Kulis.az Naiq Babayevin "Kor nöqtə" romanı haqqında Cavid Ramazanovun yazısını təqdim edir.
“Parlaq İmzalar” nəşriyyatı mənə gözəl bağlamada “Kor nöqtə” romanını hədiyyə göndərəndə təəccüblənmişdim. Axı belə jestlərə öyrəşməmişik, evdə bişməyib, qonşudan gəlməyib, necə təəccüblənməyək. Nəşriyyat gənc ədibin romanını çap edib, üstəlik kitabı tanıtmaq üçün lazım bildiyi adamlara göndərir ki, oxuyub agah olsunlar, mümkünsə, rəy bildirsinlər. Kompleks iş bir sözlə.
Amma Naiq Babayev imzası mənə heç nə demirdi, haqqında eşitməmişdim, fikirləşdim, yəqin, hansısa təzə-tər gənc yazardır, intihardan, ölüm-itimdən nələrsə yazıb. Bir neçə ay yaxın durmadım kitaba. Günlərin bir günü boşluq idi, romanı götürüb vərəqləməyə başladım və gözümü açdım ki, 50 səhifəni su kimi içmişəm. Qarşımda özünəməxsus üslubu, parlaq obrazları və ağıllı texnikası olan bir müəllif dayanmışdı. Sonda deyəcəyimi elə əvvəldə deyim: Naiq Babayev parlaq istedaddır!
Bildunqsroman
Azərbaycan ədəbiyyatında bildunqsroman, yəni baş qəhrəmanın yeniyetməlikdən yetkinlik dövrünə qədəm qoymasından, onun psixoloji və əxlaqi inkişafından bəhs edən roman boşluğu var. Bəlkə də, bizim romançılığımız qapalı Sovet rejimində formalaşdığına görə bu janr əl-qol aça bilməyib, bir növ raxit qalıb. Bildunqsroman müəllifdən autentiklik tələb edir, daxili senzuraya getsən, yaza bilməzsən, yeniyetmə hisslərini gizlədə bilmir axı, hələ ürəyindəkiləri ört-basdır etməyə, cəmiyyətə uyğunlaşmağa müvəffəq olmayıb, ona suallar və şübhələr qənim kəsilib, içində üsyan qaynayır.
Romançılar cəmiyyətin mental xüsusiyyətlərini, əxlaq və normalarını imtahana çəkmək istədikdə bildunqsromana müraciət edirlər. Bir çox kult romanlar bildunqsromanlardır: Stendalın “Qırmızı və Qara”sı, Floberin “Sentimental tərbiyə”si, Cek Londonun “Martin İden”i, Tomas Mannın “Sehrli dağ”ı, Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ı və sair. Mənim Naiq Babayevin qələmində bəyəndiyim cəhətlərdən biri də bu oldu – bildunqsromana müraciəti.
“Kor nöqtə” romanında hadisələr əsasən məktəbdə cərəyan edir. Aha, daha bir vacib nüans. Azərbaycan cəmiyyətində məktəbin əlahiddə yeri var. Məktəbdən gözləntilərimiz çoxdur, ailə tərbiyəsi, cəmiyyətin ictimai-siyasi-mədəni quruluşu məktəbin yanında sonrakı yerlərdə qalır, bir çoxlarımız elə güman edirik ki, məktəb bütün eybəcərliklərdən arınmış pak bir məbəddir, uşaq ora düşdüsə, mükəmməl insan kimi çıxmalıdır.
Naiq Babayev əsas obrazı Şahmarın vasitəsilə bizə Azərbaycan məktəbini göstərir, tam çılpaqlığı ilə. "Kor nöqtə"ni dəyərli edən başlıca cəhət müasir və aktual mövzusudur - deyib keçək digər məsələlərə.
Texnika
“Kor nöqtə” romanında könlümü oxşayan məqamlardan biri dialoqlar oldu. Çox inandırıcı və təbii dialoq texnikası var Naiqin. Azərbaycanda belə məharətli dialoq texnikasına az hallarda şahid olursan. Müəllif uzun müddət ssenari işi ilə məşğul olub, dialoq texnikasını buradan əxz edib.
Obrazları da yaxşıdır. Müəllif qəhrəmanlarını hiss edə bilir, Şahmar obrazı necə təbii alınıbsa, şagirdin dostu (şıdı) Firuz obrazı da təbii alınıb, o cümlədən də üçüncü, dördüncü dərəcəli obrazlar.
Romandakı hadisələr zənciri yaxşı işlənib. Baş verənlər arasında məntiqi əlaqə var, bir hadisə oxucunu başqa hadisəyə aparır, beləcə hekayə aram-aram açılır.
İstənilən roman həm də araşdırma işidir. “Kor nöqtə”ni oxuduqca, hiss edirdim ki, müəllif mövzusunu yaxşı araşdırıb, nə yazdığına dərindən bələddir.
Əlbəttə, onun bir müddət məktəbdə işləməsi də mövzuya hakim olmasına imkan yaradıb.
Naiq Babayev sadə və qısa cümlələrlə yazır, amma maraqlı dillə oxucunu süjet xəttinə bağlamağı bacarır. O, romanın məzmununun tələb etdiyi dili ortaya qoya bilib.
Tərifdən bu qədər, keçək tənqidə.
"Kor nöqtə”nin çatışmazlıqları
“Kor nöqtə” romanının çatışmazlıqlarından biri müəllifin mətnin oxunaqlılığına, yəni sujet xəttinin axıcılığına həddən ziyadə aludə olmasıdır. Naiq Babayev reklam agentliyində kopirayter işləyir, bəlkə də, istehlakçının (oxucunun) marağını qədərindən artıq nəzərə alması bundan irəli gəlir.
Bizdə orta-statistik oxucu bədii mətndə rənglərə, çalarlara, fəndlərə fikir vermir, vermək də istəmir, sujet xəttinin dalınca düşüb qaçmaq, kitabı tezliklə oxuyub bitirmək istəyir, fikirləşir ki, kitab tez oxunursa, deməli, yaxşıdır, ləng oxunursa, pisdir. Amma orta statistik oxucunun nazıyla çox oynamaq olmaz, oynadınsa, mətnin dayazlaşacaq. “Kor nöqtə”də də müəllif orta-statistik oxucunu çox “yormaq istəməyib”, əlavə boyalardan, bədii qənaətlərdən və interpretasiyalardan yayınıb. Pişiklərlə bağlı təsvirlər, Əfqanıstan qaçqınlarının “Azərbaycan macərası” Naiqin əlavə boyalar üçün kifayət qədər potensialının olduğunu göstərir, amma o, daha çox orta-statistik oxucunun könlünü oxşamağa çalışıb. Bu, kitabın naxoş cəhətidir, amma hələ ən naxoşu deyil.
Mütaliə əsnasında mənim üçün maraqlıydı, görəsən, müəllif niyə kitabın adını “Kor nöqtə” qoyub? Niyə romanda bir neçə dəfə kor nöqtələrə eyham vurub? Təcrübəli oxucusansa, bilməlisən ki, bu, təsadüfən ola bilməz, kor nöqtə, bütün yolları birləşdirən nişanə, başqa sözlə, əsərin konseptual həlli olmalıdır.
Konseptual həll yaxşı romanın mayasıdır. Müəllif nə qədər orijinal, dərin və bitkin bədii konsepsiya ortaya qoysa, əsərin məziyyətini bir o qədər artırmış olur. Uelbekin “Xəritə və torpaq”, Knausqorun “Mənim mübarizəm”, Kutzeenin “Maykl K.-nın həyatı və zəmanəsi” romanları dünyaya konseptual bədii baxışlardır. Bizimkiləri götürəsi olsaq, İsi Məlikzadənin “Qırmızı yağış”ı, Seymur Baycanın “Quqark”ı, Şərif Ağayarın “Haramı”sı müəlliflərin itirilmiş cənnətlə bağlı nostalgiyasını ifadə edən konseptual mətnlərdir. Bu roman adlarının heç biri havayıdan ortaya çıxmayıb.
“Kor nöqtə”də mən axıracan ümidliydim ki, Naiq Babayev də buna müvəffəq olacaq, amma ola bilmədi. Mətndə məktəbdə müşahidə kameralarının çəkmədiyi kor nöqtələr vardı, bu kor nöqtələrdən Şahmar və Firuz gizlənmək üçün istifadə edirdilər. Firuz ondan üzücü və mənasız işdən qurtulub kitab oxumaq üçün, Şahmarsa oğurluq etmək üçün yararlanırdı. Amma sonda ikisi də ələ keçdi, kor nöqtələrin onları ələ verdiyi yazılmasa da, əslində, “şuluqları” ifşa etdi. Yaxşı, indi bu kor nöqtə yaxşı anlayışdır, yoxsa pis? Nədir ümumiyyətlə, kor nöqtə? Azərbaycan cəmiyyətinin və ya təhsilinin görünməyən nöqtələrimi? Onun həm mənfi, həm müsbət cəhətlərimi var? Suallar havada qalır. Bu detalı mətndə daha müfəssəl işləmək, maraqlı konsept yaratmaq olardı. Belə görünür, Naiq buna ya əhəmiyyət verməyib, ya da mətnin konseptual həllindən ümumiyyətlə, xəbərsizdir. Sonradan öyrəndim ki, romanın adı üçün çoxlu versiyalar olub, sonda da “Kor nöqtə” adının üzərində dayanılıb, yəni o, sadəcə bəzək və kommersiya gedişi kimi düşünülüb. Səd heyf.
Konseptual həll olmadığına və ya yaxşı işlənmədiyinə görə, orta-statistik oxucunun marağı da qədərindən artıq nəzərə alındığına görə, “Kor nöqtə”də çoxqatlılıq yaranmayıb, mətn belletristikaya yuvarlanmaq təhlükəsiylə üzləşib. Əli Novruzovun tənqidiylə razıyam, romanda müəllif belletristikanın sərhədlərində gəzişib. Allahdan Naiq obrazları, dialoqları, təhkiyəni yaxşı işləyib, işləməsəydi, belletristika minasına düşüb tikə-parça olması labüdləşəcəkdi. Öz qəhrəmanının təbirincə desək, “qıla-qıl qurtarıb”.
Sonda: ədəbi tənqidçilər nə işlə məşğuldurlar?
Mən özüm də müəllifəm. Bir müəllifin başqa müəlliflərin kitabları haqqında tənqid yazması əslində o qədər də ürəkaçan hadisə deyil. Amma neyləməli, bizim ədəbi tənqidçilərin başı prokurorların, rəislərin, rektorların, biznesmenlərin, dost-tanışlarının çiy mətnlərini tərifləməyə qarışıb. “Kor nöqtə” beş-altı aydır nəşr olunan, haqqında hələ bircə məqalə də yazılmayıb. Bu ölkədə ildə neçə yaxşı roman çap olunur ki? Bir ya iki dənə.
250 səhifəlik kitabı oxumaq nə çətin işdir?
Nə isə. Deyiləsi dərd deyil.
Naiq Babayevsə artıq növbəti kitabını yazır. Yazsın. Özü də başını qaldırmadan, həndəvərinə baxmadan yazsın. Yoxsa vəziyyətdən duyuq düşüb küsə bilər. Ona uğurlar arzulayıram, ürəyindəki yaradıcılıq eşqi sönməsin və yolu açıq olsun.