Qarabağda yenidən Novruz bayramı

Qarabağda yenidən Novruz bayramı
16 mart 2021
# 18:05

Kulis.az Aybəniz İsmayılovanın “İlaxır çərşənbə” yazısını təqdim edir.

Dünyanın dörd bir yanında soydaşlarımız ən qədim bayramımızı qeyd edir.

Bayram süfrəsi, bayram tonqalları, bayram simvolları hər bir azərbaycanlının evində, ailəsində, süfrəsində öz yerini tutur.

Soydaşlarımız dünyanın ən səmimi inancı ilə ilaxır çərşənbənin uğuruna, ötən ilin bütün ağrı-acılarının geridə qaldığına, bayram tonqallarında bütün dərdlərini yandırıb, kül etdiyinə, bayram qovurğasının, yaşıl səməninin evlərə, ailələrə bərəkət gətirdiyinə inanır.

Küsənlər barışır, dostlar bir-birinə bayram sovqatı göndərir, qohumlar, dostlar bayramlaşır, bir-birilərinə xeyir-dua verir, ölənlərə rəhmət oxunur. Bu gün hamı, hər şey təzələnir, yenilənir, durulur və insanlarımız baharın gəlişi ilə yeni bir ilə, yeni bir həyata qədəm qoyduqlarına inanır.

Tale bizə bu çərşənbəni doğma torpaqlarımız, gözəl Qarabağımıza qovuşaraq, qeyd etməyi də nəsib etdi.

Hələ hamımız köçüb yerləşə bilməsək də, özümüzü indi tam, bayramımızı daha dərindən hiss edir, baharı daha sevinclə qarşılayırıq.

Yadıma uşaqlığım, doğma kəndimizdə keçirdiyimiz ilaxır çərşənbələr düşür.

29 il əvvəl, doğma torpaqlarımızı, evlərimizi tərk edəndə, biz qarabağlılar təkcə evlərimizi deyil, həyat tərzimizi, o cümlədən, bayram, çərşənbə ənənələrimizi də itirdik. O zamanlar Qarabağda çərşənbə xeyli fərqli idi.

Bayrama neçə gün qalmış qadınlar evin içində, kişilər həyətlərdə bahar təmizliyinə, səliqəsinə başlayar, hər yer təmizlənər, köhnələr atılar, yenilər alınardı. Ailədə hər kəsə bayram paltarı alınardı. İlaxır çərşənbədən bir həftə əvvəl bayram bazarlığı edilər, bayram şirniyyatının hazırlıqlarına başlanar, qovurğa-noxud qovrulardı. Bütün evləri bayram şirniyyatının, qovurğanın qoxusu bürüyərdi.

Biz Bakıda və digər regionlardakı kimi papaq atmır, əllərimizdə torba ilə qonşulara, qohumlara gedirdik. Çubuqların ucuna dəsmal bağlayıb, qapılara uzadar, bayram, çərşənbə sovqatı toplayardıq.

Qonşular bir-birinin qapısında pusqu qurub, qulaq falına çıxardılar. Qızlar toplaşıb fala baxar, yaşlı adamlar gecəyarısına qədər yatmayıb, "çillə" çıxarardılar. Bayram səhəri evlər süpürülər, insanlar inanardı ki, evin zibilini deyil, dərdi-səri, ağrını-acını süpürüb atırlar. Hər kəs qonşulara, qohumlara "çərşənbə payı" hazırlayar, göndərərdi.

Qarabağdan köçkün düşdükdən sonra ölkədəki narahatçılıq, itirdiyimiz torpaqların kədəri, kasıblıq, bir yerdə qərar tuta bilmədən tez-tez köç etməyimiz bu bayram ənənələrimizi yerinə yetirməyə imkan vermədi. Qarabağın səsli-küylü, bərəkətli, şux çərşənbələri öləzidi, ənənələrin bir hissəsi yadırğandı.

İndi, daha torpaqlarımız bizdədir. Tezliklə doğma kəndlərimizə, evlərimizə qayıdacağıq. Evlərimizi yenidən tikib, ağaclarımızı yenidən əkəcəyimiz kimi, ənənələrimizi də yenidən bərpa edəcəyik.

Qarabağımızın bərəkət, sevinc, toy-bayram dolu çərşənbələrini yenidən qaytaracaq, öz bayram adətlərimizə sahib çıxacağıq.

Bu arzularla sizi, bizi - özümüzü ilaxır çərşənbə münasibətilə təbrik edirəm. Evlərimizdən sevinc, ailəmizdən dinclik, süfrələmizdən bərəkət əskik olmasın. Daima həyətlərimizdə tonqallar yansın, pəncərələrimizdə səmənilər cücərsin, ocağımızda qazanlar qaynasın.

Elimiz, obamız, ölkəmizin bayramı mübarək olsun!

# 4568 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər