Dulusçuların axırına Hitler çıxdı

Dulusçuların axırına Hitler çıxdı
6 iyun 2011
# 13:38
Dedilər, Şəkidə ən məşhur dulusçular indi həyatda olmayan məşhur dulus ustası Şöyüb kişinin oğullarıdır. “Şöyüb” adını ilk dəfə idi eşidirdim.

Sabir dostumuz Xəzər TV-nin operatorunu götürüb bizi öz maşınıyla Dulusçular məhəlləsinə apardı.

Dulusçular köhnə dəyirman tərəflərdə, dağların ətəyində yaşayırlar. Yoxuşlu dar küçənin aşağısında maşını saxlayıb bir az piyada yuxarı qalxdıq. Balaca darvazanın zəngini basdıq. 8 yaşlarında bir oğlan qapını açdı.

Sonradan biləcəyik ki, bu uşaq Şöyüb kişinin kiçik oğlu dulusçu Əhədin oğlu Şöyübdür. Bizi böyük darvaza tərəfdən içəri dəvət etdilər. Həyətdə böyük qardaş Hümmətlə kiçik qardaş Əhəd bizi xoş qarşıladılar. Bu qardaşlar doğma atalarının dulusçuluq sənətini yaşadırlar.

Hümmət kişi dedi, atam Şöyüb 1929-cu il təvəllüdlü olduğundan müharibəyə getməyib. Lakin Dulusçular məhəlləsinin çox dulusçuları müharibədən qayıtmayıb, özlərilə bu sənətin çox sirlərini aparıblar...

Həyətdə səliqəylə düzülmüş çoxlu iri gül qablarında müxtəlif güllər vardı. Əhəd söylədi ki, Şəkidə bu gülləri yetişdirən gülçü var, bunları da o hədiyyə eləyib. Ancaq şəraitsizlikdən sənəti ürəyincə davam etdirə bilmir, çox gül növlərini artıq itirib.

- Bu gül qablarını da, yəqin, özünüz bişirirsiniz?- soruşuram.

- Yox,- deyir, - bunlar atamdan qalmadı, baha başa gəldiyinə görə böyük qablar düzəltmirik. Əsasən piti qabları, üç-dörd adamlıq qapaqlı yemək qazanları, su qabları, müxtəlif boşqablar, pul yığmaq üçün kasalar hazırlayırıq. Qədimdə bərəkət işarəsi kimi bu kasalardan hər evdə olarmış. Məsələn, bir ata övladı dünyaya gələn gündən bu kasadan alıb məktəbə yola salana, yaxud müəyyən yaşa çatana qədər uşaq üçün pul toplayarmış...

Bu səliqəli həyəti hərlənib onların bişirdiyi duluslardan nümunələrə tamaşa eləyirdik. Qabların arasında hətta qəlyan başlıqları da gözə dəyirdi.

- Bəs, bu qabların müştəriləri kimdir? – onların bazarıyla maraqlanıram.

Böyük qardaş Hümmət söhbətimizə qarışır:

- Bazarda da dükanımız var, amma bizdən, əsasən, bu qabları milli mətbəx işlədən kafe və restoran sahibləri alır. Azərbaycanın hər yerindən, Rusiyadan, bəzi xarici ölkələrdən gəlib aparırlar.

- Bir qab nə qədər gedir?

- Əlindən salıb sındırmasan min il də gedər.

Sonra Hümmət gedib əlində 50-60 sm uzunluğu olan gildən bişmə bir boru gətirdi. Borunun bir tərəfi enli, bir tərəfi isə nisbətən ensiz idi. Sözünə davam elədi:

- Bax, bu borunu dağların döşündən tapıblar, Şəkinin özünə nə vaxtsa bulaq suyunu belə gətirirmişlər. Bu boruları bir-birinə geydirib uzun məsafələrə apararmışlar. İndi bu borunun Allah bilir neçə min il yaşı var. Qədimdə hamamların kanalizasiyalarını da bu borularla şəhərdən kənara çıxarıblar...

Mən hər iki dulusçu ilə qabların necə hazırlanıb başa gəlməsi haqda söhbətə girişirəm. Dulusçu Hümmət iş prosesinin əvvəlindən axırına qədər yava-yavaş bizə nəql eləyir:

- Qabları əmələ gətirmək üçün əvvəlcə onun gilini hazırlayırıq. Bir vaxtlar torpağı Şəkinin özündən gətirirdik, indi Qəbələdən gətiririk. Qəbələnin gili çox xoşuma gəlir. İldə bir maşın gil işlədirik. Torpağı xəmirə çevirmək üçün əvvəlcə onu su ilə qarışdırıb ayağımızla ayaqlayırıq. Bir neçə gün davam eləyən bu ayaqlama prosesinə “güləli” deyilir. Sonra hazır xəmiri işləməyə lazım olan qədər götürüb təzədən əl ilə yoğururuq. Əl ilə yoğurduğumuz yer “düşgər” adlanır. Sonra yoğurduğumuz xəmirdən lazım olan qab üçün kündə götürürük. Sonra kündəni çarxxanada müxtəlif formaya salırıq. Qabı alandan sonra onu kölgədə quruduruq. Çünki gil gün altında quruyarsa, çat verib cadarlaya bilər. Qablar 10-12 gün müddətində yavaş-yavaş quruyub bərkiyir.

Mən öz təəccübümü gizlədə bilmirəm:

- Bu, zülmlü iş imiş ki!..

Dulusçu gülümsəyib damağına bir siqaret qoyur. Qarşımızda mürəbbəli çay da var. Mən Hümmətlə zarafat eləyirəm:

- İcazə verin, siqaretinizdən birini də mən çəkim, hər halda dulusçu siqaretidir.

Dulusçu bir az güləndən sonra soruşuram:

- Baxıram, siqareti çox çəkirsiniz, bəs araqla aranız necədir?

- Araq içən vaxtlarımda mən meyvə araqlarına üstünlük verirdim, zoğal arağı, tut arağı...

- Mənim adamımsınız ki! – gülüşürük.

Dulusçu Hümmət xeyli yaşlı görünsə də, məlum olur ki, məndən bircə yaş böyükdür.

Bu dəfə Hümmət məndən soruşur:

- Deyəsən sən vuran adamsan, de görüm, çaytikanı arağı içmisən?

- Yox, - deyirəm, - adını indi eşidirəm.

Sonra gülüb:

- Mən arağın daşını çoxdan atmışam, - deyir, - bu sənətlə tutmurdu.

Çaydan qurtumlayıb yenə dulusçuluq söhbətinə davam eləyir:

- Hələ arxası uzundu bu işin. Qablar quruyandan sonra onları 4 gün ağac yonqarının tüstüsündə hisə veririk. Bundan sonra qablar sobaya gedir. Bişmə iki gün davam eləyir. Qablar bişdikcə rəngi, beləcə, solğun narıncıya çalır. Ən axırda sobanın temperaturu min dərəcəyə qədər qaldırılır...

- Sizin bu sənətlə dövlət tərəfindən ilk dəfə kim maraqlanıb? – maraq üçün soruşuram.

- Dulusçularla ilk dəfə 1974-cü ildə Şəkinin o vaxtkı birinci katibi, əslən Qax rayonundan olan, Sadıq Murtuzayev maraqlanıb. O, bizə həmişə diqqət ayırardı. Bizi televiziyaya ilk dəfə 1974-cü ildə o çəkdirib. Çünki bu sənəti min illərdən necə gəlib, eləcə də yaşadırıq. Gördünüz, nə qədər odun tədarükü görmüşük? Biz heç vaxt sobalarda kömür, qaz yandırmırıq, dədə-baba qaydasıyla yalnız odun qalayırıq...

Sonra dulusçular bizim xahişimizlə çarxxanaya keçib, çəkiliş üçün, gözümüzün qarşısında bir piti qabı, bir cürdək və bir kasa əmələ gətirdilər. Kiçik qardaş Əhəd gili çarxın qarşısındakı dəmir stolun üstündə əllərilə xeyli yoğurub üç kündə ayırdı. Hümbət isə aşağısında iri çarx, yuxarısında ona bitişik xırda çarx olan dəzgahın arxasına keçdi. Kündəni yuxarıdakı boşqab böyüklüyündə olan çarxın üstünə qoyub ayağıyla aşağıdakı iri çarxa bir neçə dəfə təkan verdi. Aşağıdakı iri çarxın diametri yuxarıdakından dəfələrlə böyük olduğundan əlinin altındakı xırda çarx çox sürətlə fırlanırdı. Arxası divara tərəf oturduğundan divara qoyun dərisi vurulmuşdu. O, yalın əllərini hərdən isladıb qarşısında fırlanan gili müxtəlif formaya salırdı.

Hərdən əlinin altında saxladığı iki bıçaq tiyəsilə əlinin gilini sıyırıb təmizləyir, fırlanan materialı istədiyi hala gətirirdi. O elə naxışları da bıçaq tiyəsi ilə vururdu. 8-10 yaşlı nəvələri isə sağında və solunda oturub diqqətlə onun əllərinə baxırdılar. Min illərdən gələn bu mənzərəyə baxa-baxa fikrimdən belə bir sual keçdi: görəsən, bu uşaqlar da babalarının sənətini yaşadacaqlarmı?..

Murad KÖHNƏQALA
# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #