"Ayfonlu dərvişlər" - Suriyalıların işğal etdiyi türk şəhərindən Reportaj

"Ayfonlu dərvişlər" -  Suriyalıların işğal etdiyi türk şəhərindən Reportaj
28 iyul 2023
# 11:45

Kulis.az Rəvan Cavidin Konya şəhərindən reportajını təqdim edir.

Sürət qatarı Anadolunun sarı zəmilərinin, daş evlərinin, gur kanallarının yanında ötüb-keçdikcə Türkiyənin romanlarını, kinolarını xatırlayıram...
Buralar dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

Qulaqlığımda Nazım Hikmetin “Memleketimden insan manzaraları”.
Düşünürəm, nə əcəb rejissorlar bu şeirin motivləri əsasında film çəkməyib? Qatarda yol gedən bir adamın danışdıqları. Bunca sadə, koloritli.

Konya.
Türklər bura “könüllərin şəhəri” deyir. Ona görə ki, İslam və təsəvvüf Anadolu insanına bu şəhərdə qovuşub. Türklər bura həm də Türkiyənin ən cahil, ən yobaz, xurafatçı şəhəri də deyirlər. Ona görə ki, İslam həqiqi üzünü bu şəhərdə Anadolu insanına heç vaxt(!) göstərməyib.

Konyanın Məram bölgəsinə – mərkəzinə axşam namazı vaxtı çatdım. Qadınlar, kişilər, uşaqlar məscidlərə axışırdı. Birdən-birə bütün küçələr boşalmışdı. Mağazadakı satıcılardan, restoranlardakı ofisiantlardan və taksi şoferlərindən başqa, demək olar ki, heç kim yox idi. Hamı namaz-niyazında. Gedəcək yerim, qovuşacaq kəsim olmadığı üçün gecəni qalmağa ucuz və yaxın bir hotel axtarışına çıxdım. İki küçə addımlayandan sonra bircə pəncərəsindən də işıq gəlməyən balaca bir otelə girdim.

İki oğlan əl-ələ tutub, bir-birilərinə romantik cümlələr pıçıldayırdılar. Təəccübləndim. Sonra təəccüblənməli olmadığımı yadıma salıb, belə şeylərə tolerant yanaşmalı olduğumu xatırlayıb, salamlaşdım. Mərkəzi parka baxan otağa yerləşib, əzədən özümü atdım sufianə şəhərə.

Əslində, yol boyu gözüm başqa hotellər axtarırdı, amma nafilə. Deyəsən, gecəni sözün bütün mənalarında qaranlıq hoteldə keçirməli olacam. Cəmi yarımsaat əvvəl keçdiyim küçələri tanımadım. Klubların səsi, meyhanələrin arabesk mahnıları, rakı badələrinin cingiltisi, həlim pivə qoxusu bütün Məramı ağuşuna almışdı. Məncə, burda Konya haqqındakı maraqlı bir statistikanı yazmalıyam. Konya Türkiyənin ən çox spirtli içki istehlak edən şəhəridir. Və ən dindar şəhəri. Belə. İran dövlətinin transgender əməliyyatlarına dövlət büdcəsindən pul ayırdığını öyrənəndən sonra belə şeylərə heyrətlənmirəm, siz də heyrət etməyin.

Teraslı bir pabda qulaqlıqlarımı taxıb mərsiyəyə qulaq asa-asa mən də pivəmi qurtumladım. Konya insanını tanımaq üçün bundan gözəl üsul tapmadım.

Hazırda məndən bircə şəhər uzaqda – İspartada yaşayan və təhsil alan dostuma, Amin Namazlıya yazıb onu da bu irfani səfərə dəvət etdim. Təkbaşına bu qədər qəribəliyə şahid qıla bilməzdim özümü.


Sübh azanında oteldən çıxdım. Bütün şəhərlərdə olduğu kimi burda da hər küçədə bir məscid var. Digərlərindən fərqi isə, iki addımdan bir qarşılaşdığım məscidlərin ən azı, üç əsr yaşı var idi. Küçələrin təmizliyi, məscidlərin qoxusu, parklardakı çiçəklərin ətri bir-birinə qarışıb. Konya gündüzlər Allahın şəhəri kimidir. Ətirli, təmiz, pak.
Aminlə görüşüb Mövlanənin dərgahına yol aldıq. Dərgahdan olan təəssürat və qeydlər başqa bir reportajda. Yol boyu

Mövlanədən, Şəmsdən, risalələrdən söhbət etdik.
– Bilirsən də, Mövlanənin qəbirdaşı əslində onun üzərində deyil.
Amin tarixçi sifəti ilə bu səfərdə məndən bir-sıfır öndədir. Yolda pakistanlı bir turistə hotel tapmaqda köməklik edirik. Niyə gəldiyini soruşanda cavabı həyəcanla pıçıldayır:
– Mövlanəni ziyarət etməyə gəldim.

Şərqin o başından bu başına Mövlanəni ziyarət etmək üçün gələn qızıl saatlı, ipək köynəkli sufiyə üç ulduzlu hotel taparkən Konyanın ictimai mənzərəsi ilə tanış olurduq. Hə, onu da deyim ki, pakistanlı sufi qardaşımız özü israr etdi ki, mən ən aşağısı üç ulduzlu hoteldə qala bilərəm, rahat olmaq istəyirəm.
Mövlanə dərgahında hər hücrəyə, hər küncə toxunduq, divarlardakı hürufi yazılarını oxuduq, Mövlanə meydanındakı kiçik bazarda gəzdik. İstanbulda, İzmirdə dünya bahasına alacağınız təsbehlər, demək olar ki, heç neçəyə. Türkiyənin ən ucuz şəkəri - Mövlanə şəkəri də havayı.

Konya küçələrində tanımadığınız adamlar sizə konfet, qənd təklif edə bilərlər. Deyirlər ki, bu ənənə onlara mövləvilərdən qalıb.

Mövlanə dərgahından sonra Şəmsin türbəsinə getdik. İllər sonra ilk dəfə burda namaz qılıb xeyli oturdum. Mistiklər içində haqqında ən çox dedi-qodu olan odur yəqin. Bilmədim, ayağı altında sakitcə oturduğum qəbir onundu, ya yox. Bilmədim, ümumiyyətlə, bu sadədən sadə türbənin həndəvərindən Şəms keçib ya yox. Mən Şəmsi qeyb olanlardan biri kimi qəbul etmişəm. Bu da mənim cahilliyim olsun. Anadoluda bu qədər təriqətçiliyin, məzhəbçiliyin olmasının səbəbi də odur yəqin.

Şəms dedim, yadıma düşdü, Konyada gördüyüm hər quyuda mən də Şəmsi axtarırdım. Fikirləşirdim ki, görəsən, hansı quyuya atıblar onun başsız bədənini. Konya bu mövzudan dolayı mənə mistik görünürdü. Ancaq bütün irrasional düşüncələrimi Amin tarixi faktlarla sındırıb atırdı. Şəms mövzusunda isə o da tarixə nabələd idi.
Şəms Təbrizinin türbəsi önündə hələ də dərvişlər var. Dərviş qiyafəsində həm də. Birinci görəndə elə bildik, aktyordu, ya da muzey işçisi. Amma deyilmiş. Dərvişlərdi, parklarda, küçələrdə gəzirlər. Bəzilərinin əlində ayfon - qurdalanırlar, bəzilərinin əlində “Redbull”.

Fikirləşdim ki, belə dərviş olmağa nə var?
Məram Konyanın mövləviliyi yaşadan hissəsidir. Karatay bölgəsinə tərəf - ara küçələrində isə dəhşətli mənzərələr gördük. Demək olar ki, orada ancaq suriyalılar var idi. Dükanların, restoranların adları, elanlar ərəbcə yazılıb. Türk dilində danışan bircə nəfər də görmədik. Hamısı suriyalı.

Konya haqqında ikinci statistikanı da yazım: İç Anadolu bölgəsində və eləcə də Türkiyə ərazisində suriyalıların kompakt yaşadığı ən böyük şəhərdir. Cənub-şərq şəhərlərində də suriyalılar və digər mühacirlər var, ancaq bu qədər sıx deyillər. Konyanın içində kiçik bir Suriya qurublar sanki.
Şəhərin mərkəzində başqa bir mənzərə ilə qarşılaşdıq. Qadağan olunmuş yerdə oturan suriyalı ilə polisin dialoqundan belə başa düşmək olur ki, artıq əsgər və polislər də bezib.
– Qalx burdan!
– Qalxmıram, istidir...
– İndi meyidini sərəcəm, göndərəcəm xarabaxanana...
Bəli, yerli xalq, məmurlar qaçqınlarla artıq belə rəftar edirlər. Çünki son aylar, xüsusən, bu bölgədə suriyalıların qadınlara təcavüzü, oğurluğu, müxtəlif cinayətlər törətməsi (“qanunsuz silah daşımaq” belə var) haqqında tez-tez oxuyuruq.
Məramla Karatay arasında yaşayan yerli sakinlər sünnilərdir. Burada cəhalət qarışqa kimi qaynayır.
5-6 yaşlı oğlan uşaqlarının əlində zikr təsbehləri, qız uşaqları çarşabda, insanların sifətində nur yox, orta əsrlərdən qalma geyimlər...

Bəlkə, təsadüf deyil, HüdaPar-ın Konya üzrə baş ofisi də burada yerləşir. Konyada bir neçə yerdə bu partiyanın ofislərinə və simvollarına rast gəldik.

Bu bölgədə məni məmnun edən yeganə şey Sırçalı mədrəsəsi oldu. On üçüncü əsrə aid bu mədrəsədə hənəfilər fiqh elmini öyrəniblər. Həyəti qapalı olmayan, otaqları geniş və işıqlı olan mədrəsənin divarlarında qədim türk ornomentləri var idi. Svastika, şaman simvolları və yenə də hürufi yazıları.

Hürufiliyin bu bölgəyə bu qədər açıq və dərin təsiri də, məncə, araşdırılmalı əla bir mövzudur. Mədrəsənin bəzi otaqlarında məzarlar var idi. Təəssüf ki, görə bilmədik.

Konya Böyük Səlcuq imperiyasının əsas şəhərlərindən biri olub. Mərkəzdə (Məramda) Əliəddin təpəsi parkında Səlçuq sultanlarının məzarları, türbələri və Sultan Əliəddinin adını daşıyan məscid var.
Onu da deyim ki, Konyadakı məscidlərin hamısı namaz saatlarında dolur. Heç bir məscid bu qədər qədim tarixləri olmasına baxmayaraq muzey statusu daşımır. Türbədəki məzarları on üçüncü əsrə aid uniforma geyinmiş keşikçilər qoruyur. Təbii ki, bu simvolikdir. Maraqlısı budur ki, həmin keşikçilərin postunu iyirminci əsr zabit uniformasında olan əsgərlər dəyişir. Tarixi anaxronizm də buna deyirlər yəqin.

Konyanın arxeoloji muzeyi isə bizi başqa bir dövrə atdı. Antik dövrə. Roma, yunan, latın hərfləri, miniatürləri ilə bol qədim bəyaz daşlar, qab-qacaqlar, bəzək əşyaları... Muzeyin içində düşündüm ki, əgər bir şəhəri gəzmək, onu duymaq istəyirsənsə, mütləq o şəhərin arxeoloji muzeyini də gəzməlisən. Məsələn, bu vaxtacan qədər Konya tarixi mənim üçün on iki-on üçüncü əsrlərdən başlayırdı, buranı görəndən sonra isə mənə elə gəldi ki, daha qədimmiş.
Amini İspartaya yola salandan sonra Konyanın Səlcuqlu bölgəsinə getdim. Orada axşamlayacaqdım.
Bu dəfə gördüklərim isə tamam başqa mənzərələr idi. Səlcuqluya girəndə elə bildim, İstanbula girdim. AVM-lər, brend restoran şəbəkələri, kofeşoplar, brend pablar, klublar. Geyimlər fərqli, söhbətləri fərqli. Konyanın digər bölgələrində görə bilmədiklərinizi burada görə bilərsiniz. Modern bir yer. Birdən-birə məni on üçüncü əsrdən iyirmi birinci əsrə geri qaytardılar.

Gecəni bürkü və narahatlıqdan oyaq qaldım. Konyalı dostumun ailəsi oteldə gecələyimə izn vermədi. Onların qonaqpərvərliyi, şirin söhbətləri gecəni səhərə caladı.

Səhər altı qatarına çatmaq üçün hazırlaşırdım. Dostumun kitabxanasında gözümə İncil kitabı sataşdı. Soruşdum ki, yəqin, dini kitabları oxumağı sevirsən. Dostum gülərüzlə cavab verdi: “Mənim atam xristiandır...”.
Qatar yenidən Anadolu çöllərinin bürküsünü yara-yara Qərbə – Trakya bölgəsinə şığıyırdı. Qulaqlıqlarımda Nazim Hikmetin “Memleketimden insan manzaraları”. Bu dəfə şeiri dinləmirdim, görürdüm:

O kargalar ki gördün
İmamlar, hocalardır.
Gübredir mekanları,
Okurlar ezanları...
Düvellerdir dereyi içen adam
– halkın kanını içer,
Doymazlar, içer, içer,
Bırakmazlar ki aksın
Dere bildiği gibi.
Gördüğün geyikler günahlarımızdır,
Koşarlar avcılara.
Avcılar: para...

# 2998 dəfə oxunub

Müəllifin son yazıları

# # #