Sevgi, nifrət, hörmət...

Sevgi, nifrət, hörmət...
3 iyul 2019
# 12:44

Kulis.az Rəbiqə Nazimqızının “Sevgi, nifrət, hörmət...” adlı yazısını təqdim edir.

- O məni başa düşmür.

- Bəs sən?

Sualımın cavabında susur. Anlayıram, bu barədə heç düşünməyib. Bəzən özündən başqa heç nəyi düşünməyəcək qədər əzablı görünür sənə vəziyyətin. Hərçənd...

Söhbətimizi bu sualla yekunlaşdırmaq olardı. Amma eləmədim. Davam elədim – cığallığım tutmuşdu. Məndə tez-tez tutur, Allah xasiyyətimi kəsməsin...

“Bəlkə, o da sənin kimi düşünür” deyirəm. Amansızcasına və sərtliklə...

“Başa düşmək azdır, adamı iliyinədək hiss etmək lazımdır”, - deyirəm. Deyirəm, amma ürəyimdə... Sual vermək istəyirəm: “Sən onu nəyin narahat etdiyini bilirsənmi? Məsələn, bu səhər niyə kefsizdir? Dünən sənin hansı sözündən inciyib. Hansı cümlə ona necə təsir edər? Hansı suala necə cavab verə bilər? Sən onun bütün məsələlərlə bağlı münasibətini əvvəlcədən hiss edə bilirsənmi? Lənət şeytana, sən onun dalğasındasanmı?”.

Çünki sevmək çox azdır, sevmək və sevdiyinə görə diqqət istəməyi hamı bacarır. Amma bəs, ona göstərdiyin diqqət? Bilirəm, yeməyini hazırlayırsan, səhər durur, görür, köynəyi yuyulub, ütülənib, axşam gəlir, təzə çay süzürsən. Amma sonuncu dəfə nə barədə danışmısınız? Hansı filmə bir yerdə baxmısınız? Məsələn, heç onun xətrinə, bir dəfə UEFA çempionatının oyunlarını oturub onunla birgə izləmisənmi? Zəng vuran kimi ilk sualın “hardasan?” olub. Heç düşünmüsən ki, onun harada olmasının heç bir fərqi yoxdur, fikirlərinin dolaşdığı məkan daha vacibdir. Amma bu barədə sual vermirlər, bu cavabı almırlar, bu cavabı hiss edirlər. Hiss etməyi bacarmırsansa, yanlış adamlasan, yanlış yerdəsən... Yerini dəyiş. Yanlış yerdə rahat oturmaq olmur.

Ümumiyyətlə, sevgi rahatlıq deyil. Sevgi bir-birinə rahatlıq verməkdir, almaq yox. “Mən onu sevirəm” demək asandı... çox asandı... “Bəs o?” soruşmaq da.

Mən qarşılıqsız sevgilərə inanmıram. Qarşılıqsız heç nə olmur. Sevgi, nifrət, hörmət, anlayış...

Sən ev işlərinə baxırsan, onun xarici görünüşünə diqqət yetirirsən, içindəkilərə boylanmaq ağlına da gəlmir. Ona görə də yanında olan gördüyün hissədir, görmədiyin hissə heç vaxt sənin olmayacaq. Ola bilməz də...

O da sənin göstərdiyini görür. Görmək istədikləri nədir? Məndən soruşursan?

Yaxşı... Bilirəm, ittiham elədim, ağrıtdım, qırdım, amma bunu medalın o üzünü görməyin üçün elədim. Göstərmədim, göstərə bilmərəm, özün baxacaqsan, özün tapacaqsan. Özün başlayacaqsan. Əvvəlcə, onu görməkdən...

İndi özün-özünə sual ver və vəziyyəti bu durumdan analiz elə: “Mən onu başa düşürəmmi?”.

Qalanı sənin cavabından və istəyindən asılıdır.

Ona gəlincə, bu fikirləri elə ona da şamil etmək olar. Cüzi dəyişikliklə. Hər şey onun cavablarından və istəyindən asılıdır.

Dalğa, əzizim, dalğa önəmlidir...

# 3507 dəfə oxunub

Müəllifin son yazıları

# # #