Dilarə Əliyeva: "Qəzadan bir gün əvvəl yuxuda gördüm ki..." - Müsahibə

Dilarə Əliyeva:  "Qəzadan bir gün əvvəl yuxuda gördüm ki..." - Müsahibə
29 yanvar 2024
# 12:36

Kulis.az Əməkdar artist Dilarə Əliyeva ilə müsahibəni təqdim edir.

- Dilarə xanım, necəsiniz, hazırkı işləriniz nə yerdədir?

- “ Soy Production” fəaliyyətini davam etdirir. Verilişlər olduğu kimi qalır. Layihələrə bir az əl gəzdirmişəm, məzmununda dəyişikliklər etmişəm. Aparıcıya qədər dəyişmişəm. Oyunun gedişatını. Çox şey. Bəzi şeyləri saxlamışam, amma istəyirəm, daha da yaxşı olsun. Bu film “ Soy Production” nəzdində çəkilib. İşlərim yaxşıdır. Hər şey yolundadır, qaydasındadır. Bildiyim, hər zaman məşğul olduğum işi görürəm. Sadəcə o vaxt Oqtay var idi o özü işlərlə məşğul olurdu. İndi ondan qalanlara sahib çıxmaq, onları qorumaq lazımdır. Mən indi Oqtaydan yadigar qalan işlərin nəinki qorunması ilə məşğulam, inkişaf etdirilməsi yolunda da səy göstərirəm. Çünki televiziya sahəsi yerində saymağı sevmir. Davam etməlisən ki, gündəmin nəbzini tuta biləsən. İşlərim çoxdur, hazırda altı layihəm var və bu layihələrdən başqa film də var. Eyni zamanda, İrəvan Teatrı da təşəbbüs göstərdi, söhbətlər etdik. Onlar istəyirlər ki, mən həm də aktrisa kimi onların yanında olum, yəni teatrda da varam. Xalqın kişiləri kimi səhər saat 7-də evdən çıxıram, axşam saat 1-də zorla gedib evə çatıram. Mən hesab edirəm ki, belə zamanlarda ayaq üstə qalmağn, güclü olmağın yalnız bir yolu var: kim bir işləyirsə, sən iki işləməlisən. İkiəlli işdən yapışmalısan.

- Yəni belə deyək də, evdə otursaydınız, bütün mənalarda sizin üçün yaxşı olmayacaqdı…

- Doğru, yaxşı olmayacaqdı. Bir də ki, həmin variant ən asan çıxış yoludur. Bəzi adamlar var ki, insanları qınamağı sevirlər. Deyirlər ki, müəyyən şeyləri gözləmək lazım idi. Bu zəif və ən asan çıxış yolu axtaran insanların işi idi. Siz təsəvvür edin ki, Oqtay Əliyev bu qədər işlər görüb. Onun gedişi xalqı sirkələdi, sarsıtdı. Deməli, bu adam indiyə qədər az iş görməyib. İndi Oqtay Əliyevin televiziyada yaratdığı imperiyanı dağıtmaq çox asandır. Mən də insan olaraq dağıtmaq tərəfdarı deyiləm. Sahib çıxmaq, qurmaq, davam etmək canımdadır. Tanımadığım insanla belə rastlaşanda, onun nəyəsə ehtiyacı olanda, kömək edə bilmirəmsə, gedib üç gün onun fikrini çəkirəm. Bu baxımdan, mənə miras qoyulan şeylər, gözü mənə baxan adamlar, Oqtayın yadigarları var. Bütün bunları da bir kənara qoyuram. Hesab edirəm ki, sənət adamları güclü olmağın, ən çətin işin öhdəsindən gəlməyin bariz nümunəsi olmalıdırlar. Və bu artıq baş verir. Hərdən ağır itkisi olan insanlara yaxşı mənada məni misal çəkirlər, güclü olmağımdan bəhs edirlər. Başqa cür ola da bilməz, olmamalıdı. Bu cür adamlara deyirəm ki, sizcə, mən ağlamadım və yaxud da indi ağlamıram, sırlamıram? Amma yadınızda saxlayıın, ilk andakı ağrı-acı ilə ağlaya-ağlaya daşları yerinə qoyursan. O ağrı ilə sonrakı ağrının fərqi var. İndi mənim ağlayıb-sızlamağım üçün bağlı bir otağım var.

- Oqtay müəllim dünyasını dəyişəndə bir çox qadın sizinlə birgə ağlayırdı. Hər şeyi, aparıcılığı, aktrisalığı bir kənara qoyub, sizə - Oqtay müəllimin həyat yoldaşının fəryadına sakit tamaşa etmək olmurdu. Qısa zaman kəsiyində özünüzü necə ələ ala bildiniz? Çox güman ki, sizə güc verən nələrsə oldu?

- Əlbəttə. Mənim vəziyyətimin adını kənardan toparlanmaq qoyurlar. Amma mənə görə ağlını və məntiqini itirməyəndə ən düzgün yolu tapırsan. Hekayəm bu cür ağır vəziyyətə düşənlər üçün ən yaxşı çıxış yoludur. Əgər dörd tərəfiniz çarəsizlikdirsə, nəyi edə bilirsinizsə, onu edin. Mən də ağlayıb sızlayandan sonra emosiyaları bir kənara qoyub düşünürdüm ki, mən indi nə edə bilərəm? Oqtayı daha geri qaytara bilməzdim. Amma nəyi bacara bilərdim? Həmin an düşünürdüm ki, nə edə bilərəm ki, onun ruhu şad olsun. Narahat olduğu valideyninə göz-bəbəyim kimi baxmaqla, onlara bir övlad kimi sevgimi verməklə, övladlarını özü kimi qorumaqla, yarımçıq qalan işlərini tamamlamaqla, inkişaf etdirməklə ruhunu şad edə bilərdim. Bu qərarı aldığım üçün ayaq üstə qaldım. Məni ayaq üstə saxlayan yeganə güc onun ruhunu şad etmək fikri, düşüncəsi oldu. Bundan sonra onun adına film çəkdik, yad etdik. Oqtayın adı üçün nə etmək mümkün idisə, onu etdik. Biz tez-tez bu dünyada yaşamaq çətindir deyirik. Bunu təkcə maddi çətinliklərə, yemək-içməyə görə demirik ki. Bu dünya həm də belə ağrılara, itkilərə görə çətindir. Heç kim bu dünyaya elə-belə gəlməyib. Tanrı bizi bu dünyaya gətirib və insan özünü sevməyi bacarmalıdır ki, başqaları da onu sevsin. Oqtayın dərdi həmişə mənimlədir, vacib olan həm də bu dərdi şərəflə daşımaqdır. Bunun üçün görüləcək işlər çoxdur. Ömür isə qısadır…

- Yəqin ki, siz öz dərdinizlə çox baş-başa qala bilmirsiniz. Çünki dərd adamı çəkdikcə dərinlərə çəkir, bəzən dərin quyu kimi ordan çıxmaq da çətin olur…

- Təklikdə qalanda dərdin dibinə qədər getmək lazımdır, çünki əksi olanda, bu, insanda tabu kimi qalır və insan öz dərdindən qorxur. Mən yaşadığım dəhşəti zaman-zaman gözümün qarşısına gətirirəm. Təzə vaxtlarda instaqrama, yutuba girəndə, qəza ilə bağlı görüntüləri görəndə, dünyam dağılırdı. Amma hadisədən bir müddət sonra qəza olan yerə yenə getdim. Orda yaşadıqlarımı yaşadım, əzab çəkdim. Amma dedim ki, qoy, yaşaya-yaşaya ağrıdan keçim.

- Çətin oldu?

- Çox çətin oldu. Amma bir söz deyim, dərd insanı böyüdür, bərkidirmiş. Mənim həyatda ən dözümsüz olduğum ölüm uşaq ölümüdü. Bir yaxın adamın nəvəsi rəhmətə getmişdi. Mən də vaxtı bir az yubadırdım ki, ən ağır məqama gedib çıxmayım. Elə oldu ki, getdim uşağın qırx mərasiminə çatdım və insanlarla birgə qəbirüstünə getməli oldum. Düzdür, ağladım, sızladım, amma sonra sakitləşdim. O zaman anladım ki, yox, Oqtayın gedişi məni çox-çox bərkidib.

- Taleyinizdə belə faciənin olacağını gözləyirdinizmi?

- Hərdən həyat adama elə bir tərs sillə vurur ki…

- Bu həmin sillə idi?

- Hə… Hadisə baş verəndə, mən maşından düşdüm, bir anlıq ətrafıma baxdım, keyidim, nə baş verdiyini anlamadım. Sonra yavaş-yavaş özümə gəldikcə, düşündüm ki, ola bilməz, mən bu hadisəni yaşaya bilmərəm. Heç bir xəbərdarlıq olmadan bu hadisə necə mənim başıma gələ bilər? Amma zamanla anladım ki, xəbərdalıqlar da olub. Misalçün, mən yuxularımda gerçəkləri və ola biləcəkləri görə bilirəm. Oqtay haqqında çəkilən filmdə də var. O, nə qədər mağaza gəzsə də, bayramda yandıra bilmək üçün cəmi bir dənə fişəng tapa bilmişdi. Martın 21-i yedik, içdik və evə gəldik. Oqtayın yolda yadına düşdü ki, fişəngi atmayıb. 22-də Oqtay oraya, fişəngi atmağa görə gedib. Həmin gündən bir gün əvvəl yuxuda gördüm ki, fişəngi atıram, partlamır. Oqtaya dedim ki, dünən partlada bilmədiyin fişəngi mən heç yuxuda da partlada bilmədim. Bu söhbətimizdən dörd dəqiqə sonra hadisə baş verdi. Bu, əlamət idi.

- Oqtay müəllim müsahibələrində vurğulayıb ki, özümü qaçqın hiss edirəm. Ağrı dağı məsələsi.

- Çox yaxşı zarafat edən insanlar ağrılarını gizlətmək istəyənlərdi. Oqtay hər zaman şəxsi emosiyalarını gizlədərərək gülüşə çevirib. İrəvanla bağlı olan bütün mövzular Oqtay üçün ən ağrılı mövzu idi. O bu barədə yaşadıqlarının heç yüzdə birini dilə gətirmirdi. Çox möhkəm insan idi, amma onun gözünü bircə İrəvan həsrəti yaşardırdı. Rusiya kanallarında böyüdüyü məhəlləni göstərəndə, gözü dolur, kövrəlirdi.

- İrəvana dair ən böyük arzusu nə idi?

- Çox idi arzuları, ancaq ən böyük arzusu heç olmasa, bir anlıq İrəvana, böyüdüyü küçəyə getmək idi. Bu onun üçün o qədər müqədəs arzu idi ki, telefonunda, evində, iş yerində gözünün qarşısında mütləq Ağrı dağının rəsmini qoyurdu. Onun sinəsində, həqiqətən də, Ağrı dağının özü boyda bir ağrı vardı.

- Kövrəldiniz...

- Hə... Çünki mən onun bu həsrətinə həmişə kövrəlirdim. İnanırsınız ki, müəyyən qurumlar, cəmiyyətlər İrəvana danışıqlara, görüşlərə gedəndə mənim ürəyimdən keçirdi ki, görəsən, necə etmək olar ki, Oqtay heç olmasa, bir dəfə həmin nümayəndə heyətinin içərisində İrəvana getsin. Amma bu, heç vaxt alınmadı. Onun bu nakam arzusu, inanın ki, məni yandırıb-yaxır. On səkkiz yaşı olanda ordan çıxmışdı. Onun kefi bir az yaxşı olanda, xoşbəxt anlarımızda o dəqiqə Oqtay İrəvandan danışır, uşaqlıq və gənclik illərini, ordakı evlərini xatırlayırdı və kövrəlirdi.

- İrəvan teatrı Oqtay müəllim üçün nə ifadə edirdi?

- İrəvan teatrı Oqtay üçün çox həssas mövzu idi. O da, Elçin də gözlərini İrəvan teatrında açıblar. Teatr onların evi olmuşdu. Səhərləri orda açılır, axşamları orda bitirdi. Tamaşalara, qastrollara valideynləri ilə birgə gedirdilər. Oqtay teatrla nəfəs alır, teatrı, bütün tamaşaları əzbər bilirdi. Özünü anlayan kimi də elə teatrda işləməyə başlamışdı. Mənə elə gəlir ki, Oqtay kimi yaxşı prodüserlər, iti və düşünən beyinlər, qurucu, yaradıcı insanlar üçün belə mühit asanlıqla yaranmır. İrəvan teatrı onun üçün bir münbit mühit idi. Sonradan o özü elə bir mühitə çevrilməyi bacardı.

# 3905 dəfə oxunub

Müəllifin son yazıları

# # #