Həbsxana hücrəsindən məhbus çağırışı - Ələsgər Əhməddən yeni şeirlər

Həbsxana hücrəsindən məhbus çağırışı - Ələsgər Əhməddən yeni şeirlər
10 yanvar 2022
# 17:20

Kulis.az Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.

Qapı (L)

Nəfs quyruğundur

arxasınca düşsən, başın gicəllənər

və sən hara getsən, kölgə təqibində güncəllənər.

Uzaq diyarlardan səfər etsən,

xəritədəki barmağına bölgə rəqibin də oxuyar, sözlər tərsdi

Amma qapının açılış tezliyi, səsini kəsər zınqırovun

"alovun yanma eşqində

közlər atəşpərəstdi"

Kəkələyər,

cəhənnəmin çaşqınlıqla silahlandırılan labirint kömürü

meşə yanğınlarında günahlandırılan kibrit ömrü,

bacardıqca əyilər "sübhanə rəbbiya əla" deyərcəsinə.

göz yaşı ilə qanadını isladan ölüm - mübtəla sərçəsinə

Xəmir,

körpə arzusunun quymağında yaşamaq rəngidir

Ölümlərin ən nəhəngidi halvasında

Birini doğulan, digərini ölən yeməz

hansısa əmr, cənnətin ciyərini tüstü havasında öyrədər

Necə ana övladına qarğış edər,

olmasını istəməz.

Təsəvvürünlə həqiqətin

çarpışdığı bəlkələr, eşqin təxəyyül rabitələri

Mədinə dilənçisi qiyafəsində

mədəniyyət dilənən bəla, silkələr

adı yazılanların sütunlarından yapışdığı abidələri.

Dəqiqləşər ki,

köməksiz tədirginlikdə tələsgənlik gərəkmir

Ayaq büdrəyir,

marafon yarışlarında

Dinc əhali partlayışlarında,

səmaya ucalan uşaq yalvarışlarından telefon çəkmir.

Leylək qanadlı hamiləlikdən,

suallar sallansa da, cavab: Heyrətsən

Dəvə inadlı insanlara,

sürətli danışıq öyrətsən, tüpürəcəklər

ətrafın arzulardan hasarlansa da,

sənin də əvvəl-axır başından üfürəcəklər.

Barı bil.
Peyğəmbərin ənvatının,

ümmətinə etibarı -

əlin, alnın dili ilə səsləndirdiyi salavatdı

Bu dünyanı elə də qucaqlayıb yatmısan,

sanki o biri dünyadakı yerin salamatdı

Hələ də qırmızı qələmlə başlayırsan, qanın mətninə

dərmansız İbn-Sina çökür

əczanənin hansına baxsan, məktəb

hatifi-təb deyir, yaranıb şükür, təşəkkürdən

qeyri-ixtiyari təkəbbürdən xilas olmağı düşünürsən

Çünki

insanlığın xilaskarı arzusunda düşürsən

atanın belindən, ananın bətninə

yatanın əlindən sürüşər fürsəti

saxsı qabları parlatsa, içinə gözəllik yığmaz

Bəzən haqqın özü də günahkardı

onu demək günah deyil

Mənim inandığım,

sənin inanmadığın Allah deyil, rəhmi üçün əlavə dünyalar yaratsa, sığmaz.

Samuray qılıncından keçirtdilər

xorasanda uşaqlığı

kurasanda tiramisu yumşaqlığı

əbabil quşları,

namazlarından sonra möhürlərini bizlərə yağdırdı

o an zəhərlənən sulara,

arılar şirinlik dağıdırdı

Əlçatmaz yerlərə gedirsən,

barmaqlarının ucunda

həm sözü birlikdə - dəm nəfəs

gülərkən təbəssümünü əlinlə gizlədirsən,

heyf olur, qəfəs ovucunda.

kənardan özünü görməkdə,

özünəməxsus qarğışı

Baxış məhdudiyyətin

Kökünə siqaret atdığımız ağaclardan,

nəfəs dərmək də çətin.

üç rəsmdən bir, yer uzatmış,

həbsxana hücrəsindən məhbus çağırışı:

"760, əllərini ver"

insanı rəqəmləyir polis rütbəsində mavritaniyalı

xütbəsində britaniyalı əməvi

ehtiras yük deyil!

Ayın neçənci günü, xəyalından sonra

Xəyal da,

sevimli gələcəyimizdən inandırıcı xəbərlər

Qısqandırıcı səbəblər:

Qadın böyük qüvvədir,

qüvvədən böyük deyil.

Günəşin yerə 5-6 saat öyrəncəli halından sonra

Çayları dadlandıran mürəbbə

əbcəd hesablanmasıyla isbatlayır,

güc "qəvi"

səfəvilər vaxtından

yavuzluq salmağa başladı şahı taxtından

Nexlyudov dirilmə:

lal boynunu vurdum, müsəlman olduğunu deyə bilmədi

Zamza çevrilmə: Çevrilmədi.

Sən eşqinin səhrasında Qeys

Mən Siffeyndə Üveys.

Nəsillərin ünsiyyət bakirəsi

qışın oğlan çağı üşüyən qızın,

küdurətində boğulan fəsillərin cinsiyyət müzakirəsi.

Vacib edirdi dövr fəhmini

isti-isti döyülürdü səma daşı

ud ətrindən 7 dinar qazanırdı

iy bilmə qabiliyyətini bombaladığın İraq vətəndaşı

bəzən qarşındakına qalib gələrsən,

qılıncını qına qoymaqla

Ağaran saqqallara

"döyüş zamanı" xına qoymaqla gizlədirdi qocalan zəhmini.

Adəm övladının dəfnindən bu günədək

bütün dəfn mərasimlərinə,

eyni pendirli dimdiyindən qarıldayır qarğa da

Arxada

bülbül yandı odda gülşənə xatir

Övladlarıma analıq da edərsən, mənə xatir ritorikadı

Dəfnimədək hər küy, qlas harmonikadı.

Qurdlar doyub.

insan, insanlığı yağışlı havada

ev heyvanına bənzədib qapının ağzına qoyub.

Siğbətullah onun

rəngarəng olduğunu deyir.

O, yağışdan sonrakı?

Xeyr, yağışı yağdıran göy qurşağıdır


yaratdığı rənglər parçası,

aləmələrin bayrağıdır.

***

Ağlınca,

rəzalətdi

Nə fəzilətdə xoşbəxtlik var, nə də xoşbəxtlik fəzilətldi.

Dediklərin zülmə tən

cümlətən duyğu işarələri

Güllələ təyyarələri.

izm-dən yaranan ist-lər,

istəklərin əzmidir. Güldürmə məni

çarıq, çıraq oxşarlığındakı, özünbilməz

bilib deyəcəksən, öldürmə məni.

görsən ki,

vəfatdan kənara yellətmir darı - fəna

pıçılda:

Ənfusəna, ənfusəna, ənfusəna.

Gecikmədən de;

Balıqların suya hıçqırtısından

yaranan dalğavari işarələrin, eşitdim danışdığını

minarələrin buludlara qışqırdığını yerə pıçıltısından

can verdiyi sonuncu xırıltıdan

sərühül sətəfeynin qanındakı,

ərşə təzim edənlərin yanındakı səmavi parıltıdan

Çörək uğrunda başladığım yolun

ilk addımını xatırladan qırıntıdan sənə sığındım

uğundum;

əyyuhən-nəbiyyun

etdiyim şıltaqlıqlara məchul və əccul-fərəcəhun.

Cəhaləti ye!

Buraxma cəhlinə

Mən Əhməd,

qələmdarım Cəbrayıl ilə bir şeir kitabı əmanət etdik beyt əhlinə


Qış parkında

Saat 3:00

Əyləncəli bir uşağı üzə çıxartdı,

sındırdığım qıfıl.

Parkı işıqlandıran lampalar,

İçimdə məğlubiyyətə fısıldayır,

zəhərini ağrılarıma çəkdiyim qara mambalar


Sanki məni görüb,

saxlayacaq tərzdə önümdən keçir

Bayraq rənglərində parıldayır polis maşınları

Travmalar kloundu,

qorxan uşaqlıqlar hər yaş bir ölümdən keçir


Dənizdə sağ qalmaq müharibəsi aparır,

quru qoşunları.


Kimsə yolu tanımır

və hər kəsi öz mübarizəsi aparır

Səsini həmişə eşitdirə bilməzsən


Düşün ki, illərin məşhurusan

Adam olur, tanımır.

Həyatın "olmaz" ları elə burdan yaranır

Ürək zəncirləyə bilmir,

ağıl qudurdan yaranı.


Çünki insanlara,

olmaz deyilən yerlər daha maraqlı gəlir

Ya Allah deyib, ölürsən

Adam var elə yaşayır, Allaha maraqlı gəlir.

# 1384 dəfə oxunub

Oxşar xəbərlər

# # #