Erməninin qaynatası

Erməninin qaynatası
14 noyabr 2014
# 10:05

Əynində qəhvəyi rəngdə pencək olur həmişə, başında buxara papaq. Sinəsi doludu orden-medalla. Sağ ayağında bir balaca lənglik var.

Beləsinə gərək metroda, avtobusda bir an belə tərəddüd etmədən qalxıb yerini verəsən ki, həm Allaha xoş getsin, həm də nəqliyyatdaşların səndən razı qalsın. Qalxıb yerini ağsaqqala verməsən Babəkin, Koroğlunun ruhu gecə girər yuxuna. Ağzın əyilənə qədər səni şapalaqlayarlar. Saç-saqqalı ağarmış birinə görə ayaq üstə nehrə kimi çalxalanaraq, camaatın arvadına, qızına sürtünüb abırdan getməyinə dəyər, ya yox? Fərqinə varmazlar!

Zaman kişini də, dəyyusu da eyni rəngə boyayır – ağ rəngə...

Məhlədə hamının Dəmir kişidən zəhləsi gedir. Hamı onun tez ölməyini istəyir. Amma əcəl də bu satqının qapısına gəlməyi özünə sığışdırmır sanki. Hardan və nə vaxt bizim məhləyə gəlib Dəmir kişi? Dəqiq bilən yoxdu.

Onun müharibə iştirakçısı olmadığını hamı bilir. Çox adama məlumdur ki, pencəyinin yaxasına asdığı medalların yarısını qəzet köşklərindən alıb, yarısını da Təzə bazarın aşağı qapısından. Dəmir kişinin müharibə vaxtı gördüyü yuxunu da təfsilatıyla bilirlər.

Davanın klassik şeirimzdəki sevgili canan kimi optovoy can alan vaxtlarıymış. İşdən arğın-yorğun qayıdan adamlar yığışıblar poçtun qabağına. Cəbhə xəbərlərini eşitsinlər deyə... Levitanın vahiməli səsi insanları əməlli-başlı silkələyib: nemeslər Mozdoka yaxınlaşır...

Bu xəbər ildırım kimi çaxıb adamların başının üstündə. Dəmir kişi də bir xeyli pərişan olub, üz tutub evlərinə sarı. Evə çatan kimi xəbərin hövlündən başını bürüyüb yorğana. Yuxuda görüb ki, nemeslərlə üz-üzədir. Xod verib avtomatına. Gülləsi qurtaranda faşistin səsini eşidib: “Dəmir, təslim ol!” Dəmir deyib, ay sən öləsən! Əsir olacağını anlayıb və əlini aparıb kəmərinə bağladığı qumbaraya. Torpaq şahə qalxıb. Səhər yuxudan ayılanda gördüyü mənzərə heç də ürəkaçan olmayıb: altını bulayıbmış...

Bunu nə qədər gizli saxlamağa çalışsa da alınmayıb. Bu xəbər yatağa hopan nəcisin iyinə qarışıb qapı-qapı gəzib bütün məhləni. İki gündən sonra qeyrətə gəlib Dəmir kişi. Gedib könüllü yazılıb Qızıl ordu sıralarına. Cəbhəyə getdiyi gün əzizləri ilə öpüşüb-görüşəndən sonra elə ürəklə atılıb ki, yük maşınının banına... Əgər Nigarın başı darda olsaydı Koroğlu Qıratın belinə belə sıçraya bilərdi.

Payız imiş. Narın yağış yağırmış. Maşın Bakı-Rostov yoluna çatanda aşır.

Maşının banında oturub nəğmə deyə-deyə ölümə gedənlərin heç birinin burnu qanamayıb, bir tək Dəmir kişinin ayağı qalıb maşının altında...

Hərbi biletinə “yararsız” möhürü vurulandan sonra poçtalyon işinə düzəlib. Oğlu ölən, balası itkin düşən anaların şaxsey-vaxseyindən həzz alırmış biqeyrət.

Hörmətsiz adamıydı Dəmir kişi. Zərrə qədər hörməti varıydısa, onu da ortancıl qızı Telli yerlə-yeksan elədi. Yaxşı yadımdadı, məhləyə xəbər yayılanda ki, Telli milliyətcə erməni olan sahə müvəkkili Aşotla çaşka-lojkadı, məhlədə sözünün sanbalı olan kişilər cəm olub döydülər Dəmir kişinin qapısını. Ev yiyəsi qapıya çıxdı. Məsələdən xəbər tutub qapısını döyən kişilərə “cahil” damğası vurdu. Bir xeyli xalqlar dostluğundan danışdı. Sonunda kişilər ona tüpürüb dağılışdılar.

Evə qayıtdı Dəmir kişi. Əsəbiydi. Hirsini qızı Tellinin saçlarını tumarlamaqla soyutdu.

O gündən məhlədə həngamə başladı. Atasına vurulan sərkilərə dözməyən Telli bir aydan sonra dönüb oldu Telli Sərkisyan. Dəmir kişi kimin nə işi vardısa qoydu kürəkəninin ovcuna. Qaynata-kürəkən qan uddurdular məhləyə.

Ermənilərin Bakıdan köçü başlayanda nisgilli qaynata qucaqlayıb Aşotun boynunu. Deyib, oğul, getmə, mən sənsiz buralarda neyləyəcəm? Amma Aşot gedib... O vaxtdan Dəmir kişinin tısı az da olsa, yatıb.

Noyabrdı.

Hava soyuqdu.

Avtobusdayam.

Onu görən kimi tanıyıram. Üzündəki qırışlar köhnəlib. Gözləri qocalıb. Baxışları lap qocalıb. Və ürəyim dözmür: “Dəmir kişi, gəl əyləş.”

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #