəbiyyat faktı deyil, həm də düşüncə hadisəsidir.

Unutmayaq ki, bu həm də parlaq bir müəllim ömrüdür, gənclərə yol göstərən, düşüncə mədəniyyətini formalaşdıran, ədəbiyyatın dərin qatlarını onlara sevdirən bir ömür. Təsadüfi deyil ki, onu öz aramızda eləcə “müəllim” adlandırırıq. Onun intellektual enerjisi, incə yumoru və insana olan həssas münasibəti ətrafındakı insanlara güc və ilham verir.

Bu əlamətdar gündə Müəllimə möhkəm can sağlığı, hüzurlu ömür-gün arzulayıram. Qoy hər şey ürəyincə, könlüncə olsun!".



Fəxri Uğurlu


"Umberto Eko, Milorad Paviç kimi şöhrətli filologiya professorları ədəbiyyatın nəzəriyyəsiylə praktikası arasına möhkəm körpü atıb elmlə sənəti növbəti dəfə qovuşdurmaqla bədii söz sahəsində yaranmış boşluğu bir xeyli doldurdular. Yaradıcı beyinin hər iki yarımkürəsinin həm oyaqlığını, həm də sıx əməkdaşlığını istəyən bu çətin işi bizim milli ədəbiyyatımızda alim-yazıçı Kamal Abdulla gördü.

Bir zaman gəlmişdi ki, ədəbiyyatımızın köhnə dərdlərə, xəstəliklərə qoyduğu diaqnozlar yeni dövrün, yeni (yaxud da yeniləşmiş) insanın ağrılarını, bəlalarını tam görməyə, köhnə vasitələr yeni dərdlərin mənzərəsini lazımınca göstərməyə yetmirdi. Bundan ötrü yeni alətlər, yeni görmə aparatları tapılmalı, insanın konkret mərəzi konkret zamanın kontekstindən çıxarılıb, ötən minilliklərin anaxronik zamansızlığında, ümumbəşəri kontekstdə, arxetiplər aləmində tədqiq olunmalıydı. Filologiya elmimiz bu metoda az-çox yiyələnmişdi – uzağa getmədən elə Kamal Abdullanın “Gizli Dədə Qorqud”larını misal çəkə bilərik. Qalırdı həmin metodu bədii ədəbiyyata calamaq. Bu işi də Kamal müəllim hələ ötən əsrin doxsanıncı illərindən elmin fəndlərini, üsullarını bədii janrlara tanıdıb mənimsətməklə asta-asta, mərhələ-mərhələ həyata keçirirdi – əvvəlcə esselərin, şeirlərin, ardınca pyeslərin, sonra da hekayələrin, romanların diliylə.

Kamal Abdullanın ədəbi taleyini də nəsilləri qovuşduran düyün nöqtəsi saymaq olar. Hələ uşaqlığından, eləcə də sonralar ədəbiyyat aləminə ayaq açmağa başladığı dövrdən azman elm adamlarının, görkəmli sənət xadimlərinin gözü qarşısında, əhatəsində böyüyüb püxtələşib. Vaxtilə özündən otuz-qırx yaş böyük müdrik kişilərlə dostluq-doğmalıq elədiyi kimi bu gün özündən otuz-qırx yaş kiçik müdrik dostları da var. Hekayələri aşağı-yuxarı on beş-iyirmi il bundan qabaq dərc olunmağa başlamış gənc nasir Kamal Abdullanı öz ədəbi nəsildaşı saydığını deyəndə təəccüblənirsən, ancaq hesablayanda görürsən ki, aşağı-yuxarı düz deyir.

Mən Kamal müəllimə tər istəklər, təzə diləklərlə süslənib bəzənmiş bu şərikli, ortaq ömrü doyunca yaşamağı arzulayıram".



Həmid Herisçi

“Son zamanlar biz tanınmış yazarların öz əvvəlki süjetlərinə yenidən, başqa cür qayıtdıqlarını görürük. Bu mövzuda ilk abzası Anar açıb. Siyahı “Balaca Fuadın son xahişi” hekayəsi ilə başlayır. Hekayənin janrı Amerikada “spin-off” adlanır. Bu janr çərçivəsində yazar öz köhnə qəhrəmanlarını yeni əsərlərində dirildə də bilər, köhnə fiqurların tozunu silib, onların yeni bədən ölçülərinə uyğun yeni kostyum biçə bilər. Arıqlayıb-kökəldiklərini nəzərə alıb yeni qeydlər aparar.

Kamal Abdulla bu ədəbi trenddə fərqli mövqe sərgilədi. O, Anardan fərqli olaraq öz mətnlərinə deyil, digər məlum süjetlərə redaktələr etdi. Müasir Qərb yazarlarından ilhamlanaraq “sequel” və “prequel” janrlarını ədəbiyyatımıza gətirdi. Bu janrlarda tanış süjetlər dekonstruksiya edilir; məlum mətnin yazılmamış əvvəli, sonu və ya davamı qələmə alınır. Kamal Abdullanın son “Gülçöhrə və Əsgər” pyesi isə məhz bu “prequel” janrının sərt, akademik tələblərinə tam cavab verir.

Kamal Abdulla ilk növbədə filoloqdur. O, bədii mətnlərə filologiyanı gətirməkdən çəkinməyib. Filologiya Kamal Abdullaya qədər ədəbiyyatşünaslığın bir parçası idi ancaq; o isə filologiyanı götürüb ədəbiləşdirdi, nəsrləşdirdi. İndi filologiyanı akademik kafedralardan və dissertasiyalardan deyil, Kamal Abdullanın ədəbi nəsrindən də oxumaq mümkündür. Deyərdim, hətta daha maraqlıdır.

Anardan sonra məhz Kamal Azərbaycan ədəbiyyatında şeirin, poeziyanın dominant mövqeyini şübhə altına aldı, yeni oxucu kütləsi formalaşdırdı və poeziyasız aləmləri oxucuya tanıtdı. İndi şairlərin işi daha da artıb. Biz Anarın və Kamalın yaratdığı ədəbi mühitə yenidən yeni poeziyanı gətirməliyik. Anardan və Kamaldan sonrakı poeziya bu iki təcrübədən öz nəticələrini çıxarmalı, poeziyanı yenidən birinciliyə qaytarmalıdır. Bu isə poeziyamızdan smart, modern üslublar, realizm və azca da nəsr tələb edir.

Yubileyin mübarək!

Ədəbiyyatın qara falaqqasında qədim zamanlarda çoxlarının dabanı döyülərdi. Ədəbi təhsil sistemi isə həmişə bizdən bir növ qara falaqqa tələb edəcək. Kim ədəbiyyatda bu gün axsayıb geridə qalırsa, bil ki, mənim gözümdə həmin adamlar virtual falaqqaların qurbanlarıdır.

Şükür ki, Kamal Abdulla bu ədəbi taledən qələmini qurtara bildi, əsl ədəbiyyata girdi. Təbriklər!”



Şərif Ağayar


"Kamal Abdulla dəyərli müəllim, dəyərli yazıçı, dəyərli dostdur. O, insan kimi də çox maraqlıdır. Onunla ünsiyyətdən adam doymur. Bu ünsiyyətdən çox şey öyrənirsən.

Kamal müəllimi 75 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm və ona həmişə gənc qalmağı, yaradıclıq eşqi ilə yaşamağı arzu edirəm".



Elnarə Akimova


"1990-cı illərdə professor Rəhman Bədəlov “Kitabi-Dədə Qorqud” hünərinin labüdlüyü” məqaləsində Qarabağla bağlı məğlubiyyətimizin əsasında ruhi əzikliyimizin dayandığını əsas gətirərək bunun başlıca səbəblərindən birincisini “illər boyu “Kitabi-Dədəm Qorqud”suz yaşadığımızda” görürdü. Professor haqlı idi, o mübarizə ruhu, türk ərənliyi ki, dastanın bütün çevrəsini ehtiva edirdi, məhz ondan uzaq salınmışdıq. Hər şey ora dönməli, lazım olanı mədəni sistemə transformasiya etməli, milli dirəniş əzmini ordan başlamaqla hərəkətlənməli idik.

Kamal Abdulla da ordan başladı, epos enerjisinin mədəniyyət dillərinə aşılanması prosesində sistemli və bütöv çalışdı. Yalnız dastanı deyil, yunan miflərini də araşdırmalarının predmeti etdi. İstər elmi, istərsə də ədəbi-bədii kontekstdə mif və dastan personajlarından vital enerji qaynağı kimi bəhrələndi. Ya da sadəcə əlyazma metaforasına müraciəti bəs elədi ki, tarixin oyun modelini qursun. Ümid edərək ki, bir gün hər şey yenidən başlayacaq... Başladı da. 2020-ci ildə, 44 gün davam edən müharibə, göstərilən şücaətlər və qazanılan zəfərimiz həm də altşüur məqamlarının, oyadılan genetik kodların, dövlətçilik tariximizin iki dövrünün - Oğuz cəmiyyətinin, Səfəvi xanədanının uğur təcəssümündən sıra tapdı ki, bu işdə Kamal Abdulla mətnlərinin də məxsusi rolu oldu. Bu da təsadüfi deyil ki, müharibənin ən qızğın günlərində Kamal Abdulla “Səngərdəki səs” hekayəsini yazdı. O zaman bu mətni İkinci Qarabağ savaşımızla bağlı “ərəfə mətni” kimi dəyərləndirmişdim. Özünəxas nəsr poetikasının gücü, qlobal mənaları baş vermiş həyat hadisələrində axtarması ilə Kamal Abdulla burada da hamını qabaqlamışdı.

Yetmiş beş yaşa adlayan Kamal Abdullaya can sağlığı və növbəti “ərəfə mətnlər” yazmağı arzulayıram!".



Mübariz Örən

"Kamal Abdulla elə yazıçılardandır ki, onun mütaliəsi hazırlıqlı oxucu üçün bir cənnət, bir istirahətdir; oxuya ara verib gülümsəyirsən, həyəcanlanırsan, düşünürsən — bir sözlə, həzz alırsan... Adrenalin duyursan. Hər mətni sanki "zaman maşını" kimi oxucusunu vaxtdan-vaxta, qatdan-qata aparır, ona "sehrli xalatı" geyindirib qorxulu, sirli, tanınmaz-bilinməz dünyalara səyahət etdirir və yenidən sağ-salamat Yerə qaytarır.

Kamal Abdullanın əsərlərində nə qədər ədəbiyyat, mif varsa, bir o qədər də riyaziyyat və fizika var. Amma cazibə qüvvəsinə — qravitasiya qanunlarına tabe olmayan “riskli gəzintilərində” belə oxucusunu təhlükəyə atmır; Ariadna ipini belinə möhkəm bağlayıb onu rahat şəkildə yenidən Yerə qaytarır.

Kamal Abdullanı oxuyanda sanki ölümdən belə qorxmursan; bilirsən ki, başqa hallara düşsən də, zaman dəyişsə də, mütləq doğma adamlara, doğma yerlərə yenidən qayıdacaqsan — itməyəcəksən.

Əziz müəllimimi, dostumu və sehrbaz yazıçımızı yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ləyaqətli ömrünü ürəyinin istədiyi qədər yaşasın.

Sağ və salamat olsun!"



Mirmehdi Ağaoğlu

"Kamal Abdulla Azərbaycan ədəbiyyatının yolgöstərənlərindəndir. Allah canını sağlam eləsin.

Bundan sonra da neçə-neçə gözəl, dəyərli əsərlər yaratsın, oxucuları sevindirsin".



Cavid Zeynallı

"Kamal müəllim yaşadığı ömrü, həyatı, yaradıcılığı ilə nümunə olan insandır. Kaş hamımız Kamal Abdulla ömrü yaşaya bilək: vicdanlı, təmiz, ləyaqətli, təəssübkeş, dostcanlı, zəhmətkeş, gözütox bir ömür. Yəni mübarək ömür. İnsana başqa nə lazımdır, heç nə! Belə ömrü Allah insana əta edir, lütf edir, bəxşiş göndərir. Ustadın doğum günü mübarək olsun!

Ömrü uzun, canı sağlam, könlü xoş olsun".

# 52 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə dövlət mükafatının məbləği 50 min manat olacaq

Ədəbiyyat üzrə dövlət mükafatının məbləği 50 min manat olacaq

12:39 4 dekabr 2025
Kamal Abdullanın 75 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Kamal Abdullanın 75 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

11:32 4 dekabr 2025
"Nasistlər heç də anadangəlmə cəllad deyildilər" - İsrailə nifrət eləyən yəhudi filosof

"Nasistlər heç də anadangəlmə cəllad deyildilər" - İsrailə nifrət eləyən yəhudi filosof

11:30 4 dekabr 2025
Mirzə Qədim İrəvani “Xalq Əmanəti”  layihəsinin 26-cı nəşrində

Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində

11:22 4 dekabr 2025
Rafiq Əzimov:  "Dedi ki, bu, ermənini oynayır, ona görə əl çalırlar" - Müsahibə

Rafiq Əzimov: "Dedi ki, bu, ermənini oynayır, ona görə əl çalırlar" - Müsahibə

11:11 4 dekabr 2025
Qızıl qaval - Mənzər Niyarlının hekayəsi

Qızıl qaval - Mənzər Niyarlının hekayəsi

11:00 4 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər