Şərif Ağayarın “Kurtlar vadisi”ni xatırladan romanı – Tənqid

Şərif Ağayarın “Kurtlar vadisi”ni xatırladan romanı – Tənqid
15 yanvar 2021
# 10:30

Kulis.az gənc yazar Ruzbeh Məmmədin Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanlı haqda yazdığı yazını təqdim edir.

Az-çox mütaliə edən adam kimi deyə bilərəm ki, dünya ədəbiyyatı azaddır, illərdir, "bizdə niyə ədəbi tənqidçi yoxdur" kimi absurd fikirlərə baş qatmırlar. Onların da Çingiz Abdullayevi, Rövşən Abdullaoğlusu, Elxan Elatlısı var. Və o yazıçılar haqqında düşünmürlər.

Dünya kitab bazarı primitiv əsərləri tez bir zamanda sıradan çıxarır. Bir də onu deyim ki, xarici mənbələrdə də dünya klassikləri daha çox oxunur. Ona görə də Əsəd Cahangiri, Cavanşir Yusiflini dağa dirəyib deməyək, niyə ədəbi tənqiddə aktiv deyilsiniz? Cavanşir Yusifli əslində mütəmadi yazır, amma yazı başdan-başa terminlərlə dolu olur. Mən başa düşmürəm, öz adıma deyirəm.

İndi keçək dövrümüzün ən yaxşı yazarlarından biri olan Şərif Ağayara.

Şərif Ağayar yaradıcılığa şeirlə başlayıb. Gözəl şeirləri də var. Mən onun şeirlər kitabını oxudum, amma sevinirəm ki, nəsrə keçib. Çünki bu ölkədə şeirdən çox nəsrə ehtiyac var. İndi bizdə şairi olmayan evə pis baxılır. Nəsr yazanlar isə barmaqla sayılası qədərdir. Şərif Ağayar şair kimi davam etsə idi yenə yaxşılardan olacaqdı.

Şərif bəyin nəsrindən "Kərpickəsən kişinin dastanı" povestini, "Arzulardan sonrakı şəhər"romanını oxudum.

Romanı oxumağa başlayanda üz qabığında adı oxumayıb, ilk vərəqdən romana başlayanda ədəbi təsvirlərin incə düzülüşü adama xoş təsir bağışlayır. Bu təsvirlərə görə xarici yazarların qoxusunu hiss edirsən. Və sevindirici hal odur ki, necə gözəl bəzəyib, romanın dilini necə yüngülləşdirib. İlk vərəqdən qəlizdi deyib bir kənara atmağa şans buraxmayıb. Yəqin, bu, yazıçının ədəbi fəndidir.

"Çəhrayı atlar tez-tez yuxuma girməyə başlamışdı. Elə tez-tez ki, bunun yuxu, yoxsa gerçək olduğunu ayırd edə bilmirdim. Mən o atları lap balaca vaxtı üfüq boyu uzanıb gedən yaşıl təpəliklərdə görmüşdüm".

Bu cümlələr Turgenevin "Atalar və oğullar"ındakı sətirlər qədər doğmadır. Çünki Turgenevin nihilizmə qədər düşüncəsində təbiət daha yaxşı təcəssüm olunub. Təbii gözəllik, təbiət hər şeyin ötəsində - fövqündə dayanıb. Yazıçı Şərif Ağayar da bu cümlələrdə coğrafi, geoloji quruluşu elə gözəl təsvir edir ki...

"Üfüq boyu uzanıb gedən yaşıl təpəliklər". Adam özünü baharın lap ortasında hiss edir. Uzaq düşmüş uşaqlığımızı xatırladır.

Daha sonra, yazıçı bu gözəl dünyəvi, amma bir o qədər də uşaqsı hisslərlə bəzədilmiş cümlələrdən keçib kədərli sətirlərə qərq edir adamı:

"Arzular şəhərinə köçdüyümüz il nənəm məni dörmərtəbənin yaxınlığındakı qırımızı binalı məktəbə qoydu. Sıxıla-sıxıla sinfə girəndə özümü dovşan kimi hiss edirdim. Bunu kök, qızıldış müəllimə də gördü və hamının yanında üzümə dedi: "Bala, dovşan kimi niyə büzüşmüsən, rahat ol, keç boş yerlərdən birində otur". Sinifdən gülüş dalğası yüksəldi".

Bu cümlələr məni Qustav Floberin "Madam Bovari"sinə apardı. Kənddən gəlmiş Şarl Bovari sinfə daxil olanda hamı heyrətamiz şəkildə Şarlı süzür. Şarlın da əlində bir az kovboy, bir az kənd stilli şlyapa... Müəllim soruşur, adın nədir? Şarl da "Şar Bovari" deyə udqunaraq, utanaraq cavab verir. Bütün sinif Şarla gülür. Müəllim təkrar-təkrar adını soruşur və eyni utancaqlıqla cavablandırır. Yazıq Şarl dəfələrlə gülüş atəşinə məruz qalıb, dəfələrlə sinifdə ölüb-dirilir. Şərif bəyin Həsəninin də sadəlövhlüyünü, kimsəsizliyini hiss etməmək mümkün deyil.

Əsərdə nə qədər qəmgin, ağır hadisələr yer alıbsa da sentimental düşüncələri də cümlələrə sığdıran Şərif bəy yazır:

"Qız ayağa qalxanda içimdəki kəpənək təzədən qımıldamağa başladı. Gülsüm dinmədi, başını aşağı salıb köynəyinin ətəyimi qurdaladı, sinfə sakitlik çökdü".

Bu cümlələrin ecazkarlığı ondadır ki, ibtidai sevginin başlanğıcıdır, yüz yox, min yox, milyonlarla insanın yaşadığı hissdir. Nə qədər ibtidai olsa da, bir o qədər doğmadır.

"Hər dəfə qəti qərara gəlirdim ki, sabah ona sevdiyimi açıqca bəyan edəcəm. Dillə deməyə ürək eləməsəm, yazıb çantasına atacam."

Şərif Ağayar bütün gənclərin fikirlərini sadə, hamının deyə biləcəyi şəkildə yazıb. Bunu hamı edib, hamı düşünüb. Çox da adamı cəlb etmədi, deyilmi? Amma ardınca bu cümlə ilə adamı necə məhv etdiyini hiss etmək olur:

"Arzulardan sonrakı şəhərin adı Gülsüm idi".

Yazıçı bu qədər gözəl roman yazarkən içində "Kurtlar vadisi"ndə baş vermiş hadisələr kimi əlavələr niyə edib? Düzdür, ola bilsin, olaylar xəyal məhsulu yox, baş vermiş hadisələrdir. Amma mən istəməzdim Şərif kimi yazıçı hadisəni belə təsvir etsin:

Bu vaxt Yaqub müəllim toqqasından tapança çıxarıb ayağa verdi:

"Sən öl, güllələyəcəm səni! Qudurmusan sən!

"Quduran sənsən" - inanmayacaqsınız, saçlı oğlan da qoltuğundan tapança çıxartdı"

Birincisi əsərlərdə “saçlı oğlan”, “göygöz qız”, “sarışın saçlı qız” ifadələri köhnəlib. Şəxsən onun adı ilə ifadə etsə idi, daha cəlbedici gələrdi. Daha "saçlı oğlan" deyəndə hind filmlərindəki aktyorlar təsəvvür olunmazdı. İkincisi, bu hadisə necə cılızdır. Belə cılız şeylər əsərdə niyə yer alsın ki? Nə isə, əsərin bu yerini birinci kosmik sürətlə keçməli oluram.

Sonuna yaxınlaşanda adam yenə kövrəlir, yenə kimsəsizləşir, yenə məsum düşüncələr adamın başına güllə kimi çaxılır:

"Ölüm indi mənə başqa cür görünür... Bambaşqa...

Əlvida, Yaşıl vadi! Xəyallarımın cənnəti... Keçmişimin yaşıl yuxusu.

Salam, müqəddəs İterü! Pulcuqlu balıqların sahibi... Yol azan quşların həyanı...”

Amma mən yalnız əsərdə ən yaxşı əlvidanı bir cümlədə görürəm. Yazıçı onu da yazsa idi, son sətirlərə əlavə etsə idi:

Əlvida, arzulardan sonrakı şəhərin Gülsümü!

# 2965 dəfə oxunub

Müəllifin son yazıları

# # #