Təbiət sizin kimi yalançı deyil – Şəhriyar del Gerani yazır...

Təbiət sizin kimi yalançı deyil – <span style="color:red;">Şəhriyar del Gerani yazır...
19 mart 2019
# 13:51

Deyim ki, tarixi ekskursiya-filan lazımsız işdir bu mövzuda. Novruz bayramı bütünlüklə Azərbaycan xalqının və təbiətinin xarakterini ifadə etməkdə. Deməli, Novruz bizim milli bayramımızdır. Bunu ən çox Azərbaycanın möhtəşəm coğrafiyasında gəzişən əsrarəngiz iqlim şəraiti təsdiq edər. Novruz bayramını qeyd eləyən istənilən məmləkətə gedin, görəcəksiniz, oralarda hələ torpaq oyanmayıb, əkinə hazır deyil. Baba Şəhriyar necə deyirdi?



Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda…

Bayram yeli yalnız Azərbaycanda çardaqları yıxır, başqa yerlərdə yox. Novruzgülü də martın ortasında bizdə olur, yəni Təbrizdə olur. İndi durub təbiətə inanmayacaqsınız? Təbiəti özünüzə oxşatmayın. O, yalançı deyil.

Yadımdadır, bir zamanlar bir qrup burnudeşik psevdoziyalı düşmüşdü ortalığa. Ki, "Novruz atributları olan Kosa-Keçəl niyə dilənçilik edir? Şaxta baba isə hədiyyələr gətirir…" filan-bəsməkan. Elə indi də hərdən-hərdən belə sarsaq iddialara rast gəlinir. Əvvəla, dilənçi özünüzsünüz! Ömür boyu ağzınızı açıb ondan-bundan pay-püşk umursunuz, yad mədəniyyətlərə dürtüşdürürsünüz özünüzü, olursunuz "second-hand" adam tipləri. Anlamırsınız ki, sizin kimiləri Avropada dazağılbaş deyə yarqılayırlar. Heç bir millət onları sümsükcəsinə imitasiya edənlərə hörmət qoymur. Dünya orijinalları dəyərləndirir, imitatorları yox. İntellektual tupoyluğunuzdan əl çəksəniz görərsiniz. Ki, bizim Kosa baharın, Keçəl isə qışın simvoludur. Bu möhtəşəm metafora da xalqın orijinal yaradıcı təfəkküründən gəlir.

Bəs, bu personajlar kimdir, nə istəyirlər? Keçəl qışdır, kasıbdır, yoxsuldur, Kosa isə bahardı, dirilib, canlanıb, zəngindir. Xalqa müraciət edir ki, gəlin yığışıb bu kasıba toy eyləyək, yola salaq getsin zamanın dövriyyəsinə. Xalq da öz ruhani-əxlaqi, mübarək mahiyyətinə uyğun olaraq yardım edir, əl tutur, təbiətin verdiyi nemətləri bölüşür onlarla. Necə ki, çağdaş toylarımız da belə keçir. El-oba, dost-tanış, qohum-əqrəba yığılıb, nəmərləşib bəy-gəlinlərinə toy edirlər, şənlik ilə, yeyib-içib deyə-gülə yola salırlar həyatın çərxinə. Heç bir yerdə belə adət yoxdur. Hələ Avropa, Amerika banklarında kredit nümunələri yox ikən Azərbaycan insanları bu sistemi öz aralarında yaratmış.

Unikal tapıntıdır!



Azərbaycan insanı paylaşımçıdı, bölüşümçüdü. Şərqdə ilk Demokratik Respublika quran, qos-qoca Qafqazda Azərbaycan adına Türkçülüyü, İslamçılığı Müstəqil Dövlət kimi yaşadan bir xalq sizə zarafat gəlməsin. Onlarla azsaylı millətlərə Vətən olmuş bir məmləkətdir Azərbaycan. Yüzillərdir hər birinin dili də yaşayır, inancları da, adət-ənənələri də. Bu səbəbdəndir Vətənin dar günlərində hər bir millətin nümayəndəsinin sinəsini sipər gördük. Azan sədalarıyla Kilsə zənglərinin bir-birinə qarışdığı məmləkətdir bu yerlər. Mən dəfələrlə Qubada, Qırmızı Qəsəbədə dağ yəhudilərini danışdırmışam, Lənkəranda, Astarada, Masallıda, Lerikdə talış balalarımızın dilindəki nəğmələri dindirmişəm, Ağcabədi- Beyləqanda məskən salmış - Laçından, Kəlbəcərdən, Qubadlıdan qaçqın düşmüş kürd nənə-babalarımızın bayatılarına ağlamışam, Balakəndə, Zaqatalada, Qaxda - avarlardan, saxurlardan, inqiloylardan hekayələr eşitmişəm, İsmayıllıya gedib molokanları danışdırmışam, Oğuzda, Qəbələdə udiləri... Daha kimləri, kimsələri… Və zaman-zaman anlamışam ki, Azərbaycan dediyimiz bu diyar bütün bu millətlərin şahanə, sadiq insanlarıyla Vətəndir. Xülasə, Azərbaycan dünyanın dörd bir yanından gələn ellərə qucaq açmış. Ol səbəbdən onun toyu da, yası da el-obayla gəlir, el-obayla gedir. Xalq dilində bir məsəl də var, “Elnən gələn bəla toy-bayramdır”. Araşdırmışam, heç bir dildə belə məsəl yoxdur. İndi deyirsiniz, yığışıb Kosaya əl tutmayaq, Keçələ toy eləməyək?


Şaxta baba isə umacaqlıq rəmzidir. Qərb insanı soyuqdu, tənbəldi, oturduğu yerdə nail olmaq istəyir hər şeyə, ona görə qapısı döyülür, Şaxta babası gətirib hədiyyəsini verir, o da xoşbəxt olur. Lap yaxşı. Mənim nəyimə lazım? O da onların təfəkkürünün məhsuludu. Sağlıqlarına qismət. O onların gopçu, saxta babası, o da özləri. Mənim heç bir kimsələrin adət-ənənsiylə işim yox. Bizim personajlar isə, dip-diri, gər-gerçək.


Şalsalladı, sonradan papaqatdı kimi yenilənən adət də heyrətdir. Şair demiş, “Ay nə gözəl qaydadı şal sallamaq…” Yadıma düşür, 90-larda hər evdə şəkərbura, paxlava, qoğal bişməz idi, qoz-fındıq olmazıydı. Amma bu heyrətamiz adətin sayəsində hər kəs bayram nemətlərindən bolluca dadardı. Qurban bayramı qədər müqəddəs, xoşniyyətli adətlərlə dopdoludur Novruz.


İlaxır çərşənbənin "qulaq falı" deyə bir adəti də vardı. Bəzi regionlarda seyrək rast gəlinsə də, bir çox yerlərdə hələ də yaşanmaqda, yaşadılmaqda. Necə yaradıcı, fantaziyalarla, mistik yozumlarla dopdolu bir proses. Subay qızlar ağızlarına su alıb qonşu qapılarını pusardılar çərşənbə axşamı. Həmin günü hər kəs evdə xoş sözlər danışar, arzular səsləndirər, dualar oxuyardı. Ertəsi gün gənc qızlar ağbirçəklərin yanına toplaşar, eşitdikləri sözləri deyər, yozum istərdilər. Falyozmaları eşitcək şaqraq gülüşləri el-obanı başına götürər idi. Bahar da məhz həmin andan gələr idi küçəmizə, elimizə. Ən qəribəsi, ağbirçəklərin yozumları əksərən doğru çıxardı. Həmin ili nişanlanan qızlar "Həri"sinə qulaq falını doğruçu yozmuş ağbirçəyi çağırar və beləcə daha da doğmalıq yaranardı el-obada. "Novruz" belə bayram idi qabaqlar. “Qabaqlar” dediyim, xiffətini çəkdiyim uşaqlıq illəridir. Elə indi də Novruzu layiqincə keçirir gözəlim Azərbaycan xalqı.
Amma əcəb vətən idi uşaqlıq. Əfsus, çox tez qərib düşdük. Ey kaş adamlar barı 30 ildən sonra böyüməyə başlardılar. Siz Allah, heç 5-10 il də uşaqlıqmı olar?


Nə isə. Bayramınız qutlu olsun, əzizi-mənlər! Harda görsəniz bizim Novruz personajlarımızı, adət-ənənələrimizi dışlayırlar, aşağılayırlar, siz də məqalədəki arqumentlərlə cavab verin, gedib quyruqlarıyla oynasınlar. İmkan verməyin dazağılbaş psevdoziyalılar xalqı aşağılasınlar. “İkinci əl” düşüncə yiyələrinə orijinal xalqın arasında yer yoxdur. Və Novruz bayramı həm də bizim həmrəylik günümüzün astanasıdır. Arzularınız, dualarınız dünyanın bütün yerlərində olan gerçək azərbaycanlıların sağlığına olsun. Ölkədən kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycanın qeyri-rəsmi səfiridir, vətəndən bir parçadır. Allah hərdaim sizinlə olsun, Vətənim Adamlar. Mübarəksiniz!

# 2802 dəfə oxunub

Müəllifin son yazıları

# # #