Qadağan olunmuş sevgi və Tayvan mətbəxi haqqında roman Beynəlxalq Buker Mükafatını qazanıb.
Kulis.az xəbər verir ki, bu, Çin dilindən tərcümə edilərək dünyada nüfuzlu sayılan bu mükafata layiq görülən ilk roman kimi tarixə düşüb.
Həqiqi memuar sanılan uydurma roman
Tayvanlı yazar Yan Şuan-tzi və tayvanlı-amerikalı tərcüməçi Lin Kinq tərəfindən ərsəyə gətirilən "Tayvan səyahətnaməsi" əsəri 1930-cu illərdə, adanın Yaponiya hakimiyyəti altında olduğu dövrdə iki qadının kulinariya turundan bəhs edir. Əsər yenidən kəşf edilmiş səyahət memuarının tərcüməsi kimi o qədər ustalıqla quraşdırılıb və uydurma dipnotlarla zənginləşdirilib ki, 2020-ci ildə ilk dəfə nəşr olunanda bir çox oxucu onun gerçək tarixi mətn olduğuna inanmışdı.
Münsiflər heyətinin sədri Nataşa Braun əsəri "mahir və hiyləgərcəsinə mürəkkəb bir roman" adlandırıb.
Roman hökumətin maliyyələşdirdiyi Tayvan turuna çıxan uydurma yapon yazıçısı Aoyama Çizuko və onun aşiq olduğu tayvanlı tərcüməçi O Çizuru ətrafında cərəyan edir. Onların obyektivindən əsər sevgi, mədəniyyət, müstəmləkə tarixi və güc məsələlərini araşdırır.
Qadağan olunmuş sevgi, mətbəx və yumor
Mükafat elan olunmazdan əvvəl yazar Yan Şuan-tzi Buker komitəsinə verdiyi açıqlamada zarafatla qeyd edib:
"Romanın əsas mövzuları olan səyahət və yeməklə bağlı araşdırmalar həyatımı iki bariz şəkildə dəyişdi: yığılmış pullarım azaldı, çəkim isə artdı."
Tərcüməçi Lin Kinq isə əsərdə Yaponiya nəzarəti altında yaşayan Tayvan xalqının kədəri və sevinci arasındakı tarazlığı xüsusi qiymətləndirdiyini bildirib. O, bir cəmiyyəti sadəcə qurban rolunda görməyin əleyhinə olduğunu vurğulayıb:
"Dövrlər nə qədər çətin olsa da, inanıram ki, insanlar həmişə bir parça yüngüllük və dərin sevgi tapmağı bacarırlar. O vaxtlar da yumor, ləzzətli yeməklər, filmlər, məktəb, kiçik davalar və romantika var idi. Bunun əksini düşünmək, bir mədəniyyəti sadəcə onun yaşadığı travmaya qədər kiçiltmək deməkdir".
Mükafat tən yarıya bölünəcək
Qeyd edək ki, 41 yaşlı yazar Yan esselər, manqalar və videooyun ssenariləri də yazır. Romanın orijinal Çin dili versiyası 2021-ci ildə Tayvanın ən yüksək ədəbi mükafatı olan Qızıl Ştativ mükafatını qazanıb. İngilis dilinə tərcümə versiyası isə 2024-cü ildə Tərcümə Ədəbiyyatı üzrə Milli Kitab Mükafatına layiq görülüb.
Təşkilatçılar Beynəlxalq Buker mükafatının nəticəsini elan edərkən "tərcümənin həyati əhəmiyyətli işini" xüsusi vurğulayaraq 50 000 funt-sterlinq məbləğindəki pul mükafatının müəllif və tərcüməçi arasında bərabər bölünəcəyini açıqlayıblar.