“Siyasətdən yazan senzuraya hazır olmalıdır” - MÜSAHİBƏ

“Siyasətdən yazan senzuraya hazır olmalıdır” - MÜSAHİBƏ
30 aprel 2011
# 14:33
Dünyanın ən gözəl eşq şeirlərindən bəziləri onun qələmi ilə yazılıb. Pablo Neruda qorxmaz kommunist, ehtiraslı aşiq, həyatı və ölkəsini sevən sadə çililiydi.

O, “Həyatımı şeir və siyasət arasında bölünmüş olaraq görmürəm" demişdi. 30 Sentyabr 1969-cu il tarixində Çili Kommunist Partiyasının prezidentliyə namizədi kimi etdiyi çıxışında "Mən milli varlığımızın illərdir çəkdiyi çətinlikləri və başına gələn bədbəxtlikləri bilən bir çililiyəm. Mən əcnəbi deyiləm; bu torpaqlardan gəlirəm, bu xalqın bir parçasıyam. Zəhmətkeş bir ailənin uşağıyam... Heç bir zaman rəhbərlikdəkilərlə birlikdə olmadım; məqsədim hər zaman Çili xalqına hərəkətlərim və şeirimlə xidmət etmək olub. Bunu bəyan və iddia edərək yaşadım."

Dörd ay davam edən gərgin seçki kampaniyasından sonra Neruda bölünmüş solçuların bölünməsi səbəbindən namizədliyini geri götürür və “Məşhur Birlik” partiyasının namizədini dəstəkləyir. Bu müsahibə Isla Neqradadakı evində, 1970-ci ilin yanvar ayında, şair istefasını verməzdən bir az əvvəl alınıb.

Santyaqo və Valparaisoda başqa evləri olmasına baxmayaraq, Neruda Isla Negradada şərəfinə bir çox eşq şeirləri yazdığı ilham pərisi "Patoja" - üçüncü arvadı Matilde ilə birlikdə yaşayırdı. Neruda 1971-ci ildə "fövqəltəbii güclə bütöv bir qitənin həyatını özündə əks etdirən poeziyasına görə" Nobel mükafatı alıb. 1973-cü ildə ürək çatışmazlığından dünyasını dəyişib.


KULİS.AZ

- Nə səbəbdən adınızı dəyişdirdiniz və niyə “Pablo Neruda”nı seçdiniz?


- Xatırlamıram. 13 və ya 14 yaşında olardım. Yazmaq istəyimin atamı çox narahat etdiyini xatırlayıram. Bütün yaxşı niyyətiylə yazı yazmağımın məni və ailəmizi məhv edəcəyinə, xüsusilə də məni tamamilə işə yararsız bir hala salacağına inanırdı. Belə düşünmək üçün şəxsi səbəbləri vardı; bu səbəblərsə, məni heç maraqlandırmırdı. Adımı dəyişdirmək əlimdə olan ilk müdafiə mexanizmlərindən biri idi.

- Çili prezidenti seçilsəniz yazmağa davam edəcəksinizmi?

- Mənim üçün yazmaq nəfəs almaq kimidir. Nəfəs almadan yaşaya bilmərəm, bu səbəbdən yazmadan da yaşaya bilmərəm.

- Çili prezidentliyi və tez-tez namizəd göstərildiyiniz “Nobel” mükafatı arasında bir seçim etməniz gərəksəydi, hansını seçərdiniz?

- Belə xəyali məsələlərdə qərar verməkdən söhbət gedə bilməz.

- Onda əgər prezidentliyi və “Nobel” mükafatınızı indi bura, masanızın üzərinə qoysadılar onda necə?

- Əgər masaya qoysaydılar qalxıb başqa masaya oturardım.

- Sizcə, “Nobel” mükafatının Samuel Bekketə verilməsi ədalətli qərar idimi?

- Bəli, məncə ədalətliydi. Bekket qısa, lakin nəfis şeylər yazır. “Nobel” Mükafatı kimə verilirsə-verilsin ədəbiyyat baxımından bir qürurdur. Mən mükafat doğru insana verildimi-verilmədimi deyə mübahisə edənlərdən deyiləm. Bu mükafatın əhəmiyyəti əgər varsa təbii- verildiyi yazara hörmət qazandırmasıdır. Əhəmiyyətli olan da budur.

- Ən maraqlı xatirələriniz hansılarıdır?

- Bilmirəm. Ən çox iz buraxan xatirələrim ehtimalla İspaniyada böyük şairlərin qardaşlığı arasında keçirdiyim günlərdir. Daha sonralar bu “yoldaşlıq respublikası”nın vətəndaş müharibəsi tərəfindən necə yox edildiyinə şahid olmaq çox qorxunc idi. Faşizmin təzyiqinin ürküdücü gerçəyini göstərdi bu hadisələr. Yoldaşlarım dörd bir tərəfə dağıldılar; hətta bəziləri dərhal orada edam edildi. Qarsia Lorka ve Mikuel Hernandez kimi... Digərləri sürgündə öldü; bəziləri hələ sürgündə yaşayır. Həyatımın o dövrü olaylarla, qatı duyğularla dolu keçdi və həyatımın gedişatını başdan-başa dəyişdirdi.

- Hər zaman əlləmi yazırsınız?

- Barmağımı qırıb təxminən bir neçə ay boyunca makinadan istifadə edə bilmədiyim dövrdə gəncliyimdəki adətlərimə qayıtdım və əllə yazmağa başladım. Sonra barmağım yaxşılaşıb makinaya döndüyüm zaman anladım ki, əllə yazdığım şeirlər daha mənalı və həssas alınıb, daha asan şəklə girib dəyişilə bilirlər. Bir reportajında Robert Qraves, adamın düşünə bilməsi üçün ətrafında əl istehsalı olmayan mümkün olduğunca az şey olmasının lazım olduğunu söyləmişdi. Bura şeirin də əllə yazılmalı olduğunu əlavə etmək olar.

- İş saatınız necədir?

- Xüsusi müəyyənləşdirdiyim bir proqramım yoxdur. Lakin əsasən səhərlər yazmağa üstünlük verirəm. Yəni siz burada mənim və özünüzün zamanınızı xərcləməsəydiniz,indi yazmaqla məşğul olacaqdım.


Kiçik burjaziya qısqanclıqları


- Həyat tərziniz və iqtisadi şərtləriniz üzündən tənqid olunursunuz...


- Əslində bu bir mifdir. Müəyyən baxımdan baxıldığında vətəndaşlarının önə çıxmasına və ya hər hansı bir sahədə müvəffəqiyyətli olmasına dözə bilməyən İspaniyadan bizə olduqca pis bir miras qalıb. Məsələn, Kolumbu İspaniyaya qayıdanda zəncirə vurdular. Bunun səbəbi hər zaman başqalarının sahib olduğu və özlərində “olmayan" şeylər üzərində düşünən qısqanc “kiçik burjuaziya”dır. Mənə gəlincə, mən həyatımı insanların həyatlarının yaxşılaşdırılmasına həsr etdim və evimdəki əşyalar, kitablarım- öz işimin nəticəsidir. Bu çox qəribədir. Mənə göstərilən reaksiya əsla zəngin yazarlara verilmir. Tam tərsinə, bu reaksiyalar mənə - arxasında əlli illik bir yükü daşıyan adama yönəlir. Həmişə deyirlər: "Bax necə yaşayır. Dənizə baxan bir evi var. Yaxşı şərablar içir." Bu axmaqlıqdır. Əslində Çilidə pis şərab içmək çox çətindir, çünki Çilinin az qala bütün şərabları yaxşıdır. Bu həm də ölkəmizin geri qalmışlığını əks etdirən vəziyyətdir.

- Kommunist Partiyası üzvü olmağınız sizə yönəldilən ittihamları daha da artırmırmı?

- Qətiyyən. Əksərən deyildiyi kimi, heç bir şeyi olmayan bir adamın zəncirlərindən başqa itirəcək şeyi yoxdur. Mən hər saniyəmdə həyatımı, şəxsiyyətimi, sahib olduğum hər şeyi, yəni evimi və kitablarımı riskə atıram. Evim yandırıldı, işgəncə gördüm, bir neçə dəfə həbs edildim, sürgünə göndərildim, ev dustağı oldum, arxama minlərlə polis düşdü. Mən də “sahib olduqlarımdan narahatam” dedim. Sahib olduğum hər şeyi xalqın mübarizəsi üçün sərf etdim; içində olduğum bu ev iyirmi ildir Kommunist Partiyasına aiddir; məhkəmə qərarıyla təhvil vermişəm. Gəlin görək məni günahlandıranlar da eyni şeyi edə bilərlərmi?

- Hansı kitabları oxuyursunuz?

- Tarixə çox marağım var, xüsusilə də ölkəmin keçmişinə. Çilinin maraqlı keçmişi var. Bu ölkəyə bir məna verməyə çalışarkən çox gözəl vaxt keçirirəm; bu ölkə hər kəsdən o qədər uzaqdadır ki…Təpələri çox soyuq, çox kimsəsiz... Şimaldakı quraq çölləri, sıx meşələri, qarlı “And” dağları, mənzərəli sahilləriylə bura mənim ölkəmdi, Çilidi. Mən daim çilili olaraq qalanlardanam; başqa yerlərdə mənimlə nə qədər yaxşı davranırlar davransınlar mən yenə də ölkəmə qayıdaram. Avropanın böyük şəhərlərini çox sevirəm, Arno Vadisinə, Kopenhagen və Stokholmun bəzi prospektlərinə, əlbəttə, Parisə heyranlığımı gizlətmirəm, lakin yenə də Çiliyə dönməliyəm.

- Gənc şairlərə nə kimi nəsihətlər verərsiniz?

- Ah, gənc şairlərə veriləcək heç bir öyüd ola bilməz! Öz yollarını cizmalıdılar; ifadə tərzlərindəki problemləri özləri tapmalı və həll etməlidirlər. Onlara “əsla etməyin” deyəcəyəim yeganə şey siyasi şeirlərlə başlamamalarıdır. Siyasi şeirlər ən az eşq şeirləri qədər geniş duyğular ehtiva edər və məcburiyyətlə yazıla bilməz; yazılsa kobud olar və qəbul edilməz. Siyasi bir şair olmaq üçün əvvəl digər janrlarda püxtələşmək lazımdır. Siyasətlə məşğul olan bir şair senzuraya da hazır olmalıdır. Şeirinəmi xəyanət edəcək, yoxsa müdafiə etdiyi ədəbiyyatamı, bu çox çətin bir qərardır. Ayrıca siyasi şeirlərdə elə bir məzmun və məna olmalı, intellektual və romantik zənginliklər daşımalıdir ki, hər şeyi kiçik hesab edə bilsin. Bu çox az hallarda əldə edilən müvəffəqiyyətdir.

- Şeirlərinizdə bir çox simvol var. Göyərçin və gitara nəyi təmsil edir?

- Göyərçin göyərçini quşunu, gitara da gitara adı verilən bir musiqi alətini təmsil edir!

- Yəni deyirsiniz ki, şeirlərinizi analiz edənlər...

- Mən bir göyərçin görəndə ona göyərçin deyərəm. Göyərçinin mənim üçün müəyyən bir forması vardır, bu obyektiv və ya subyektiv ola bilər. Lakin göyərçin olmanın fövqünə keçə bilməz.

VÜQAR QURDQANLI
# 1041 dəfə oxunub

Oxşar xəbərlər

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

11:58 15 iyul 2024
Həftənin ən yaxşı yazıları - TOP 10

Həftənin ən yaxşı yazıları - TOP 10

21:00 14 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
# # #