Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir?

Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir?
20 may 2026
# 16:10

Qalmaqallı “Avinyon qızları” tablosu onilliklər ərzində həm nifrət edilib, həm də böyük sevgi qazanıb.

Kulis.az xəbər verir ki, dahi rəssam Pablo Pikasso tərəfindən yaradılmasından bir əsr sonra amerikalı rəssam Henri Teylor bu əsəri yenidən çəkərək ona meydan oxuyub. Onun bu yeni versiyası hazırda Parisdəki Milli Pikasso Muzeyində keçirilən böyük sərginin mərkəzində yer alır.

Şok effekti: "Sanki benzin içmək kimi idi"

1907-ci ildə Pablo Pikasso kiçik bir rəssam və dost çevrəsini Parisdəki emalatxanasına dəvət edir. O, altı ay üzərində işlədiyi rəsmi onlara göstərmək istəyirdi. Həmkarlarının reaksiyası demək olar ki, yekdil idi: şok, dəhşət və iyrənclik. Fransız rəssam Jorj Brakın bu təcrübəni "benzin içmək"lə müqayisə etdiyi, Anri Matissin isə oradakı qadınları "eybəcər" adlandırdığı bildirilir. Əsər təxminən 10 il sonra, 1916-cı ilə qədər ictimaiyyətə nümayiş etdirilmədi.

Bir əsrdən çox vaxt keçdikdən sonra isə bu rəsm Pikassonun ən çox tanınan və mübahisəli əsərlərindən birinə çevrilib. Əsər bu günlərdə tanınmış amerikalı rəssam Henri Teylor tərəfindən yenidən işlənib. Parisdə nümayiş olunan versiya əvvəlki rəsm haqqında vacib bir məqamı vurğulayır: bu əsər Pikassonun etiraf etmək istədiyindən daha çox Afrika incəsənətinə borcludur.

The Museum of Modern Art, New York Pablo Picasso's Les Demoiselles d'Avignon (1907) was initially met with disgust – then acclaimed (Credit: The Museum of Modern Art, New York)

Kubizmin doğuluşu və fahişəxana rəsmi

Pikassonun dostlarına göstərdiyi rəsm Barselonadakı bir fahişəxanada beş çılpaq qadının izləyicinin diqqətini cəlb etdiyi böyük bir yağlı boya tablosu – "Avinyon qızları" idi. Qadınlardan ikisinin üzü maskaya bənzəyir, üçü izləyiciyə zillənib baxır, hamısının isə kəsik-kəsik, qeyri-mütənasib bədənləri var. Bu, Pikassonun yaradıcılıq yolunda kəskin dönüş və dövrün incəsənət normalarından dramatik bir uzaqlaşma idi.

Paris Milli Pikasso Muzeyinin kuratoru Coan Snreç deyir:

"Pikasso emosional, fiqurativ rəsmdən uzaqlaşaraq formaları parçalamağa, məkanın və bədənlərin necə təsvir edildiyini yenidən düşünməyə başladı. Bu dəyişiklik kubizmin və ümumilikdə müasir incəsənətin inkişafı üçün həlledici oldu".

Əsər 1916-cı ilə qədər "Avinyon fahişəxanası" adlanırdı. Sonra bu qalmaqallı ad dəyişdirilərək daha yumşaq formaya salındı.

Getty Images Contemporary US artist Henry Taylor (left) has reimagined and interrogated the Demoiselles by Cubist master Picasso (Credit: Getty Images)

Gizlədilən Afrika izi

Coan Snreç bildirir ki, Pikassonun heç bir keçidi olmadan hər şeyi birdən-birə dəyişməsi hətta yeni üslublar sınaqdan keçirən avantürist rəssamlar üçün belə "həddindən artıq böyük addım" kimi qəbul edilirdi. Lakin Pikassonun yenilikləri göydəndüşmə deyildi. Bəzilərinin birbaşa Afrika qitəsindən gəldiyini iddia etmək olar.

Rəsmi yaratmazdan aylar əvvəl Pikasso Matissin 1906-cı ildə Parisdə aldığı, indiki Konqo Demokratik Respublikasına aid kiçik bir heykəlciyin təsiri ilə Afrika maskaları və heykəltəraşlığına xüsusi maraq göstərməyə başlamışdı. O, Trokadero Etnoqrafiya Muzeyinin Afrika bölməsini müntəzəm ziyarət edərək yeni şedevri üçün yüzlərlə ilkin eskiz çəkmişdi.

Bütün bunlara baxmayaraq, Pikasso 1920-ci ildə Afrika incəsənəti üzrə işləyən bir tənqidçiyə "bu barədə heç vaxt eşitmədiyini" deyərək məşhurlaşmışdı. Onun bu inkarı sonralar irqçilik və mədəni mənimsəmə ittihamlarına səbəb oldu.

"Avinyon qızları"nın yenidən doğuşu

Henri Teylor 2007-ci ildə Parisdəki ilk Avropa fərdi sərgisi üçün Pikassonun bu ikonik rəsminə müraciət etdi. "Konqodan paytaxta və yenidən qara" adlanan bu əsər beş çılpaq qadının və maskalı üzlərin əsas strukturunu, pozalarını qoruyub saxlayır. Lakin ilkin ağdərili fiqurlar artıq qaradərilidir və Afrika incəsənətinə daha açıq şəkildə işarə edir.

Mövzu təkcə incəsənət deyil. İki əsər qadınlara olan fərqli münasibətləri də ortaya qoyur. Pikassonun qadınlarla olan problemli münasibətləri tarixən məlumdur. Rəssam qadınlardan birinə – Fransuaza Jiloya bütün qadınların ya "ilahələr və ya ayaqaltı", ya da "əzab çəkmək üçün maşınlar" olduğunu demişdi. Bəzi tənqidçilərə görə, tablodakı parçalanmış bədənlərin şiddəti estetik olmaqdan çox, rəssamın şəxsi qəzəbini əks etdirir.

Teylorun tablosunda isə küncdə qızıl saatlı ağdərili bir kişinin qolu da təsvir edilib ki, bu da qadınlardan birinə toxunur. Qadınlardan biri isə dünyaca məşhur ilk qaradərili superulduz kimi tanınan ABŞ-fransız rəqqasəsi və müğənnisi Jozefina Beykerə bənzəyir.

New York/ Aurélien Mole c Henry Taylor Courtesy the artist Taylor's From Congo to the Capital and Black Again (2007) is currently on display at the Musée Picasso Paris (Credit: New York/ Aurélien Mole c Henry Taylor Courtesy the artist)

Dəhşətdən şedevrə gedən yol

Jorj Brak "Avinyon qızları" haqqında ilk tənqidi fikirlər səsləndirsə də, qısa müddət sonra öz rəsmlərində tablodakı "bucaq" yanaşmasını mənimsədi. 1920-ci illərə qədər ilk vaxtlar ikrah doğuran bu əsər artıq şedevr kimi qəbul edilməyə başlandı. Yazar və şair Andre Breton rəsmi "inqilabi" adlandıraraq fransız moda dizayneri Jak Duseni onu almağa inandırdı. 1939-cu ildə isə Nyu-Yorkun Müasir İncəsənət Muzeyi onu əsas əsər kimi əldə etdi və tablo bu gün də orada saxlanılır.

Aradan yüz ildən çox vaxt keçməsinə baxmayaraq, "Avinyon qızları" hələ də sənətkarları öz daxilindəki mövzularla mübarizə aparmağa məcbur edir. Bu, bir rəsmin eyni vaxtda həm nifrət, həm də sevgi qazana biləcəyinin, eyni zamanda sənət tarixində dramatik bir dönüş nöqtəsini müəyyən edəcəyinin ən gözəl sübutudur.

# 81 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq Buker Mükafatının qalibi açıqlandı

Beynəlxalq Buker Mükafatının qalibi açıqlandı

15:22 20 may 2026
“Rənglərin dialoqu”  adlı sərgi açıldı

“Rənglərin dialoqu” adlı sərgi açıldı

15:07 20 may 2026
WUF13-də yol göstərənlər - Fotolent

WUF13-də yol göstərənlər - Fotolent

14:18 20 may 2026
“Mənimki keçib, harda qırılar, qırılar...” – Məşhur rejissoru kinodan kimlər küsdürdü?

“Mənimki keçib, harda qırılar, qırılar...” – Məşhur rejissoru kinodan kimlər küsdürdü?

14:15 20 may 2026
“Yerdəkilərdən göyə şikayət edən” dahi - O, xurafatın "maska"sını necə cırdı?

“Yerdəkilərdən göyə şikayət edən” dahi - O, xurafatın "maska"sını necə cırdı?

13:30 20 may 2026
WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edildi

WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edildi

12:33 20 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər