Bu dünyanın sonu puçdur, Güləndam! - Rəvan Cavid

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

22 avqust 2023
# 10:19

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Yaralı bir qəlbi insanın öz inancından və əzmindən başqa nə sağalda bilir ki?! O, bu yolun və yolçunun özüdür. Şəfa onun bədənindən süzülür. Həm ruhu, həm də bədəni tükənmişlik davasında itib-batarkən özünü daha çox dərində tapır. O, yoxa çıxdığını varlığının dibinə qədər hiss edir. Davamlı olaraq özünü, şəxsiyyətini, var olma məqsədini, həyatdakı yerini mühakimə edir. O, həmişə yaşamaq üçün bir səbəb, bir sual axtarır. Bunlara cavab tapa bilmədikcə, beyni ilə ürəyi arasındakı bataqlıqda çırpındıqca daha çox batır. Həyatın çamuru üstünə sıçradıqca nəfsini təmizləməyi məqsəd bilir, amma bacarmır. Çünki hər dəfə cavab tapanda yoluna olan əminliyi artır, nəfsi tərbiyədən qaçır.

Onların çırpınmalarını heç kim eşidə bilməz, çünki bu çırpıntılar sadəcə onlara məxsusdur. Yad biri beş duyğu ilə dərk edə bilməz, insan bu fırtınalı savaşı öz daxilində yaşayır. Bunu ancaq bir tərəf dərk edə bilər, eyni müharibəni yaşamış və qalib gəlmək üçün çox mübarizə aparmış fərqli bir qəlb. Qırılan ürəklər buna görə bir-birini tanıyır.

Məhv olmuş, uyuşmuş bir ürək harada olsa, özünü tanıyır. Ona toxunmağa, danışmağa, axtarmağa ehtiyac yoxdur, sadəcə hiss edir. Ürəkdən ürəyə tikilmiş körpü kimi onlar bir-birinə bağlıdır. O an hiss edilən tək şey uyuşmaqdır. Bilir ki, nə etsə də, düşdüyü uçurumdan qarşı tərəfi xilas edə bilməz. Bilir ki, nə etsə, nə desə, heç bir mənası olmayacaq və uçurumun dibini görmədən nə edəcəyini seçə bilməz. O hissin, uçurumun dibini görməkdən başqa çarəsi yoxdur. Təsəlli nafilədir. Qaça bilmir, çünki qaçdıqca ayağına dolanır, fərdiyyəçilik bataqlığının dibinə çəkir. Ürəyi sıxılır, sinəsinə sığmır. Özünü boğulmuş hiss edir, sanki kimsə ürəyini əli ilə sıxır, nəfəs ala bilmir, boğulmağa başlayır. Heç yerə sığmaz. Düşünməməyə çalışır, yoxmuş kimi davranmağa çalışır. Beynini, düşüncələrini dayandıracaq bir şey axtarır. Həmişə yatmaq istəyir, yuxuda unutmaq istəyir. Hamletin yuxuları izah etdiyi kimi. O, yatarkən unuda bilərdimi? İnsan yuxuda belə əziyyət çəkə bilərmi? Daha doğrusu, ağrısını unutmaq üçün yatmaq istəyərkən beş dəqiqə yuxuya getdikdə də, unutmaq üçün yalvararkən, bir anlıq da olsa, yatarkən, sakitliyi deyil, ürəyində atəşi hiss edə bilərmi? Bunu gündüzlər də, əslində, ağlı ilə ürəyi arasında olan bütün savaş zamanı hiss edirdi. Yaşaya bilirdi. İnsan ağrıdan yuxuya gedəndə yuxuda unutduğunu zənn edir, amma gözünü açan an yenə ürəyindəki ağrıları xatırlayır. Bu hiss o qədər absurd və təsvirolunmazdır ki, onu yalnız yaşayanlar anlayar. Nə etsə də, ağrıdan xilas ola bilmədi insan. Yaşayacaqdı və yaşayaraq yavaş-yavaş bu dərdi görməzlikdən gələcəkdi. İnsan belə böyüyür, yetkinləşirdi. Canı od tutub yanır, canı parçalanır. Bununla belə, gülmək yaxşı şeydi, elə deyilmi? Uşaq vaxtı yıxılanda dizləri ağrısa belə, bir az ağlayar, sonra yenidən gülümsəyərdi. Amma indi? İndi o yıxılanda dizləri yox, ürəyi, kimliyi və xarakteri ağlayır. Ruhunun təzəcə birləşmiş parçaları təzədən göz yaşı gölməçəsinə çırpılıb çilik-çilik olur. Və beləcə hamı gülümsəməyi yadırğayır. Ömür yaşamağa davam etdikcə uşaqlığımızın saf halından getdikcə uzaqlaşır, mücərrədləşirdi. Hər şey asan görünür, amma heç nə asan deyildi. Asanmış kimi davranmaq, onu aşmış kimi davranmaq, bunu elə beləcə göstərmək istəyi. O, qan ağlayarkən üzü gülür. Ruhu yanarkən çöldə işıq saçır, amma o işıq qəlbindəki odun parıltısıdır. Bunu anlayanlar da eyni ağrını yaşayanlardır. Canı yandıqdan sonra heç kimin müalicə üsuluna cavab vermir, sağalmaq istəmir, ömrün istifadə müddəti bitməkdədir yəqin. Həmin yara ancaq istədiyi zaman sağalır. Zaman dərman deyil. Zaman sadəcə vərdişə çevrilir. O vərdiş isə zəhər kimi ruha yayılır və insanı öldürdüyünü anlamadan nəfsinə yapışır. Aldığı nəfəs olur zaman. Yaşayır, yaşayır. Amma bu dünyanın sonu puçdur, Güləndam!

Qəlblərin bir-birini ağrı və iztirablardan tanıdığı, qəmin zərafətə və sənətə çevrildiyi dünyanın sakini olmaq necə qəddar hökmdür. Nəfsində və nəfəsində əbədi məhbus olmağın yersiz peşmanlığı ilə üzümüzə və təfəkkürümüzə çəkdiyimiz niqab bizə qeybdən gəlib qeybə gedəcəyimiz həqiqətini pıçıldayan haqqın əbasından bir parçadır yəqin.

Məcnun Leylini axtarmırdı, onun yolu Allahı - özünü tapana qədər davam etdi. Sənan hər şeyə Ona görə dözdü - O, Sənanın özü idi. Nəsimi Nəimiyə yox, Allahdan bir zərrənin, yəni özünün ölümünə ağlayırdı. Nizami şeyx deyildi, onun mütəsəvvüflüyü İsgəndərin heç kim olduğuna inana qədər idi. Dinlər mif olana, psixologiya rənglər anlaşılana, fəlsəfə siyasətin şahmat taxtası açılana qədər davam etdi. Dünyada hər şey özünə qayıdışda ətrafındakı nəsnələrdən arındı, imtina etdi və mütləq olana qarışdı.

Mütləq olanın axtarışı isə özümüzlə ruhi davaya çıxanda başladı. Necə ki, nə qədər ki, biz nəfəs alıb-veririk və ömrün istifadə müddəti bitməyib həmin lüzumsuz müharibə davam edəcək.

Nəfəs... Əhəmiyyətli olan tək şey öz nəfsimizlə ürəyimizin odundan xilas olmaq istəməkdir.

# 837 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #