Azərbaycanlı reper: “Onları desəm, başıma min oyun açarlar...” – Müsahibə

Rio (Riad), Azərbaycanlı reper

Rio (Riad), Azərbaycanlı reper

4 fevral 2022
# 09:00

Kulis.az reper Rio (Riad) ilə müsahibəni təqdim edir.

- Rio Riad adının qısaldılmış formasıdı, yoxsa hansısa bir məna daşıyır?

- Əslində, hə. Dostlarım həmişə Rio çağırırdı, mən də təxəllüs kimi onu götürdüm.

- Əvvələr Azərbaycan dilində təxəllüs götürürdülər. Anar Nağılbaz, Hüseyn Dərya, Dəyirman... Sonrakı nəsillər xarici dilli təxəllüslərdən istifadə etməyə başladı. Xüsusi bir səbəbi var bunun?

- Yüz faiz. Adın axtarılanda tez çıxmalıdır, daha asan, daha qısa olmalıdır. Məsələn, Rio adı daha diləyatımlıdır, şəhər adı var, digər mənalar daşıyır. Google-də Rio yazılanda düzü hələ ki mən çıxmıram (gülür), amma Youtube-da Rio axtaranda ilk mənim treklərim gəlir. Ona görə, daha populyar, daha qısa adlar seçmək lazımdı. Samitlərlə dolu bir ad həm yorucu, həm də maraqsız olar.

Нет описания.

- Rio üçün hip-hop nədir?

- Uşaqlıqdan aşiq olduğum, içində özümü tapdığım, küçədə rahat gəzdiyim, bütün mənalarda rahat hiss etdiyim mədəniyyətdir. Dostlarımla əylənə bildiyim bir sahədir. Bütün zamanımı ona həsr edə biləcəyim sənətdir. Mən repi sevirəm və rep mənə tərz qatır.

- “Synaps”da çıxan treklərindən başqa üç-dörd parça tapdım. Silmisən, yoxsa, sadəcə bu üç parçadı?

- Daha əvvəllər Riad adı ilə proyektlər işləyirdim. Sonra təxəllüs dəyişdi və Rio adı ilə çıxartdığım replər daha çox məşhurlaşdı. Bəzi treklər var ki, onları, ümumiyyətlə, silmişəm, bəziləri hələ də qalır.

- Rep, səncə, nə vaxtsa akademik səviyyədə tədris oluna bilər? Buna ehtiyac hiss olunur?

- Məncə, o, səmimiyyəti öldürər. Küçədə necəsənsə, replərində də o cür davranmalısan. Əslində, olmalıdır. Amma rep tamamilə istedada bağlıdır. Deyə bilməyən adam heç vaxt gedib konservatoriyada onu öyrənə bilməz. Küçələri tanımırsan, o mühiti yaşamırsan, sonra universitet otaqlarında rep deməyi öyrənirsən. Ola bilər ki, səndə alınsın. Amma rep demək, hələ reper olmaq demək deyil.

Нет описания.

- Getto göydələnlə birləşib?

- (gülür). Hələ ki yox, amma çalışırıq. Yavaş-yavaş, pillə-pillə qalxırıq.

- Bu, repə xəyanət deyil ki? Hip-hopu küçədən göydələnlərə daşımaq...

- Yox, əsla elə düşünmürəm. Çoxu elə düşünür. Onlar repi bilmirlər, ona görə. Bu gün Amerikada reperlər kifayət qədər yaxşı yaşayırlar. Bahalı həyat tərzləri var. Ancaq onlar da nə vaxtsa küçələrdə olublar və pillə-pillə qalxıblar. Bizim adamlar isə Fifti Senti və ya digərlərini görürlər. Elə bilirlər, həyat elə o cürdür. Bahalı maşınlar, qızlar, daş-qaş. Keçmişini isə maraqlanmırlar. Bütün reperlər küçədə nələrisə yaşayır, görür, sonra o mərtəbəyə çata bilir. Eyni zamanda da biz. Yavaş-yavaş qalxırıq. Bir gün mən də onlar səviyyədə qazananda o cür replər yazacam. Nə yaşayırsansa, onu oxuyursan, məsələ budur.

- Gec-gec treklər çıxır. Amma hamısı da uğur qazanır.

- Çox da uğur qazandığımı hiss etmirəm hələ ki. Amma mənim vəziyyətimə uyğun yaxşıdır, pis deyil. Gec-gec çıxmağının səbəbi isə leyblda (qruplaşma - red) olmağımdı, digər artislərlə bir yerdə işləyirik. Və musiqinin yazılması, trekin hazırlanması, klip çəkilişləri vaxtı bir qədər uzadır. Qəsdən etmirəm və ya xüsusi bir vaxt təyin etməmişəm. Hazır olduqca yayımlayırıq.

Нет описания.

- Azərbaycanda hansı studiyalar fəaliyyətdədir, hansı leybllar daha aktualdı?

- Təbii ki, ən aktual bu gün “Synaps”dır. Əvvəllər rəqiblər olub, indi fəaliyyətdə deyillər. Aşağıdan gələn leybllar var: “140 vibes”, “420”.

- Riad, “old school”dan kimə ustad deyirsən?

- Bizimkilərdən?

- Hə...

- Ustad kimi yox, böyük qardaşım kimi çox şey öyrəndiyim MC-lər var. Biri Pasterdi (Pərviz). Yol göstərir. Ondan çox şey öyrənmişəm.

- Bəs xarici reperlərdən?

- Uşaqlıqdan Fifti Sentə çox qulaq asırdım, sonra Snop Doq, Eminem. Əsasən, zənci reperlərə qulaq asıram. Mən özüm də ağdəriliyəm, ancaq zəncilərin hip-hop mədəniyyətini daha çox özümə yaxın bilirəm. Demirəm, Eminem pis reperdi. Sadəcə rep zövqüm, seçimim həmişə zəncilər olub.

- Belə çıxır ki, qaradərili olmaq təkcə fiziki görkəmlə təyin olunmur, bu artıq bir düşüncə tərzidir.

- Yüz faiz. Sən zənci olmaya bilərsən, amma beynin, sənətin qaradərili mahiyyəti daşıyar.

- Elə replər var ki, təkcə rep camiəsində yox, cəmiyyətdə də bir ajiotaj yaradır. Ümumiyyətlə, repin cəmiyyəti dəyişmək kimi missiyası var?

- Çox təəssüf ki, rep Azərbaycanda musiqi kimi o səviyyədə qəbul edilmir.

- Nədir ki, “o səviyyə”?

- Yəni, toy biznesi kimi kütləvi deyil, müğənnilər kimi çox qazanmırıq. Onları vurmaq üçün bizə təkcə rep demək bəs eləmir. Gərək daha çox toplumda ajiotaj yaradasan, nəsə təzə söz deyəsən. Bu təkcə bizdə belə deyil. Türkiyədə də Ezhel tutuldu, sonra məşhurlaşdı. Bizdə Paster bu cür oldu. Gərək nəsə fərqli bir şey edəsən ki, səni də tanıyalar.

- Rep etiraz musiqisidir...

- Əslində, etiraz deyil. Heç kökü gedib ona dayanmır. Parti musiqisi olub. Bronksda bir partidən başlayıb. Aqressiya, üsyan repin bir az qara tərəfidir. Mənə görə, rep sadəcə əyləncə üçündür. Düzdür, sənin tekstlərində etiraz ola bilər, nəyəsə öz fikrini bildirə bilərsən, ancaq bütün musiqin buna hesablanmamalıdır. Dinləyiciyə bir az pozitiv enerji də ötürməlisən.

Нет описания.

- Elə onu soruşmaq istəyirdim ki, sənin replərin dinləyicilərinə nə ötürür, nə verir?

- Maraqlı sualdı. Mən kiməsə nəsə ötürməyi planlamıram. Bu musiqini sevirəm və oxuyuram. Dinləyici ordan özünə, öz təfəkkürünə görə nəsə götürür. Yəqin ki, mənim replərim mənfi aura yaratmır.

- Sənin üçün hansısa mövzular var ki, onlardan qaçırsan, toxunmaq istəmirsən? Bu mövzular sənin üçün bir dəyər kəsb edir.

- Olur. Elə mövzular, elə anlayışlar var ki, çox həssasdır. Mən onlara bir qədər toxunmaq istəmirəm. Bəzən elə şeylər yazmaq istəyirəm ki, özümü güclə saxlayıram. Ailəmi, dostlarımı düşünürəm. Onları desəm, başıma min oyun açarlar. Mənim 26 yaşım var, hər şeyin fərqindəyəm. Ailəm olmasa, tək olsam, çox asanlıqla hər şeyi ifadə edərdim.

- Azərbaycanda repin vəziyyəti nə yerdədir?

- Bir az eqoistlik olacaq (gülür), amma mən gələnə kimi çox standart idi. Məndən sonra repdə sanki ab-hava dəyişdi. İstəyirik ki, repə rəngarənglik qataq. Bizdən əvvəlki nəsillə müqayisədə şanslıyıq. Necə ki ata oğlu üçün çalışır, onun həyatı üçün çalışır, bizdən əvvəlki reperlər də studiyalar qurublar, repi hansısa bir vəziyyətə gətiriblər və biz rahatıq bir qədər. Konkret cavabım isə, rep pis vəziyyətdədir. Dinləyicilərin düşüncəsi, zövqü hələ yüksək səviyyəli replə hesablaşa bilmir. Biz məcbur öz fikirlərimizi onların IQ səviyyəsinə uyğun ifadə etmək məcburiyyətində qalırıq.

- Məsələn, səndən əvvəl Notonla söhbətləşdik. O deyirdi, repin vəziyyəti o qədər də pis deyil. Qazana bilirik. Sadəcə prodüserlər baxımından bir az çətinlik var.

- Respekt (red. – Hörmətlər!) Qazana bilirsə, çox yaxşıdır. Lakin inanmıram ki, o təkcə replə müsbət nələrsə əldə edib. Mən də bir gün repdən yaxşı pullar qazana bilsəm, deyəcəm ki, vəziyyət normaldır.

- Bəs bir gün sən qazansan, dinləyici isə eyni təfəkkürdə qalsa, bunu rep üçün uğur hesab edəcəksən?

- Təkcə mən qazansam, əlbəttə, uğurlu deyil. Mən istəyərdim ki, dinləyicilərin də fikirləri dəyişsin. Və bütün reperlər sadəcə repdən qazansın. Başqa işlərlə məşğul olmayaq.

Нет описания.

- Azrep dünya repindən nə qədər geridədir?

- Amerikadan 10 il, Türkiyədən 5 il, Rusiyadan da bir 4-5 il geridəyik. Mən Türkiyədə yaşamışam və oranın da bu vəziyyətini görmüşəm. Sadəcə Türkiyədə industriya sıfırdan çevrildi. Çünki musiqinin təməli var. Bizdə isə dəyişiklik çətin baş verir. Hər şey kimi repin də düzgün bir təməli yoxdur.

- Yüz minlərlə adam qulaq asır sənə. Səncə, hamısı səni başa düşür?

- Təbii ki yox. “Qaraçuxurda hustle” repim var, elə adamlar var ki, sırf o repə 07-yə, tut arağına görə, kabab məclisinə görə qulaq asır (gülür).

- İnqilab etmiş reperlər kimlərdi?

- Hüseyn Dərya və o nəsil. Rep TV-də idi. Kütlə qazana bilirdilər.

- Razısan repin TV-lərə ayaq açmasına?

- Mən o düşüncədə deyiləm ki, rep ancaq “underground” olsun. Yüksəlməlidir, qalxmalıdır. Mən özüm də metrolarda, keçidlərdə “freestyle” etmişəm, rep demişəm. Ancaq bir yerdən sonra rep daha böyük kütləyə çıxmalıdır axı. Köhnə vəziyyət daha yaxşı idi. Hamı Xose-Dərya davasından danışırdı. Rep maraqlı idi. İndi isə rep maraqlı deyil.

- “Kəllə-Kəlləyə” layihəsi bəs?

- Xaricdən kimsə o layihəyə baxsa, Azrepin səviyyəli tərəfini görər. Ancaq hamını battle-ə (deyişmə) çıxarmaq istəyirdilər.

- Sən kimlə battle-ə çıxmaq istəyərsən?

- Səviyyəli bir diss atılsa, ona cavab verərəm və battle-də çıxaram.

- Buralara qədər gəlib çıxacağını hiss edirdin?

- Üç-dörd il əvvəl “Bronx” partidə səhnədəki reperlərə baxırdım, həvəsli idim, mən də o səhnədə olmaq istəyirdim. Partidən çıxıb gedib metrolarda “freestyle” edirdim. İki il sonra isə mən özüm səhnə idim. Hər şey istəməkdən asılıdır. Çox istəsən, sevsən, bacaracaqsan.

- Küçədə və ya repdə hansısa fikrinə görə tənqid olunmusan?

- Yox, belə bir şey başıma gəlməyib. 2014-2015-də “qaqalar” geyimə, tərzə ilişirdilər. İndi yoxdu elə oğlanlar.

- Kitab oxuyursan?

- Əvvəllər çox oxuyurdum. İndi həm vaxtım yoxdu, həm də gözlərim ağrıyır, yuxulayıram (gülür).

- Kimləri oxumusan, məsələn?

- Dostoyevskinin bütün əsərlərini oxumuşam, ən çox sevdiyim isə “Qumarbaz”la “Cinayət və cəza” olub. Viktor Hüqonun “Səfillər”ini oxumuşam. Alber Kamyunun “Yad”ını çox sevmişdim və mənə təsir etmişdi. Nihilizmi araşdırmağa başladım və gördüm ki, bu elə mənəm. Həyatımın heç bir mənası yox idi. Rep isə məni xilas etdi. Fəlsəfədə möhtəşəm bilgilər var, amma heç kimə lazım deyil də. Ona görə, kitab oxumağın daşını atdım (gülür). Mənə ciddi əsərlər çox təsir edir. Amma əsas kitab oxumaqla deyil. Özünü inkişaf etdirmək üçün yaxşıdır. Mən elə uşaqlar tanıyıram ki, təhsili sıfırdı, amma hər vəziyyətdən çıxırlar. Professor kimi düşünürlər (gülür).

- Hansı universiteti oxumusan?

- Muğla Dövlət Universitetini. 4 illik təhsili 8 ilə bitirmişəm (gülür)

- Elə mən də 4 illik universiteti 7 ildi bitirə bilmirəm... Azərbaycan müəlliflərindən kimi oxumusan?

- Elxan Elatlını. “Yaquar”ı çox bəyənmişdim. 15 yaşımda oxumuşam onu və o yaş üçün yaxşı hesab edirdim. Həm də bizim oxucular da hadisə ədəbiyyatını sevir. Nitsşe zad çətindir (gülür).

- O yaşlarda bizlərdən kimi dinləyirdin?

- “Dəyirman”ın çox ağır fanatı olmuşam. Urana qulaq asırdım. Xoseni, Dəryanı sevirdim.

- “Dəyirman”ı dedin, yadıma Miri Yusif düşdü. Adam reper idi, Xalq Artisti oldu (gülüşmə). Qarşına belə bir şans çıxsa, repi atarsan?

- Mən başa düşürəm onu, çox pul qazanmaq istəyir, amma öz tərzinə xəyanət edir. Mən isə bunu replə edərəm. Rep varsa, istəyirəm, yoxdusa mən də razı deyiləm. Bu gün toy biznesini dağıtmaq istəyirəm, gedib o biznesə qarışsam, özümə xəyanət etmiş olaram.

- Yeni nə gözləyək səndən?

- “Drama” adlı bir trek artıq hazırdı, klip çəkilişləri də olub, bir aya yayımlanacaq.

- “Synaps”la davam edəcəksən, yoxsa özün bir leybl açmağı düşünürsən?

- Yox, mən “Synaps”la davam edəcəm. Bir az məşhur olan kimi özünə leybl açanlar var, bunu düzgün hesab etmirəm. Daha çox inkişaf etmək lazımdır.

# 5360 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #