17 yaşında 7 aylıq hamilə qız öz toyunda niyə öldü?

17 yaşında 7 aylıq hamilə qız öz toyunda niyə öldü?
29 oktyabr 2025
# 14:00

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

Yenə həmişəki kimi səhər erkən oyandım, əynimi geyinib işə gəldim. Hər zamankı kimi xəbərləri bir-bir gözdən keçirməyə başladım: neftin qiyməti, Türkiyədə Cümhuriyyət bayramı, 29 oktyabrda dünyaya gələn, vəfat edən yazıçılar...

Mədəniyyətin işığı ilə gündəlik həyatın qaranlığı bir-birinə qarışmışdı.

Amma qəfildən gözüm bir xəbərə sataşdı. Günün bu saatına qədər hər şey sakit, adi idi.

"Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. Toydan sonra halı pisləşən qız təcili şəkildə xəstəxanaya hospitalizasiya olunsa da, onu xilas etmək mümkün olmayıb. Onun hamilə olduğu bildirilib".

Oxuyuram, oxuyuram… Ağlıma eyni vaxtda bir neçə sual sancılır, nəyə təəccüblənəcəyimi, nəyə qəzəblənəcəyimi bilmirəm: 17 yaşında qıza toy edən valideynlərəmi, onun yeddi aylıq hamilə olmasınamı, yoxsa onun toy gecəsi ölümünəmi?

Bu kimi hallardan artıq camaat da bezib, belə qanunazidd hadisələrlə bağlı tədbir görməkdən hökumət də təngə gəlib. İndi desəm ki, günah valideyndədir, qınayacaqlar. "Günah qızdadır" desəm, yenə qınayacaqlar.

Ölümlə bitən situasiyalarda artıq qınayan kimdir, qınanan kimdir, əhəmiyyəti qalmır. Bir yeniyetmə can da dünyadan köçüb getdi.

Əgər qız hələ 17 yaşında 7 aylıq hamilədirsə, üstəlik, buna görə evləndirilirsə, narahat olmalı bir neçə məqam var. Məntiqlə yanaşsaq, 16 yaşında hamilə qalan bir yeniyetmənin taleyi onun ölümünədək heç kimin diqqətini çəkməyib, heç kimi təəccübləndirməyib?! Onun hamiləliyi hansısa qadın məsləhətxanasında qeydiyyata alınmayıbmı, alınıbsa, həkimlər niyə bu barədə susublar?

Gənc ana namizədinin bətnində dölün tələf olması və sonra onun özünün də ölümü həm də problemli hamiləlik keçirdiyini göstərir. Ehtimal ki, valideynlər də qızın yaşının azlığına görə bəlkə də onu hansısa tibb müəssisəsində hamiləlik üzrə qeydiyyata da salmayıblar. Acı nəticə də ortada - ana və uşaq ölümü. Bunlar da bir kənara, bu yeniyetmənin hamiləliyi hansısa zorlamanın nəticəsi də ola bilər. Bu barədə indiyədək qız da, valideynlər də niyə susublarmış? Qaranlıq məqamlar çoxdur...

Və 17 yaşında 7 aylıq hamilə qızın toyuna gedənlər "mübarəkbadlığı" kimə və necə söyləyiblər?

İndi rəsmi evlilikdən əvvəl həkimlərin və dövlətin tövsiyə etdiyi müəyyən tibbi yoxlamalar olur, onları kimsə yoxlamadan keçiribmi? Ümumiyyətlə, bu cütlük arasında rəsmi nikah kəsilibmi?

Çoxlu cavabsız suallar var... Yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi araşdırmalar aparılacaq, həqiqət ortaya çıxacaq. Amma 17 yaşlı qızın ölümü baş verdikdən sonra bizə bu həqiqət lazımdır yoxsa nəhayət ki, cəmiyyətin də bu kimi problemlərə qarşı ayıq-sayıq davranıb sosial məsuliyyət nümayiş etdirməsi?!

Görünən budur ki, erkən nikahlar və buna bənzər digər problemlərlə bağlı artıq maarifləndirmə işlərindən daha vacib, daha sərt addımlara ehtiyac var. İstər qanun çərçivəsində, istərsə də vətəndaş məsuliyyəti aspektindən...

17 yaşında 7 aylıq hamilə olan qız öz toyunda öldü.

Amma görünür, onun "ölümü"nə ailəsi, ətrafı və cəmiyyət tərəfindən çoxdan fərman verilmişdi.

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər