"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri
3 aprel 2026
# 17:00

Kulis.az Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir.

Mən nələr çəkirəm, nə yaşayıram.

Mənim də yollarım daşa düşərmiş,
Yalın ayaqlarım qışa düşərmiş,
Arxasız olanlar başa düşərmiş,
Mən nələr çəkirəm, nə yaşayıram.

Bitib tükənmədi dərdim, ah etdim,
Yatmadım, gecəni sübh-sabah etdim,
Niyə bu haldayam, nə günah etdim,
Mən nələr çəkirəm, nə yaşayıram.

Mənə gün yazmayan fələyə neynim?
Başıma açdığı kələyə neynim?
Sözümə baxmayan ürəyə neynim?
Mən nələr çəkirəm, nə yaşayıram.

Yaşamaq üstündə yarışdı ömür,
Bütün bəlalarla barışdı ömür,
Gördüm hər üzünə qırışdı ömür.
Mən nələr çəkirəm, nə yaşayıram.

Ümid yerim

Mənim ümid yerim də,
Güman yerim də sənsən.
Mənim küsən yerim də,
Uman yerim də sənsən.

Əl uzatdım hər yana,
Ümman oldum dəryana,
Yaxşılığım bir yana,
Yaman yerim də sənsən.

Ömrüm, günüm, həyatım,
Toy-düyünüm, büsatım,
Mənim vaxtım, saatım,
Zaman yerim də sənsən.

Mən ki, sənə demişdim ta əzəldən

Mən ki sənə demişdim ta əzəldən,
Canım qalıb qayğıların əlində.
Ürəyimin qapısında yatırdın,
Gözündə yaş, duyğuların əlində.

Güya əsir-yesir idin bu eşqə,
Gözlərində qığılcımlar yanırdı.
Heyif oldu o ötüşən illərim,
Mən eşqini əbədilik sanırdım.

Tez inandım ürəyinin sözünə,
Həzin-həzin duyğulara büküldüm.
Yağı-yağı yağmaladın ömrümü,
Dağım-dağım, pillə-pillə söküldüm.

Mən ki sənə demişdim ta əzəldən,
Canım qalıb qayğıların əlində.
Gedirdinsə, niyə gəldin qapıma?
Gözündə yaş, duyğuların əlində.

Sən gəlmə

Dağıdım tellərimi qoy gecənin üstünə
Sarılım tənhalığın bu ecazkar büstünə,
Yenə özüm yetişim öz oduma, tüstümə,
Sən gəlmə, istəmirəm.

Bəxtimlə də yarışım, savaşım, küsüm olsun,
Yaradana üz tutum, baxmağa üzüm olsun,
Səndən istədiyim şey sənə son sözüm olsun,
Sən gəlmə, istəmirəm.

Canımda təpərim var, dərdə de, hələ gəlsin,
Dindirdim duyğuları, dedim ki, dilə gəlsin,
Bundan sonra yanıma Əzrayıl belə gəlsin,
Sən gəlmə, istəmirəm.

Sənsən

Soyuqda buzlaqsan, istidə aran,
Bir üzün işıqdı, bir üzün toran,
Evimi uçuran, ruhumu quran,
O usta da sənsən, o xam da sənsən,

Su tək sevdalarda qalmadı izim,
Hökmdə ağamsan, darda kənizim,
Oğurlanmış göyüm, gizli dənizim,
Sənsən, o sevdalı adam da sənsən!

Gündüz göz qamaşan sevgi taleyim,
Yuxuda verilən butam da sənsən.
Ən acı doğrumsan, şirin yalanım,
Savabım da sənsən, xətam da sənsən!

# 1624 dəfə oxunub

Oxşar xəbərlər

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər